Vahid Qazı: "Nobel"dən urvatlı "Qızıl qələm"
Siyasi azadlıq olmayan yerdə başqa azadlıqlardan danışmaq yersiz görünür. O, ye…
Boris Leonidoviç Pasternak 1890-cı ildə Moskvada, əslən Odessadan olan yəhudi ailəsində doğulub. Uşaqlıq illərində bəstəkarlığa həvəs göstərsə də, gimnaziyanın son sinfində oxuyarkən bu fikrindən daşınıb və orta təhsilini başa vuran kimi Moskva universitetinin tarix-filologiya fakültəsinin fəlsəfə şöbəsinə qəbul olub. Universiteti bitirdikdən sonra bir müddət Almaniyanın Marburq şəhərində fəlsəfə üzrə təhsil alıb, amma həyatını büsbütün fəlsəfəyə həsr eləmək niyyətindən də vaz keçib.
1921-ci ildə B.Pasternakın ata-anası və bacıları Rusiyanı tərk edərək Berlinə, 1933-cü ildə Almaniyada faşistlər hakimiyyətə gələndən sonrasa Londona köçürlər. Şair 1922-ci ildə rəssam Yevgeniya Luryeylə ailə həyatı qurur və onunla birlikdə valideynlərinin yanına gedir, bir müddət orda qalandan sonra yenidən Rusiyaya qayıdır. 30-cu illərin əvvəllərində birinci arvadından ayrılır, alman əsilli rus pianoçusu Henrix Neyqauzun keçmiş arvadı Zinaida Neyqauzla evlənir. 1946-cı ildəsə “Novıy mir” jurnalında işləyən Olqa İvinskaya adlı olduqca gözəl bir qadınla tanış olan B. Pasternak ömrünün axırına kimi onunla yaxın dostluq və sevgi münasibətləri saxlayır. Şairin çoxsaylı şeirlər həsr elədiyi bu xanım onun əsl ilham pərisinə çevrilir.
İyirminci illərin axırları və 30-cu illərdə B.Pasternakın sovet hökumətiylə münasibətləri yaxşı olur. O, fəal şəkildə SSRİ Yazıçılar İttifaqının tədbirlərinə qatılır, yığıncaqlarda nitqlər söyləyir, yazıçıların Parisdə (1935-ci il) keçirilən Sülhü Müdafiə Konqresində iştirak edir. Sovet yazıçılarının birinci qurultayında (1934-cü il) çıxış edir və həmin qurultayda N.Buxarin onu Sovet İttifaqının ən yaxşı şairi (?) adlandırmağı təklif eləyir. 1935-ci ildə B.Pasternak Anna Axmatovayla birlikdə Stalinə məktub yazaraq qadının siyasi motivlərlə həbsdə yatan üçüncü əri Nikolay Puninin və birinci əri, 1921-ci ildə bolşeviklər tərəfindən güllələnmiş şair Nikolay Qumilyovdan olan yeganə oğlu, böyük tarixçi-alim Lev Qumilyovun azadlığa buraxılmasını xahiş eləyir. Stalin onların bu xahişini yerinə yetirsə də, azadlığa çıxanların hər ikisi sonralar uydurma siyasi ittihamlarla yenidən həbs olunur, Puninsə 1953-cü ildə həbs düşərgəsində vəfat edir.
B.Pasternak həm də məşhur tərcüməçi olub. O, Şekspirin “Hamlet”, “Romeo və Cülletta”, Hötenin “Faust”, Şillerin “Mariya Stüart” faciələrini və bir çox başqa əsərləri yüksək sənətkarlıqla rus dilinə tərcümə eləyib. Şair bütün ömrü boyu Gürcüstan ədəbi mühitiylə sıx təmasda olub, Gürcüstan haqqında çoxsaylı şeirlər yazıb, gürcü ədiblərinin şeirlərini və əsərlərini rus dilinə çevirib, gürcü ədəbiyyatının təbliğində yaxından iştirak edib.
1955-ci ildə romanı yazıb başa çatdıran yazıçının onu öz vətənində dərc etdirməklə bağlı göstərdiyi cəhdlər və çoxsaylı təşəbbüslər heç bir səmərə vermir. “Novıy mir”, “Znamya” dərgiləri, “Literaturnaya Moskva” almanaxı əsərin nəşrindən imtina eləyir. Odur ki, 1956-cı ilin yayında Pasternak “Doktor Jivaqo”nu Sercio Dancelo adlı bir jurnalistlə İtaliya Kommunist Partiyasının üzvü olan məşhur naşir Cancakoma Feltrinelliyə göndərir. Kreml rəhbərliyi və İtaliya Kommunist Partiyasının başçıları romanın nəşrinin qarşısını almaq üçün nə qədər cəhd göstərsələr də, buna nail ola bilmirlər. Ancaq C.Feltrinelli kommunist partiyasının üzvlüyündən çıxardılır.
Pasternakın bu addımı bir çox ədəbiyyatşünaslar tərəfindən həm də ona görə yüksək qiymətləndirilir ki, o, qatı antisovet ruhlu əsərini hər hansı başqa təxəllüs altında yox, məhz öz adıyla xaricdə nəşr elətdirən ilk rus dissidentiydi. Əlbəttə, romanın Moskvada dərc olunmasıyla bağlı göstərilən təşəbbüslərdən sonra müəllifin kimliyini gizlətmək nəinki müşkül, hətta mümkünsüz bir iş idi. Fəqət, bir faktı nəzərdən qaçırtmaq lazım deyil ki, açıq-aşkar sovet rejiminə və ideologiyasına qarşı meydan sulayan bir əsəri həmin illərdə Moskvada dərc etdirməyə cəhd göstərməyin özü elə onu xaricə yollamaqdan daha böyük cəsarət tələb eləyirdi.
“Doktor Jivaqo” İtaliyada (əvvəlcə italyan və rus dillərində) çap olunduqdan sonra Amerika Mərkəzi Kəşfiyyat İdarəsi kommunizmin xalqlara bolluq və ədalət bəxş eləyən şirin bir cənnət nağılı yox, onları ölüm və aclıq, məşəqqət və səfalət girdabına sürükləyən bir kabus, cəmiyyəti qan çanağına döndərən bir kolizey meydanı olduğunu əyani şəkildə açıb göstərmək üçün ondan nəinki SSRİ-yə, hətta digər ölkələrdəki kommunist hərəkatlarına qarşı da güclü təbliğat vasitəsi kimi istifadə eləyir. Roman dəfələrlə müxtəlif dillərdə nəşr edilib yayılır, cib formatında buraxılaraq sovet turistlərinə paylanırdı. Həmin illərdə İranda baş qaldıran kommunist təmayüllərinə qarşı “Doktor Jivaqo”nun təsir gücündən istifadə eləmək məqsədilə romanın fars dilinə tərcüməsini və nəşrini də məhz MKİ maliyyələşdirmişdi.
B.Pasternak həm əsər çap olunarkən, həm də Nobel mükafatına layiq görülərkən ciddi təzyiqlər, şər və qarayaxma kampaniyasıyla üzləşir. SSRİ-nin hər yerində yazıçılar, şairlər, elm adamları ona qarşı amansız səlib yürüşünə başlayırlar. Yazıçını həbsə almaq, ölkədən qovmaq, vətəndaşlıqdan məhrum eləməklə bağlı saysız-hesabsız təkliflər səslənir, belə vaxtlarda rejimin ən güclü silahı kimi işə salınan, danışdıqca az qala üz-gözünü cırıb özünə sitəm eləyən ac “zəhmətkeşlər”in mazoxist fəryadları ölkəni başına götürür. Mətbuatda, radio və televiziyada, müəssisə və təşkilatlarda təşkil olunan yığıncaqlarda onun ünvanına hər cür hədyanlar deyilir, ən latayır söyüşlər söyülür, ən murdar təhqirlər yağdırılırdı. Ölkənin birinci şəxsi N.Xruşşovun “hətta donuz da oturduğu yeri batırmır” sözlərisə bütün bu qarayaxma kampaniyası üçün sanki bir epiqraf rolunu oynayırdı. Sonralar dillərdə dastana çevrilən “oxumamışam, ancaq mühakimə edirəm” məşhur ifadəsi də məhz həmin illərdəki “zəhmətkeş yaradıcılığı”nın nadir nümunələrindən biriydi.
Sovet dövlətində, ümumiyyətlə, bütün totalitar və avtoritar rejimlərdə yaranan hakimiyyət-sənətkar konfliktləri zamanı olduğu kimi, həmin dövrdə də yazıçıya qarşı ən qəddar rəftarı elə onun öz qələm yoldaşları sərgilədilər, ən sarsıdıcı zərbəni onlar vurdular. Ölkənin adlı-sanlı yazıçı və şairləri K.Simonov, S.Mixalkov, N.Qribaçov, A.Tvardovski, L.Oşanin, B.Polevoy və onlarla başqaları bu iyrənc kampaniyanın önündə getsələr də, yazıçını müdafiə edənlər də tapıldı. Müdafiə səngərinin sınmayan “döyüşçülərisə” əsasən Rusiyanın gənc yazarlarıydı. İstənilən yeniliyə qarşı qapalı olan bütün qəddar rejimlərin həzm edə bilmədiyi, mühafizəkar münasibətlər sisteminin hökm sürdüyü cəmiyyətlərin hər addımda gözümçıxdıya saldığı istedadlı gənclər: A.Voznesenski, Y.Yevtuşenko, B.Axmadulina, B.Okudjava və başqaları.
Bu kampaniyanın əsas hədəflərindən biri də Nobel Komitəsiydi. Ünvanına adamın canına üşütmə salan hərzə-hədyanlar söylənilən həmin qurum SSRİ-nin, sovet xalqının az qala bir nömrəli düşməni elan edilmişdi. Ən böyük kuryoz da bu idi. Məsələ burasındadır ki, elə həmin 1958-ci ildə fizika sahəsindəki kəşflərinə görə üç sovet fiziki – P.Çerenkov, İ.Frank və E.Tamm da Nobel ödülünə layiq görülmüşdülər. Bu faktı sovet elminin nailiyyəti kimi qiymətləndirən rəsmi təbliğat maşını “Doktor Jivaqo”dan söz açarkən Komitəni qərəzkarlıqda qınayır, saxtakarlıqda ittiham eləyir, Nobel ödülünü bütövlükdə mənasız, əhəmiyyətsiz bir mükafat adlandırırdı. Həm də bunu ayrı-ayrı imzalarla yazılmış müxtəlif məqalələrdə yox, bəzən elə eyni bir yazının içində edirdilər.
Həmin dəhşətli günlərdə Hindistanın baş naziri C.Nehrunun və A.Kamyunun (yeri gəlmişkən, B.Pasternakı məhz böyük fransız yazıçısı, bir il əvvəlki Nobel mükafatının sahibi A.Kamyu bu ödülə təqdim eləmişdi) ona zamin durmaqla bağlı hökumət qarşısında qaldırdıqları təşəbbüslər də heç bir səmərə vermədi, rəsmi qurumlar onların müraciətlərini qulaqardına vurdu.
Sovet hökuməti yazıçını həbs eləməsə də, ölkədən qovmasa da (ölkədən getməyi B.Pasternakın heç özü də istəmirdi və bunu N.Xruşşova göndərdiyi məktubunda çox aydın şəkildə ifadə eləmişdi: “Vətəni tərk eləmək mənimçün ölümə bərabərdir. Mən öz doğuluşum, həyatım və işimlə Rusiyaya bağlıyam”), onu Nobel mükafatından imtinaya məcbur edərək öz əsas məqsədinə çatdı. Mükafatdan imtinayla bağlı Nobel komitəsinə göndərdiyi iki cümləlik məktubunda yazıçı bunun səbəbini belə göstərmişdi: “Mənə verilən mükafatın məxsus olduğum cəmiyyətdə necə qarşılandığını nəzərə alaraq ondan imtina eləməyə məcburam. Bu könüllü imtinamı təhqir kimi qəbul etməyin”.
Bundan sonra ədibi bir müddət rahat buraxdılar, hətta onun şeirləri yenidən öz vətənində çap olunmağa başladı. Fəqət, 1959-cu ildə şairin xaricdə dərc edilən “Nobel mükafatı” şerinə görə ona qarşı növbəti təqib kampaniyasına start verildi, Pasternak haqqında “Vətənə xəyanət” maddəsiylə cinayət işi qaldırıldı. Amma sonradan həmin cinayət işi davam etdirilmədi, heç bir izahatsız-filansız yarımçıq saxlanıldı.
B.Pasternak 1960-cı ildə ağciyər xərçəngindən dünyasını dəyişdi. 1987-ci ildə onu SSRİ Yazıçılar İttifaqına bərpa elədilər. “Doktor Jivaqo” romanı yazıçının öz vətənində ilk dəfə 1988-ci ildə, vaxtilə əsərin çapından imtina eləmiş “Novıy mir” jurnalında dərc olundu. Nobel mükafatınısa ölümündən 19 il sonra, 1989-cu ildə Stokholmda oğlu Yevgeni Pasternaka təqdim elədilər.
Məğlubiyyətə uğramış bir inqilabın yarası sağalmamış ikincisi başlayır, qalib gəlmiş inqilab yeni həyat əvəzinə yeni çevrilişlər doğur, müharibələrin biri başa çatmamış digərləri meydan sulayır, üstəlik, bütün bunlar vaxtaşırı öz pik həddinə çatan fasiləsiz terror və repressiyalarla müşayiət olunurdu. Yer üzündə təbii və ictimai-siyasi kataklizmlər qədər bir-birinə oxşayan ikinci nəsə tapmaq çətindir. Dəniz fırtınası qalxanda dalğalar hər şeyi öz qoynuna alıb girdablara qərq edir, burulğan at oynatmağa başlayanda qarşısına çıxan nə varsa süpürüb gedər-gəlməzə tolazlayır, cəmiyyətin özülünü sarsıdanda, fasadını uçurdanda kimliyindən asılı olmayaraq hamı onun dağıntıları altında qalaraq məhv olur. Bir vaxtlar həmin özülü qoyanlarla, həmin fasadları bərkidənlərlə onları dağıdanlar, uçurdub yerlə yeksan eləyənlər eyni ictimai-siyasi xarabalığın talesiz sakinlərinə çevrilirlər. Bax, “Doktor Jivaqo”nun əsas qəhrəmanları da, kimliyindən, romanda tutduğu yerdən asılı olmayaraq bütün digər personajları da barrikadalarda doğulmuş, səngərlərdə böyümüş, ömürlərini sürgünlərdə, həbslərdə, mühacirətlərdə, ən yaxşı halda kimsəsiz məxluqlar kimi küçə və dalanlarda başa vurmuş belə zavallı insanlardır. Onların üzləşdikləri çoxsaylı sosial fırtınaların təkcə biri hər hansı insan ömrünü, onun ruhunu və mənəvi dünyasını iflic eləməyə yetərliydi.
Bir az sentimentallığa qapılsaq, əsərin ictimai-siyasi hədəflərinə göz yummağı bacarsaq, romanı A.Radişevin on səkkizinci əsrin axırlarında yazdığı və bütün tirajı müsadirə edilən, on il sürgün cəzasıyla cəzalandırılan müəllifinin, qulaqlarınızı tıxayın, gömrük məmuru işləyən müəllifinin az qala edamına səbəb olacaq “Peterburqdan Moskvaya səyahət” əsəriylə doğulmuş, növbəti yüzilliyin əvvəllərində dekabristlərin və onların xanımlarının timsalında bütün dünyanı mat qoyan bir mərdlik nümunəsi göstərmək həddinə qədər ucalmış, sonrakı onilliklər ərzində yorulmaz fəaliyyətləri, tükənməz enerjiləri və Vətən sevgiləriylə nəinki Rusiyaya, bütövlükdə dünyaya ziyalılıq deyilən bəşəri bir fenomen bəxş eləmiş fədakar rus ziyalılarının acı taleləri və puç olmuş ümidləri haqqında həzin bir elegiya da adlandıra bilərik. Axı hər tinindən bir dahi boylanan bu məmləkətin alim və sənətkarlarının əksəriyyəti təkcə elmi mövzularda kitablar yazmaqla, yalnız öz bənzərsiz sənət nümunələriylə insanları heyrətə salmaqla kifayətlənməyiblər, həm də doğulub boya-başa çatdıqları öz doğma ölkələrinin təbəəsi yox, azad vətəndaşı olmaqdan ötrü onu abıra salmaq, layiq olmadığı məhrumiyyətlərə düçar edilmiş rus xalqıyla zaman-zaman bir-birini əvəz eləyən qəddar və cahil rus hakimiyyəti arasında yaranmış “uçurumları öz meyitləriylə doldurmaq” (G.Fedotov) üçün canlarından keçməyə hazır olublar.
Bütün ömürləri boyu “nə etməli” adlı əbədi bir rus sualının cavabını axtaran, onun üstündə baş sındıran bu ziyalıların ucsuz-bucaqsız və təbiətin ən zəngin nemətləriylə dolu olan ölkələrini xoşbəxt görmək cəhdləri iyirminci əsrin əvvəllərində çıxılmaz dalana dirəndi. Ölkə nəinki Romanovlar sülaləsinin ən qəddar çarlarının, hətta İvan Qroznının opriçniklərinin həsəd aparacağı bir zorakılıq erasına qədəm qoydu. Ziyalıların yüz illik missiyası iflasa uğradı, söz məğlub oldu. Romanı tamamlayan nikbin cümlələrsə daha çox əllinci illərin ortalarından sonra qismən səngiyən fırtınanın məstedici təsirindən ruhlanmış müəllifin məşum aldanışının ifadəsi olaraq qaldı. Bəlkə də B.Pasternak məhz həmin cümlələrə görə əsərin öz vətənində dərc olunacağına inanaraq bu yöndə aşırı cəhdlərdə bulunmuşdu.
Romanın əsas qəhrəmanlarından biri olan Lara surətini bir çox tənqidçilər bütövlükdə Rusiyanın obrazıyla eyniləşdirir, onu ölkənin zaman-zaman üzləşdiyi müsibətlərin rəmzi hesab edirlər. Oxucuya əsərin baş qəhrəmanından daha koloritli təsir bağışlayan bu qız lap uşaqlıq çağlarından ömrünün sonuna kimi böyük ideallardan uzaq, dinc, adi, hay-küysüz bir həyat arzusundadır. Fəqət, zavallı qızcığaz heç yetkinlik yaşına çatmamış həyat onun bu məsum arzularını tərs bir şapalaqla mükafatlandırır. O sınmır, o zəhmətkeşdir, çalışqanlığı və iradəsiylə özündə güc tapıb yeni həyata başlayır. Növbəti zərbə daha ağır olur. O təslim olmur, o inadkardır, aldığı hər ağır zərbədən sonra ayaq üstə durmağı bacarır. Ancaq həyat da əl çəkmir, gerçəklik də öz sərt caynaqlarını onun yaxasından qopartmaq fikrində deyil. Bu dəfə o, yeganə övladıyla, öz gələcəyiylə qorxudulur və qız təslim olur. Zorakılığa boyun əyir, ancaq xilas yolunu tapmır.
Rusiyada da çalxalanmalar başlayanda, ölkə yeni mütərəqqi ideyalardan hamilə qalanda onu həmişə gələcəklə qorxudublar, silahın, zorakılıq aparatının meydan sulamadığı gələcəyin rus cəmiyyətini və xalqını məhvə aparacağını ona təlqin ediblər. Nəticədə döl tələf olub, ölkənin qurtuluşu, azadlığı yolundakı fasiləsiz sancılar, vurnuxmalar onu yenidən başqa qiyafəli yeni bir azğınlıq və zorakılıq burulğanının ağuşuna tullayıb və cəmiyyət bəzən qərinələrlə sürən növbəti qısırlıq dövrünə qədəm qoyub. Bax, Laranın da bütün xoş niyyətləri, bütün ülvi arzuları elə personajın öz diliylə desək, sonda həmişə özünə qarşı yönələn bu cür yeni zorakı davranışlara tuş gəlir.
Yazıçı Laranın xarakterini qızın öz əməllərindən daha çox onun haqqında deyilən sözlərlə, başqalarının ona olan münasibətilə açır. Məlum olur ki, ətrafdakıların hamısı bu talesiz qızı çox istəyir, öz həyat idealını onun timsalında tapır. Əri də, sevgilisi də, dostları, tanışları da ona məftundurlar, onun sehrinin, cazibəsinin əsiridirlər. Hətta ömrünə qənim kəsilmiş şəxs, vəkil Komarovski də öz həyatını onsuz təsəvvür eləyə bilmir. Hərçənd əsərdə nə müəllifin, nə vəkilin özünün, nə də hər hansı başqa bir personajın dilindən bu barədə kəlmə də kəsilmir, ancaq Komarovskinin dünyanın ən təlatümlü vaxtlarında da, Laraya salam verməyin çox qorxulu olduğu dönəmlərdə də qır-saqqız olub ondan yapışmasını, qızdan əl çəkə bilməməsini başqa cür yozmaq, sadəcə, mümkün deyil.
Laranın Rusiyayla assosiasiya olunması da daha çox ona göstərilən bu xoş münasibətlərdən qaynaqlanır. Axı vətən də öz-özlüyündə mücərrəd məfhumdur, onun nə sərhədləri, nə də sərvətləri əbədidir. Vətən anlayışı ona olan münasibətlər kontekstində konkret məzmun daşıdığı, onun haqqında deyilən sözlərdə yaşadığı kimi Laranın obrazı da bu cür boyalarla rəngarəng çalar alır, bütövləşir və yuxarıda da qeyd etdiyim kimi qızı romandakı bütün personajların fövqünə qaldırır.
Əsərin sonunda Laranın ömrünün konkret olaraq necə bitməsini müəllif açıq saxlayır, ehtimallar şəklində bir neçə cümləylə çatdırır. Halbuki həmin bir neçə cümləni bir az konkret ifadə eləməklə oxucunu intizardan qurtarmaq mümkün idi. Ancaq B.Pasternak bunu edə bilməzdi. Axı o, vətəndir, həm də sıradan bir vətən deyil, heç bir proqnoza yatmayan və gələcək taleyinin necə olacağını yazıçının heç özünün də aydın təsəvvür edə bilmədiyi Rusiyadır.
Müəllifin xalqın mifoloji-dini keçmişinə, xüsusilə xristian dəyərlərinə, İsa Məsihə və onun dağ moizələrinə aşırı diqqətinə görə bir çox hallarda “Doktor Jivaqo”nu tarixi-fəlsəfi-dini roman da adlandırırlar. Ancaq əsərdə xristianlıq mövzusu ona görə həddən artıq qabardılmır ki, “rus xalqı öz daxili mahiyyəti və ruhu strukturu etibarıyla dindardır” (N.Berdyayev). Dini dəyərlər Pasternakın təqdimatında daha çox fərdiyyətçiliklə eyniləşdirilir və əslində insan həyatının hər şeydən qiymətli olduğunu, onun şəxsi xoşbəxtliyinin bütün ideyaların fövqündə durduğunu göstərən bədii ideal səviyyəsinə qaldırılır. Dünyanın iyirminci əsrə qədəm qoyduğu bir dövrdə yazıçı dinin mütləq hökmranlığının tərəfdarı deyil, milli-mənəvi, dini dəyərlərin tarixi təkamül prosesindəki rolunu danmağın əleyhdarıdır. O bir hökumət fərmanıyla tarixin arxivinə gömülən, yaxşı halda buna cəhd göstərilən iki min illik bir mənəviyyat düyünçəsini saf-çürük edərək ondan lazım olanını seçib götürməyin, məntiqi ardıcıllıqla insan azadlığının toxunulmazlığı adlı yeni bəşəri eranın astanasına gəlib çatmış dəyərlər sisteminin təntənəsinə təkan verməyin təşnəsindədir.
Ədəbiyyatın əzəli və əbədi mövzusu olan sevgi “Doktor Jivaqo”nun da ana xəttini təşkil eləyən mövzulardan biridir. Burdakı məhəbbət münasibətləri yalnız öz mahiyyətinə xas olan ülvi duyğuların bir az xoş, bir az əzablı örtüyünə bürünmüş, qəlb çırpıntılarının, daxili sarsıntıların ritorikasına boyanmış ənənəvi romantik qiyafədə yox, həyatın özündə rast gəlinən adi, bəzən lap bayağı formalarda yaranır və məlum olur ki, bədii sözün qüdrəti istənilən xırda detalı ideallaşdırmağa qadirdir. Yuri Jivaqoyla Tonyanın bir-birlərini sevəcəklərini onların hələ sevginin nə olduğunu anlamadıqları vaxtlarda qızın anası Anna İvanovna müəyyənləşdirmişdi, bir az aydın leksikada desək, göbəkkəsdi eləmişdi. Ananın arzusu gerçəkləşir, baş qəhrəman bu izdivacı qəbul eləyir. O, Tonyaya qarşı həssasdır, mehribandır, onu əzizləyir, ancaq bütün bunları məhəbbət hissinin yox, borc hissinin təsiriylə, bir ər kimi, ailə başçısı kimi eləyir. Jivaqo sadə, təmiz, xeyirxah, həyatın mənasını sevdiyi işlərə həsr eləyib ondan ləzzət almaq, qürur duymaq istəyən bir adamdır. Həyat onu əsl məhəbbətlə mükafatlandırdığı zaman yaşadığı xoş anlarda da, Tonyaya xəyanət eləyəndə çəkdiyi vicdan əzablarında da eyni dərəcədə səmimidir.
Əsərin ən faciəvi personajlarından biri olan Paşa Antipova “ürəyiylə yox, başıyla gedən”, bütün gələcəyini uşaqkən ləkələnmiş həyatının mənəvi xilasına qurban verməyi qət eləmiş Lara da istədiyi kimi alınmayan ailə həyatına baxmayaraq, əriylə qürur duyur. Yazıçı onun ərinə xəyanətdən yaşadığı hissləri açıb-ağartmır. O, bütün dərd-sərini öz içində çəkən, iztirablarını heç kiminlə bölüşməyən və Yuri Jivaqonun təbirincə desək, bununla da öz cazibəsini min qat artıran qapalı obrazdır. Ümumiyyətlə, yaşadıqları mühitin əsirinə çevrilmiş personajların xəyanətlərlə müşayiət olunan məhəbbət zəncirindəki davranışları əsərdə o qədər real və təbii təsvir edilir ki, oxucu bütün bunları təbii sayır, zərurət kimi qəbul eləyir, nəinki heç kimi qınamır, bu barədə düşünməyə belə macal tapmır.
Romanın sonunda baş qəhrəman artıq özünün də əlini üzdüyü həyatını Marinayla bağlayır. Aşağı sosial zümrədən çıxmış Marina itaətkardır, Jivaqonun qəribəliklərinə dözür, şıltaqlıqlarına boyun əyir, hər şeydən imtina eləyib həyatının büsbütün ona həsr eləməyi sanki özünə borc bilir. Atasından fərqli olaraq, hisslərini bolşevik hakimiyyətinin ailəsinə gətirdiyi sosial-siyasi üstünlüklərdən uca tutmağı bacarır. Ancaq nə Tonyanın, nə Marinanın məhəbbəti baş qəhrəmanın ruhuna hakim kəsilmiş Lara sevgisi qədər alovlu, ehtiraslı deyil, Jivaqonun qəlbini yandırıb yaxmır, hisslərini coşdurmur, ağappaq qu quşu, bəmbəyaz qırova bürünmüş quşarmudu şəklində onun gözlərinə görünmür.
Fəqət, müəllifin bir-birindən fərqli bu çoxqütblü sevgi sınaqlarıyla öz qəhrəmanını xoşbəxt eləmək cəhdləri baş tutmur. Dövrün sərt reallıqları hər dəfə Jivaqonu arzulamadığı axara salır, gözləmədiyi burulğanların qoynuna atır, onu öz istədiyi oyunları yox, ona kənardan sırınan oyunları oynamağa vadar edir. Jivaqo ölür və bu ölümün fonunda romanın əsas ideyası doğulur. İnsan, onun gündəlik qayğıları, xoşbəxtliyi, qismətinə düşən ömür payını azad, firavan yaşamaq arzuları, sevgisi, sevinci, kədəri, bütün roman boyu qeyri-adi metaforalarla təsvir edilmiş təbiətlə, onun müxtəlif təzahürləriylə harmoniyası ən ağır sosial sarsıntıların, ən cahanşümul ideyaların fövqünə qaldırılır. Onsuz da, adam elə doğulduğu gündə, dünyaya ilk qədəmlərini basdığı anda həyat onu ən azı bütöv bir ömrə bəs eləyəsi qayğı və möhnətlə qarşılayır. Odur ki, insanın xoşbəxtliklə bağlı problemləri romanda hər addımbaşı rastlaşdığımız ölüm, aclıq, səfalət, psixoloji sarsıntı, dəlilik kimi tükürpədici səhnələrlə müşayiət edilən həmin sarsıntılar olmadan da yetərincədir.
Nəhayət, romanın maraqlı üslubu, zəngin stilistikası və leksikası geniş tədqiqatlar tələb eləyən ayrıca bir sahədir. Bu mövzunu bütövlükdə rus linqvistlərinin öhdəsinə buraxmaqla bir vacib məqamın üstündə dayanmaq istəyirəm. Burda hadisələr Karpatdan Sibirə kimi nəhayətsiz bir coğrafi arealda, fərqli mental xüsusiyyətlərə malik insanların və toplumların yaşadığı ərazilərdə baş verir. Hətta eyni etnik kökə malik olmaq, eyni etnoqrafik, mədəni, dini-mifoloji dəyərləri bölüşmək, eyni dildə danışmaq, eyni dövlətin təbəəsi olmaq da bu boyda əraziyə səpələnmiş hər hansı bir toplumun vahid kulturoloji bütövlüyünü təmin edə bilməz. Çünki mental özünəməxsusluğun formalaşmasında yalnız yuxarıda sadaladığımız keyfiyyətlər yox, təbii amillər, iqlim, ərazi və çox vaxt nəzərdən qaçırtdığımız başqa bu kimi cəhətlər də böyük rol oynayır. Üstəlik, nəzərə alsaq ki, bütün imperiyalar kimi Rusiya çarlığı da çoxsaylı etnik qarışıqların, mental simbiozların, fərqli dil, din və mədəniyyətlərin məcmusundan ibarətdir, onda bu palitranın nə qədər rəngarəng olduğunu təsəvvür eləmək çətin deyil. Fərqi yoxdur, dost, ya düşməncəsinə, istənilən birgəyaşayış mühitində qarşılıqlı mental mübadilənin bir hissəsi birbaşa yaranırsa, cari zərurətlərdən doğursa, qalan hissəsi gözəgörünməz, latent şəkildə və tədrici hopma yoluyla gedən təbii proses kimi baş verir. Ölkənin qərbindəki ostzeylərin, slavyan mənşəli qeyri-rus xalqlarının və etnoslarının, şərqindəki və cənubundakı türk xalqlarının həyat tərzlərinin, ən əsası, dil və danışıq maneralarının rus məişəti və ruhuyla çulğaşması da bu reallıqların nəticəsidir və təkcə insanların zahiri görünüşlərində, davranışlarında, bəzən öz əsas anlamında, bəzən təhqiramiz çalarda işlənən alınma sözlərdə əks olunmayıb, eyni zamanda insan xarakterlərinin, onların şivələrinin, dialekt və jarqonların formalaşmasında mühüm rol oynayıb. B.Pasternak bu məqamdan əsərdəki bədii informasiyasını zənginləşdirmək, onun koloritini və təsir gücünü artırmaqla yanaşı, həm də öz bədii hədəflərinə çatmaqdan ötrü, məsələn, personajların xarakterini açmaqdan ötrü yararlanır. Üstəlik, bütün bunlar ictimai-siyasi mahiyyətinə və insanların üzləşdikləri talelərin oxşarlığına görə bir-birindən, demək olar ki, fərqlənməyən sosial-mənəvi situasiyanı, faciələr və deqradasiyalarla müşahidə olunan həyat mənzərələrini bir az fərqli müstəvidə və xeyli rəngarəng boyalarla təqdim eləməkdə, yeknəsəqlikdən qaçmaqda ona yardımçı olur.