post-title

Elnur Musayev Bədəl: Çar və Rus senzurasının Azərbaycan ədəbi mühitinə təsirinə baxış


Ədəbiyyat dil ilə birlikdə millətin ruhunu qoruyub saxlayır.

Yazıq o millətə ki, onun ədəbiyyatı güc müdaxiləsi yolu ilə qırılır: bu, sadəcə "mətbuat azadlığının" pozulması deyil, bu, milli ürəyin qapanışıdır, milli yaddaşın qoparıb atılmasıdır (A.Soljenitsın)

Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən,səninlə yaxından tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq. Əzimzadənin dediyinə görə, qoçulardan qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa dəyməz. Mənə inan, qoçuların özü də satiranı gülə-gülə oxuyurlar. Sənin "Molla Nəsrəddin" məcmuəsində "Pilov cəzair müntəməsinin əhval coğrafiyası" ünvanlı satiran çox xoşuma gəldi. Onu daima yorğun olduğum vaxt götürüb oxuyuram. Hətta qarınqulu mollalar belə, acıqlandıqlarına baxmayaraq, bu yazını gülə-gülə, dönə-gönə oxuyurlar. Mən məsləhət görürəm ki, belə şeyləri yazanda oxucunu yalnız güldürməyə diqqət vermə, onları düşündürməyə çalış! Sənin qaibanə dostun (H.Üzeyir)

Bir neçə ay öncə "Kulis" saytında böyük publisist, teatrşünas, salnaməçi Qulam Məmmədlinin 21 il bundan öncə "7 gün" qəzetində dərc olunmuş xatirə yazısını oxudum. Həmin yazıda Qulam Məmmədli deyir:

“Mirzə Ələkbər öləndən, Mirzə Cəlil çıxıb gedəndən və birinci dünya müharibəsi başlanandan sonra gördüyümüz "Molla Nəsrəddin"dən demək olar ki, heç nə qalmadı. Hətta bu jurnal sovet vaxtında, 1922-ci ilin axırından başlayaraq çıxandan sonra da əvvəlki "Molla Nəsrəddin"ə qətiyyən bənzəmirdi. Kitablarımda mən bunları yazmışam. Orda bir dənə özümdən fikir deməmişəm. Hamısı sənədlər əsasında! Elə o vaxt Mirzə Cəlil Ordubadiyə yazıb ki, "Səid axır ki, bildiyini elədin. Gələn nömrədən başlayaraq əgər siz o jurnalda "redaktor C.Məmmədquluzadə" yazsanız, mən bilirəm ki, haralara müraciət eliyərəm".

Ümumiyyətlə, Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı "Molla Nəsrəddin"in ən qəddar düşməni Ordubadi olub. Sizə 20-30 sənəd göstərərəm.

1913-cü ildə "Molla Nəsrəddin"də məqalə getmişdi. Və orada yazılırdı ki, Məmməd Səid Culfada çox qəribə dəsgah başlayıbdı. Elə bu səhifədə bir şəkil də verilmişdi: Bir... əlində çaxır butulkası ilə vurur Ordubadinin başına və deyir: "Ax tı Məmməd Səid, məni atdın, getdin başqasını tapdın?!" Ondan sonra Məmməd Səid jurnala qarşı hücumlarını daha da genişləndirdi. Ümumiyyətlə isə elə ondan da əvvəl başlamışdı...

İndiyə kimi çoxları elə bilir ki, 1907-ci ildə "Molla Nəsrəddin" jurnalını mollaların Nikolaya şikayəti nəticəsində bağladılar. Başdan ayağa yalandır. Tarixi sənədlər var.
Türkiyə sultanı Əbdülhəmid Rusiya imperatoru Nikolaya yazıb ki, "Sənin məmləkətində "Molla Nəsrəddin" adlı jurnal çıxır və məni biabır eləyir. Halbuki, sənin Hacı Zeynalabdin Tağıyevin Quranın dörd cildlik qızıla tutulmuş tərcüməsini mənə töhfə göndərib. Mənə qiymətli töhfə göndərməkdənsə barəmdə biabırçı sözlər yazan "Molla Nəsrəddin" haqqında bir tədbir görün". Sultanın xahişi, imperatorun göstərişi, Zaqafqaziya namestnikinin (canişininin) əmri ilə jurnal bağlandı. Bir aydan sonra Mirzə Cəlil gedib rayon məhkəməsində (onda deyərdilər "mirovoy sud") sübut eləyib ki, onların bu fikri səhvdir, jurnalın bağlanması üçün heç bir səbəb yoxdur. Və gedib jurnalının çapını davam elətdirdi. Halbuki o vaxt Rusiyada qanun belə idi ki, siz bir qəzet çıxartdız, o qəzeti bağladılar, ikinci dəfə o adda qəzet-jurnal çıxara bilməzsiniz ("İqbal", "Yeni İqbal", "Səda", "Yeni Səda" və s.) Ancaq, "Molla Nəsrəddin" jurnalı Nikolayın vaxtında 1906-cı ildən 1917-ci ilədək dəfələrlə bağlansa da, öz adıyla çıxdı...”

Mən Qulam Məmmədinin bütün kitablarını oxumuşam. Açığı düşündüm ki, bu dəyərli xatirə yazısından sonra yazıçılar, araşdırmaçılar, jurnalistlər bu yazının izinə düşərək yeni-yeni faktlar, məlumatlar axtarıb tapacaq və ortaya yeni araşdırmalar çıxaracaqdılar. Lakin gözlədiyimin tam əksi oldu. Sosial şəbəkələrdə M.S.Ordubadi ilə Cəlil Məmmədquluzadə qarşı-qarşıya qoyuldu. Bir müddət sonra isə “Kulis” saytında hörmətli Qulu Məhərrəmlinin “Mirzə Cəlili niyə həbs etmişdilər?” adlı məqaləsini oxudum. Qulu Məhərrəmli yazır: “Jurnaldakı kəskin tənqidləri görüncə bolşevik hökuməti M.Cəlili Bakıya çağırmağına peşman olur. Görürlər ki, jurnalın toxunduğu mövzular, tənqid hədəfləri və tənqidin tərzi qətiyyən dəyişməyib, eynən çar dövründəki kimi bütün nöqsanları sərt şəkildə qamçılayır. Bir-iki dəfə xəbərdarlıq edirlər, başına ağıl qoymağa çalışırlar, amma xeyri olmur, çünki zamanın əsdirdiyi qorxulu yellərə baxmayaraq, məslək sahibi M.Cəlil bir kimsə ilə mənəviyyat alverinə girməmişdi, kimsədən umacağı, kimsə ilə sövdələşməsi yox idi. Yenə də həqiqətə sadiq, yalana qarşı güzəştsiz, nadanlığa qarşı barışmaz idi. Orası pis idi ki, tez-tez bu barışmazlığın altını çəkməli olurdu. Və günlərin birində bu barışmazlıqdan doğan qürurlu davranış ona şura həbsxanasının da yolunu tanıtdı.

1923-cü ildə çıxan nömrələrdən birində jurnal “Ölkədə savadsızlığa qarşı mübarizə elan olunur” adlı karikatura verir və şəklin aşağısında iri hərflərlə “maarif komissarı Dadaş Bünyadzadənin savadı olmadığına görə bu şüarın altından “Molla Nəsrəddin” özü imza atır” sözlərini yazır. Aləm bir-birinə dəyir, vəzifəli şəxsi belə “hörmətsiz” şəkildə tənqid etdiyinə görə M.Cəlili həbs edirlər. Çox sorğu-suala tuturlar, izahat istəyirlər, amma o, ağzını açıb bir kəlmə də danışmır, “mən yalnız Dadaşın özünə izahat verə bilərəm” deyir. Bir də xatırladır ki, çar hökuməti jurnalı bir neçə dəfə bağlasa da, heç vaxt onu zindana salmamışdı.

Ertəsi gün onu müstəntiqin otağına gətirirlər, xüsusi telefonla D.Bünyadzadə ilə calaşdırırlar. Komissar əda ilə ondan niyə belə yazdığını soruşanda M.Cəlil sakit tərzdə “Dadaş, bəyəm yalan yazmışam, axı sən haranı oxumusan, nə vaxt təhsil almısan, nə olsun ki, maarif işinə baxırsan, savadın yoxdur də…” deyir....

“Molla Nəsrəddin”in isə bu həbsdən itkiləri çox oldu, tənqidin miqyası və kəsəri azaldı, hədəflər daraldı, yazılar müəyyən ideoloji çalar almağa başladı. Ona görə də mətbuat salnaməçisi, haqqında danışılan bu həbs əhvalatını söyləmiş Qulam Məmmədli yazırdı ki, sovet dövründə çıxan jurnal əvvəlki «Molla Nəsrəddin»ə qətiyyən bənzəmirdi. Səbəb o idi ki, M.Cəlilin adını redaktor kimi yazsalar da, jurnalı tamam başqa adamlar buraxırdı. Mənbələr bu kimi qara işlərdə M.S.Ordubadinin xüsusi fəallığını qeyd edir....”
Məsələ burasındadır kİ, hadisələrə birtərəfli yanaşma oxucuları səhv istiqamətə yönləndirir, nəticədə isə biz hələ də inkarçılıqdan xilas olmuruq və düşməni öz içimizdə axtarmağa başlayırıq. Əgər oxuculara mənbələr təqdim olunmursa, M.S.Ordubadi ilə C.Məmmədquluzadə arasında olan intriqa ilə bərabər Rusiyada senzor tarixi haqqında məlumat verilməliydi ki, oxucu hadisələrdən doğru-düzgün nəticə çıxartsın. Eyni zamanda bu intriqalara qədər C.Məmmədquluzadə və M.S.Ordubadi arasında olan münasibətlərə aydınlıq gətirilməli idi.

Diqqət yetirin, Qulam Məmmədli deyir ki, “Ümumiyyətlə, Mirzə Cəlil və məsləkdaşlarının buraxdığı "Molla Nəsrəddin"in ən qəddar düşməni Ordubadi olub. Ondan sonra Məmməd Səid jurnala qarşı hücumlarını daha da genişləndirdi. Ümumiyyətlə isə elə ondan da əvvəl başlamışdı...” Yəni, 1913-cü ildən əvvəl.

Gəlin bu məsələlərə aydınlıq gətirək:

1. 1907-ci ildə "Molla Nəsrəddin" jurnalında "Kürdün çul satması" mənzuməsi dərc olundu. Mənzumə "Fatı" başlığı altında "Molla Nəsrəddin" jurnalında çap edildikdə İrəvan general-qubernatoru jurnal əleyhinə iş qaldırdı. C.Məmmədquluzadəni Tiflis jandarm idarəsinin altıncı nahiyəsinə çağırdılar və dedilər ki, o istintaq olunmaq üçün İrəvana getməlidir. Mirzə Cəlil arvadı Həmidə xanımla birlikdə İrəvana getmiş və orada istintaq zamanı şeirin indiki qubernatora dəxli olmadığını və ondan çox əvvəl yazılmış olduğunu deyərək qubernatoru inandırmış, mətbuatda bu barədə yazacağına söz verdikdən sonra iş xətm olunmuşdu. Bundan sonra "Molla Nəsrəddin" jurnalı 23 dekabr 1907-ci il tarixli 47-ci nömrəsində "İdarəmizdən" başlığı altında belə bir izahat verməli olmuşdu:

"Məcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz "Fatı" sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub keçən il. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.

Oxucularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənim müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.

Hər halda Fatının qubernatora çul təqdim eləməyinin indiki qubernatora dəxli ola bilməz. Əvvələn, bu səbəbə ki, hazırdakı qubernator qraf Tizenqauzeni biz dövlətli bir şəxs tanıyırıq və əgər müşarileyh bir kasıb kürddən bir çulu qəbul etməli olsaydı, onu dəxi artıq bir ənam ilə yola salardı. Və ikinci də budur ki, necə də yuxarıda işarə olundu, "Fatı" mənzuməsi indiki qubernatordan çox irəli yazılıb"

Məcmuənin müdiri və baş mühərriri C.Məmmədquluzadə".

Haqqında bəhs edilən "Kürdün çul satması" mənzuməsinin müəllifi, şair, müəllim Hacı Ağa Fəqir Ordubadi Məmməd Səid Ordubadinin atası idi. 
“Molla Nəsrəddin” jurnalında nəinki M.S.Ordubadi çıxış etmişdi, bu jurnalda M.S.Ordubadinin atasının da yazılarına, şeirlərinə yer verilmişdi.
2. Qeyd olunmalıdır ki, "Molla Nəsrəddin" 1906-18-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-31-ci illərdə Bakıda nəşr olunmuşdur. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxmışdır.

3. M.S.Ordubadi "Molla Nəsrəddin" səhifələrində Sabirdən təxminən iki ay sonra (onun ilk əsəri 1903-cü ilin iyununda "Şərqi-Rus" qəzetində "Kərbəlayı Məhəmməd Hacı Ağazadə təxəllüsi Səid Ordubadi" imzası ilə dərc olundu-E) çıxış etməyə başlamış və bu məşhur satira jurnalı nəşr olunduğu bütün illərdə (Təbriz nömrələri çıxılmaq şərtilə) orada fəal iştirak etmişdir. Ordubadi poeziyasının tədqiqatçıları şairin "Molla Nəsrəddin" jurnalında iştirakına haqlı olaraq onun yaradıcılığında "dönüş nöqtəsi" kimi qiymətləndirirlər.

"Molla Nəsrəddin" cərəyanına qoşulduqdan sonra Ordubadi artıq köhnə şeir formalarından da uzaqlaşır. O vaxta qədər əsasən aşiqanə şeir parçaları, qəzəl və qəsidələr yazan şair artıq ictimai satiraya keçir... 1910-1917-ci illərdə "Molla Nəsrəddin"də nəşr etdirdiyi "Yarəb, sənə min şükr ki, insan yaradıbsan!", "Xristianların paska bayramı", "Pul gərəksə, məni axtarma, yaxam düşməz ələ!", "Zahidlərə ağ-gül dəstəsi" və s. kimi onlarla satirik şeirlərində M.S.Ordubadi dinə, din xadimlərinə münasibətində, qadın əsarətinə qarşı mübarizə, gənc nəslin təlim və tərbiyəsi məsələsində Sabirlə yaxından səsləşir.

4. Məmməd Səid Ordubadinin "Qəflət" kitabını "Molla Nəsrəddin"in naşirlərindən Ömər Faiq Nemanzadə çap etdirmişdir. Yəni, "Qəflət" əsəri "Qeyrət" mətbəəsində çap edilmişdir. M.S.Ordubadi C.Məmmədquluzadə ilə də çoxdan tanış idi. Mirzə Cəlil hələ Nehrəm kəndində müəllimlik edərkən tanış olmuşdu. Onları Naxçıvanın ziyalılarından Mirzə Cəlil Şürbi tanış etmişdi. 
M.S.Ordubadi sonrakı görüşləri haqda yazır: "Altıncı ilin may aylarında Mirzə Cəlil Məmmədquluzadə ilə ikinci dəfə görüşdük. O zaman mən "Qəflət" adında kitabımı çap etdirmək üçün Tiflisdə "Qeyrət"mətbəəsinə vermək istəyirdim. Mən Təbrizdə idim. Orada "Molla Nəsrəddin" məcmuəsi müdirini görmək istəyənlərdən Xosrovxan da mənimlə bərabər Tiflisə gəlmişdi. Biz Mirzə Cəlil ilə nahar etdiyimiz zaman görüşdük. Bu görüşdən çox razı qaldı. Mən Tiflisdə on beş gün qalmalı idim. Bütün vaxtımı Mirzə Cəlil ilə bir yerdə keçirirdim. Bu müddət ona "Vətən və hürriyyət" adlı əsərimin bəzi parçalarını oxuyurdum. Çap olunmaq üçün əsəri onun yanına buraxdım".
Biz Kamran Dadaş oğlu Məmmədovun kitablarından da bilirik ki, M.S.Ordubadi C.Məmmədquluzadəgilə tez-tez qonaq gedib gələrmiş.

Məlumat üçün qeyd edim ki, birinci yazısını Səid imzasız olaraq "Naxçıvandan yazırlar" başlığı altında göndərdi. Yazını jurnalın 1906-cı il 4-cü nömrəsində çap olunması onu hədsiz sevindirdi və o, bundan sonra müntəzəm olaraq jurnala şeir və nəsr ilə yazılmış felyeton göndərdi.
İlk məqaləsindən sonra Ordubadi də başqa mollanəsrəddinçilər kimi satiralarını gizli imzalarla göndərməyə başladı. Onun əsas imzası "Hərdəmxəyal" oldu. 1906-cı ilin yayında "Vətən və hürriyyət" kitabının nəşri ilə əlaqədar olaraq Tiflisə gedən Səid "Molla Nəsdəddin" redaksiyasında C.Məmmədquluzadə ilə görüşərkən Mirzə Cəlil "Hərdəmxəyal" imzasını bəyəndiyini söylədi:

"Hərdəmxəyal" imzası həddindən artıq xoşuma gəldi. Doğrudan da xalqımızın içərisində hərdəmxəyal adamlar az deyil"- dedi.
Başqa mollanəsrəddinçilər kimi Səid də ana dilinin saflığı, yazı dilinin, ədəbi dilin sadəliyi və xəlqiliyi uğrunda mübarizəyə qoşulmuş və bu sahədə müəyyən nailiyyətlər əldə etmişdi. O, öz ana dilini bəyənməyən ziyalıları tənqid etməkdə digər qələm yoldaşları ilə həmfikir idi. Bu cəhətdən Hərdəmxəyalın "Ana dili" ("Molla Nəsrəddin", 1907), felyetonu səciyyəvidir. Felyetonda əcnəbi ölkələrdə təhsil görmüş iki ziyalının söhbəti verilmişdir.

5. 1913-cü ilə qədər Məmməd Səid Ordubadi dəfələrlə pristav Yeşşolt tərəfindən həbsə alınmış, Culfadan çıxarılmağına cəhd edilmişdi. Ordubadi hər dəfə rüşvət verərək xilas olmuşdu.
1913-cü ildə Səid (Ordubadi bolşevik təşkilatı "Hümmət"in fəal üzvlərindən idi) gizli olaraq Ordubada, evlərinə gəldi, oradan Bakıya qaçmaq və gizli çalışmaq fikrində idi. Lakin Ordubadda onu axtarırdılar. Burada o, ələ keçir. 
1914-cü il yanvarın 14-ü Səidi həbsxanaya aparırlar. Fevralın 24-də onları Tiflisə göndərdilər. Mart ayının 26-da axşam üstü yatab Bakıya yetişdi. Onları birbaşa həbsxanaya apardılar. Burada Səid xeyli qalmalı oldu. Onu iki məşhur Bakı qoçusu ilə bir kamerada saxlayırdılar. Bakıdan onları Rostova yola saldılar. Novoçerkassk həbsxanasında 2-3 gecə qaldıqdan Saritsın şəhərinə yola düşdülər.

Bu haqda mənbələrdə fərqli məlumatlar olsa da, bütün mənbələrdən məlum olur ki, M.S.Ordubadi 1913-cü ilə qədər dəfələrlə həbs olunub. 
Məsələn, “M.S.Ordubadi. Fotolar və sənədlər” kitabında oxuyuruq: “Birinci dünya müharibəsi başlandıqda hökumət adamları şübhələndikləri adamlar barədə nəzərdə tutduqları cəza tədbirlərini həyata keçirməyi qət etdilər. M.S.Ordubadi də həbs olunub Sarıtsına (indiki Volqoqrad) sürgünə göndərildi. O, sürgün yerinə çatanadək Aleksandropol , Tiflis, Bakı, Rostov, Novoçerkassk həbsxanalarında saxlanıldı.

1918-ci ildə Saritsında olarkən Kommunist Partiyası sıralarına daxil oldu.
Zaqafqaziya müsəlman işləri komissarlığı bolşevik "Hümmət" qəzetinin nəşrində iştirak etmək üçün 1919-cu ilin aprelində Ordubadini Həştərxana dəvət etdi. O, Həştərxana gəldikdən sonra "Hümmət"in fəal əməkdaşı kimi tanındı. 1919-cu ilin iyulundan isə qəzetin redaktoru təyin olundu”
Tofiq Rüstəmov “Alovlarda bərkiyən adam” kitabında yazır ki, “İmperiyanın düşməni hesab edilən Məmməd Səid Hacı Ağazadə Ordubadi 1915-ci ilin yanvarında yenidən həbsə alındı və az sonra Azərbaycandan uzaqlaşdırıldı.

M.S.Ordubadinin axırıncı dəfə (məhz) həbs edilib sürgünə göndərilməsi tarixi bir çox tədqiqlərdə, ədibin özünün ayrı-ayrı xatirə və qeydlərində gah 1913-cü il, gah da 1914-cü il kimi göstərilir. Lakin təsvir olunan hadisələr, nəql edilən epizodlar, habelə araşdırdığımız digər materiallar bu tarixin 1915-ci ilə aid olduğunu bildirir.
1919-cu ili 12 aprelinədək M.S.Ordubadi Saritsında qaldı, burada RK (b) P üzvlüyünə qəbul olundu”.

Ordubadi sürgün illərində də müntəzəm olaraq "Babayi-Əmir", "Tuti", "Molla Nəsrəddin", "Dirilik", "Qardaş köməyi" və sair jurnal və qəzetlərə əsərlərini göndərirdi. Xüsusilə "Hümmət" qəzetinə Ordubadi həvəslə yazır və qəzetin nömrələrini əldə etməyə can atırdı.

Doğrudur, həmin əsərlərinə şair zəhmət haqqı ala bilmirdi, lakin əsərlərinin mətbuatda çıxması, xüsusilə vətənində nəşr olunması onu sevindirirdi.
Ordubadi Həştərxanda olanda, aprelin 29-da xəbər gəldi ki, Bakıda Sovet hökuməti qurulmuşdur.
1920-ci ilin may ayının ikisində M.S.Ordubadi arvadı ilə birlikdə Bakıya gəldi. Bu onun Bakıya ikinci gəlişi idi. Birinci dəfə altı il əvvəl sürgün yerinə aparılarkən qorodovoyların nəzarəti altında gətirilmişdi. İki gündən sonra Səidi "Əxbər" qəzetinə müdir müavini təyin etdilər.

Indi sual olunur: Əgər M.S.Ordubadi 1913-cü ilə qədər dəfələrlə həbs olunubsa və an azı 5 il müddətində Bakıda və Tiflisdə olmayıbsa, yazılarını isə “Molla Nəsrəddin”ə dərc olunması üçün göndəribsə onda “Molla Nəsrəddin”in necə düşməni ola bilərdi? Mən inana bilmirəm ki, Qulam Məmmədli kimi bir alimin M.S.Ordubadinin həbsindən xəbəri olmayıb. Qulam Məmmədlinin əlyazmaları oxuculara təqdim olunmayınca bu müsahibə mübahisələrə yol açacaq. Bu müsahibədə nəsə bir anlaşılmazlıq olub və jurnalist həmin müsahibəyə görə Azərbaycan oxucuları qarşısında məsuliyyət daşıyır.

Mən yuxarıda qeyd etdim ki, M.S.Ordubadi "Molla Nəsrəddin" jurnalı nəşr olunduğu bütün illərdə (Təbriz nömrələri çıxılmaq şərtilə) orada fəal iştirak etmişdir. M.S.Ordubadi, hətta Azərbaycanda Sovet hakimiyyəti qurulanda da “Molla Nəsrəddin” jurnalında iştirak etmişdir. 
Məsələn, M.S.Ordubadinin 1923-cü ildə "Molla Nəsrəddin"də çıxan "Təziyyə günlərində" satirası o zaman böyük hay-küyə səbəb olmuşdu:

Döşəsin xəncəri məxluq keçəl başlarına,
Xuni-məqbulu axıtsınlar Bakı daşlarına,
Hacı qılman diləsin tökdüyü göz yaşlarına,
Belədi tövsiyəsi bizlərə ustadımızın.

1923-cü ildə "Molla Nəsrəddin"də nəşr etdirdiyi "Molla Nəsrəddin təyyarəsi" adlı satirik şeirində M.S.Ordubadi yenə də fırıldaqçı din xadimlərini, əyri yolla var-dövlət yığanları, fal açıb, növhə deyən ara arvadlarını kəskin tənqid atəşinə tuturdu:

Küçədən hər yerə qız köçsə, özüm yengəsiyəm,
Toyda xələt, yas olarsa, ölü paltarı geyəm,
Həm məhərrəmdə varımdır nəzirim, növhə deyəm,
Molla Zeynəb kimi bir mərsiyəxan, molla dayı,
Çalalar namıma təblü balaban, molla dayı!

6. Yuxarıda adı çəkilən hər iki müəllifin dediklərindən bizə məlum olur ki, “Mirzə Ələkbər öləndən, Mirzə Cəlil çıxıb gedəndən və birinci dünya müharibəsi başlanandan sonra gördüyümüz "Molla Nəsrəddin"dən demək olar ki, heç nə qalmadı. Hətta bu jurnal sovet vaxtında, 1922-ci ilin axırından başlayaraq çıxandan sonra da əvvəlki "Molla Nəsrəddin"ə qətiyyən bənzəmirdi”.

Bilirsiniz, bir müddət öncə “Şəxsiyyət vəsiqəsi” verilişində Mirşahin Ağayev C.Məmmədquluzadəni qorxaq adlandırmışdır. Lakin çox keçmədi ki, Mirşahin Ağayev ölmüş adama məktub yazaraq özü Cəlil Məmmədquluzadənin qəhrəmanına çevrildi. İndi hörmətli Qulu Məhərrəmlinin yazdıqlarından da belə çıxır ki, əvvəl gördüyümüz C.Məmmədquluzadədən də demək olar ki, heç nə qalmadı. Xub, çox gözəl, çox pakizə! İndi mənim də ixtiyarım da varmı ki, Qulu Məhərrəmliyə sual verim: Siz Cəlil Məmmədquluzadəni oxumusunuzmu? C.Məmmədquluzadəni hər gün oxumaq lazımdır! Siz C.Məmmədquluzadəni oxumamısınız, oxusaydınız belə şeylər yazmazdınız, yox əgər oxuyub belə şeylər yazırsınızsa onda sizə sual verirəm: Əvvəla, Sovet dövründə Cəlil Məmmədquluzadə o cəmiyyətin yıxılması üçün, o quruluşun aradan qaldırılması üçün (Sovet İttifaqında C.Məmmədquluzadənin yüksək qiymətləndirdiyi şeylər də olub) ən çox iş görən böyük sənətkarlardan biridir. Sovet cəmiyyətinin eybəcərliklərini, naqisliklərini də ilk görənlərdən biri Cəlil Məmməduluzadədir. Sovet dövründə dəyişilən, sovet represiyalarından, təqiblərindən qorxan C.Məmmədquluzadə 1927-ci ildə (Bəzi mənbələrdə 1926-cı il göstərilir-E) “Dəli yığıncağı”nı yaza bilərdimi? 

7. 1907-ci ildə M.S.Ordubadi "Dağılmış inqilab" adlı əsərinin çapına icazə almaq üçün onu Mirzə Şərif adlı çar senzoruna təqdim edir. Senzor əsərin ən yaxşı yerlərini qaralayır, belə deyək əsərin başında turp əkir. 1920-ci ildə M.S.Ordubadi "Əxbar" qəzetində çalışdığı vaxt Mirzə Şərif "Hindistan müsəlmanları" adlı əsərini çap etmək üçün ona müraciət edir. Ordubadi qəzet parçasını bürmələyib mürəkkəbə batırır və əsərin səhifələrini qaralamağa başlayır və s. İndi biz bu hadisələrə necə yanaşmalıyıq? Deməliyik ki, M.S.Ordubadinin də ən böyük düşməni Mirzə Şərif olub, yoxsa çar senzoru ilə Sovet senzoruna, ümumilikdə Rusiyada senzor tarixini araşdırıb oxuculara təqdim etməliyik?

Daha sonra Qulam Məmmədli dediklərindən belə anlaşılır ki, Osmanlı sultanı Əbdülhəmidin Rusiya imperatoruna müraciətindən sonra jurnal bağlanıb. 
Qulam Məmmədlinin gətirdiyi bu fakt məntiqə tam uyğun olsa da, orta da mənbə yoxdur. Çox təəssüf!

Mövzunu davam edək.

Həqiqətən də C. Məmmədquluzadə "Dörd yüz qız" felyetonunda sultan Əbdülhəmidin obrazını yaratmışdır.
Həmin felyetondan bir parçanı oxuculara təqdim etmək istəyirəm: “Əbdülhəmidin hərəmxanasında dörd yüz övrət və qız var imiş. Hələ mən bilmək istəyirəm ki, bunun əcnəbilərə nə dəxli var? Ayə, məgər bu bir pis işdir? Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub, bizim yaxamızdan yapışıblar?" Diqqət edin, cümlədən-cümləyə müəllif özgəni təqsirləndirə-təqsirləndirə, zahirən bu günahları Əbdülhəmidin ünvanından uzaqlaşdıra-uzaqlaşdıra hər dəfə yeni bir faciənin üstünə işıq salır, bu faciələrin doğurduğu fəlakətləri xatırladır: "Bir saatlığa belə tutaq ki, Əbdülhəmidin hərəmxana işləri tüpürməyə layiq bir şeydir. Çox əcəb. Bunun avropalılara nə zərəri. Məgər hərəmxanala qatılan qızlar Avropa qızlarıdır? Tez-tez təkrarlanan bu cür bədii sorğular getdikcə oxucunun nifrət və qəzəbini coşdurur.

Burda ortaya yenə sual çıxır. Əgər jurnal bu felyetona görə və yaxud Əbdülhəmidin Rusiya imperatoruna müraciətinə görə bağlansaydı ,“Molla Nəsrəddin”in tədqiqatçılarından olan Əmin Abid bu məsələyə niyə toxunmurdu? Bu həmin Əmin Abiddir ki, qardaşı Müznibin vəfatı xidmətindən (O, SSRİ DİXK yanında Xüsusi Müşavirənin 27 avqust 1937-ci il tarixli cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. Cəmi bir il sürgündə "yaşayan" Ə.Müznib 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi məntəqədə vəfat edir.) cəmi bir ay 21 gün sonra Azərbaycan SSRİ DİXK-nin 19 oktyabr 1938-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilir və 21 oktyabrda əmr yerinə yetirilir. (Hər iki qardaş "Əmin" təxəllüsünü M.Ə.Rəsulzadənin şərəfinə götürüblər Məhəmməd Əmin Rəsulzadə ilə bir məhəllədə yaşayıb və ana tərəfdən qohumluq əlaqələri olub . "Gültəkin" təxəllüsü ilə şeirlər yazıb. Ən dəhşətlisi odur ki, "Əliabbas Müznib istintaq zamanı "pantürkist təşkilatının üzvü" kimi qardaşı Əmin Abidin adını çəkib. Onu satıb, ələ verib. Bu sovet hökumətinin siyasəti idi-E)

Yəni elə şeylər yazmaq lazımdır ki, oxucu üçün faydalı olsun. Əgər Qulam Məmmədli kimi bir Şəxsiyyət ortaya belə faktları çıxarıbsa bu o demək deyil ki, onun yazdıqlarını ayrı formada oxuculara təqdim etmək lazımdır…

“Molla Nəsrəddin” jurnalının bağlanmasını təsdiq edən ortada sənədlər, əsərlər və faktlar var.

Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını çıxarmaq üçün 21 fevral 1906-cı ildə Tiflis qubernatorluğuna ərizə vermişdir. Rusiya imperatorluğu saray ştabmeysteri olan Tiflis qubernatoru "periodik nəşriyyat haqqında 24 noyabr 1905-ci il tarixli müvəqqəti qərarın VII hissəsinin 4-cü maddəsinə istinadən" Cəlil Məmmədquluzadəyə "Molla Nəsrəddin"i çıxarmaq üçün izin vermişdir. Ancaq jurnal, hələ davamının bir ili tamam olduğu sıralarda çar hökumətinin ilk zərbəsilə üz-üzə gəlmişdir. 1905-1907-ci il inqilabından sonra qüvvətlənən hakimiyyətin qara qüvvələri "Molla Nəsrəddin"i də boğmaq təşəbbüsünü göstərir. 13 iyun 1907-ci ildə Tiflis müvəqqəti general-qubernatoru tərəfindən Tiflis mətbuat işləri komitəsinə bir mövzu ilə bu qərar göndərilir: "Mən Tiflis general-qubernatoru Timofeyev, Tiflisdə türk dilində nəşr olunan "Molla Nəsrəddin" jurnalında təzahür edən son dərəcə zərərli cərəyanı nəzərə alaraq 8 iyun 1907-ci il tarixində qərar verdim: 1892-ci il nəşriyyat qanunun 23-cü maddəsində olan 19-cu əlavəsinin 14-cü nöqtəsilə istinadən adı zikr olunan jurnal bütün idareyi-urfiyyə müddətincə qapadılsın və bunun həyata keçirilməsi Tiflis polis müdirliyinin qəza icrasına tapşırılsın. İmzaladı: Tiflis general-qubernatoru general-leytenant Timofeyev".

Bu qərar üzərinə "Molla Nəsrəddin" jurnalı bağlanmışdır. C.Məmmədquluzadə 10 iyun 1907-ci ildə mətbuat işləri komitəsinə ərizə vermiş və "Yaxın vəzifəsi qaranlıqda qalan türk kütləsini maarifləndirmək və onlar arasında yaşayan nöqsanları qaldırmaq olan jurnalın bütün siyasi tendensiyalara yad olduğunu və bu sahədə heç bir yanlışlıq buraxmadığını" qeyd edərək jurnalın nəşrinə davam edilməsinə icazə istəmişdir. O biri tərəfdən hadisənin baş verdiyi həmin həftə ərzində Bakıda diqqətəlayiq bir qələyan görünür və Qafqaz canişinliyinə müraciət edilərək "Molla Nəsrəddin"in nəşrinə mane olunmaması rica olunur.

19 iyun 1907-ci ildə Qafqaz canişinliyi idarəxanasının vitse-direktoru, mətbuat işləri komitəsinə müraciət yazaraq: "Bakı türklərinin qapadılmış "Molla Nəsrəddin" jurnalının nəşr edilməsi xüsusunda müraciət etdiklərini də doklad etmək üçün bu xüsusda lazım gələn məlumatın verilməsini" rica etmişdir. Tiflisin bu iki müəssisəsi arasında gedən bu aydınlaşdırma fəaliyyətindən sonra "Molla Nəsrəddin"in nəşrinə davam edilməsi haqqında icazə verilir və on iki günlük sükutdan sonra 25 uyun 1907-ci ildə təkrar jurnal çıxmağa başlayır.

1908-ci ildə çar idarələri təkrar özlərini rahatsız hiss edirlər. Qafqaz canişinlik idarəxanası, Tiflis qubernatorunun təşəbbüsü ilə 4 sentyabr 1908-ci ildə mətbuat işləri komitəsinə müraciətlə "Molla Nəsrəddin"in son on nömrəsini tələb edir.

13 sentyabr 1908-ci il tarixdə canişinlik idarəsi jurnalı geri göndərərək belə bir mövzu əlavə etmişdir:
"Tiflis mətbuat işləri komitəsinə türk məzhəkə jurnalı "Molla Nəsrəddin"in nüsxələrini geri göndərərək, qubernatorun tapşırığı üzərinə, konselyariya, imperator həzrətlərinin Qafqazda canişinlik vəzifələrini ifa edən canişinin, yuxarıda qeyd olunan jurnalın gələcəkdə də İran şahına hücum etməsinə yol verilməməsini rica etdiyini mətbuat işləri komitəsinə bildirir".

Bu məsələ çar idarələri arasında xüsusi bir çarpışmaya səbəb olmuşdur. "Molla Nəsrəddin" jurnalı Qafqaz canişinliyinin yuxarı dairələrində "son dərəcə inqilabçı xasiyyətdə" olaraq əks etdirilmiş imiş. Buna görə canişin vəzifəsini ifa edən general Otinfanteri Şatilov jurnalın yazıları haqqında rusca məruzə qəbul etdiyi halda karikaturalarını şəxsən gözdən keçirmişdir.

Mətbuat işləri komitəsi məsələyə qubernatorluğun təşəbbüsü ilə əlaqə göstərilməsini öz rəsmi vəsifəsi üçün doğru saymadığını canişinliyin əlaqədar məmurlarına bildirmişdir. Halbuki komitəyə verilən cavabda jurnal üzərində kontrolun çox olması doğru sayılmış; lazım olduğu zaman "general-qubernatorun bu kimi nəşriyyatı müəyyən məcburi qərarla məna edə biləcəyi və şaha hücum etmənin bir zərərli hərəkətin əlaməti kimi inzibati yolu ilə cəzalandığını jurnal müdirinə əvvəlcədən xəbər verə biləcəyini" söyləmişdir.

24 sentyabr 1908-ci ildə Tiflis qubernatorunun mətbuat işləri komitəsinə göndərilən izahnamədən "şaha hücum etməsini" C.Məmmədquluzadəyə təbliğ etdiyi məlum olmadadır. 1909-cu ildə "Molla Nəsrəddin" lə əlaqədar hadisələrdən biri də Rusiya daxili işlər nəzarətinin mətbuat işləri baş idarəxanası tərəfindən Tiflis komitəsinə "Molla Nəsrəddin"in nə miqdarda çap edildiyini sormasıdır. Komitənin mərkəzə verdiyi cavabından "Molla Nəsrəddin"in 2500 nüsxə çap edildiyi məlum olur.

5 noyabr 1910-cu ildə C.Məmmədquluzadənin jurnal müdirliyi Məhəmməd Əli Sidqiyə həvalə edilməsi təsdiq edilmişdir. Yenə eyni vaxtlarda jurnal müdirindən "Rusiyanın yüksək məqamlı şəxsləri haqqında əcnəbi ölkələrin qəzet və jurnallarında nəşr edilən məlumatı dərc etməyəcəyi; imperatorluq daxilində ordunun hərəkət və bu xüsusda hərbi işlər nəzarətinin gördüyü tədbirlər və ərkan hərbi zabitlərinin əcnəbi ölkələrə göndərilməsi haqqında məlumat verməyəcəyinə" imza atılmışdır.

1913-cü il də "Molla Nəsrəddin" təkrar çar hökumətinin hücumuna məruz qalmışdır. 27 avqustda jurnal idarəxanası Tiflis polis müdirliyi tərəfindən basılaraq jurnalı həmin ilə aid 14 avqust tarixli 12-ci nömrəsinin idarəxanada qalan nüsxələri müsadirə edilərək Tiflis mətbuat işləri komitəsinə göndərilmişdir. Qafqaz senzurluq komitəsinin "Molla Nəsrəddin"ə aid işi arasında bu nüsxədə dərc edilən "Gimnazist" sərlövhəli mənzumənin rusca tərcüməsi də görülməkdədir ki, müsadirə bu mənzumə ilə əlaqədar olmuşdur.
Avqustun 26-da Tiflis mətbuat işləri komitəsi Tiflis adres masasına müraciət edərək "Molla Nəsrəddin" jurnalının müdiri C.Məmmədquluzadənin Tiflisdə harada yaşadığı, neçə yaşında olduğu və nə ləqəb daşıdığı haqqında məlumat verilməsi çox zəruri iş üçün rica olunmuşdur.

Avqustun 28-də Tiflis mətbuat işləri komitəsi Tiflis qəza məhkəməsi prokuroruna izahnamə yazaraq "Molla Nəsrəddin"in yuxarıda qeyd olunan nüsxəsində buraxılan "Gimnazist" mənzuməsinin buraxılmasını "cinai çıxış əlaməti" sayaraq cəza məcəlləsinin 1001-ci maddəsi əsasınca, "komitə tərəfindən hazırlanan müsadirənin qəza məhkəməsi tərəfindən təsdiq edilməsi məsələsinin qaldırılması jurnalın müdirləri C.Məmmədquluzadə ilə Əliqulu Nəcəfzadənin məsuliyyətə alınması" rica olunmuşdur. Ayrıca Tiflis poçtla teleqraf müdirliyinə də "bütün qəzada yayılmış olan nüsxələri toplamaq" üçün tapşırıq verilmişdir. Bundan başqa Zaqafqaziya dəmiryolları jandarma idarəsinə iki dəfə olmaq üzrə edilərək "bütün dəmiryolu stansiyalarında "Molla Nəsrəddin"in 21-ci nömrəsinin yığılması üçün əmr verilməsi" rica edilmişdir.

Gimnazist" mənzuməsi "xalis mömünün zəban-halı" şəklində təsvir edilərək "Dastançı" imzasını daşıyır. Mənzumə bu misralarla başlayır:
Ey gözümün nuru, malay gimnazist!.. 
Rəngi günəş, çöhrəsi ay gimnazist! 
Lütf elə, baxma mənə biganə tək, 
Eylədi hicrin məni divanə tək. 
Girmişəm eşqinlə bu meydanə tək, 
Yandı canım şövqlü pərvanə tək. 
Atəşi eşqindən haray gimnazist! 
Ey gözümün nuru, malay gimnazist!.

29 may 1913-cü ildə çar idarələri "Molla Nəsrəddin"i yenə təzyiq altına almış və mətbuat işləri komitəsi tərəfindən jurnala bu əmr göndərilmişdir:
"Təcili; "Molla Nəsrəddin jurnalı idarəsində: "Molla Nəsrəddin" jurnalının 25 may 1913-cü ildə çıxan 16-cı nömrəsi gələcəkdə xüsusi əmr alınıncaya qədər buraxılmamalıdır." Eyni zamanda "Molla Nəsrəddin" təb olunan mətbəə sahibinin də periodik nəşriyyat haqqında 24 noyabr 1905-ci il tarixli müvəqqəti qanununun yeddinci maddəsi mucibancə məsuliyyətə alınması haqqında "Mətbəələr və kitab ticarəti müfəttişliyinə" bildiriş göndərilmişdir. Mayın 29-da "Molla Nəsrəddin" idarəsi Tiflis polis müdirliyi tərəfindən basılmış və 16-cı nömrədən 3505 nüsxə müsadirə edilərək mətbuat işləri komitəsinin sərəncamına göndərilmişdir. Bu nüsxənin müsadirə edilməsinə səbəb orada dərc olunan bir karikaturanın müsaidəsiz olduğu imiş. Bu karikaturanın mövzusu budur: İran dövlət rəhbərləri zirzəmidə tapılırlar. Bura İran hürriyyətpərvərlərinin məhv edildiyi yerdir. Hürriyyətpərvərlərdən bəziləri zəncirə vurulmuş halda məhv olub ətləri tökülmüş, bəzilərinin bədənləri parçalanaraq oraya-buraya atılmış, bəzilərinin də qulaq-burunları kəsilərək orada həbs edilmişdir. İran tələbələri bu mənzərəni qalibiyyət gülüşlərilə qarşılayırlar...

Mətbuat işləri komitəsi eyni zamanda Tiflis mülkü məhkəməsinin nəzər-diqqətini bu nömrəyə çəkərək müsadirənin təsdiq edilməsi arzusunu göstərmişdir. Komitə bu məsələni, Rusiya daxili işlər nəzarəti mətbuat işləri baş idarəsinə və Qafqaz canişininə bildirərək təşəbbüsün cinayət məcəlləsinin 1213 maddəsi əsasınca təsdiq edilməsini rica etmişdir. Sülh məhkəməsi komitəyə bu karikaturanın siyasi mahiyyətdə olmasına görə öz səlahiyyətli dairəsinə daxil olmağını bildirmişdir. Fəqət komitə 17 iyunda təkrar məhkəməyə yazaraq gürcü nəşriyyat şirkəti mətbəəsi müdirini cinayət məcəlləsi əsasınca məsuliyyətə alına biləcəyini irəli sürmüşdür. Məhkəmə bu fikri şəxs göstərilmədiyinə görə rədd etmişdir. Nəhayət, mətbəə müdiri Aleksandr Cabadari məsuliyyətə alınmışdır.

Tiflis mətbuat işləri komitəsi 1913-cü ilin sentyabrında daha əvvəlcədən müsadirə edilən "Gimnazist" mənzuməsi dərc olunan nüsxə haqqında, təşəbbüsün nəticəsi haqqında Zaqafqaziya dəmiryolları jandarma idarəsinə və Tiflis poçta-teleqraf müdirliyinə müraciət etmişdir. Qəribə burasıdır ki, jandarma müdiri vaxtında "bütün stansiyalara əmr verildiyi halda o vaxta qədər bir nüsxə olsun özünə "Molla Nəsrəddin" göndərilmədiyini bildirmişdir" (9 sentyabr, 1913), Komitə poçta-teleqraf müdirliyindən də eyni mahiyyətdə cavab almışdır (10 sentyabr, 1913).

Yenə 1913-cü ildə "Molla Nəsrəddin" ilə əlaqədar olaraq daha mühüm bir hadisə baş vermişdir: "Molla Nəsrəddin"in bu il xüsusi 20-ci nömrəsində bəhailərin peyğəmbəri Bəha haqqında bir karikarura dərc olunmuşdur. Bu karikaturada Bəha, dizi üstündə bir oğlan oturdub çənəsini oynatdığı halda təşrifatçı içəri girib ona "Mələkutdan lövh nazil olduğunu" və onunla şərəfyab olmaq istədiyini xəbər verir. Bəha isə: "De getsin, sabah gəlsin, bu gün vaxtım yoxdur, ibadətlə məşğulam" deyir. Bu "Molla Nəsrəddin"in karikaturası Türküstan bəhailəri arasında şiddətli təbəssüm oyandırmış olduğundan jurnal haqqında çar hökumətinə şikayət etmişlər. Çar idarələri "Babilərə ürəkləri yandığından" bunun üzərinə Qafqaz canişinliyi idarəxanası tərəfindən Tiflis mətbuat işləri komitəsinə 9 sentyabr 1913-cü ildə "gizlidir", "təcilidir" qeydləri ilə yazılmış mövzuda Mərv və Aşqabad şəhərində yaşayan bəhailəri tərəfindən "Molla Nəsrəddin" jurnalında sistematik surətdə onların məzhəbini təhqir edən yazı və illüstrasiya dərc edilməsindən şikayət olunduğu haqqında izahat verildikdən sonra bu sətirlər qeyd olunmaqdadır.

"Molla Nəsrəddin"in babilərin dini etiqadlarına olan hücumlarını kəsmək üçün jurnala qarşı tədbirlər görülməsini rica edirəm. Bundan başqa jurnalın təqdim olunan 23 iyul tarixli nüsxəsini, babilər rəhbərini təhqiredici karikatura buraxdığı üçün müsadirə edilməsini də rica edirəm.
Bundan əlavə olaraq deyə bilərəm ki, babilər- sülhpərvər, işləməyi sevən, müsəlman fanatizmilə bulaşmamış bir xalq olub öz etiqadları ilə azad yaşamaq üçün Rusiya imperatorluğunu əlverişli tapa bilmişlər. Buna görə də şübhəsiz onları müdafiə etmək lazım gəlir". Mövzunun sonunda mövzuya iki ərizə ilə "Molla Nəsrəddin" jurnalının iki nömrəsi əlavə edildiyi üçün xüsusi qeyd var.

Tiflis mətbuat işləri komitəsi bu məsələni dərhal tədqiq edərək nəticəsini 19 sentyabr 1913-cü ildə Qafqaz canişinliyi idarəsinə bir izahnamə ilə bildirmişdir. İzahnamədə o cümlədən deyilir: "Gələcəkdə bu kimi şikayətlərə yol verməmək üçün "Molla Nəsrəddin" jurnalının müdiri Əliqulu Nəcəfzadə mətbuat işləri komitəsinə çağırılmışdır. O, gələcəkdə bir daha babilər tərəfindən belə şikayət edilməsi üçün şərait yaradılmayacağına söz vermişdir".

Onu da ayrıca olaraq qeyd etmək lazımdır ki, bu məsələ Aşqabadda çıxan "Türküstanski kuryer" qəzetində əksini tapmışdır. Bu qəzetin "Molla Nəsrəddin"ə qarşı bəhailəri müdafiə edən nəşriyyatdan bir qrup "Molla Nəsrəddin" oxucuları qəzetdə etiraz edərək "Molla Nəsrəddin"i müdafiə etmişdir.
Məsələyə Tiflis qəza məhkəməsi prokuroru da qarışmış və 20 sentyabr 1913-cü ildə Tiflis senzurluq komitəsinə yazdığı mövzuda ən qısa zaman içində karikaturanın üzərindəki yazıların tam bir tərcüməsilə "Molla Nəsrəddin" jurnalı müdirinin ləqəbini, adını, atasının adını, soyadını və yaşadığı yer haqqında məlumat istəmişdir. Prokurorun arzusu yerinə yetirilmişdir.

6 noyabr 1913-cü ildə Tiflis məhkəməsinin cinayət şöbəsi jurnalın müsadirəsi üçün məhkəmənin prokuroruna müraciət etmişdir. 14 noyabr 1913-cü ildə mətbuat işləri Tiflis komitəsi tərəfindən bu əmrin verildiyini görürük:

"Tiflisdə mətbəələr və kitab ticarəti müfəttişi cənablarına. Tiflis qəza məhkəməsi prokurorunun istintaqı nəticəsi olaraq 23 iyul 1913-cü ildə çıxan türk jurnalı "Molla Nəsrəddin"in 21-ci nömrəsini müsadirə etmənizi və müsadirə edilən nüsxəni komitə idarəxanasına göndərmənizi rica edir.
Lakin müfəttişin verdiyi cavabda, nə kitab dükanlarında, nə jurnal idarəsində "Molla Nəsrəddin"in nömrəsindən bir nüsxə də qalmadığını bildirmişdir. Bunun üzərinə prokurorun təklifilə "Molla Nəsrəddin"in o nüsxəsi "Mən edilən mətbuat" listəsinə qeyd olunmuş və "o nömrənin nüsxələri tapıldığı təqdirdə müsadirə edilərək məhv edilməsi lazım olduğu" haqqında qərar çıxarılmışdır.

Eyni nüsxəyə görə, C.Məmmədquluzadə ilə Əliqulu Qəmküsar məsuliyyətə cəlb edilmişdir. Məhkəmədə iş 1914-cü ilin ortalarına qədər uzanmışdır.
Nəhayət, jurnal müdirləri haqqında məhkəmə nəticəyə gəlmişdir. Məhkəmənin 19 mart 1914-cü il tarixli qərarında o cümlədən, bu sətirləri oxuyuruq:
"Qərar verildiyi İrəvan vilayətinin Naxçıvan şəhəri əhalisindən C.Məmmədquluzadə Qulu oğlu Əliqulu Nəcəfovu cinayət məcəlləsinin 1001, 149, 41-ci maddələri və 84-cü maddəsinin 3-cü bəndi mucibincə hər birini 200 rüblə nəqdi cəzaya məhkum etməlidir. Ödəmək imkanı olmadığı təqdirdə, onları polis müdirliyi nəzdində iki ay həbs etməlidir. Türk dilində "Molla Nəsrəddin" jurnalının 20 və 212-ci nömrələrini məhv etməlidir".

Qərarın sonunda Əliqulu Qəmküsarın verdiyi Təmyiz şikayətinin də rədd edildiyi qeyd olunmaqdadır.
1914-cü ildə "Molla Nəsrəddin"in həyatı ilə əlaqədar hadisə onun qapadılmasıdır. C.Məmmədquluzadənin 17 noyabr 1914-cü ildə Şuşanın Kəhrizli kəndindən Tiflis mətbuat işləri komitəsinə göndərdiyi ərizədə "müdirliyim ilə nəşr olunan Molla Nəsrəddin" jurnalının nəşrini qeyri-müəyyən bir vaxta qədər saxlayıram"- deyir. Bunun üzərinə "Molla Nəsrəddin" 1916-cı ilə qədər nəşr olunmamışdır. 1916-cı ilin fevral ayının əvvəllərində "Molla Nəsrəddin" jurnalını əvvəlinci proqram daxilində nəşr etmək üçün C.Məmmədquluzadə ilə ikinci müdir Ə.Qəmküsara icazə verilmiş və Cəlildən "Rusiya imperatoru ilə xanədan ətrafı" haqqında heç bir şey nəşr edilməyəcəyinə aid təkrar imza alınmışdır.
Jurnal az bir müddət ərzində çıxdıqdan sonra təkrar qapanmışdır. Bu dəfə qapanmasının səbəbinə aid vəsiqə yoxdur. Yalnız 1917-ci ilin fevral ayında jurnalın yenə əvvəlinci proqramı əsasında nəşr olunmasına icazə verilmişdir.

Bu vaxtlar çarlığın yıxılmasına təsadüf etdiyindən "Molla Nəsrəddin"ə çar idarələrinin tədbiq etdikləri təzyiq də müvəqqəti sona yetmiş və nəhayət, Oktyabr inqilabı ilə jurnal tamamilə yeni bir dövrə - Sovet senzoruna daxil olmuşdur.
Göründüyü kimi burada oxuculara çatdırılası olan əsas məsələ “Molla Nəsrədin”in keçdiyi çətin yolları, çar senzoru haqda doğru-düzgün məlumat verilməsidir. Ona görə də oxuculara Rusiyada senzura tarixi haqqında məlumat verməyi məntiqəuyğun hesab edirəm. 
Rusiyada ilk çap qəzeti "Vedomosti"nin (1702) elə ilk nömrəsində I Pyotr öz əli ilə qəzetin səhifəsində bir neçə informasiyanın üstünə kağız yapışdırmış və öz dəsti-xətti ilə yazmışdı: "Bu informasiyanı xalqa çatdırmaq olmaz".

Rusiyada ilk qəzetin rəsmi-ofisi öz xarakteri ilə də senzuranın güclənməsinə şərait yaratmışdır. 1783-cü ildə II Yekaterina mətbəələrində çap olunan mətnlərin nəzarət üçün polis idarəsinə verilməsi haqqında xüsusi fərman imzalamışdı. Bu fərmanda deyilirdi: "Bizim ölkəmizdə yazılan, yaxud tərcümə edilən hər hansı bir kirab senzorlardan birinin nəzarəti olmadan nəşr edilə bilməz". Rusiyanın mütərəqqi yazıçı-publisisti A.Radişşev icazəsiz çap etdiyi "Peterburqdan Moskvaya səyahət" əsərinə görə ömürlük sürgünə məhkum olunmuşdur.

1796-cı ildə II Yekaterina ayrıca senzura idarəsinin yaradılmasına fərman vermişdi. I Pavel qısa müddətdə senzuranı daha da möhkəmləndirən 10 fərman imzalamışdı. Ümumiyyətlə, Rusiyada mətbuat haqqında qanunvericilik "senzura hüququ" kimi inkişaf etmişdir. Tarixi-xronoloji faktlara diqqət edək: "Senzura nizamnaməsi" (1804, 1826, 1828), "Senzura haqqında müvəqqəti qaydalar" (1862, 1865, 1882), "Dövri nəşrlər haqqında müvəqqəti senzura qaydaları" (1905), "Hərbi senzura barədə müvəqqəti qaydalar" (1914) və s.

1804-cü ildə Rusiyada ilk senzura qaydaları çap edildi. Xalq Maarif Nazirliyi nəzdində "Əvvəlcədən senzura komitəsi" yaradıldı. 1826-cı ildə çar I Nikolay senzuranı daha da möhkəmləndirdi. 1865-ci ildə isə "Mətbuat və senzura haqqında müvəqqəti qaydalar" qüvvəyə mindi. 

Söz azadlığına qarşı mübarizə Rusiyada əsrlər boyu formalaşmışdı. Mətbuatın qadağan edilməsi, tirajın yandırılması, konfiskasiyası, xaricdən ədəbiyyatın ölkəyə gətirilməsinə qadağalar senzuranın işləyib hazırladığı metodlar sırasındadır. Məsələ də burasındadır ki, bolşeviklər də qadağalardan başladılar.
Xalq Komissarları Sovetinin (XKS) sədri 27 oktyabr 1917-ci ildə (inqilabi çevrilişdən cəmi iki gün sonra) mətbuat haqqında dekret imzaladı. Açıq şəkildə mətbuatda repressiya xarakteri daşıyan bu sənəd əsasında iki ayda Rusiyada 92 qəzet bağlandı.

Ən maraqlısı isə bu idi ki, XKS öz dekretində mətbuat üzərində nəzarətin müvəqqəti xarakter daşıdığını və "yeni qaydaların möhkəmlənməsindən sonra mətbuata tam azadlıq veriləcəyini, bütün prosedurların yalnız məhkəmə yolu ilə həll ediləcəyini" göstərirdi. Lakin dekretin vəd etdiyi və dünya təcrübəsinin söykəndiyi normativ sənəd 1990-cı ilə qədər qəbul olunmadı. Sovet hakimiyyəti illərində senzuranı əvəz edən "Qlavlit" 1917-ci ilin oktyabr çevrilişindən sonra- 1922-ci ilin iyununda Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilmişdi. Ən sərt senzura qaydalarını tətbiq edən bu qurum hərbi faktlardan tutmuş taxıl tədarükünədək hər şeydə azad, müstəqil sözə, fikrə qadağalar qoyurdu. Sovet hakimiyyət strukturları bütün 70 il ərzində heç vaxt həqiqəti deməyə imkan vermədi.

Həmin "Qlavlit" 1933-cü ildən mətbuatda hərbi və dövlət sirlərini qorumaq imtiyazına da malik oldu SSRİ dağılana qədər "Qlavlit"in aşağıdakı səlahiyyətləri var idi: mətbuatda və siyasətdə hərbi və dövlət sirlərinin qorunmasl; bütün çap məhsullarında, radio və televiziya verilişlərində, əlyazmalarda, fotoşəkillərdə,mühazirələrdə, sərgilərdə ideoloji nəzarətin həyata keçirilməsi; mətbuatda, kütləvi çap məhsullarında getməsi lazım bilinməyən informasiyalar siyahısının hazırlanması; SSRİ-yə xaricdən gətirilən və xaricə aparılan çap məhsullarına nəzarət və ona icazə; siyasi cəhətdən zərərli və köhnəlmiş ədəbiyyatın yığışdırılması...Sovet hakimiyyəti hətta "Pravda" və "İzvestiya" qəzetlərinə ayrıca senzor ştatı təyin etmişdi. 1940-cı illərdə SSRİ-də 6 minə yaxın belə senzor ştatı təyin olunmuşdur. 

Təkcə 1938-ci ildə SSRİ-də 1606 müəllifin "siyasi cəhətdən zərərli" hesab edilən əsərləri ləğv edilmiş, minlərlə adda kitaba qadağa qoyulmuşdur. 1930-cu illərin sonunda dövlət sirri hesab edilən məlumatların siyahısı 600-ə çatırdı.

"Qlavlit" idarəsinin özü həmişə xüsusi dövlət sirri kimi gizli saxlanmış, onun ştat vahidləri, vəzifələri barədə informasiya qadağan edilmişdir. 1940-cı illərin axırlarında SSRİ Qlavlit Baş İdarəsində 265 nəfər, o cümlədən 5 nəfər rəhbər işçi çalışırdı. 1-ci şöbə (hərbi senzura), 2-ci şöbə (xarici senzura), 3-cü şöbə (xaricdə informasiyaya nəzarət), 4-cü şöbə (yerli orqanlara nəzarət), 5-ci şöbə (mərkəzi qəzetlər və radio verilişləri), 6-cı şöbə (kitabxana və kitab ticarəti, mətbəələr üzərində nəzarət), gizli şöbə və s. strukturlar gecə-gündüz söz azadlığının qarşısında dayanmışdılar.

SSRİ-də mətbuatda dövlət münasibətinin yeganə istiləşmə dövrü N.Xruşşovun baş katib olduğu illərə düşür. Belə ki, Stalinin ölümü ilə ölkədə şəxsiyyətə pərəstiş ifşa olundu. Bəraət almış yüzlərlə yazıçının, tədqiqatçıların əsərləri yenidən çap olunmağa başlandı. Lakin Sov.İKP MK-nın baş katibi N.S.Xruşşovun bu islahatları uzun sürmədi. Ölkə 1964-cü ildə yenidən "Qlavlit"in sərt senzura qaydalarına keçdi...

Rusiyada senzor təkcə hansısa mətni qadağan etmək, çapa icazə verməmək deyil, habelə mətni istədiyi kimi dəyişmək, ona əlavələr edib istənilən ixtisara məruz qoymaq imkanına malik idi. Bu ölkədəki senzuranın gücü xalq arasında "donosbazlığı" adət halına salmışdır. Rəsmi senzuranın sərt qanunları eyni zamanda rus jurnalistikasında yaradıcılığa əngəl olan "özünəsenzura" xarakterini formalaşdırmışdır. Bu mənada dərin neqativ köklərə malik rus senzura "məktəbi" bolşeviklərin hakimiyyətə gəlmələri ilə daha ciddi və sərt mövqelərə keçmişdir. Hələ 1917-ci ilə qədər rus senzurası özünün bir çox forma və üsullarını, ənənələrini yaratmış, hakimiyyətin, onun antidemokratik institutlarının dayaqlarını qorumaq məqsədilə söz azadlığına, informasiya əldə etməyə qadağalar qoymuş, başqa cür tədbirlər kompleksini işləyib hazırlamışdı.
Çox təbii hal idi ki, senzuranın mövcudluğunu heç vaxt etiraf etməyən sovet hakimiyyəti bu təcrübənin bütün parametrlərindən istifadə etməklə onu daha da "zənginləşdirmiş" və genişləndirmişdir.

Sovet senzurasını xarakteri və dövrlərinə görə aşağıdakı şəkildə ümumiləşdirmək olar:
1917-19-cu illər komissarlıq hakimiyyəti dövrünün senzurası;
1919-21-ci illər-Dövlət Nəşriyyatının direktorluq dövrü;
1922-27-ci illər- "Qlavlit" dövrü ("Qlavlit"- Qlavnoe upravlenie po delam literaturı i izdatelstv);
1928-85-ci illər-ümumsovet səviyyəsində partiya senzurası dövrü. Bu dövr kommunist mətbuatı modelinin fəaliyyətini xarakterizə edən fakt kimi izah oluna bilər.
Sovet senzura vəzifəsini yerinə yetirən "Qlavlit" idarəsində çox zaman savadsız, küt adamlar vəzifədə olmuşlar. 1940-cı illərdə təkcə Rusiya Federasiyasında 5 mindən çox senzor vardı. Onlardan cəmi 500 adam ali təhsilə malik idi. 

L.İ.Brejnev dövründə də SSRİ-yə partiyanı, sovet hökumətini azca tənqid edən kitabların gətirilməsi qadağan olunurdu. Bunun nəticəsi idi ki, 1970-ci illərdə demokratik dəyərlərə meyl edən yazıçı və şairlər öz əsərlərini gizli yollarla xaricə ötürürdülər; məsələn, A.Soljenitsın özünün "İvan Denisovun bir günü" əsərini xaricdə nəşr etdirdi və povest dərhal bestseller kimi qarşılandı. Amma bu və digər "antisovet" əsərlərinə görə A.Soljenitsın 1975-ci ildə vətəndaşlıqdan məhrum edildi.
Milli respublikalarda sovet senzura sistemi güclü olmuşdur. Azərbaycan ziyalıları da sovet senzurasının qurbanlarına çevrilmişlər. H.Cavid, M.Müşfiq, Ə.Cavad kimi minlərlə şəxsiyyət "Qlavlit"in "donosları" ilə məhv edilmişdir.

Ona görə də şəxsiyyətlər arasında olan intriqa məsələsinə toxunmazdan qabaq həmin o dövrü oxuculara doğru-düzgün çatdırmaq lazımdır.
Əgər fikir verdinizsə çar dövründə və sovet dövründə hakimiyyətin qarşısında duran əsas məqsəd ədəbiyyatı, azad düşüncəni, mətbuatı məhv etmək olub. Çünki totalitar və avtoritar rejimlərə qalib gələ bilən əsas qüvvə - Ədəbiyyatdır!

Mən fikirlərimi əsaslandırmaq üçün A.Soljenitsına müraciət edəcəm. A.Soljenitsın yazır: “Yazıçı və sənətkarlar çox şeyə qadirdilər- onlar yalana qalib gələ bilərlər! Yalanla mübarizədə incəsənət həmişə qalib gəlir! -açıq-aşkar, hamı üçün təkzibolunmaz şəkildə! Yalan dünyada çox şeyin qabağında duruş gətirə bilər- amma incəsənətin qabağında yox! Və bu yalan çəkilən kimi zorakılığın eybəcər çılpaqlığı aşkar olacaq, taqətsiz zorakılıq məhv olacaq”. Soljenitsın isə bu fikirləri deyərkən F.M.Dostoyevskinin yaradıcılığına istinad edirdi.

İndi bizim ölkəmizdə analoqu olmayan (bizim ölkədə hər şeyi belə təqdim edirlər) neoavtoritarizm rejimidir. Bu rejimin əsas dayağı puldur. Neoavtoritarizmin əsas hədəfi azad məhkəməni məhv etmək, azad mətbuatı müxtəlif yollarla sıradan çıxarmaq, müxalifəti zəiflətmək, vətəndaş cəmiyyətlərini də zəifləmiş müxalifətin vəziyyətinə salmaq və bu yolla da xalqı kasıb, laqeyd, qorxaq vəziyyətinə gətirməkdir. Düzdür, Azərbaycan Respublikasının Konstitusiyasında, "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai teleradio yayımı haqqında" qanunlarda senzuranın yolverilməzliyi birmənalı şəkildə təsbit edilmişdir. Ancaq etiraf etmək lazımdır ki, bizim Konstitusiyamız dəyərini çoxdan itirib. Neoavtoritarizmlə də mübarizə sistemli olmayanda həmin mübarizə daim məğlubiyyətlə nəticələnir. Sistemli mübarizə üçün ölkənin Ədəbiyyatı susmamalıdır!

Son olaraq yekun kimi hər hansısa bir dövrdə şəxsiyyətlər arasındakı ziddiyyətləri açıb göstərməzdən əvvəl və yaxud şəxsiyyətləri qarşıya qoymazdan qabaq o dövrü, o sistemi, senzuranı, tarixi şəraiti və ziddiyyətlərə qədər olan məlumatları, mənbələri oxucuya təqdim etmək lazımdır. Müəllifin, elm adamının verdiyi məlumatlar həm faydalı olsun, həm də oxucular özləri üçun doğru duzgun nəticə çlxarda bilsinlər

Kultura.az

Yuxarı