Yusif Vəzir Çəmənzəminli və onun “Studentlər” romanı
Sovetlərin çöküşündən sonra, rep…
Mirmehdi Ağaoğlunun “Bəyaz dişlər” – Avropadakı mühacir problemindən bəhs edən roman” yazısını təqdim edirik.
Zadi Smit yaradıcılığa uğurla başlayan yazıçılardandır. Belələri həqiqətən çox azdır. Ona məşhurluq gətirən ilk romanını hələ tələbə olarkən, 1997-ci ildə yazmağa başlayıb Zadi. “Bəyaz dişlər” adlanan romanın cəmi 80 səhifəsi hazır olanda nəşriyyat gənc müəllifə 250 min funt sterlinq avans ödəyir. Və kitab üç il sonra çap olunur. 25 yaşındakı müəllifin “Bəyaz dişlər” romanı qısa müddət ərzində uğur qazanır, Zadi Smitin adı Çarlz Dikkens, Salman Rüşdi, Con İrvinq kimi yazıçılarlar yanaşı çəkilməyə başlayır.
Milleniumun ilk ədəbiyyat ulduzu olan Zadi Smit “Time” jurnalının 1923-2005-ci illər arasında “İngiliscə yazılmış ən yaxşı 100 roman” siyahısında yer alıb və indidən modern klassikə çevrilib.
O, 1975-ci ildə Londonda anadan olub. Anası yamaykalı, atası ingilisdir. Uşaqlıq adı Sedi olan Smit, 14 yaşında onu Zadiyə dəyişib. Uşaqkən step-dansa maraq göstərən Zadi sonralar aktrisa, caz musiqiçisi, jurnalist olmaq istəyib, nəhayət yazıçılıqda qərar tutub. Deyəsən doğru seçimi də bu zaman edib. Qazandığı uğurlar belə deməyə əsas verir. Zadinin həyatı barədə bu qısa məlumatı ona görə verdim ki, yazıçının ilk romanı “Bəyaz dişlər”də avtobioqrafik xətt apaydın görünür. Buna görə də həyatı haqqında bir qədər məlumatlı olmaq romanı daha yaxşı anlamağa kömək edər. Romanın qəhrəmanlarından biri, yamaykalı qadının qızı olan Klara çox güman ki, həyatda Zadinin anası, İri isə müəllifin özüdür.
“Bəyaz dişlər” İkinci Dünya müharibəsindən 1992-ci ilə qədər olan bir dövrü əhatə edir. Cons və İqballar ailəsinin ətrafında baş verən hadisələr, mühacirlər və onların adaptasiya məsələlərindən bəhs olunur. Əsərin ortasında bu ailələrə yəhudi Çalfenlər də qoşulur. Düzdür, Çalfenlər gəlmə deyillər, ancaq nəzərə alsaq ki, yəhudi inancında görə İsrail torpaqlarında yaşamayan yəhudi dünyanın harasında kök salır-salsın, yenə də qaçqın sayılır, o zaman Çalfenləri də bu mühacirlərə qata bilərik. Bəs görəsən İngiltərə əhalisi içində getdikcə sayları artmaqda olan mühacirlər necə formalaşırlar, yerli mədəniyyətə adaptasiya ola bilirlərmi, yoxsa özlərinə qapanıb qalırlar? Zadi fərqli mədəniyyət və dinlərdən olan mühacirləri bir araya gətirərək bu suallara cavab axtarır.
Görünür, ana tərəfdən yamaykalı olan Zadi Smit özü mühacirlərin arasında böyüdüyü, onların mədəniyyətləri və İngiltərədəki davranışları ilə kifayət qədər yaxından tanış olduğu üçün əsər “diri” alınıb, işlətdikləri ifadələr, həyatlarındakı incə detallar belə bu irihəcmli romana hopub.
Ancaq əsər mühacirlə deyil, köklü bir ingilisin intihara cəhd etməsi ilə başlayır. Qəribədir, öz ölkələrində həyatları alınmayanlar İngiltərəyə pənah gətirdikləri halda bir ingilis vətənində bədbəxtdir və insanpərvərliyə görə deyil, “yalnız halal məhsulların satıldığı” ət dükanının qabağında kiminsə intihar etməsinə razı olmayan bir müsəlman mühacirin müdaxiləsi ilə xilas olur. Həmin şəxs Arçilbald Consdur. Biz onu sonralar əsərdə görəcəyik. Əgər “Bəyaz dişlər”i rəngbərəng paltarlar asılmış uzun bir zivəyə bənzətsək, Arçibald Cons kəndir, yerdə qalan obrazlar da yuyulub sərilmiş paltarlardır. Arçibald var deyə onlar da var. Götürək elə onun intihar cəhdindən sonra tanış olduğu Klaranı. Yehova şahidlərindən olan anası sevgilisini öz tərəfinə çəkib deyə on doqquz yaşındakı bu qız hippilərə qoşulub. Təsadüfən hippilərin partisinə gəlib çıxan Arçibald “Qırmızı dəniz kimi yarılan” içkili, nəşəli, yatmış, sərxoş cavanların içindən keçərək mənzilə daxil olur və burada Klaranı görür. Sevgilisi ilə yaşadığı bir motosiklet qəzasında qabaq dişlərini itirən bu gəncəcik qızın eybini siz də bildiniz – mırıqdır. Anası ilə yaşadığı problemlər, dünyanın dağılacağını elan edən Yehova şahidlərinin yalanının çıxması, on doqquz yaş böhranı və üstə gəl qabaq dişlərinin olmaması – bütün bunlar Klaranı Arçibaldla idırımsürətli nikaha sövq edir. Klara Arçibaldı sevmədiyini elə toy gecəsi anlayır, ancaq özündən iki dəfə böyük olan ərindən əl çəkmir. Çünki Arçibald ər kimi qənaətbəxşdir. Fağır və mağmının biridir, reklam şirkətində kağızqatlayan işləyir. İşdənkənar həyatı isə çox bəsitdir: Banqaladeşdən olan əsgər yoldaşı Səməd İqballa görüşüb başqa bir müsəlman mühacirin işlətdiyi paba gedirlər. Arçbaldın həyatı bundanca ibarətdir. Onun bir özəlliyi də var, baldırında İkinci Dünya müharibəsindən xatirə qalan güllə daşıyır.
Bütün yerlilər kimi Arçibald da sakitdir, yaşadığı həyatla qanedir, marjinallaşmır, marjinallaşa bilmir. Yəqin bu da yerlilərin təbiəti ilə bağlı haldır, oturuşmuş həyatları olduğu üçün aram-arxayın ömürlərini yaşayırlar. Bu yerdə mənim yadıma bakılılarla gəlmələrin müqayisəsi düşür. Belə bir qənaət var ki, şəhər gəncləri adətən bütün günlərini küçə tinlərində ona görə keçirirlər ki, pis-yaxşı işləri, başlarını salmağa damları var. Heç nədən narazılıqları yoxdur. Gəlmələr isə kirayələrdən qurtulmaq, özlərinə stabil iş tapmaq, üstəlik kənddə qoyub gəldiklərinə qəriblikdə məhv olmadıqlarınını qeyri-şüuri olaraq sübut etmək üçün bütün günü çarpışırlar. Və nəticədə bir də görürsən gəlmə özünə normal iş də tapdı, üstəlik ev-eşik də qurdu.
Gəlmələr sanki yurdlarından gətirdikləri gərginliklə bir ömür boyu yoldaşlıq edirlər, bu gərginlik onlara bəzən uğur da bəxş edir, reaktiv mühərrik rolu oynayır, bəzənsə ifrata vararaq fəsadlar törədir. Fikrimizin doğru olduğunu təsdiqləmək üçün cavabı özündə gizlənən belə bir ünvansız sual səsləndirib yazımızın davamına keçək: “Amerikanı mühacirlər qurmadımı?”
Gəlmələrdə-mühacirlərdə belə bir xüsusiyyət olur: əvvəlki yerlərindən qopublar, yeni məkan və mədəniyyətə isə uyğunlaşa bilmirlər. Bax bu zaman onlar müxtəlif hərəkat, sekta və təşkilatların “ov”una çevrilirlər. Çünki özlərinin bir “ailə”yə ehtiyacları var. Bu niyyətlə də Klaranın yamaykalı anası xanım Hortens Yehova şahidlərinə sığınıb. Ancaq Klara üçün Yehova şahidləri belə bir ailəyə çevrilə bilmir, həyatda da, sevgidə də uduzan, bunlar azmış kimi öz fiziloji görkəmində də qabaq dişləri qədər “itirən” Klara qabağına Arçi çıxanda, daha doğrusu Arçidən hamilə olduğunu öyrənəndən sonra toxtaya bilir və hüzura qovuşur. Ancaq mühacirət lənəti ondan sonra qızı İriyə keçir. Görünür mühacirət lənəti də enerji kimidir, itmir, yalnız bir haldan başqa hala keçir.
Kitabın daha bir qəhrəmanı İqballar ailəsidir. Ailənin başçısı Səməd İqbal yuxarıda dediyimiz kimi Arçibaldla birlikdə İkinci Dünya Müharibəsində xidmət edib. Müharibədən sonra yoldaşı Alsana ilə İngiltərəyə köçən İqbal həmişə, hər yerdə Manqal Pandenin nəticəsi olması ilə öyünür. Manqal Pande 1857-ci il sipah üsyanının əsas tətikləyici fiquru hesab olunur. Səməd müstəmləkəçi ingilislərə qarşı çıxan babası ilə öyünsə də, onun haqqında əfsanələr uydursa da rəsmi tarix onu Səmədin dediyi qədər də “qəhrəman savaşçı” olmadığını yazır. Paradoks da burdadır ki, Səməd ulu babasının uğrunda mübarizə apardığı torpaqlarda deyil, onu edam edən insanların vətənində səadət tapıb. Və burada da babasının yarıkarikatur şücaətini nəql etməklə özünün İngiltərə mədəniyyətinə qarşı dözümsüzlüyünü bülövləyir. Çünki yeganə istinad yeri Manqal Pandenin əfsanəvi obrazıdır. Necə deyərlər, gəmidə oturub gəmiçi ilə dava edir.
Və yad mədəniyyətin ağzından heç olmasa övladlarının birini xilas etmək üçün Məcidi bir gecə gizlicə qaçırıb vətəni Banqladeşə yollayır. Səməd düşünür ki, heç olmasa Məcid Banqladeşdə dini təhsil alaraq, öz müsəlman köklərinə sadiq bir Allah bəndəsi kimi böyüyəcək. Ancaq onun düşündüyü kimi olmur, İngiltərədə böyüyən Millət – Məcidin əkiz qardaşı – müsəlmanların toplaşdığı KEVİN adlı radikal təşkilata qoşulur, müasir Qərb elmlərinə maraq göstərən Məcid isə Banqladeşin göbəyində otura-otura özünü tamamilə avropalı kimi aparır. KEVİN gənclərin içində İslamı yayır və müsəlman mühacirlər arasından tərəfdar toplayır. Əlbəttə “Bəyaz dişlər”in yazıldığı illərdə hələ İŞİD yaranmamışdı, ancaq biz orda sonradan bu təşkilata qoşulacaq avropalı müsəlmanları, hətta xristianları görürük.
Ancaq Səməd saydığını saysın, görək fələk nə sayır…
Fələyin sayımının nəticəsini elan etməmişdən qabaq Çalfenlərdən də danışmaq gərək. Çalfenlər ziyalı ailəsidir. Ər Markus Çalfen gen mühəndisi, yoldaşı Coys Çalfen isə bioloqdur. Hər iksii kitab yazır, təhsilə önəm verir, övladlarını tam bir yəhudi kimi böyüdürlər. Məktəbdə marixuana çəkdiklərinə görə direktor Coşua Çalfen, Millət və İriyə cəza olaraq bir-birlərinə dərslərdə kömək etmək öhdəliyi qoyur. Hər şagird yaxşı bildiyi fənni digərlərinə öyrətməlidir. Bu adla Çalfenlərə gələn Millət və İri oranın sakininə çevrilirlər. Coys sanki Millətə vurulur və ona görə də onu narkotik və KEVİN-dən uzaq tutmağa çalışır, hətta Millətin anası ilə danışıb ondan kömək də istəyir. Övladlarının radikal dindarlara qoşulub təhlükəli işlərlə məşğul olmağından valideynləri narahat olmalı ikən Coys narahatlıq keçirir. Markus isə İriyə qayğı ilə yanaşır. İstər Millət, istərsə də İri ailələrində görmədikləri qayğını Çalfenlərdə tapırlar. Bu vaxt Markus Millətn qardaşı Məcidlə qiyabi tanış olur, onlar məktublaşmağa başlayırlar. Məcidin zəkasına heyran qalan Markus ona övladlarından – Coşuadan- çox qayğı göstərir, Banqladeşdən Londona qayıtmağının xərcini ödəyir və gen dəyişdirilməsi ilə bağlı siçovul üzərində başlatdığı layihədə Məcidi də özünə asissent götürür. Beləliklə Səmədin yoluxucu Avropa mədəniyyətindən qorumaq üçün Banqladeşə göndərdiyi oğlu tamamilə modern insana çevrilir, hətta nümayişkaranə şəkildə donuz əti yeyir, Londonun mərkəzində böyüyən oğlu Millət isə radikal dindara dönür.
Və Zadi Smit bütün qəhrəmanları yeni il axşamı maraqlı bir məkana toplayır – Markusun elmi təcrübəsinin təqdim olunduğu mərasimə. Əsərin əksər qəhrəmanları da bu məraimin iştirakçısıdır, bəziləri Yehova şahidi Hortens kimi, KEVİN üzvləri kimi, Coşuanın qatıldığı heyvansevərlər dərnəyinin üzvləri kimi bu layihəyə etiraz etdikləri üçün, kimiləri də maraq xatirinə gəliblər. Arçibald kimi, Miki kimi.
“Bəyaz dişlər” Arçi ilə başladığı kimi Arçi ilə də bitir. Əsərin əvvəlində intihara cəhd edən qəhrəman sonda yaşlı bir həkimin və təcrübə siçovulunun həyatını xilas edir.
Orxan Pamuk “Saf və düşüncəli romançı” əsərində deyir: “…Hər biri çap olunar-olunmaz böyük maraqla qarşılanan və dərhal müxtəlif dillərə çevrilən bu romanlar mənim nəslimin dünya oxucularına və və gələcəyin romançılarına Rable və Sternedən bəri bildiyimiz şeyi, bir romana hər şeyin girə biləcəyini xatırlatdı: Siyahılar, melodramik radiopyes ssenariləri, qəribə şeirlər və şeir yorumları, müxtəlif romanların bir-birinə qarışmış fəsilləri, tarix haqqında, elm haqqında, həyat haqqında esselər, fəlsəfi yazılar, ensiklopedik məlumatlar, saysız alt hekayə və ağla gələ bilən hər şey.”
Zadi Smit Pamukun bu fikrinə əməl edərək romana İrinin şəcərə cədvəlini, ensiklopediyadan məlumatlar, qrafiklər, müxtəlif şəkillər salmaqdan çəkinmir. Bəzən roman bizə xronologiya cədvəlini xatırladır, bəzən divara yapışdırılmış kimi bir elanın səhifəyə yapışdırıldığını görürük, bəzən hansısa gül haqqında uzun elmi məqalə oxuyuruq. Bu cədvəllər, qrafiklər, şəkillər, soyağacı, ensiklopedik məlumatlar hamısı qəhrəmanları, onların xarakterini anlamağa, dolayısı ilə romanın iç dünyasına daha dərindən bələd olmağa xidmət edir. Zadinin bu eksperimentləri – cəsarəti göstərir ki, Pamukun da dediyi kimi eynən həyat kimi romana da hər şey girə bilər.
Zadi Smitin “Bəyaz dişlər” romanının çap olunduğu 2000-ci ildə mühacir-qaçqın problemi geniş yayılmamışdı. Nə Liviya qaçqınları vardı, nə Əfqanıstan, nə İraq, nə Suriya. Onda hələ bəzi Şərqi Avropa ölkələri də qaçqınlardan qorunmaq üçün sərhədlərinə divar hörməmişdilər. Üstəlik Avropada qaçqın problemləri də dərinləşməmiş, onların inteqrasiya məsələləri böyük soruna çevrilməmişdi. Ancaq romanın çapından keçən 18 il ərzində Avropada mühacir-qaçqın problemi daha da aktuallaşıb. Zadinin romanından da göründüyü kimi ən böyük problem də məhz onların inteqrasiyası ilə bağlıdır. Belə çıxır Zadi Smit seçdiyi mövzu ilə öncüllük edib. Görünür bu mövzuda hələ çox romanlar yazılacaq: “Bəyaz dişlər” hələ jurnaldır, kino isə qabaqdadır.
Kulis.az