post-title

Seymur Baycan - Tolstoyun vida məktubu (2)



Yazıçı Seymur Baycanın "Tolstoyun vida məktubu" yazısının ikinci hissəsini təqdim edirik.

Deyilənlərə və yazılanlara inansaq, Tolstoy gənclik illərində bir xidmətçi qızı yoldan çıxarıb, qızı evdən qovublar və onun həyatı məhv olub. Bu söhbətdə həqiqət payının  nə qədər olduğunu müəyyən etmək çətin məsələdir.  Müxtəlif versiyalar səsləndirilir. Hərə bir söz deyir. Ümumiyyətlə, yazıçının ən səhih bioqrafiyası elə onun öz yaratdığı əsərlərdə gizlənir. Amma bu o demək deyil ki, əsərdə ucdantutma hər yazılan səhnəni, təsviri, hadisəni  yazıçının bioqrafiyasina aid etmək olar. Bir çox yazıçılar qəsdən öz bioqrafiyalarına uydurma hadisələr əlavə edirlər.  Məsələn, yəhudi əsilli fransız yazıçı Roman Qari mahir mistifikator kimi tanınır. Əsərlərdə nəyin uydurma, nəyin həqiqət olduğunu, yazıçının  nələri şəxsən gördüyünü, nələri eşitdiyini, nələri yazmaq istəyib də yazmadığını  tutmaq asan məsələ deyil. Bu həddə gəlib çatmaq üçün insan olduqca uzun və incə, həm də əziyyətli yollardan  keçməlidir.   

        “Dirilmə”də bir xeyli  gizli avtobioqrafik məqamların olduğu şəksizdir. Biri var adam yaranın üstünə barmağı ilə basıb özü-özünə əziyyət verir, biri də var adam yarasının qaysağını qoparıb, dayanmadan dırnaqları ilə yaranı qaşıyaraq qanını  axıdır.  Tolstoy sanki  “Dirilmə” əsərinin bəzi yerlərini yazanda dayanmadan dırnaqları ilə yarasını qaşıyaraq özü öz qanını manyakcasına axıdırmış. Elə bil, dayanmadan özü-özünü qamçılayırmış. Adam mat qalır, görəsən, bu qoca kişi niyə özünə belə zülm verirmiş. Hansı günahları onu yandırıb-yaxırmış. İndi isə “Dirilmə” əsərində xüsusi ləzzət aldığım bir hissəyə diqqətinizi cəlb etmək istərdim: 

         “... Sonralar bütün ömrü boyu bu obaşdan ibadəti Nexlyudov üçün ən parlaq və ən təsirli xatirə olaraq qaldı. O , kilsənin dövrəsində yandırılmış çıraqları gördükdə, qulaqlarını şəkləyən ayğırın belində kilsənin həyətinə girdikdə ibadət artıq başlamışdı. Marya İvanovnanın qardaşı oğlunu tanıyan kəndlilər onu atdan düşmək üçün quru bir yerə çəkdilər, atını bağlamağa, özünü  isə kilsəyə apardılar. Kilsə bayrama gəlmiş adamlarla dolu idi. Sağ tərəfdə kəndli kişilər, əyinlərinə evdə tikilmiş kaftan, ayaqlarına səndəl geyinib, təmiz ağ patava dolamış qocalar və yeni mahud kaftan geyinib, bellərinə rəngbərəng qurşaq bağlamış, ayaqlarında uzunboğaz çəkmə olan cavanlar durmuşdular. Sol tərəfdə  qırmızı ipək ləçək bağlamış, qolcaqları şux qırmızı, pambıq məxmərdən candonu, göy, yaşıl, al-əlvan tumanlar, nallı çəkmələr geyinmiş qadınlar. Çəkingən adi qarılar başlarında ağ yaylıq, əyinlərində boz kaftan və qədim panyova tuman, ayaqlarında başmaq və ya təzə səndəl, onların arxasında dayanmışdılar. Hər iki cərgənin arasında isə qəşəng paltar geyinmiş, saçları yağlanmış uşaqlar görünürdü. Kişilər saçlarını silkələyə-silkələyə xaç vurur, əyilib-düzəlirdilər. Qadınlar, xüsusən qarılar solğun gözlərini dövrəsində şamlar yanan bir ikonaya zilləyib, çimdik kimi birləşdirdikləri barmaqlarını alınlarında yaylığa, çiyinlərinə və qarınlarına bərk-bərk sıxaraq, nəsə pıçıldaya-pıçıldaya ayaq üstə əyilib-düzəlir və ya diz çökürdülər. Uşaqlar başqaları onlara baxanda böyükləri yamsılayaraq, ciddi-cəhd ilə dua edirdilər. Hər tərəfdən düzülmüş iri, zərli şamların işığında qızıl ikonostas par-par parıldayırdı. Nexlyudov irəli keçdi. Ortada aristokratlar, arvadı və matros forması  geyinmiş oğlu ilə bir mülkədar, pristav, teleqrafçı, əlində xırdaca səbətlər uzunboğaz çəkməli tacir, döşü medallı starşına və minbərin sağında, mülkədar arvadının arxasında əynində rəngdən-rəngə çalan bənövşəyi paltar geyinib, çiyninə ağ haşiyəli şal salmış Matryona Pavlovna ilə yanaşı ağ, büzməli paltarda, belinə göy kəmər, saçlarına  qırmızı bant bağlamış Katyuşa dayanmışdı. Hər şey bayramsayağı, dəbdəbəli, şən və gözəl idi. Əyinlərinə qızıl xaçlı, gümüşü rəngli rəsmi ruhani geyimi geyinmiş keşişlər də, bayramsayağı geyimli dyakon və dyacoklar da, saçları yağlanmış bəzək-düzəkli könüllü nəğmə oxuyanlar da, bayram nəğmələrinin şən rəqs ahəngləri də, üç-üç bağlanmış bəzəkli şamlarla keşişlərin camaata dalbadal xeyir-dua vermələri də, ara vermədən təkrar olunan “Xristos voskres! Xristos voskres!” nidaları da - hamısı, hamısı gözəl idi. Amma əynində ağ paltar, belində göy kəmər, qara saçlarına qırmızı bant bağlamış  və gözləri heyran-heyran parıldayan Katyuşa bunların hamısından yaxşı idi. Nexlyudov duydu ki, Katyuşa dönüb baxmadan onu görmüşdür. O qızın yanından mehraba tərəf keçəndə bunu hiss etmişdi. Onun qıza deməli bir sözü yox idi, ancaq bir şey uydurub, yanından ötəndə dedi:

- Bibim dedi ki, son duadan sonra pəhrizi açacaq. (Gözəldir! S.B)

Həmişə ona baxanda olduğu kimi al qan qızın munis üzünə vurub onu qızartdı, qara gözləri gülə-gülə, sevinə-sevinə, səmimiyyətlə altdan yuxarı baxa-baxa Nexlyudovun üzündə durdu,  gülümsəyərək dedi: ”Bilirəm”. 

Картинки по запросу leo tolstoy young

Bu vaxt əlində mis qəhvadan olan dyaçok  camaatın arasından enməyə çalışaraq, Katyuşaya baxmadan onun yanından keçdi və paltarının ətəyi ona toxundu. Dyaçok, yəqin ki, Nexlyudova hörmət edib, ondan kənar keçməyə çalışdığı üçün Katyuşaya toxunmuşdu. Nexlyudov isə təəccüb edirdi ; necə ola bilər, bu dyaçok başa düşmür ki, bütün burda olanlar, elə bütün dünyada olan hər şey yalnız Katyuşa üçündür, dünyada hər şeyə laqeyd qalmaq olar, ancaq ona yox, çünki o hər şeyin mərkəzidir. İkonostasın qızılı da onun üçün parıldayır, bütün bu çılçıraqdakı, şamdanlardakı şamlar da onun üçün yanır, bu şən “Allahın pasxasıdır, sevinin, ey insanlar!” nəğmələri də onun üçün oxunur. 

        İlk və son ibadət arasındakı fasilədə Nexlyudov kilsədən çıxdı. Camaat onun qabağından çəkilib baş əyirdi. Kimi onu tanıyır, kimi soruşurdu: “Bu kimlərdəndir?” Səkiyə çıxdıqda o durdu. Dilənçilər onu dövrəyə aldılar, cüzdanında olan xırda pulları onlara payladı və artımanın pillələri ilə aşağı endi. 

       Hava o qədər açılmışdi ki, ətraf görünürdü, amma hələ gün çıxmamışdı. Kilsənin dövrəsindəki qəbirlərin üstündə camaat oturmuşdu. Katyuşa kilsədə qalmışdı və Nexlyudov dayanıb onu gözləyirdi. Camaat hələ də kilsədən çıxır, çəkmələrinin dabanlarındakı nallarla sal döşəməni tıqqıldada-tıqqıldada kilsənin həyətinə və qəbirstana yayılırdı. Matryona Pavlovna ilə Katyuşa səkiyə çıxıb dayandılar və dilənçilərə sədəqə payladılar. Üzündə burun əvəzinə qırmızı yara yeri olan bir dilənçi Katyuşaya yaxınlaşdı. Qız yaylığından nəsə çıxarıb ona verdi, sonra ona yanaşdı və əsla iyrənmədən, əksinə gözləri sevincdən parlaya-parlaya üç dəfə öpüşdü. Qız dilənçi ilə öpüşdüyü zaman gözləri Nexlyudovun gözlərinə sataşdı. Elə bil qız soruşdu ki, yaxşı eləyirmi, düz iş görürmü? 

       Kişi ilə qadın arasında məhəbbətdə həmişə elə bir dəqiqə olur ki, bu məhəbbət öz zirvəsinə çatır. Nexlyudov üçün müqəddəs İsa bazar günün bu gecəsi belə bir dəqiqə idi. İndi o, Katyuşanı xatırladığı zaman onu gördüyü bütün vəziyyətlərin hamısını bu dəqiqə kölgədə qoyurdu.  Ax, kaş ki, bütün bunlar o gecəki hissiyyatdan ibarət olub qala idi!”
Özüm düzəməlli bir şey yaza bilməsəm də, azdan-çoxdan yaradıcılığın mətbəxinə bələd adam kimi deyirəm, yuxarıdakı hissədə yazılanlar  Tolstoyun özünə aiddir. 

                                                                      ***

        Şübhəsiz, “Dirilmə” əsərində ən təsirli, ən vurucu hissələrdən biri oğruların, rüşvətxorların, günahsız adamları sürgünə, həbsxanaya göndərənlərin oturub dini moizəyə qulaq asdıqları hissədir:

“ ... Axşam, nahardan azca sonra böyük salona yığıncağa toplaşmağa başladılar. Salona cərgə ilə hündür söykənəcəkli kürsülər, bir masa, masanın qarşısına isə vaiz üçün kreslo və üzərində bir qrafin su olan kiçik bir miz qoyulmuşdu. Bu yığıncaqda təzə gəlmiş Kivezeter moizə eləməli idi. 

      Qapının ağzında dəbdəbəli minik arabaları dayanmışdı. Salonda ipəkdən, məxmərdən və kurjevadan bahalı paltarlar geyinmiş xanımlar əyləşmişdilər, onlar başlarına qondarma saç qoymuş, bəziləri bellərını kip dartıb bağlamışdılar. Kişilər qadınların arasında oturmuşdular. Bunlar hərbi və mülki mənsəb sahiblərindən və qara camaat sayılan beş nəfərdən-iki dalandardan, dükançıdan, bir lakey və sürücüdən ibarət idi. 

      Saçları tamamilə çallaşmış Kizeveter ingiliscə danışır, gənc və arıq bir qız isə onun dediklərini yaxşı və cəld tərcümə edirdi. 

      Kizeveter günahlarımızın böyük olmasından, bu günahlar üçün böyük cəzanın labüdlüyündən danışıb deyirdi ki, bu cəzanı gözləyərək yaşamaq olmaz. 

O, titrək və ağlamsınan səslə deyirdi:

“Sevimli bacılar və qardaşlar, özümüz öz həyatımız haqqında, nə etdiyimiz, necə yaşadığımız, mərhəmətli Allahı necə qəzəbləndirdiyimiz, İsanı necə iztirab çəkməyə məcbur etdiyimiz haqqında düşünsək, bağışlanmayacağımızı, çarə və xilas yolumuz olmadığını, hamımızın məhvə məhkum olunduğumuzu anlayarıq. Bizi dəhşətli ölüm və əbədi əzab gözləyir. Bəs necə xilas olmalı? Qardaşlar, bu dəhşətli yanğından canımızı necə qurtarmalı? Bu yanğın artıq evi bürümüşdür və çıxış yolu yoxdur”.

     O susdu, onun yanaqlarından həqiqi göz yaşları süzüldü. Artıq səkkiz il idi ki, sevdiyi nitqinin bu  yerinə çatan kimi hər dəfə hökmən boğazının tutulduğunu, burnunun gicişdiyini hiss edirdi və gözlərindən yaş axırdı. Bu göz yaşları onu daha çox mütəəssir edirdi. Otaqda hönkürtü eşidildi. Qrafinya Katerina İvanovna mozaika üslubunda düzəldilmiş mizin arxasında oturub başını hər iki ovcu içərisinə almışdı, onun ətli çiyinləri titrəyirdi.  Salondakıların əksəriyyəti qrafinya Katerina İvanovnanın aldığı vəziyyətdə əyləşmişdi. Volfun son dəbdə paltar geyinmiş özünə oxşayan qızı diz çöküb, əlləri ilə üzünü örtmüşdü. 

      Birdən- birə natiqin çöhrəsi açıldı və sifətində aktyorların sevinc ifadə edən təbəssümünə bənzəyən bir təbəssüm yaradıb, məlahətli və həzin səslə danışmağa başladı:

“Xilas yolu isə vardır. Asan və sevincli xilas yolu. Bu xilas yolu bizim üçün özünü əzablara atmış Allahın yeganə oğlunun bizə görə axıtdığı qandır. Onun çəkdiyi əzab, onun qanı bizi xilas edir, - o, təkrar ağlayan bir səslə dedi, - qardaşlar və bacılar, insan nəslinin günahını bağışlamaq üçün özünün yeganə oğlunu qurban vermiş Allaha həmd-səna edək. Onun müqəddəs qanı...”

  Bütün bunlardan Nexlyudovun ürəyi o qədər bulandı ki, yavaşca ayağa qalxdı, üz-gözünü turşudaraq və çəkdiyi xəcaləti hiss etdirməmək üçün səs çıxarmamağa çalışaraq pəncələri üzərində salonu tərk edib öz otağına getdi.

    Bu hissəni oxuduqda istər-istəməz bizimkiləri- namaz qılıb, oruc tutan rüşvətxorları, oğruları, məddahları,  xalqdan oğurladıqları pulla, yığdıqları rüşvətlə həcc ziyarətinə gedənləri, dilindən Allah kəlməsi düşməyən, lakin Allahın yaratdığı bəndələrə müxtəlif vasitələrlə zülm edənləri, zülmə və zülm edənlərə haqq qazandıran hacıları, məşədiləri, kərbalayıları, seyidləri, axundları, mollaları  xatırlamalı olursan. Yuxarıdakı hissəni oxuduqda bir əhvalatı xatırladım. Bu əhvalatı bəndənizə bir gənc danışmışdı. Onları piketdə həbs ediblər. Ramazan ayı imiş. Həbs edilənləri bölmədə döyən, onlara işgəncə verən adam oruc tuturmuş və bu adam həbs olunanlara iftardan sonra işgəncə verirmiş. Guya iftara qədər olmaz, amma iftardan sonra olar. Guya belə bir variant var. Guya belə etmək mümkündür. Haradan bilək, bəlkə, doğurdan da, belə etmək mümkündür. Bu məsələyə din xadimləri, teoloqlar,  dindən başı çıxan adamlar aydınlıq gətirsələr, daha yaxşı olmazmı? Aydınlıq gətirsinlər, görək, oruc tutan adam iftardan sonra Allahın yaratdığı başqa bir bəndəyə işgəncə verə bilərmi?  Buna hər hansı bir formada icazə verilirmi? Verilirsə, niyə və hansı səbəblərdən, hansı əsaslarla verilir? Bu haqda nələrsə yazılıbmı, nələrsə deyilibmi?   

Картинки по запросу leo tolstoy young

     Xülaseyi - kəlam, bu söhbəti eşidəndə rəsmən matım-qutum qurudu. Beləsini hələ eşitməmişdim. Bilmədim əhvalata necə, hansı formada reaksiya verəm. Gülməli deyil güləsən. Ağlamalı  deyil ağlayasan. Intellektual pafos, intellektual bləf  kimi çıxmasın, bu hadisəyə  naturalizm, romantizm,    absurd, surrealizm, abstrakt, fantasmaqoniya zad adı da qoymaq olmur. Nəsə başqa bir janr, başqa bir cərəyan, başqa bir termin, başqa bir söz tapmaq lazımdır. Oruc tutursansa, xalqın balasına işgəncə niyə verirsən? Əgər adam, həqiqətən də, qaydanı, qanunu, asayişi, sabitliyi, saxtabilliyi, iqtisadi inkişafı pozubsa, ölkəmizin imicinə xələl gətiribsə, qanunla nə cəzası var, ver, gedib canı çıxsın çəksin. Xalqın balasına işgəncə verirsənsə, oruc niyə tutursan? Məqsədin, niyyətin nədir? Nə istəyirsən? Bu adamın niyə belə etdiyini başa düşmək, anlamaq, dərk etmək üçün biz hansı mənbəyə, hansı əsərə, hansı hikmət xəzinəsinə, hansı müdrükə, abidə, zahidə  üz tutaq? Nə edək? Haranın külün başımıza tökək? Allahdan qorxmayıb, bəndədən utanmayan bu adamın ürəyinə hansı üsullarla, hansı vasitələrlə mərhəmət toxumları səpmək, ona necə təsir etmək olar? Doğru hərəkət etmədiyini ona necə, hansı yollarla, hansı müqəddəs kitabla, hansı hədislə, hansı ibrətamiz əhvalatla başa salmaq mümkündür? Oruc tutursa, deməli, özün mömin, əməli saleh adam hesab edir. O dünya, cəhənnəm, qır qazanı, əqrəb, ilan filan  qorxusu yoxdur. Ora düşməyəcəyini dəqiq bilir. Yüz faiz iddiası cənnətə düşməkdir. Bu tərəfdən özünü sığortalayıb. Özü də dövlət qulluqçusudur. Büdcədən maaş alır. Xalqın balasına işgəncə verməklə yuxarıda da qeyd edildiyi kimi mühüm, vacib, zəruri bir iş gördüyünü, vətənə, dövlətə, millətə xidmət etdiyini  düşünməkdədir.  Həm də qohumlardan, qonşulardan, dost-tanışdan  hörmət, rəğbət görməkdədir. Yas mağarında yuxarı başda otuzdururlar. Ehsan plovunun ən yaxşı, ən yağlı yerindən çəkib qabağına qoyurlar. Elçiliyə aparırlar. Toyda əlinə mikrafon uzadıb  bəy-gəlinə xeyir-dua verməyini rica edirlər. Kirvə tuturlar. Yüz faiz övladları da onunla fəxr edir. Fəxr edirlər ki, nə yaxşı belə bacarıqlı, fərasətli, bazburutlu, sözükeçən atamız var. Sağ olsun, çapıb-talayıb, özün oda-közə vurub, bizim üçün hər cür şərait yaradıb. Əgər ətrafından, qohumdan, qonşudan hörmət, rəğbət deyil, qınaq görsə, adam özünə bu qədər “əmin” olmaz. Əgər övlad ataya desə ki, ata niyə belə edirsən, niyə xalqın pulun oğurlayırsan, niyə xalqın balasına işgəncə verirsən, niyə yaltaqlanırsan, niyə ağa qara deyirsən, yəqin ata da çox yox, lap cıqqaca-qarışqanın başı boyda  utanar. Hər kəs törətdiyi pis əmələ görə qarışqanın başı boyda utansa, inanın Azərbaycan iki ilə xeyli düzələr. Burda dayanaq. Sözün həqiqi mənasında, bəzən xəyallarım əsassız coşur və reallıqdan min ağac uzaqlaşdığıma görə özüm-özümdən hədsiz dərəcədə utanıram. Başa düşürəm, belə olmaz. Öz payıma deyirəm, sadəcə ayıbdır, qarğaya oxumaq yaraşmadığı kimi (ağlıma gələn ilk metafora bu oldu) əsassız coşmaq da heç mənə yaraşmır.  

                                                                  ***

“Qəfildən”, “anidən”, “birdən” sözlərindən istifadə edərək obrazın, qəhrəmanın ruh vəziyyətini dəyişmək yazıçının qeyri-peşəkarlığına dəlalət edir. Bu cürə ruh dəyişkənliyi açıq-aşkar “xalturadır”. Lev Tolstoyun dahi yazıçı kimi qüdrətli cəhətlərindən biri ondan ibarətdir ki, o qəhrəmanlarını ruhi vəziyyətini bir yox, bir necə dəfə dəyişməyi bacarır və bu ruh dəyişmələri maraqlı, inandırıcı hadisələrlə müşahidə olunur. Yəni, Tolstoy qəhrəmanının ruh dəyişkənliyini əsaslandırır, oxucunu inandırır. İnandırır ki, doğurdan da, bax bu hadisələrdən sonra insanda ruh dəyişkənliyi baş verə bilər:

     “...Giriş qapısının lap ağzında döşü xaçlı və medallı, üzü xoşagəlməz, yaltaq ifadəli bir nəzarətçi Nexlyudova yaxınlaşıb, sirli bir əda ilə bir kağız verdi.

O, zərfi Nexlyudova verəndə dedi:

-Bu kağızı sizə bir xanım göndərib...

-Nə xanım?

-Oxuyarsız, görərsiz. Dustaqdır, siyasi dustaq. Mən o şöbədə qulluq edirəm. O xanım məndən xahiş elədi. Hərçənd, icazə yoxdursa da, amma insanlıq naminə ... – deyə nəzarətçi qeyri-təbii bir ifadə ilə cavab verdi.

     Nexlyudov kağızı aldı və dustaqxanadan çıxandan sonra oxudu. Kağızda karandaşla, yeyin xətlə belə yazılmışdı:

       “Sizin cinayət üstə tutulmuş bir şəxs ilə maraqlanıb dustaqxanaya gəlib-getdiyinizdən xəbər tutduqda sizinlə görüşmək fikrinə düşdüm. Mənimlə görüş tələb edin. Sizə icazə verərlər, mən də sizin adamın işi və bizim qrupun işi üçün bir çox mühüm məlumat verərəm. Sizə minnətdar olan Vera Boqoduxovskaya”

       Nexlyudov bütünlüklə Moslova ilə görüşün təəssüratı altında olduğundan, ilk dəqiqələrdə bu ad və xətt ilə əlaqədar heç nə xatırlaya bilməyib, öz-özünə fikirləşdi: “Boqoduxovskaya... Boqoduxovskaya nə olan şeydi? ”  Və birdən xatirlayıb dilləndi: “Hə! Ayı ovu vaxtı gördüyüm dyakon qızı”.

       Vera Boqoduxovskaya əldən-ayaqdan uzaq Novqorod quberniyasında, Nexlyudovun yoldaşları ilə ova getdiyi ucqar bir kənddə müəllim idi. O müəllim Nexlyudova müraciətlə oxumağa getmək üçün ona pul verməsini xahiş etmişdi. Nexlyudov ona istədiyi pulu verib, sonra onu tamam unutmuşdu. İndi məlum olurdu ki, həmin xanım siyasi dustaq olub dustaqxanaya düşüb. O vaxtlar hər şey necə xoş, sadə idi. İndi isə hər şey nə qədər ağır və mürəkkəbdir. Nexlyudov o vaxtları sevinə-sevinə canlı bir surətdə xatırladı, Boqoduxovskaya ilə tanışlığı da yadına gəldi. Bu əhvalat  pəhriz  ərəfəsində, dəmiryolundan altmış verst aralıda, ucqar bir yerdə baş vermişdi. Ovları yaxşı tutmuş, iki ayı vurmuşdular və geri qayıtmağa hazırlaşaraq, yemək yedikləri vaxt düşdükləri daxmanın sahibi gəlib demişdi ki, dyakonun qızı gəlib, knyaz Nexlyudov ilə görüşmək istəyir.

Kimsə dilləndi:

-Qəşəngdirmi?

Nexlyudov üzünə ciddi bir ifadə verib:

“Di bəsdir”,- demiş, süfrədən qalxıb ağzını silmiş və görəsən, dyakonun qızına nə üçün lazım olduğuna təəccüblənərək, ev sahibinin daxmasına getmişdi.

       Otaqda başında keçə şlyapa, əynində qısa kürk, damarları çıxmış, arıq, xoşagəlməz sifətli bir qız vardı ki, yalnız gözləri və üstündə ucları yuxarı qalxmış qaşları gözəl idi. 

Ev sahibi olan qarı qısaca demişdi:

-Vera Yefremovna, sözünü de ona, knyaz elə bu özüdür. Mən gedim.

Nexlyudov demişdi:

-Mənə görə qulluğunuz?

Qız sözə başlayıb tutula-tutula demişdi:

“Mən... mən... Bilirsinizmi, siz varlı adamsınız, pulunuzu boş-boşuna havaya sovurursunuz, ova xərcləyirsiniz. Ancaq mən bilirəm... mən bircə şey istəyirəm...Mən adamlara faydalı olmaq istəyirəm, amma əlimdən bir iş gəlmir, ona görə ki, heç nə bilmirəm”. 

        Qızın gözləri, səmimiliyi, mehribanlığı, qətiliyinin də, çəkingənliyinin də bütün ifadəsi o qədər təsirli idi ki, Nexlyudov çox vaxt olduğu kimi birdən özünü onun vəziyyətində təsəvvür etmiş, onu başa düşmüş və rəhmi gəlmişdi:

Картинки по запросу воскресение толстой фильм

-Mən nə edə bilərəm ki?

“Mən müəlliməyəm, kursa getmək istərdim, amma məni qoymurlar. Qoymurlar deyil ey, onlar qoyurlar, amma vəsait lazımdır. Siz mənə verin, kursu qurtarıb qaytararam. Mənə elə gəlir ki, varlı adamlar ayı vurmaqla, kəndliləri içirtməklə heç də yaxşı iş tutmurlar. Niyə onlar xeyirli işlər görməsinlər? Mənə elə səksəncə manat kifayətdir. İstəyirsiniz verməyin, mənim üçün hamısı birdir”,- deyə qız Nexlyudovun ona zillənmiş inadlı, ciddi baxışını özünə qarşı mənfi əlamət kimi yozub, sözlərini acıqla qurtarmışdı. 

-Əksinə, sizə çox minnətdaram ki, mənə fürsət verdiniz. 

  Qız onun razı olduğunu başa düşdükdə qızarmış və susmuşdu. 

  Nexlyudov demişdi:

-Bu saat gətirim.

     O, otaqdan çıxmış və ordaca onların danışığını dinləyən bir yoldaşını görmüşdü. Yoldaşlarının zarafatlarına cavab vermədən, çantasından pul götürüb qıza aparmışdı. 

-Xahiş edirəm, xahiş edirəm, heç təşəkkür etməyin. Mən sizə təşəkkür etməliyəm. 

      Bütün bunları xatırlamaq indi Nexlyudova xoş gəlirdi (burda Tolstoyun  möhtəşəm, təsirli təsvirləri başlayır S. B). Bunu da xatırlamaq xoş idi ki, bu hadisəni pis mənada zarafata çevirmək istəyən bir zabitlə az qala küsüşməli olmuşdu. Amma başqa bir yoldaşı ona kömək etmiş və nəticədə onlar yaxın dostlaşmış, bütün ovları yaxşı tutmuş, şən keçmiş və gecə dəmiryol stansiyasına qayıtdıqları zaman bu gecə ona ləzzət vermişdi. Qoşa at qoşulmş bir cərgə kirşə bir-biri ardınca düzülüb, dar meşə yolu ilə üstlərini qar basmış, gah uca, gah alcaq küknar ağacları arası ilə səssiz-səmirsiz gedirdi. Yoldaşlardan kimsə ətirli popiros çəkir, odu qaranlıqda qızardırdı. Bələdçi Osip dizə qədər qara batıb  çıxa-çıxa bu kirşədən o kirşəyə qaçıb, sığınların indi dərin qara bata-bata ağcaqovaq ağaclarının qabıqlarını gəmirdikləri barəsində, ayıların ucqarlarda öz zağılarında uzanıb, isti nəfəslərini pufhapufla buraxdıqlarından danışa-danışa onları yola salırdı.
     Bütün bunlar və hamısından artıq o vaxtlar özünü necə xoşbəxt hiss etdiyi, öz sağlamlıq, qüvvət və qayğısızlığı indi bir-bir Nexlyudovun yadına düşürdü. Ciyərləri qısaca kürkünü qabardaraq şaxtalı havanı nəfəsinə alır, kirşilərin toxunduqları budaqlardan qar üzünə səpilir, bədəni isti, üzü sərin, qəlbində nə bir ağrı, nə bir qorxu, nə bir arzu... Nə qədər xoş idi... Bəs indi?  

      Bu hissədən də bəlli olur ki, mahal məhkəməsində Maslovanı ittihamçılar skamyasında görməklə Nexlyudovda günah hissinin baş qaldırması, şiddətlənməsi üçün bir nüvə, hərəkətverici qüvvə olub. Heç nə birdən-birə baş vermir. Yəni, Nexlyudovda  əvvəldən də vicdan  varmış. Sadəcə yazının girişində də geniş qeyd olunduğu kimi Nexlyudov özünə deyil, başqalarına inanmağa başladıqda onun mənəvi tənəzzülü, pozğunluqu da başlayır. 

       Ümumiyyətlə, vicdan, ədalətsizlikləri görmək və dərk etmək əzabı,  Allahınmı deyək, təbiətinmi deyək (problem yoxdur, kim necə istəyir elə də adlandırsın) insana bəxş etdiyi ən ali hisslərdən biridir və insanın müxtəlif səbəblər üzündən, xüsusən, maddiyyata, medala, ordenə, rütbəyə, vəzifəyə, inzibati şan-şöhrətə görə vicdanını boğması, vicdanının üstünü betonlaması onun özünün özünə qarşı etdiyi böyük, bağışlanılmaz  cinayətdir. Vicdan hissi insana nə qədər çətinliklər yaratsa da, insan vicdanlı olduğu, vicdan hissinin ona bəxş edildiyi üçün daima Allaha, təbiətə minnətdarlığını bildirməlidir. Minnətdarlıq etməlidir ki, təbiət, Allah ona çox qiymətli bir hiss bəxş edib. Bacardıqca bu ali hissin qeydinə qalmaq, onu bəsləmək, qorumaq, hətta artırıb çoxaltmaq lazımdır.  Təəssüflər olsun ki, bəzən insanlar bu lütfün, vicdan hissinin  nə qədər qiymətli olduğunu  dərk etməyərək, bəzən isə zəiflik göstərərək, nəfslərinə hakim olmayaraq könüllü şəkildə onu gəldi-gedər, xırda-xuruş şeylərə, dünya malına, ordenə, medala, deputat mandatına, maşına, mebelə, kresloya dəyiş-düyüş edirlər. Ürəklərini bir növ valyuta dəyişmə məntəqəsinə çevirirlər və yaxud ürəklərinin valyuta dəyişmə məntəqəsinə çevrilməsinə icazə verirlər, bunun baş verməməsi üçün heç bir müqavimət göstərmirlər. Nəticədə, orden, medal, əməkdar jurnalist, deputat mandatı, vəzifə, pul, maşın, mebel  qazansalar da, məhz bir insan kimi, bir insan olaraq daha çox itirirlər. Bəli, sözün həqiqi mənasında, həyatın elə anları var ki, insan əldə etdikləri ilə deyil, imtina etdikləri ilə daha çox qazanır, daha çox böyüyür. Bir atalar məsəlində bu məsələ olduqca  sadə bir formada ifadə olunubdur: “ Yoldan çıxanı, yol vurar”. 

       Orasını da mütləq qeyd edim ki, şəxsən mən, insanın öz əqidəsinə, prinsiplərinə, getdiyi yola  görə məhrumiyyətlərə düçar olmasının, dilemma, olum ya ölüm, çörək və azadlıq  sualı qarşısında qalmasının əleyhinəyəm. Bu olduqca iyrənc bir vəziyyətdir. Belə vəziyyətə düşmək bünövrəsindən insana  yaraşmır. İnsan belə vəziyyətə əsla düşməməlidir. Açıq etiraf edim, Allahdan gizli deyil, bəndədən də gizli olmamalıdır, bu mənada mənim özümə heç bir arxayınlığım, qarantiyam  yoxdur. O mənada ki, dilemma, həqiqətən də, çörək və azadlıq sualı qarşısında ciddi qalacağım təqdirdə imtahandan üzü ağ çıxacağıma, hər şeyə dözərək İNSAN qalacağıma əmin deyiləm. Ona görə də heç vaxt özümün hazır olmadığım şeyləri başqalarına təlqin etməmişəm. Lap mən özüm hansısa bir ağır imtahana hazıramsa, ağır bir imtahandan üzü ağ çıxacağıma əminəmsə, bu o demək deyil ki, hər kəs, başqaları da eyni hərəkəti mütləq təkrarlamalıdırlar. İnsanlığın dayağı çox kövrəkdir. Bir balaca çətinliyə düşən kimi onun pis, xoşagəlməz tərəfləri özünü büruzə verməyə başlayır. Hətta ən sivil, mədəni xalqların nümayəndələri belə bu arzuolunmaz prosesdən sığortalanmayıblar. İkinci dünya müharibəsi zamanı nasistlər gündüzlər adamları topa-topa, dəstə-dəstə sobalarda yandırır, axşamlar isə təmiz, səliqəli geyimlərdə, zahiri nəzakət qaydalarına yüksək dərəcədə riayət edərək, əllərində konyak dolu qədəhlərlə  Bethovenə qulaq asırdılar. Bəli, belə də olubdur. Bu faktdır. Ceslav Miloş insanlığın dayaqlarının nə qədər kövrək olmasını, bu dayaqların necə asanlıqla sarsılmasını  “Kölə edilmiş ağıl” əsərində həyati, real misallarla çox gözəl izah edir. Haqqında ayrıca yazı yazmağıma baxmayaraq fürsətdən istifadə edərək “Kölə edilmiş ağıl ” əsərini oxumağı bir daha tövsiyyə etməyi özümə borc bilirəm. “Kölə edilmış ağıl” əsərini  oxuduqda indi burda nə demək istədiyimi daha aydın başa düşəcəksiniz. Bir daha təkrar edək, insanın prinsiplərinə, getdiyi yola, əqidəsinə, rənginə, cinsinə, siyasi, milli mənsubiyyətinə  görə hər hansı formada məhrumiyyətlərə düçar olması, dilema qarşısında qalması yolverilməzdir. Təəssüf ki, hal-hazırda  elə bir cəmiyyətdə yaşayırıq ki, biz hətta bir balaca ədalətli, vicdanlı qalmaq üçün mütləq çətinliklərlə üzləşirik. Nəinki özümüz, hətta bizə yaxın adamlara da problemlər yaradırıq. Bununla belə, bütün bunları nəzərə saldıqda belə insan heç olmasa bir sahəni, həyatın bir tərəfini təmiz saxlamağa, orda öz insanlığını qorumağa, bir az yaxşı olmağa bacardığı qədər cəhdlər etməlidir. Məsələn, qələm adamları var idi, azdan-çoxdan həqiqətin yanında idilər, azdan-çoxdan həqiqəti yazırdılar. Yazıları oxunurdu, reaksiyalar alırdılar. Sonra müxtəlif səbəblərə görə həqiqətdən uzaqlaşdılar.  Yazıları daha oxunmadı, bir qələm adamı olaraq diqqətdən kənarda qaldılar, tirajların, əhəmiyyətlərin itirdilər. Vəziyyətin bu cürə hal alması onları çaşdırdı. Çoxları hələ də nə baş verdiyini, niyə tirajlarını, bir qələm adamı olaraq  əhəmiyyətlərini  itirdiyini  başa düşməyib. Yazıçı tayfası isə olduqca eqoist tayfadır. Diqqətdən kənarda qalmağını, oxunmamağını həzm etmək onlar üçün olduqca çətindir. Onlar diqqət, reaksiya  gördükləri, oxunduqları vaxtlarda çox güman, elə zənn edirmişlər ki, bu onların özünün, istedadının, intellektinin  gücüdür. Əbəs yerə özlərinə çox inanıblar.  Daha başa düşmürdülər ki, onlara güc verən həqiqətin yanında olmaqları idi. Necə deyərlər: “İt araba kölgəsində yatır, elə bilir öz kölgəsidir”.  

Elə “Dirilmə” əsərindən bura, yazıya köçürəcəyimiz növbəti hissə də aşağı-yuxarı bu mövzuya aiddir. Həqiqətən də, bu hissəni oxuduqda neçə-neçə adamın sifətini, aqibətini istər-istəməz xatırlamalı oldum. Əlbəttə, bu əhvalatda böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər: 

    “Nexlyudov Selenini tələbə kimi tanıdığı zamanlar, o, yaxşı bir oğul, sədaqətli bir yoldaş və öz yaşına görə çox nəzakətli, həmişə şık geyinən, qəşəng, eyni zamanda, olduqca doğruçu, namuslu, savadlı, yüksək cəmiyyətə mənsub bir adam  idi. O çox da çətinlik çəkmədən və zərrə qədər də olsun xırdaçılıq etmədən yaxşı oxuyar, əsərləri üçün medallar alardı. 

O, tək sözdə deyil, həqiqətdə də öz gənc həyatının məqsədini insanlara xidmət etməkdə görürdü. O bu xidməti yalnız dövlətə qulluq etməkdə təsəvvür etdiyi  üçün, darülfünunu qurtaran kimi qüvvələrini həsr etmək iqtidarında olduğu bütün işləri müntəzəm nəzərdən keçirdi və padşah dəftərxanasının ikinci şöbəsində  qanunlar tərtib edən müdir vəzifəsində daha çox xeyir verəcəyini qərara alıb, buraya işə girdi. Lakin ondan tələb olunanları dürüst və vicdanla yerinə yetirməsinə baxmayaraq, bu qulluqda xeyirli adam olmaq tələbini ödəyə biləcək bir şey görmədi və lazım olan işi gördüyünə özünü inandıra bilmədi. Çox xırdaçı və lovğa olan müdirü ilə üz-üzə gəlmək nəticəsində onun bu narazılığı çox qüvvətləndiyindən, ikinci şöbədən çıxıb Senata keçdi. Senatda onun üçün yaxşı idi, lakin icra etdiyi işdən narazı qalmaq hissi onu yenə də izləyirdi. 

O, daim hiss edirdi ki, onun gözlədiyi və baş verəcək şey heç də bu deyildir. Burada, Senatda qulluq etdiyi zaman qohum-əqrabası çalışıb onu kamer-yunker təyin etdilər və Selenin işləməli  mundir geyinib, ağ kətan önlük taxaraq karetada gəzməli, onu lakey vəzifəsinə keçirdikləri üçün müxtəlif adamlara təşəkkür etməli oldu. O nə qədər səy edirdisə, bu vəzifədə bir məna tapa bilmirdi. Selenin qulluq zamanı olduğundan indi daha çox duyurdu ki,  bu iş  “o deyən deyildir”, bununla belə, bu işə təyin etməklə onu məmnun etdiklərinə əmin olan adamları məyus etməmək üçün bu təyinatdan boyun qaçıra bilmirdi. Digər tərəfdən isə bu təyinat onun alçaq təbiətinin meyillərini oxşayır, güzgü qarşında özünü zər işləməli mundirdə gördükdə və bu təyinatın bir sıra adamlarda doğurduğu hörmətdən istifadə etdiyi zaman o razı qalırdı. 

       Evlənməsi də lap beləcə oldu. Kubar cəmiyyətin nöqteyi-nəzərincə ona çox əla bir toy elədilər.  Selenin başlıcası ona görə evlənmişdi ki, evlənməkdən boyun qaçırsa idi, həm bunu arzu edən nişanlısını, həm də onları evləndirənləri təhqir etmiş olardı, onların ürəyinə dəyərdi. Lakin çox tezliklə məlum oldu ki, qulluğu və saraydakı vəzifəsi  kimi evlənmək də “o deyən deyildir”, bəlkə, daha da pisdir. Birinci uşaqdan sonra arvadı daha doğmaq istəmədi, təmtaraqlı kubar həyatı sürməyə başladı, istər-istəməz o özü də bu həyəta qoşulmali idi. Bu həyatı dəyişmək üçün Seleninin göstərdiyi hər cürə təşəbbüs sanki qayaya və arvadının inamına dəyib parçalanırdı. Arvadının qohum-əqrabası və tanışları da belə lazım olduğunu söyləyib, bu inamı müdafiə edirdilər. Qızılı uzunsaçlı qızı atasına tamamilə yad bir xilqət idi, xüsusilə ona görə ki, bu xilqət heç də atasının istədiyi kimi tərbiyə almırdı. Ər-arvad arasında adi bir hal olmuş anlaşılmazlıq əmələ gəlmişdi və onlar bir-birini anlamaq da istəmirdilər. Özgələrdən gizli saxlanılan və nəzakət qaydalarına əməl etmək üzündən yumşaldılan sakit, səssiz-küysüz bir mübarizə onun həyatını çox ağırlaşdırmışdı. Beləliklə,  qulluğu və saray təyinatı kimi ailə həyatı da “heç də o deyən deyildi ”, bunlardan xeyli pis idi.

       Hər şeydən çox dinə olan münasibəti  “istədiyi tək deyildi”. Selenin onun mühitindən olan və onunla bir zamanda yaşayan bütün insanlar kimi dini mövhumat buxovlarından zərrə qədər də çətinlik çəkmədən, öz ağlının yetkinliyi sayəsində xilas olmuşdu. Nə zaman xilas olduğunu özü də bilmirdi.  Ciddi və namuslu  bir adam olduğu üçün ilk gəncliyində,  tələbəlik vaxtı və Nexlyudovla yaxın olduğu zaman rəsmi dinin mövhumatından azad olduğunu gizlətmirdi. Lakin yaşa dolduqca, qulluğu böyüdükcə və cəmiyyəti bürüyən mürtəce  mühafizəkarlıq nəticəsində bu mənəvi azadlıq ona mane olmağa başladı. Xüsusilə, atası ölən vaxt evdəki münasibətləri, atasının yası, onun pəhriz saxlamasını anasının arzu etməsi və bunun qismən cəmiyyət tərəfindən tələb olunması bir yana dursun, qulluğuna görə dua oxuması, ibadət mərasimlərində daim iştirak etməsi lazım idi. Elə bir gün olmurdu ki, dinin yaxa qurtarmaq mümkün olmayan hər hansı bir zahiri formasına öz münasibətini göstərməsin. Bu mərasimlərdə iştirak edərkən iki şeydən birini etmək lazım idi; ya özünü elə göstərməli idi ki, (həqiqəti sevən bir adam olduğu üçün  bunu heç bir zaman edə bilmirdi) inanmadığı şeyə inanır və ya bütün bu zahiri formaların yalan olduğunu etiraf edib həyatını elə qurmali idi ki, yalan hesab etdiyi şeydə iştirak etmək məcburiyyətində qalmasın. Lakin o qədər də çətin görünməyən bu işi etmək üçün çox şey lazım idi. Ona yaxın olan adamların hamısı ilə daim mübarizə aparmaqdan əlavə, özünün bütün vəziyyətini dəyişməli, qulluğunu atmalı, onun fikrincə, artıq indi, bu qulluğu zamanı insanlara verdiyi və gələcəkdə daha çox vermək ümidində olduğu xeyirdən əl çəkməli idi. Bunu etmək üçünsə, özünün haqlı olduğuna möhkəm əmin olmalı idi... O, dinə etiqat etdiyini düşünürdüsə də, bununla bərabər, həmişəkindən daha çox bütün varlığı ilə dərk edirdi ki, özünün dinə olan bu etiqatı əsla “o deyən deyil”. 

    Ona görə də onun gözləri həmişə kədərli idi. Buna görə hələ bu yalanlar onun varlığında kök salmamışdan əvvəl tanıdığı Nexlyudovu gördükdə, özünün o zamankı vəziyyətini xatırlamışdı. Xüsusilə, öz dini nöqteyi-nəzərini Nexlyudova anlatmağa tələsdikdə, bütün bu “o deyən olmayanları” həmişəkindən daha çox hiss etmiş və həddindən artıq kədərlənmişdi. Köhnə dostu görmək sevinci kimi ilk təəssuratdan sonra bu kədəri Nexlyudov da hiss etdi. 

Buna görə, hər ikisi görüşəcəklərini bir-birinə vəd etdisə də, heç biri görüşməyə can atmadı və Nexlyudovun bu dəfəki Peterburq səfərində bir daha görüşmədilər.  

                                                              ***

   Tolstoy on dörd yaşında (bəzi mənbələrdə on beş) boynundan xaçı çıxarıb medalyon asmışdı. Medalyonda isə Jan Jak Russonun rəsmi vardı. Tolstoy Russonun “Etiraflar”ından çox ciddi şəkildə təsirlənmişdi ( təəssüf ki, bu gözəl, qiymətli əsər hələ də Azərbaycan dilinə tərcümə olunmayıb) “Etiraflar” ın təsiri   Tolstoyun avtobioqrafik trilogiyasında (“Uşaqlıq”, “Yeniyətməlik”, “Gənclik”) xüsusən açıq-aşkar hiss olunur. İşin qəribəliyinə baxın,Russo “Fransız inqilabının atası”,  Tolstoy isə “Rus inqilabının güzgüsü” adını aldı: 

        “Harada isə uzaqlarda adamların bir qisminin o biri qismi hər cür pozğunluğa, vəhşi təhqir və iztirablara düçar edərək onlara əzab verdiyini eşitmək və ya bir qism adamların başqalarını pozduğunu və incitdiyini üç ay müddətində ara vermədən görmək tamam başqa məsələdir. Nexlyudov bütün bunlardan keçmişdi. Bu üç ay müddətində Nexlyudov dəfələrlə özündən soruşmuşdu: “Mən dəliyəm ki, başqalarının görmədiklərini görürəm, yoxsa mənim gördüklərimi törədənlər dəlidir? ” Lakin adamlar (onlar isə çox idilər) onu bu qədər təəccübləndirən və dəhşətə gətirən işləri görürdülər, onlarda bu işlərin nəinki gərəkliyinə, həm də çox mühüm  və sərfəliyinə  sakit bir inam olduğu üçün onları dəli hesab etmək çətin idi. Özünü də dəli saya bilməzdi, çünki fikirlərinin aydın olduğunu dərk edirdi. Buna görə də həmişə heyrət içərisində idi. 

Nexlyudov bu üç ayda gördüklərini aşağıdakı şəkildə təsəvvür edirdi ; azadlıqda yaşayan bütün insanların içində məhkəmə və inzibati idarələr vasitəsilə ən əsəbiləri, ən cılğınları, ən çox həyəcanlananları, ən istedadlı və qüvvətliləri, eyni zamanda , başqalarına nisbətən daha az hiyləgər və az ehtiyatlı olanları seçilirdi və azadlıqda qalanlardan çox müqəssir olmayan, cəmiyyət üçün çox təhlükəli olmayan bu adamlar  həbsxanalara salınırdılar, sürgünə göndərilirdilər və yerlərdə aylarla, illərlə tamamilə avara, təbiətdən, ailələrindən, əməkdən uzaq həyat keçirir, yəni insan həyatının bütün təbii və mənəvi şərtlərindən kənarda qalırdılar- bu birincisi. İkincisi bu idi ki, bu yerlərdə adamlar hər cür lazımsız təhqirə məruz qalırdılar, onları zəncirləyirdilər, başlarını qırxırdılar, onlara rüsvayedici paltar geyindirirdilər, yəni onlar həyatın başlıca hərəkətverici qüvvəsindən- başqalarının rəyi haqqındakı qayğıdan, abırdan, insan ləyaqətini dərk etməkdən məhrum edilirdilər. Üçüncüsü, gün vurmaq, özlərini suya atıb boğmaq, yanğın kimi müstəsna hallar bir kənara qalsın, həyatın daimi təhlükələrinə, dustaq saxlanıldıqları yerlərdə daim yuva salan yoluxucu xəstəliklərə tutulan, döyülən və taqətdən düşən bu adamlar həmişə elə şəraitdə olurdular ki, belə bir şəraitdə ən mehriban, ən əxlaqlı bir insan özünü qorumaq üçün ən amansız, ən müdhiş hərəkətlər edir, bu kimi hərəkətlərə yol verən başqalarını da haqlı hesab edirdi. Dördüncüsü, bu insanlar həyatın tamamilə pozmuş olduğu əxlaqsızlarla, hələ tamamilə pozulmamış adamlara maya xəmirə təsir edən kimi təsir edən qatillər və canilərlə zorla birləşdirilirdilər. Nəhayət, beşincisi, bu təsirlərə məruz qalmış bütün adamlara ən inandırıcı bir üsulla, məhz onların özlərinin özlərinə qarşı ən vəhşi hərəkətlər etmələri yolu ilə, uşaqlara, qadınlara, qocalara, əziyyət vermək, kötəkləmək, çubuq və şallaqla döymək, ərləri arvadlardan ayırmaq, özgə arvadını özgə kişi ilə yaşamaq üçün birləşdirmək, güllələmək, asmaq yolu ilə təlqin edilirdi ki, hər cür zorakılıq, amansızlıq, vəhşilik nəinki qadağan olunmur, həm də əgər bütün bunlar  hökumətin xeyirinədirsə, onun özü buna icazə verir, həm də azadlıqda olmayıb ehtiyac və fəlakət içərisində yaşayanlara belə hərəkətlər etməyə daha çox izn verilir. Heç bir başqa şəraitdə əldə edilməsi mümkün olmayan və son dərəcə qatılaşdırılmış bu kimi pozğunluq və nöqsanlar, elə bil, sonradan ən geniş şəkildə bütün xalqın içərisinə yayılmaq üçün qəsdən yaradılırdı. “Elə bil, qarşıya mümkün qədər daha çox insanı ən yaxşı, mötəbər üsulla pozmaq vəzifəsi qoyulmuşdu”,- deyə Nexlyudov həbsxana və yatablarda edilənlərin dərininə gedərək fikirləşdi. Yüz minlərlə insan hər il pozğunluğun ən yüksək dərəcəsinə çatdırılırdı və tamamilə pozğunlaşdıqdan sonra həbsxanalarda mənimsədiklərini bütün xalqın içərisində yaymaları üçün onları azadlığa buraxırdılar. Nexlyudov Tumen, Yekaterinburq, Tomsk həbsxanalarında  və yatablarda cəmiyyətin, sanki öz qarşısına qoyduğu bu məqsədin necə müvəffəqiyyətlə baş tutduğunu görmüşdü. Rus, kəndli, xristian əxlaqı ruhunda tərbiyə almış sadə və adi adamlar bu məfhumlardan əl çəkib, həbsxanalarda, yəni əxlaq məfhumlarını mənimsəyirdilər. Bu, yəni məfhumlar, başlıca olaraq, ondan ibarət idi ki, əgər sərfəlidirsə, insan şəxsiyyətinə qarşı hər cür təhqirə və zorakılığa, bu şəxsiyyəti hər vasitə ilə məhv etməyə icazə verilir.    
  
     Tolstoy “Dirilmə” əsərində yuxarıda yazılan prosesin necə aparıldığını konkret misallarla, hadisələrlə geniş, canlı-canlı təsvir edir. Xüsusən, dustaqların sürgünə aparılma səhnəsi “Dirilmə” də olduqca təsirli bir şəkildə təsvir olunubdur.  Əslində Tolstoy “Rus inqilabının güzgüsü” adı alsa da, heç də inqilab tərəfdarı deyildi. Lakin Tolstoyun son romanı olan “Dirilmə” romanında daima həyəcan zəngi çalınır. Tolstoy açıq-aşkar deyir ki, əgər insanlarla belə rəftar etməyə, belə davranmağa davam etsəniz, inqilab qaçırılmaz olacaq:
 
     “ Nexlyudov Rusiyada inqilabi hərəkatın lap əvvəlindən  inqilabçılara nifrət və ikrah bəsləyirdi. Onu inqilabçılardan, hər şeydən əvvəl, hökumətə qarşı mübarizədə inqilabçıların işlətdiyi üsulların amansızlığı və məxfiliyi, başlıcası isə, onlar tərəfindən edilən cinayətlərin amansızlığı iyrəndirirdi. Bundan əlavə, o, inqilabçıların hamısına xas olan xudbinliyə də nifrət edirdi. Lakin onları yaxından tanıdıqdan və çox vaxt hökumətin əlindən təqsirsiz olaraq əzab-əziyyət çəkdiklərini bildikdən sonra gördü ki, bu inqilabçılar başqa cür ola bilməzdilər, onlar elə belə də olmalı idilər. 

     Cinayətkar adlananların məruz qaldıqları əziyyətlər nə qədər mənasız olsa da, hər halda, onlara cəza verilənədək və cəza verildikdən sonra qanunçuluğa müəyyən qədər riayət edilirdi. Lakin siyasi dustaqların işlərində qanunçuluğa heç yaxın da durmurdular. Bu adamlarla torla balıq tutanda hərəkət edildiyi kimi rəftar edilirdi; tora düşmüş nə varsa, dartıb sahilə çıxarırlar və sonra lazım olan iri balıqları seçib götürərək, sahildə qalan xırda balıqların qeydinə qalmırlar. Beləliklə, görünür, nəinki təqsiri olmayan, hətta hökumətə zərər vurmağa qabil olmayan yüzlərlə bu kimi adamları tutub, bəzən illərlə həbsxanalarda saxlayırdılar. Həbsxanada onlar vərəm xəstəliyinə tutulur, dəli olur və ya özlərini öldürürdülər. Özü də onları həbsxanada yalnız ona görə saxlayırdılar ki, buraxmağa bir səbəb olmurdu, həbsxanada  əllərinin altında olduqda bu dustaqlar istintaq zamanı hər hansı bir məsələnin izahi üçün lazım ola bilərdilər. Çox vaxt hətta hökumət nöqteyi-nəzərindən təqsiri olmayan bütün bu adamların müqəddaratı jandarmların, polis zabitinin, casusun, prokurorun, məhkəmə müstəntiqin, qubernatorun, nazirin özbaşnalığından, onların iş ilə məşğul olmağa vaxt tapıb-tapmamağından və əhval-ruhiyyəsindən asılı olurdu. Bir məmur darıxdımı və ya özünü göstərmək istədimi adamları həbs edir, özünün və ya rəisinin əhval-ruhiyyəsindən asılı olaraq onu ya həbsxanada saxlayır, ya da buraxırdı. Ali rəis də özünün işdə fərqlənməli olub-olmamasından asılı surətdə, ya dustaqları dünyanın o başına sürgün edir, ya təkadamlıq zindanda saxlayır, ya ölümə məhkum edir və ya bir xanımın xahişi ilə buraxırdı”. 

                                                                    ***

      Tolstoyun bir pis xasiyyəti var. Heç sevmirəm onun bu xasiyyətini. Harda bir ifritə varsa, axtarıb-arayıb  tapıb ən yaxşı obrazlarına, müsbət qəhramanlarına ürcah edir. Düzdür, qələm onun əlindədi. Istədiyi adamı evləndirər, istədiyin boşatdırar, boşatdırıb təzədən evləndirər... Necə deyərlər: “ Əjdaha qardaş özü bilər,  kimi yeyər,  kimi …”. Amma bunu nəzərə alanda belə, Tolstoyun müsbət qəhrəmanlarına ifritələri ürcah eləməsi adamı istər-istəməz əsəbləşdirir. Tolstoy  “Anna Karenina” əsərində Levin kimi gözəl, təmiz  bir insanla Şerbatskaya kimi bir ifritəni evləndirir. Halbuki, Levin kimi saf, gözəl bir insanla  Şerbatskaya kimi bir latent qancıq əsla evlənməli deyildi. 

“Hərb və sülh” əsərində yazıq  Pyer Bezuxovun başına  birinci arvadı nə oyunlar açır, o ifritə Bezuxovun başına hansı corabları hörür, nə hoqqalar, pestahlar çıxarır. Özü də Pyer Bezuxov ədəbiyyatda ən sevdiyim  obrazdır.  “Hərb və sülh” ü ilk dəfə oxuyanda əsəbimdən rəsmən partlayırdım. Əlimdə əlac olsaydı,  girərdim əsərin içinə o qancıq arvadın saçından tutub o tərəfə bu tərəfə sürüyərdim, ayağımın altına alıb iki şaqqa edərdim, yumruqla vurub ağzının-burnunun  qanını bir-birinə qatardım.  Nəhayət,  Pyer Bezuxov o ifritənin hoqqalarından cana yığılıb ağır külqabını (ola bilsin vazanı, dəqiq yadımda qalmayıb ) ona tərəf tolazlayanda, xeyli toxtadım, ürəyim sakitləşdi. Öz-özümə dedim ki, ay imansız Bezuxov sən bunu çoxdan etməli idin. Yaxşı ki, gec də olsa, o ifritənin payın verdin. Əgər onun payını verməsəydin, hoqqalarına, oyunlarına dözməkdə davam etsəydin, bir hissiyyatlı oxucu kimi allah bilir, məni hansı aqibət gözləyirdi. Zarafat etmirəm, bəlkə də, əsəbimdən ölə bilərdim.

    Yaxşı ki, “Dirilmə” əsərində Tolstoy Nexlyudovu evləndirmədi. Yoxsa yenə də axtarıb-arayıb harda bir ifritə varsa, tapıb Nexlyudova ürcah edəcəkdi. Əslində əsərin əvvəlində belə bir bədbəxtliyin baş verəcəyi tam real görünür. Lakin hadisələrin sonrakı gedişatı Nexlyudovu bu bədbəxtlikdən xilas edir. 

                                                                    ***
   Gənclik illərimdə mən qatı Dostoyevski heyranı olmuşam. Bu da çox təbii, gənclik üçün səciyyəvi bir haldır. Dostoyevskinin ifrat səsli-küylü əsərləri, xəstə, xəstəhal adamların uzun-uzadı, dolaşıq monoloqları, qeyri-standart sevgi münasibətləri filan gənclik illərində adama çox cəzbedici təsir bağışlayır. Düşünürəm ki, Dostoyevski heyranlığı maksimum otuz yaşda bitməlidir.  Dostoyevskinin bioqrafiyası ilə daha dərindən tanış olduqdan sonra məndə həm onun yaradıcılığına, həm də şəxsiyyətinə qarşı kəskin ikrah hissi yarandı.  Tolstoyun bioqrafiyasını öyrəndikcə isə, əksinə Tolstoyun şəxsiyyətinə hörmətim artırdı. Tolstoy müdriklik dövrünün yazıçısıdır Yaş artıqca adam onu daha dərindən hiss edir. Xüsusən, Tolstoyun “Sergi ata”, “İvan İliçin ölümü”,  “Dirilmə”  əsərlərindəki mesajları yaş artıqca daha çox başa düşürsən. Bu mənim subyektiv fikrimdir. Mənasız adamların yersiz müdaxilələrinə şərait yaratmamaq naminə bunu qeyd etmək məcburiyyətindəyəm.      

Seymur Baycan

Kultura.az

Yuxarı