post-title

Sovet modernizasiyası Azərbaycana lazım idimi?


(Yazı Cümhuriyyətin 100-illiyinə həsr olunur)

Sovet dönəminin (1920-1991) Azərbaycan üçün işğal dövrü olması, əlbəttə, mübahisəsizdir. Lakin 70 illik sovet modernizmi bir sıra təhliliçilərdə ziddiyyətli fikirlərin yaranmasına səbəb olur. Xüsusilə də SSRİ-nin ümumi ərazisində bütün etnoslara bərabər hüquqların verilməsi, hüquq üzərindən etnik diskriminasiya tətbiq edilməməsi, hamıya “nümunəvi sovet adamı” olmaq şansının tanınması, böyük sənayeləşmə və hər sahədə baş verən modernləşmə hərəkatı işğal faktına da skeptik yanaşmaların ortaya çıxmasına səbəb olur. Biz yazıda bu ziddiyyətlərin qaynaqlarını göstərməyə çalışacağıq.

Aydın suallar budur: Sovet dövrü müstəmləkəçilik dövrü idimi? Bu, qırmızı bayraq altında yeni formaya girmiş Rusiya imperiyası idi, yoxsa modernləşdirmə layihəsimi olmuşdu?

Sovet Azərbaycanı: İşğal xronikası

Rusiyada baş verən Oktyabr çevrilişindən sonra bolşevik hökuməti ölkəni bürüyən Vətəndaş müharibəsində qalib gəlməyi bacardı. Bundan sonra Çar Rusiyasının müstəmləkə əyalətlərinə yenidən sahiblənməyə başladılar. 28 may 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası da bolşeviklərin gözündə təhdid idi. Zəngin neft yataqlarına sahib Bakının işğalı bolşevik Moskvasının birinci hədəflərindən sayılırdı. Bu səbəbdən də Azərbaycanın paytaxtı Bakıda yerli bolşeviklərin əli ilə tez-tez təxribatlar törədilirdi.

Bolşeviklərin Azərbaycanı işğal taktikası daha sonralar Macarıstanı (1956) və Çexoslavakiyanı (1968) işğal taktikasının eynisi idi. Yerli inqilab komitələri fəhlə etirazları təşkil edir və ardından “Qızıl Ordu”dan kömək istəyir. 11-ci qırmızı ordu da Azərbaycana eyni bəhanə ilə - yerli bolşeviklərin dəvəti və Nəriman Nərimanovun müşayiəti ilə soxuldular.

Related image

Əməliyyatın son dərəcə məxfiliyi, A.Mikoyanın rəhbərliyi altında türk dilini, məişətini, yerli şəraiti bilən qrupun bələdçi-yardımçı funksiyası, Azərbaycan hökumətinin əsas hərbi qüvvələrinin qərb sərhədində, Dağlıq Qarabağda cəmləşməsi nəticəsində Yalama-Bakı rayonunda cüzi hərbi qüvvənin qalması aprelin 27-nə keçən gecə Azərbaycan Cümhuriyyətinin dövlət sərhədlərinin pozulmasını və ərazisinin işğalını təmin etdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan hərbçilərinin məğlubiyyəti ilə bitdi. Azərbaycan hökuməti qoşunlarının məğlubiyyətindən  "Üçüncü İnternasional" zirehli qatarı Biləcəri stansiyasına çatanda xəbər tutdu. Azərbaycan parlamenti artıq işğal faktı ilə üz-üzə qalmış oldu.

Hələ 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşevik) Partiyasının Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Demokratik Respublikasını devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə “operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin (AK(b)P MK) hərbi-texniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürmüşdü. AK(b)P-nin erməni üzvləri Azərbaycanın ermənilər yaşayan bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. Hücuma keçmək üçün bolşevik-sovet qoşunlarının 11-ci ordusunun Azərbaycana daxil olmasını gözləyirdilər. 1920-ci il aprelin 24-də RK(b)P Qafqaz Diyar Komitəsi, AK(b)P MK-sı və Bakı Komitəsinin birgə qərarı ilə Bakı şəhərinin partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı. AK(b)P-nin Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. AXC-nin devrilməsində və 11-ci Qırmızı ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.

27 aprel günorta saatlarında Həmid Sultanov Azərbaycan parlamentinə hakimiyyəti təslim etmək haqqında AK (b)P Bakı bürosu, Mərkəzi Fəhlə Konfransı adından ultimatum verdi. Həmid Sultanov "Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak etmişəm. Mən çox yaxşı başa düşürdüm ki, arxamızda MK-dan olan hörmətli yoldaşlar deyil, Yalamada yerləşən qırmızı süngülər dayanır... MK-ya ümid etmirdim ki, o işi ləngidə bilərdi"- deyirdi.

Sovet Respublikası elan edilməmiş, mövcud beynəlxalq hüquq normalarına məhəl qoyulmadan rus ordusu nəinki sərhədi keçmiş, gəlib Bakıda hökumət üzvlərini, xarici missiyaları həbs edərək qazamata göndərir və İnqilabi Hərbi Şuraya təntənə ilə bildirirdi: "25 aprel tarixli 52 nömrəli əmrdə qoyduğunuz vəzifə yerinə yetirilmişdir". Qələbədən ruhlanan orduya "bir qədər məhdudiyyətlə" yeni əmr verilir: "XI ordu qoşunları Azərbaycanın, keçmiş rus imperiyası hüdudlarında bütün ərazisinə yiyələnsin. Əsla İranın sərhədlərini keçməmək". "Xüsusi dünya siyasəti" icad edənlər üçün rəva görülən hər hərəkətin xüsusi də əsası olurdu. Azərbaycanın müstəqil siyasi vahid kimi Rusiya tərəfindən tanınacağı təqdirdə belə Bakı (neft) iddiasından əl çəkməyən bolşevik rəhbərlər "medalı" digər üzünə çevirməklə əcaib vasitələr seçirdilər: "Bakını xətərsizliklə tutmaq məqsədilə fəhlələrin daxildən çıxışını yüngülləşdirmək üçün Azərbaycana rəsmi müharibə elan etməyə bizim xüsusi dünya siyasətimiz yol verirmi?" Belə cəfəngiyyata vaxt sərf etmədən məsələ daha cəld, asan həll edildi: nə Azərbaycanın müstəqilliyi tanındı, nə də ona qarşı müharibə elan edildi.

Azərbaycanda aprel çevrilişinin rus ordusu tərəfindən həyata keçirildiyini və baş tutduğunu bütün tarixi sənədlər açıq, birbaşa əks etdirir və təsdiqləyir: "Əgər inqilab qansız keçibsə, Müsavat hökuməti devrilibsə, bu, o demək deyildir ki, bizim partiyamız güclü idi. Bu, ona görə belə oldu ki, XI Qızıl ordu güclü idi",- Həmid Sultanov deyirdi.

İşğaldan xəbər tutan Paris Sülh Konfransındakı Azərbaycan nümayəndəliyi aprelin 28-də konfransa nota təqdim etmişdi. Lakin nə bu, nə də sonrakı müraciətlərin əməli əhəmiyyəti olmadı.

Beləliklə, 27 aprel 1920-ci il bolşevik işğalı ilə Azərbaycan Demokratik Respublikası devrildi və yerində Leninin göstərişinə əsasən Nəriman Nərimanovun rəhbərliyində Azərbaycan Sovet Sosialist Pespublikası Xalq Komissarları Soveti yaradıldı. Demokratik Respublikanın keçmiş rəhbərlərinin bir hissəsi həbs edildi, bir hissəsi qətl edildi. Bir hissəsi mühacirət etməyə məcbur oldu. Çox sayda xarici ölkənin diplomatik təmsilçiləri həbs edildi.

Dövlətin qurucusu Məmməd Əmin Rəsulzadə Lahıc kəndində bir müddət gizlənir, daha sonra Gürcüstana keçmək üçün yola çıxdıqda, 1920-ci ilin 17 avqustunda həbs edilib Bakıya gətirilir. Noyabr ayında Bakıda səfərdə olan Stalin onu Moskvaya aparır. Rəsulzadə 1922-ci ilin yayında isə gizli yolla Sankt-Peterburqdan Finlandiyaya keçir və ömrünün sonuna qədər (6 mart 1955) mühacirətdə “Azərbaycan davası” mübarizəsəni aparır.

Image result for AXC

1920-ci ilin aprelində müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin birbaşa Sovet Rusiyasının hərbi təcavüz nəticəsində süqutetməsi faktına yalnız 70 ildən sonra, 18 oktyabr 1991-ci ildə qəbul edilən Müstəqillik Haqqında Konstitusiya Aktının 1-ci maddəsində (1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin) siyasi qiymət verildi.

İşğal sonrası modernizm

Bolşeviklərin məqsədi bütün sovet coğrafiyasında ənənəvi kimliklərə düşmən olan "yeni insan" tipi yaratmaq idi. Bu yeni insan, yəni homosovetikus bolşevik inqilabından sonra Sovet İttifaqının yaratmağa çalışdığı tarixindən, mədəniyyətindən, adət-ənənənəsindən qoparılmış; milli mənsubiyyət duyğuları olmayan, dinsiz/ateist “sovet vətəndaşı” tipinin adıdır.

1950-60-cı illərdə Sovet ittifaqında fəlsəfi düşüncənin dirilməsinin simvollarından olan Aleksandr Zinovyev ona dünya şöhrəti gətirən «Зияющие высоты» kitabının qərbdə nəşrindən sonra 1978-ci ildə bütün təltiflərindən məhrum edilərək ölkədən qovuldu və sovet vətəndaşlığından məhrum edildi. O, mühacirətdə yazdığı və daha məşhur olan "sovet insanı" kitabında SSRİ-nin necə bir insan yetişdirdiyini izah edərkən ön sözündə qeyd edir ki, "Bu kitab sovet insanı haqqındadır. Hansı ki, bu, yeni insan tipidir. Mənim bu canlıya olan münasibətim ikilidir: Eyni anda ona həm xor baxıram, həm heyranam, həm nifrət edirəm, həm də qorxuram. Mən özüm də sovetikusam. Ona görə mən özüm də bu insanın təsvirində acımasız və qəddaram. Bizi mühakimə edin! Biz özümüz özümüzü mühakimə edirik".

Sovet modernizminin əldə etdiyi ən böyük “nailiyyət” məhz bu sovet insanıdır. Bu modernizm hərəkatının aşağıda sadalayacağımız bütün mütərəqqi görünən xüsusiyyətləri, təhsil, sənaye, şəhərləşmə-hər şey bu tipin yaradılmasına xidmət edirdi.

Bolşeviklər hələ ilk illərdən uşaqlar və yetkinlər üçün böyük təhsil səfərbərliyi başlatmışdı. Çar dövründəki insanların yalnız 5%-nin təhsil imkanlarından yararlana bildiklərini nəzərə alsaq, bolşeviklər hakimiyyətə gəldiyində savadlılıq səviyyəsi olduqca aşağı idi. Bu səbəbdən böyüklər üçün də “Fəhlə fakultələri” yaradılırdı. Bu fakültələrdə işçilər əsas və nəzəri, eləcə də peşə və praktiki təlimlərlə təmin edilirdi. Təhsil bütün icma üçün pulsuz və məcburi hala çevrilmişdi. Təhsil hərəkatı geniş vüsət almışdı və 1932-ci ildə artıq uşaqların 98% -i həqiqətən məktəbə gedəcəkdi. Daha sonra, Sovet İttifaqı 100% savadlılıq dərəcəsi ilə dünya birincisi olacaqdı. Təhsil səfərbərliyi sovet xalqlarını elm və texnologiyada böyük uğur qazanan cəmiyyətə çevirə bildi.

ABŞ-dan başlayıb bütün Avropanı bürüyən məşhur "Böyük Depressiya" (1929-1933) Qərbdə tüğyan etdiyində SSRİ "1-ci beşillik plan"la ilk dəfə sənayeləşmə sıçrayışı göstərirdi. Əslində məhz bu hadisə Qərbdə sosializmə qarşı kor rəğbət yaratmışdı.

İqtisadiyyatda heç nəyə müdaxilə etməyən azad bazar kapitalizmi böhranın səfalətini yaşadığı vaxtda sovetlər planlı - hər şeyi dövlətin idarə etdiyi iqtisadiyyatla inkişaf edirdi (kənardan belə görünürdü). Bu görüntü ABŞ-a da böyük təsir etmişdi. II Dünya Müharibəsi sonrası Qərb iqtisadiyyatının mərkəzinə oturan və böyük inkişaf gətirən "Fordizm", əslində SSRİ-nin sürətli inkişafının təsirindən doğmuşdu.

Qısası, böhransonrası Qərb idarəetməsindəki dövlət tənzimləməsi böhran zamanı tüğyan edən yoxsullaşmanın verdiyi dərslərdən idi. Bundan sonra "Dövlət tənzimləməsi" iqtisadi termini də möhkəmləndi. Məsələ təkcə iqtisadi dartışmalarda qalmamışdı. Siyasi təfəkkürdə də "azadlıq"ın yorumlanmasında rifah vurğusu xeyli populyarlaşmışdı. Qərbin siyasi lüğətini Yoxsulluqdan Xilas Olmaq Azadlığı termini zəbt etmişdi.

"Yenidənqurma" terminini siyasi lüğətə Qorbaçovun gətirdiyini düşünürük. Amma ilk dəfə bu termini 1933-cü ildə Prezident Ruzvelt Amerika tarixinin ən böyük dövlət müdaxiləsi sayılan "yenidənqurma" siyasətini elan edərkən işlədib. Andiçmə mərasimindən 5 gün sonra Rusveltin təqdim etdiyi qanunlar paketininən diqqət çəkəni yoxsulluq içində yaşayanlara "təcili yardım" qanunu idi.

Bir sözlə, Qərbin böyük böhran burulğanında boğulduğu vaxt SSR-nin inkişaf etməsi beynəlxalq münasibətlər sisteminə elə təbəddülatlar gətirdi ki, amerikan liberalizmi özünü yenidən təftiş edərək “yoxsulluq və azadlığın birgə yaşayışını” “rifah və azadlıqla” əvəz etmənin yollarını aramağa başladı.

Ruzveltin məşhur "4 Azadlıq" doktrini də burdan doğur:

1. Dünyanın hər yerində ifadə azadlığı.
2. Hər adamın öz Allahına öz istədiyi şəkildə ibadət azadlığı. 
3. Dünyanın hər yerində, yoxsulluqdan xilas olma azadlığı;
4. Dünyanın hər yerində qorxudan xilas olma azadlığı;

Dolayısıyla, 1917-ci ildə hakimiyyyətə kotanla gələn bolşeviklər Stalin ölərkən artıq nüvə dövlətinə çevrilmişdi.

Sovet dövrü Azərbaycan üçün, əlbəttə, təkcə işğal yox, həm də böyük modernləşdirmə layihəsi dövrü olmuşdu. Savadlılıq onluq rəqəmlərdən 100 faizə qalxmışdı. Cinsi bərabərlik təmin olunmuşdu. Hətta ucqar dağ kəndlərinə də gigiyena, səhiyyə xidmətləri, elektrik və nəqliyyat gəlib çıxmışdı. Milyonlarla insan kəndlərdən şəhərlərə axışır, urbanizasiyaya uğrayırdı.

Bəs sovet modernləşməsi gəlmədən öncə müstəqil Azərbaycanın vəziyyyəti necə idi? Azərbaycan Demokratik Respublikası cəmi iki il yaşamasına baxmayaraq onun çoxpartiyalı parlamenti, kiçik, lakin idealist ziyalı sinfi vardı.
İqtisadi mənada Azərbaycan çox dinamik bir neft sənayesi idi. Ölkə pambıq və taxıl kimi texniki məhsullar üçün münbit torpaqlara, Xəzər dənizinə çıxışa malik idi.

Yəni sovet hakimiyyəti modernləşdirmə və inkişaf üçün yeganə alternativ deyildi. Gənc respublikanın cavan elitası, sonrakı onilliklərdə sovetlərin onları bu cür qələmə verməsinə rəğmən, “mürtəce” və ya “savadsız” deyildi.

Cümhuriyyətin qurucuları müasir Qərb təhsili almışdılar və Rusiya imperiyasında əhəmiyyətli siyasi və inzibati təcrübə keçmişdilər. Beyinlərində vətənləri üçün daha yaxşı müasirləşdirmə və inkişaf proqramları vardı. Onlar sonsuz iqtisadi və siyasi problemlərlə çarpışsalar da, Bakıda hakimiyyətə gələn kimi, dərhal müsəlman və türk şərqində ilk universiteti açmışdılar. 1920-ci ilin payızında isə Kənd Təsərüffatı Universiteti açılmalı idi, lakin bolşevik işğalı buna mane oldu.

Bu qısa iki il müddətində onlar 100 nəfərdən çox tələbəni Avropaya təhsil almağa göndərmişdilər. Dövlət Teatrı yaradıldı. Onlar müasir ordu və dövlət aparatını qurmağa başlamışdılar. Əlifbanın dəyişdirilməsi, təhsil islahatları, Bakı və Culfa arasındakı dəmiryolu tikintisi kimi infrastruktur layihələr barədə düşünürdülər.

İlk respublikanın bəzi kadrları Sovet Azərbaycanında qaldılar və yeni rejimə xidmət etdilər, çünki onlar Sovet rejiminə də 1918-1920-ci ildə başladıqları eyni inkişaf və modernləşdirmə siyasətlərini davam etdirəcək qüvvə kimi baxırdılar. Belə yanaşmanın nümayəndələrindən biri də Üzeyir Hacıbəyov idi.

Image result for Üzeyir Hacıbəyov

İqtisadi azadlıqların yoxluğu

Sovet modernizasiyası və urbanizasiyası, çox geniş və sürətli idi. Lakin bütün bunlar asan başa gəlmirdi. İlk növbədə, sovet iqtisadiyyatı təbii ehtiyatlardan və işçi qüvvəsindən istifadə məsələsində həmişə səmərəsiz olmuşdu.

Azərbaycanın ehtiyatları Moskvada formalaşdırılan planlı iqtisadiyyatın siyasi və iqtisadi eksperimentlərinə gen-bol israf olunurdu. Sovet təcrübəsi həmçinin səmərəli və məhsuldar iqtisadiyyatın fərdi azadlıq və hüquqlar, sahibkarlıq ruhu kimi təməl prinsip və mədəniyyətlərinə son qoymuşdu.

Ticarət sənəti məsxərəyə qoyulur, aşağılanırdı. Kollektivləşdirmə və qolçomaqlara qarşı mübarizə illərində (1929-1932) minlərlə bacarıqlı və təcrübəli sahibkarlar, kəndli fermerlər ya öldürülmüş, ya da Sibirə sürgün edilmişdi. İqtisadi inkişafın ən mühüm amili olan yaradıcı insan faktoru iqtisadiyyatdan çıxarılmışdı. Azad bazar qadağan edildiyi üçün adamlar yenilikçi olmaqdan məhrum idi və bütün sahələrdə yalnız aldıqları məvacibə qane olmağa məcbur idilər.

Fərdi azadlıqlar, hüquqlar və sahibkarlıq mədəniyyəti məhv edilmişdi. Amma bütün bu dəyər və haqlar 1918-1920-ci illərin Azərbaycanında vardı.

Bütün bunları məhv etmək üçün 70 il müddət artıqlaması ilə yetdi. Bu vərdişlərin məhvi Azərbaycan insanının işgüzarlıq kimliyinə o qədər dəhşətli zərbə oldu ki, müstəqilliyin 25-ci ildönümündə biz hələ də ölkədə biznes kültürünün formalaşmasını görə bilmirik. Təcrübə göstərir ki, sovetizmin məhv etdiyi dinamik fərdlərə söykənən məhsuldar iqtisadi sistemin yaradılması üçün bir nəslin ömrü belə kifayət etmir.

Mədhiyyə ədəbiyyatı

Azərbaycan yazıçıları, bəstəkarları, rəssamları və aktyorları şeirlərini çap etdirmək, pyeslərini və ssenarilərini səhnəyə və kinoya çıxarmaq, rəsm əsərlərini sərgiləndirmək üçün maliyyələşdirilirdilər. Bu qayğının əvəzində həmin ziyalılar Kommunist Partiyasının diqtə etdiyi və “siyasi baxımdan sağlam” xəttə tabe olmalı idilər. Sovet totalitar rejimini qeyd-şərtsiz qəbul etməli, əsərləri də rəsmi ideologiyanı təbliğ etməliydi.

Məsələn, Üzeyir Hacıbəyov özünün məşhur “Koroğlu” operasını yazıb səhnəyə qoya bilmişdi. İstedadlı Üzeyir musiqi tərtibatı baxımdan möhtəşəm əsər yaradarkən, eyni zamanda Koroğlunu proletar inqilabçısı, bolşeviklərin orta əsrlərdəki sələfi kimi təqdim etməli olmuşdu. Bu, Robin Qudu on ikinci əsrdə inqilabçı kimi göstərmək qədər qəribə idi. Lakin partiya, məhz bunu tələb edir və ziyalılar da yerinə yetirirdilər. Səməd Vurğunun Stalinə həsr etdiyi “Rəhbərə salam” şeiri bütovlükdə Sovet Azərbaycanı ədəbiyyatının şəxsiyyətə pərəstişin buxovunda çabaladığının ən rəzil nümunəsidir. S.Vurğun, Süleyman Rüstəm kimi məşhur şairlərə və yazıçılara Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularını, xüsusilə Rəsulzadəni və Müsavat Partiyasını aşağılayan əsərlər yazdırılır, bunu etməkdən imtina edənlər isə H.Cavid, Mikayıl Müşviq kimi ya öldürülür, ya da Sibirə sürgün edlirdi.

Sovetlərin ən böyük şüarı olan, milli mənsubiyyətdən uzaq “sovet bərabərliyi” 20-30-cu illərdə xeyli aktual, yalnız Kommunist Partiyası və sovetin rəsmi siyasətinə qarşı çıxmaq qadağan idisə, II Dünya Müharibəsindən sonra bu ideoloji məhdudiyyətə, daha bir tabu əlavə edilmişdi: indi ruslar hegemon xalq və ya böyük qardaş hesab olunurdular. Onları nə tarixi, nə də müasir məsələlərdə ittiham etmək olmazdı.

Bu sayaq məsələləri, hətta xırda tənqidləri tənzimləmək üçün Azərbaycan tarixi yenidən yazılmışdı. Məsələn, X əsrdə Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhəri Kiyev Rus Dövləti tərəfindən iki dəfə tutulmuşdu. Bu zaman şəhər elə talana məruz qaldı ki, bir daha heç vaxt əvvəlki şöhrətini bərpa edə bilmədi. Şəhər kimi yox oldu. Bu fakt 1941-ci ilin milli tarix dərsliklərində olsa da, 1946-dan sonrakı illərdə kitablardan çıxarılmışdı, çünki anti-rus mövqe hesab edilmişdi.

Related image

Heydər Hüseynov 1949-cu ildə Azərbaycanda fəlsəfi fikrin tarixini yazanda Şeyx Şamil və onun üsyanını da öz kitabına daxil etmişdi. Bu, Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun onu sərt tənqid etməsinə səbəb oldu. İctimai lənətləmə kampaniyasının ardınca respublikanın ən yaxşı alimlərindən biri olan Hüseynov intihar etdi. Heydər Hüseynov belə qurbanlardan yalnız biridir.

Qırmızı terror

Stalin tərəfindən bütün ittifaq miqyasında başladılmış, Azərbaycanda “37-ci il repressiyası” kimi tanınan (1936-1938) dövrdə, Bakıda Mircəfər Bağırovun hakimiyyəti altında on minlərlə azərbaycanlı edam edilmiş, Sibir və ya Orta Asiyaya sürgün edilmişdi. Onların çoxu Hüseyn Cavid kimi milli ziyalıların nümayəndələri idi.

Sovet İttifaqı bir az da müasir Şimali Koreyaya bənzəyirdi və Azərbaycan da bu repressiv rejimin kiçik bir parçası idi. Azərbaycanlılar bütün dünyadan 70 ildən artıq bir müddətdə təcrid olunmuşdular. Türkiyə ilə əlaqələrə pantürkizm damğası vurulurdu.
Avropada və Amerikada iqtisadi və mədəni inkişafla maraqlanmaq “Qərb imperialistləri qarşısında nökərçilik” kimi qiymətləndirilirdi və belə adamlar “Azərbaycan xalqının düşməni” elan edilirdilər.

Yekun olaraq deyə bilərik ki, Sovet İttifaqı Azərbaycan xalqının müasir tarixində mühüm mərhələ olub. Modernizmin, iqtisadi və mədəni inkişafın bir çox aspekti Sovet hakimiyyəti illərində sınaqdan çıxarılıb. Lakin bu məqamda biz yenidən həmin dövrün dəhşətli cəhətləri ilə üzləşirik. Bu, vətəndaş haqları olmayan və azad bazarla, çoxpartiyalı demokratiya ilə rəqabəti uduzmuş bir totalitar modernizm idi.

Cümhuriyyətin 100 illiyində, sovetizmdən xilasın 25 ili göstərir ki, istər rəqabətli azad bazar iqtisadiyyatını, istərsə də çoxpartiyalı demokratiyanı qurmaq son dərəcə çətindir. Xüsusilə də postsovet mutantizminin hakim olduğu coğrafiyada. Daha sonrakı yazılarımızda toxunacağımız Əliyevlər avtoritarizmi mütərəqqi nəyəsə nail olmağı öz xanədanlarının yox olma səbəbi kimi görürlər.

İndi yaşadığımız çətinliklər şübhəsiz ki, sovetin bizə miras qoyduğu neobolşevizmin fəsadlarıdır.

Bütün bu aspektlər bizi belə bir ritorik sual verməyə sövq edir: sovet modernizmi naminə 70 il ərzində belə bir acı təcrübəni yaşamağa dəyərdimi?! Bu modernizmin yaratdığı sovet insanından xilas olmaq hələ nə qədər zaman alacaq?!

Elman Fəttah

Meydan.tv

 
Yuxarı