post-title

Cavid Ramazanlı: Şəhriyar Məmmədyarovun uğur yolu

Dəqiq yadımda deyil, ya 1998, ya da 1999-cu ilin yayında Zaqatala şahmat məktəbində 16 yaşa qədər şahmatçıların respublika olimpiadası keçirilirdi. Yağışlı, çiskinli bir gündə şahmat həvəskarı olan atam məni yarışa baxmağa aparmışdı.

Şahmat məktəbinin geniş zalına daxil oldum. Yuxarı başdakı plakatda o dövrün ab-havasına uyğun olaraq, rəngli flamasterlə və iri çap hərfləriylə “16 YAŞA QƏDƏR ŞAHMATÇILARIN RESPUBLİKA OLİMPİADASINA XOŞ GƏLMİŞSİNİZ!” yazılmışdı.

Zalda müxtəlif yaşlarda və ölkənin müxtəlif bölgələrindən gələn onlarla şahmatçı oynayırdı. Səssizlikdə pıçıltılar, fiqurların bir-birinə dəyən səsləri eşidilirdi ancaq. İlk dəfə idi şahmat yarışı görürdüm, mənlə həmyaşıd olan uşaqların şahmat taxtası arxasında ovsunlanmış kimi sakit oturmaları, fikirləşmələri, gedişlər etməyi mənə sehrli təsir bağışlayırdı. Sonrakı günlər də yarışa baxmağa getdim, eyni coşğu və sehr davam edirdi. Nəhayət, olimpiada başa çatanda, hamının dilində qalibin adı vardı – qalib Şəhriyar Məmmədyarov idi.

Yarışda gördüklərimdən o qədər mütəəssir olmuşdum ki, təkid və israrla atamdan məni şahmat məktəbinə yazdırmağı istədim. Həmin ilin sentyabrında mən artıq Zaqatala şahmat məktəbinə gedirdim. Oyuna elə vəcd və coşğunluqla aludə olmuşdum ki, qısa müddət ərzində yaxşı nəticələr göstərdim. 2001-ci ildə isə ilk dəfə Gəncədə keçirilən respublika olimpiadasında iştirak etdim.

Bir gün oyundan sonra, nahar zamanı müəllimlərimizdən biri Şəhriyar Məmmədyarov haqqında danışmağa başladı. Şəhriyar yenə hansısa beynəlxalq yarışda qalib gəlmişdi. Müəllimimiz bizi ruhlandırmaq üçün onun şahmata olan sevgisindən və fədakarlığından bəhs edirdi. Bununla, ikinci dəfə idi Şəhriyarın adını eşidirdim. Nə qədər həqiqət olduğunu bilmirəm, çox güman əfsanədir, ətrafımızda olanlar tez-tez Şəhriyar və bacılarının şahmata olan sevgisini və fədakarlığını vurğulamaq üçün deyirdilər ki, ailələri çox kasıb olduğundan yarışlara qatılmaq üçün uzaq məsafələrdən (hətta Sumqayıtdan) yarışlara piyada gəlirlərmiş.

Gəncədəki olimpiadadan bir neçə il sonra mən özüm nəhayət, Şəhriyarla şahmat oynamaq fürsəti əldə etdim. Davamlı məşğul olduğuma görə, oyun səviyyəmi xeyli qaldırmışdım. Artıq Bakıda yaşayırdım və şahmatı daha peşəkar müəllimlərdən öyrənirdim. Şahmata çox gec, 11-12 yaşımda başlasam da, artıq həmyaşıdım olan güclü şahmatçılarla başabaş oynayırdım. Həmin vaxtlar Beş mərtəbənin yaxınlığındakı şahmat məktəbində hər həftənin şənbə günləri “rapid turnir” keçirilirdi. Kontingent çox güclü idi. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynov kimi güclü qrosmeysterlər də turnirdə müntəzəm oynayırdılar. Bir dəfə turnirdə çox yaxşı oynadım, bir də gördüm ki, ən yuxarı başda Şəhriyarla üz-üzə oturmuşam. Şəhriyar ağlarla oynayırdı. Heç bir şansım yox idi, amma heç olmasa layiqli müqavimət göstərmək istəyirdim. Amma bir də ayılıb gördüm ki, heç debütdən çıxa bilməyəcəm, bacarığım ancaq dağılmış vəziyyətdə olsam da, oyunu müəyyən qədər uzatmağa çatdı.

Bundan bir neçə il sonra, mən təhsil, yoxsa şahmat dilemması qarşısında qalanda məntiqli olaraq, təhsili seçdim. Çünki şahmatda irəliləmək üçün artıq çox gec idi, həvəs və motivasiya qalmamışdı. Kənardan ancaq ulduzları seyr etmək qalırdı. Azərbaycan şahmatının Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli ilə birlikdə qızıl nəslini tamamlayan Şəhriyar isə bir neçə il sonra şahmat elitasına daxil oldu. Şəxsi disiplini, qələbə ruhu və istedadı ilə tarixi bir nailiyyət göstərməklə, 2800-reytinqini adladı və hazırda karyerasının qızıl dövrünü yaşayır.

Məşhur bir şəkil var: Heydər Əliyev – Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov və Qədir Hüseynov hələ uşaq yaşlarında olarkən, onları qəbul edərək, xatirə şəkli çəkdirib. Bu dörd nəfər əvvəldə yazdığım kimi, Azərbaycan şahmat məktəbinin qızıl nəslini formalaşdırıblar. Sonralar Teymur Rəcəbov 13 yaşında qrosmeyster olmaqla dövrünün rekordunu qırmış, çox erkən yaşda elitaya daxil olmaqla Kasparova qalib gəlmiş; Vüqar Həşimov FİDE reytinqində 6-pilləyə qədər irəliləməklə, ağır xəstəliyinə rəğmən elitar şahmatda xarüqələr yaşatmış; Qədir Hüseynov 8 yaşında Fide ustası olmaqla dünya rekordu qırmış, Rauf isə 2700-lər klubuna daxil olmuş və xüsusilə blitsdə fərqlənmişdi.

Həmin məşhur şəkildə Şəhriyar Məmmədyarov yoxdur, çünki Şəhriyarı bəlkə də həmin dövrdə tanıyan da yox idi, çünki o birilər qədər parlaq oyunçu deyildi.

Şəhriyar şahmat oynamağa bir şahmatçı üçün çox gec sayıla biləcək yaşda – 9 yaşında başlayıb. O, şahmata başlayanda, digərləri onu çoxdan qabaqlamışdılar. Bu yaxınlarda 33 yaşına işarə edərək, bu qədər enerjini haradan tapdığı soruşulanda Şəhriyar çox maraqlı bir cavab verdi: “Mənim ən böyük üstünlüyüm odur ki, şahmat oynamağa çox gec, 9 yaşımda başlamışam. Şahmata 4-5 yaşında başlayanda və 33 yaşına çatanda, hədsiz çox oynadığını düşünürsən. Amma indi mən 26-27 yaşındakı şahmatçılar kimiyəm”.

Şəhriyarı digər yerli şahmatçılardan fərqləndirən bəzi mühüm cəhətlər də var. Yuxarıda adları çəkilən şahmatçıların hamısı rusdillilərdir və hamısı Bakının müxtəlif şahmat məktəblərinin yetirmələridir. İstər sovet dövründə, istərsə də müstəqillik dövrünün əksər illərində şahmatla maraqlanan və uşaqlarını şahmata yazdıranlar əsasən rusdillilər idi. Şəhriyara qədər azərbaycandillilər arasında parlaq şahmatçı çıxmırdı. Üstəlik o, paytaxt şahmatçısı deyildi. Şəhriyar şahmata gec başlamasına rəğmən, nəinki digər nəsildaşlarına gəlib çatdı, üstəlik onların hamısını ötüb keçdi. Onların arasında əlbəttə, yaxın dostluq münasibətləri var. Azərbaycanın şahmat üzrə yığma komandasının son illərdəki parlaq qalibiyyətlərinin də təməlində bu dostluq bağları dayanır. Lakin şəxsi zəfərlər rəqabət və motivasiya da yaradır.

Azərbaycan şahmatı Şəhriyarın uğurlarından sonra yenidən canlanıb. Rauf Məmmədov ilk dəfə 2700-lər klubuna daxil olub. Teymur Rəcəbov uzun müddətlik fasilədən sonra yenidən 20-liyə qayıdıb, Qədir Hüseynovla, Eltac Səfərlinin reytinqi yaxşılaşıb. Ümumilikdə hazırda dünyanın ən yaxşı 100 kişi şahmatçısı arasında 6 azərbaycanlı var. Çox heyf ki, Azərbaycan şahmatının qızıl halqalarından biri olan Vüqar Həşimov gənc yaşda vəfat etdi. Mən şəxsən əminəm ki, yaşasaydı, Vüqar Həşimovun nailiyyətləri Şəhriyarınkından az olmayacaqdı…

Şəhriyar son bir neçə il əvvələ qədər elitanın (reytinq siyahısına görə, dünyanın ən yaxşı 20-30 şahmatçısı) ortabablarından hesab olunurdu. O, 20 yaşlı şahmatçılar arasında iki dəfə dünya çempionu olan yeganə şahmatçı olsa da, rapid üzrə dünya çempionu və bəzi turnirlərdə qalib olsa da, bundan o tərəfə uğur qazana bilməyəcək kimi görünürdü, bu dövrdə onun reytinqi xalı da ən yaxşı halda 2774 olmuşdu. Yaş da artıq keçirdi. Müasir şahmatda 30 yaş sonrası eniş dövrü hesab edilir. Lakin Şəhriyar öz oyunu ilə bütün bu gözləntiləri alt-üst etdi. Hazırda şahmat aləmində Şəhriyarın ajiotaj yaratmasının səbəblərindən biri də budur.

Bəlkə də buna səbəb onun 2014-cü ildə Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdəki acı məğlubiyyəti idi. Həmin ildə ilk dəfəydi Azərbaycanda superturnir keçirilirdi. Yenicə vəfat edən Vüqar Həşimovun xatirəsinə həsr olunan yarışda hamının gözü Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun üzərində idi. Lakin Şəhriyar həmin yarışda gözlənilmədən axırıncı yeri tutdu. Buna görə hədsiz pis olmuşdu, pərtliyini gizlədə bilməyərək dedi ki, indiyə qədər heç bir turnirdə axırıncı yeri tutmayıb. Amma faktiki olaraq, onun ən parlaq uğurları da bundan sonra başladı. Şəhriyar sonrakı illərdə nəinki iki dəfə Şəmkir superturnirinin qalibi oldu, həmçinin FİDE Qranprisini, komanda üzrə Avropa çempionluğunu qazandı, 2800 reytinq balını adladı, namizədlərin turnirində 2-ci nəticəni göstərdi, ən sonda da özünün dediyi kimi Bieldə karyerasının ən parlaq superturnir zəfərini qazandı. Şəhriyar deyir ki, son vaxtlardakı uğurlu çıxışı içkini azaltması və yaşla bağlı olaraq daha səbrli oynaması ilə əlaqədardır. Amma ola bilsin, 2014-cü ildəki Şəmkirdəki acı məğlubiyyətin də burada rolu var.

Sonuncu dəfə çıxış etdiyi Biel turniri göstərdi ki, Şəhriyarın potensialı uzun illər ortalığa çıxmağı gözləyib. İndi Şəhriyar tamam başqa şahmatçıdır, əvvəlki kor-koranə hücum edən, aqressiv və riskli oyunçu gedib, yerinə səbrli və axıradək nəzarəti əlində saxlayan bir oyunçu gəlib.

Biel turniri nəyə görə vacib idi?

Şəhriyar 2800 reytinq balını keçəndə, bəziləri bunun təsadüf və müvəqqəti uğur olduğunu hesab edirdi. Şəhriyarın dünya çempionu Maqnus Karlsenin iştirak etdiyi superturnirdə qalibiyyəti yox idi. Buna görə də Biel turniri bir çox baxımlardan əlamətdardır.

Birincisi, artıq bir ilə yaxındır ki, Şəhriyar 2800 elo xalı ilə zirvədə qərarlaşaraq bunun təsadüf olmadığını sübut etdi, üstəlik mövqeyini biraz da möhkəmləndirdi. İkincisi, o, dünya çempionunun, 6 qat Biel çempionunun, 8 qat Rusiya çempionunun oynadığı 2 dövrəli yarışda ən yaxın rəqibini 1.5 xalla qabaqlamaqla və 10 turda heyrətamiz 5 qələbə qazanmaqla qalib gəldi. Üçüncüsü, Şəhriyar oynadığı bütün oyunlarda oyunlara hakim oldu, heç bir partiyada nəzarəti cüzi də olsa əldən vermədi. Xüsusilə Maqnus Karlsenlə oyun heyrətamiz idi. Adətən Karlsenin şahmatdakı əsas strategiyası belədir: rəqibini sıxır, cüzi üstünlüklə oyunu endşpilə aparır, sonda da rəqibini səhvlər eləməyə məcbur edərək, məğlubiyyətə uğradır. Maraqlıdır ki, Şəhriyar Karlseni elə onun öz strategiyası ilə məğlub etdi: o, oyunda axıradək üstünlüyü saxladı, rəqibini sıxdı-sıxdı, axırda da kobud səhv etməyə məcbur edərək qalib gəldi. Oyundan sonrakı mətbuat konfransında Karlsen də bunu etiraf etdi: “Mənim tərəfimdən olan çox saydakı diqqətsizliklər və onun tərəfindən olan olduqca dəqiq oyun sayəsində, o, uğura nail ola bildi”.

Şəhriyarın Karlsen üzərindəki qələbəsindən sonra şahmat biliciləri maraqlı bir məqama toxundular. Şahmat şərhçisi Yan Rocers “vəziyyət dəyişib” dedi: “artıq digərlərinin texnikaları Karlsenin təzyiqinin öhdəsindən gəlmək üçün inkişaf edib”. Buna görə də Karlsen artıq turnirləri böyük üstünlüklə başa vura bilmir, əvvəlki kimi çoxlu turnir qələbəsi qazanmır, Bieldə də Şəhriyar əzici üstünlüklə qalib gələrək, onu geridə qoydu. 8 qat Rusiya çempionu Pyotr Svidler Şəhriyarın zəfəri ilə bağlı belə dedi: “Bu, bizim son illərdə gördüyümüz ən dominant performanslardan biri idi”.

İndi Şəhriyar 2817 reytinq xalı ilə Maqnus Karslen və Fabiano Karuanadan (ikisi bu ilin Noyabrında dünya çempionluğu uğrunda matçda üz-üzə gələcəklər) sonra üçüncü pillədə qərarlaşıb. Əgər Şəhriyar cəmi bircə reytinq xalı qazansa, keçmiş dünya çempionu Vladimir Kramniki geridə qoyaraq, tarixin ən yüksəkreytinqli 10 şahmatçısı arasına düşəcək (hazırda o, 11-ci pillədədir).

Şəhriyar buralara qədər özünün şəxsi zəhməti, istedadı və şahmata olan sevgisi sayəsində gəlib çıxıb. O, hər dəfə öz oyunu ilə göstərir ki, heç vaxt gec deyil, insan çalışsa, fədakar və istəkli olsa, xəyal kimi görünən zəfərlərə nəinki nail olar, hətta onlardan da artığını qazanar. Əsas olan tələsmədən, ruhdan düşmədən, davamlı və israrla öz üzərində çalışmaqdır. Və təbii ki, mütləq və mütləq özünə inanmalısan…

Bilge.az
Yuxarı