post-title

Rüstəm Ayaks - Höteylə söhbət



Mənə elə gəlir, məhkum olduğu və heç zaman can qurtarmayacağı yadlıq duyğusuyla stoisizmdən yoğrulan barış içində yaşayan hər oxucunun, mənəvi çöküş anlarında əl uzatdığı bir az qəribə, anlaşılmaz da görünsə, əsərləriylə qurduğu sözlü-işarəli əlaqə zamanı, onlarla bütün bioloji qohumlarından daha dərin zehni qohumluq, daxili doğmalıq hiss edən, seçilmiş “ruhani ataları”, “mənəvi qardaşları” və çox-çox nadirən də “düşüncə bacıları” olur. Oxucunun tez-tez üz tutduğu, zaman-zaman fərqli ədəbi-fəlsəfi dünyalarda hərlənib yenidən qayıtdığı, ideyalarıyla dialoq yaratmağa dərin ehtiyac duyduğu yazıçı və mütəfəkkirlərdən danışıram. Bioloji yaşamlarıyla yan-yana zehni həyat sürdürməyə qarşısıalınmaz istək duyan və varlıqlarının əsas hissəsini, bu dünya üzərindəki görünən həyata qatlaşmaqdan ötrü, yaratdıqları görünməz iç dünyalarına sevə-sevə həsr edən bu müəlliflərin əksəriyyəti adətən dünyadan köçmüş olur, fəqət onların kəlmələrdən yaranan xəyali və aydın dünyası bizim təsəlli qaynağımız olmaqda davam edir, yaşamağa güc verir, sevincimiz, hüznümüzə çevrilirlər. Belə müəlliflərimdən biri, artıq gənc yaşlarından bəri universitetdə yüksək kürsü sahibi olmağına rəğmən, otuz yaşından bəri akademik karyeradan, öz zamanının məhdud çərçivəli professor zehniyyətindən əl-ətək çəkib “düşüncənin ucsuz-bucaqsız, azadə çöllərinə” üz tutan, yazacağı əsərləri özündən iyirmi üç əsr əvvəl yaşayan Heraklitcəsinə dağlarda gəzərkən planlayan, intellektual vicdan məsələsində son dərəcə kaprizli mövqe sərgiləyən alman mütəfəkkiriydi. Diqqətli oxucuların, kimdən söhbət getdiyini yəqin ki anladığı, mənimsə adını çəkmək istəmədiyim bu filosof intellektual aləmdə, özündən əvvəlki Qərb kültürünü, bəlkə bir az da yaşadığı ağır həyatın fərdi psixikasında yaratdığı əsəbilikdən yaranan kəskin intellektual bıçaqla cərrahcasına parçalara ayırıb xırdalamasıyla, incələməsiylə, bu təmiz intellekt haləsinin altında qaynaşan xaotik insani meylləri, arzuları, istəkləri, yaşam iradəsini, qızğınlığı və yırtıcılığı qəddarcasına dartaraq zəkanın aydın dünyasına çıxarmasıyla məşhurdur. Doğrudur, bu cəhət onun düşüncə dünyasının yalnız bir cəhətidir, ancaq sözügedən filosofun bu qəribə intellektual həvəsi bəzən “dəlilik” dərəcəsinə çatır. Onu mütaliə etdikcə, suallarım yaranırdı, biri beləydi: Görəsən, bu son dərəcə həssas sinirlərə sahib “əsəbi-fəlsəfi əsilzadə”nin özündən başqa və özündən əvvəl sevib-seçdiyi kültür dühaları var idimı? Var idi, azsaylı idi və onlardan biri Höteydi.

Onun mətnləri arasında Höteyə həsr etdiyi ayrıca və üslubunun əsas cizgiləriylə təzad təşkil edən işıqlı, təsdiqləyici düşüncələrdən ibarət analizləri var. Ənənəvi və içində doğulduğu kültür tərəfindən zehninə yeridilən idealizmdən ikrahla üz çevirib öz idealizmini tapan bu filosof, Höteni böyük və gözəl insan sayır, onu, sərt tənqidçisi olduğu alman təfəkkür dünyasından ayıraraq yüksəldir, özündə bilgi və sənətin bütün pozitiv güclərini birləşdirən dolğun mədəniyyət yaradıcısı kimi xarakterizə edir. Dekatentizmə, nihilizmə, ruhani çöküşə, küskün romantizmə, bezgin mənəviliyə yuvarlanan bir əsrdə Hötenin yaradıcı iradəsini, özünə hakimliyini, həyata, bilgiyə və sənətə duyduğu inamda səbatlı mövqeyini qamətli bir sayğıyla təqdir edərək, alman nəsrinin inciləri başlığı altında bölüşdüyü kitab seçimində, alman ədəbiyyatşünası, Hötenin dostu və katibi olan İohan Piter Ekkermanın “Höteylə söhbətlər” əsərini alman nəsrinin ən yaxşı kitabı kimi təqdim edir. Kitab məni çox maraqlandırdı və təqribən səkkizyüz səhifəlik bu kitabı axtarıb taparaq həvəslə oxumağa başladım. Çünki, sözügedən qızğın, davakar filosofun sevib-seçdiyi dahi modelini tapıb, təsəvvürümdə canlandırmağa şiddətli istək duyurdum.

Related image
Yohan Höte

Kitab Ekkermanın öz ailəsinin vəziyyətini, yaşamının ilkin dövrlərini və Höteylə görüşüb yanında çalışmağa başladığı dönəmləri təsvir edən söhbətləriylə başlayır. Əsərin ümumi məzmunundan azca uzaqlaşıb bu hissəylə bağlı bir məqamı vurğulamaq istəyirəm: Ekkerman kiçik kənd təsərrüfatıyla məşğul olan kəndli ailəsində doğulur. Özünün qeyd etdiyi kimi, dünyada ədəbiyyatın, incə sənətlərin varlığından xəbərsiz olan sakit, üzüyola, hər mövsümün atmosferinə uyğun işlərdə çalışıb, saman yığıb, inək otladıb ailəsinə kömək edən bu kəndli oğlan Höteylə dostluğa və işbirliyinə aparan həyatın içinə təsadüfən atılır. Tütün çəkməyi xoşlayan atası özüylə birgə Hamburqdan tütün gətirir. Axşamların birində ailənin nümayəndələri qədimi lampa işığıyla aydınlanmış stol ətrafında oturub öz işlərindən söhbətə dalarkən, yeniyetmə Ekkermanın dalğın baxışları tütün paketinin üzərində rəsm edilən maraqlı at şəklinə ilişir. Kağızını, qələmini, mürəkkəbini xatırlayınca bir anda bu atı rəsm etməyə şiddətli meyl duyur və rəsmini bitirib, ata-anasına göstərib, onların şirin təriflərini eşitdikdən sonra xoşbəxtliklə dolu, yarıyuxusuz gecə keçirir, rəsmini çəkdiyi atı düşünür və işinə yenidən tamaşa edib sevinc duymaqdan ötrü sabahı səbrsizliklə gözləyir. Həmin andan başlayaraq hər gördüyü rəsmi yenidən çəkmək istəyi yaxasını buraxmır, ətrafda ona yol göstərəcək kimsə olmasa da, dulusçu qonşusu, hazırladığı qabları boyayarkən örnək kimi istifadə etdiyi rəsm dəftərini ona bağışladıqda çox sevinir. Tezliklə çəkdiyi rəsmlər əldən-ələ dolaşır və qəsəbənin önəmli məmurunun diqqətini çəlb edir. Məmur gənc Ekkermanı qonaq çağırır, onu xoş sözlər və ərməğanlarla həvəsləndirərək rəssam olmaq istəyib-istəməyəcəyini soruşur, əgər istəyərsə, onu Hamburqda çalışan təcrübəli bir sənətkarın yanına şagird kimi göndərməyə hazır olacağını bildirir. Ekkerman çox istəkli olsa da, rəssamlıq barədə məhdud anlayışa sahib kəndli ailəsi bu istəyinin reallaşmasına dəstək olmur. Fəqət istedadlı yeniyetmə diqqətləri öz üzərinə çəkməkdə davam edir və yaşadığı regionun ziyalı insanları onu himayə altına alıb səliqəli geyindirir, fransızca öyrənməyini, musiqiylə məşğul olmağını təmin edirlər. Bu yerlərin sayğılı protestan rahibi isə onu tez-tez öz süfrəsinə dəvət edərək könlünü xoş edir. Ekkermanın həyatının bu mərhələsindən sonrakı dönəmləri barədə uzun-uzadı söhbət açmaq istəmirəm, əziz oxucu, çünki belə olsa mövzumuzun əsas mahiyyətindən uzaqlaşarıq. Sadəcə, qəsəbə insanlarının yeniyetmə bir insanın istedadını sezib onun qabiliyyətlərinin inkişafına köməklik göstərməyinin təsirli və nümunəvi olduğunu düşündüyümdən bu məqamı vurğulamadan, üstündən keçmək istəmədim.

Yaşamının gedişatı Ekkermanı ədəbiyyatşünaslığa gətirib çıxarır və Hötenin yaradıcılığına duyduğu heyranlığın təsiriylə onunla tanışlığa can atır. Və görüşürlər. Höte onu mehribanlıqla qarşılayır və həmin günü Ekkermanın xatirəsində onun ən xoşbəxt günü kimi canlı saxlayır. Ekkerman Hötenin evinin və özünün onda yaratdığı ilkin təəssüratları bölüşür: “Evin döşənmə tərzi məndə çox xoş təsir buraxdı, lüks sayılmazdı, hər nəsnə olduqca sadə və təmiz idi, pilləkənlərin ətrafına düzülən antik heykəllərin kopyaları Hötenin incəsənətə və Yunan antikliyinə xüsusi marağından xəbər verirdi”. Hötenin yaşlı görünüşü barədə davam edir: “Üz ifadələri çox güclüydü, çöhrəsi əsmər idi və qırışlarla örtülmüşdü. Hər qırışın yəqin ki, ifadə edəcəyi öz hekayəti var idi. Hər cəhətiylə elə təvazökar, ahəngli, sakit və ucaydı ki! Onunla söhbət edərkən sanki, müdrik bir kralla dərdləşirdin, hərəkətləri yavaş və rahat idi. Özüylə barışıq olduğu hər cəhətindən bəlliydi. Hər cür tərif və tənqidin ötəsinə keçmişdi...”


Hötenin doğulduğu ev


Söhbət, dərdləşmə, zarafatlaşma nəticəsində aralarında yaxınlıq yaranır və Ekkerman səksən iki yaşında vəfat edəcək yetmiş iki yaşlı Hötenin son on ilini onunla birgə keçirir, elmi-fəlsəfi və ədəbi əsərlərindən ibarət qırx iki cildlik yaradıcılığını nizamlamaqda köməkçisi olur və Hötenin ölümündən sonra ən yaxşı Höte filoloqu kimi tanınır. İndi, qalın, klassik bir kitabı geniş məzmunuyla ələ alıb ifadə etməyin uzunçuluğa səbəb olacağını, həm oxucunu yoracağını, həm oxucunu bəlkə də kitabın özünü, öz tənqidi təfəkkürüylə və azadə şəkildə oxumaq həvəsindən uzaqlaşdıracağını düşündüyümdən, artıq yaşlanmış, romantik həyatında çoxsaylı sevgilər yaşamış, intellektual həyatında geniş yelpazəli kültür ərsəyə gətirmiş, sosial həyatındasa ailə, övlad və ictimai status sevincini dolğunca dadmış Hötenin xüsusən bu kitabdan hiss edilən xarakterik özəlliklərindən, təbiət, insan naturası, sənət, bilgi və digər yaşam aspektləri barədə söylədiyi və yəqin ki, son, bitkin düşüncələrinin bəzilərindən söhbət açmağa və fikirlərindən paylaşmağa çalışacağam ki, yuxarıda vurğuladığım filosofun ona olan heyranlığının sirrini aydınlığa çıxaraq. Ən azından cəhd edək. Həmin məqamları alt-alta ifadə etməyə çalışacağam. 

Beləliklə:

Kitabın Hötesi sanki, insan təbiətinə xas olan qərəz duyğusundan arınıb. Kitab boyunca bəşər mədəniyyətinin çoxsaylı yaradıcı insanları barədə mühakimə yürüdərkən ədalətli yanaşmanı qorumağa çalışır və tənqidləri əsla yaralayıcı xarakter almır. Adətən barəsində fikir bildirdiyi insanların mənfi cəhətlərini vurğulamaqda həvəs göstərmir, daha çox müsbət, əhəmiyyətli yönlərə fokuslanır. Fəqət bir məqamda ondan xoşlanmayan tənqidçilərdən danışarkən, onları müxtəlif qruplara ayırır və gözlənildiyi kimi, insan psixikasının dərin bilicisi olduğunu bu dəfə qəhrəmanları vasitəsiylə deyil, özü birbaşa sərgiləyir: “Bilgisiz olduqları üçün mənim pisliyimi istəyənlərdən danışmaq istəyirəm əvvəlcə, məni tanımadan tənqid edən insanlardan. Bu böyük kütlə həyatımda çox sıxıntı yaratdı, ancaq nə etdiklərini anlamadıqları üçün onları bağışlamaq olar. İkinci dəstəyə qısqanclar daxildi. Bu insanlar istedadımla, zəhmətimlə əldə etdiyim qürurlu işimi mənə çox görürlər. Şöhrətimlə uğraşıb dururlar, bacarsalar məni məhv edəcəklər. Yəqin məni bədbəxt və səfil vəziyyətdə gördükdən sonra nəhayət rahatlayarlar. Digər qrupa aid olanlar özləri kifayət qədər uğurlu olmadıqları üçün məni həzm edə bilmirlər. Onların arasında istedadlı insanlar da var, amma onları kölgədə buraxdığım üçün mənə acıqlanırlar. Dördüncü qrupa gəlincə, məni tənqid edən bu qrupun özlərincə haqlı səbəbləri var. Mən də insanam, buna görə də xətalarıma və zəifliklərimə yazılarımda rast gəlinir, təhsilimi çox ciddiyə aldığımdan və dayanmadan ədəbiyyatla maraqlandığımdan həmişə irəliyə getmək imkanına sahib oldum, ona görə də çoxdan geridə buraxdığım hansısa səhvlərim ucbatından xeyli tənqidlərə hədəf olmuşam. Bu yaxşı insanlar məni ən az yaralayanlar oldular, ancaq istənilən halda bitirdiyim bir əsərə münasibətdə qayğısız oluram, onunla maraqlanmağa davam etmirəm və yeni ideyalar düşünməyə başlayıram. Digər bir kütlə də fərqli dünyagörüşə və tərzə sahib olduğundan məndən xoşlanmayanlardı. Deyilənə görə bir ağacın bir-birinə eynilə bənzəyən iki yarpağı olmur, eyni şəkildə də min insanın içindən həm mənəvi, həm də düşünüş baxımından tamamilə bir-birinə bənzəyən iki insan çıxa bilməz. Bu fərziyyədən çıxış etsək, deyə bilərəm ki, məndən xoşlanmayanların sayının heyranlarımın və dostlarımın sayından çox olması təəccüblü deyil. Uğurlarımla öyünməyə, onları gərəyindən çox yüksəltməyə can atmadım, getdiyim yolda sakit-sakit irəlilədim və imkan olduqca mənə hücüm edənləri görməzdən gəlməyə çalışdım”.

Dövrünün mədəni dilləri içində ən yüksək dəyər verdiyi İngiliscədi. Filoloji araşdırmalarla məşğul olan Ekkermana bu dili öyrənməsini israrla məsləhət verir, çünki ona görə, bu dili öyrənməklə Lord Bayronun əsərlərinin orijinal anlamından və estetizmindən alınan həzzi daha dərindən duyacaq. Demək ki, ən azından Bayrona görə ingiliscəni öyrənməyə dəyərmiş.

Image result for conversations of goethe
"Hötenin söhbətləri" kitabının üz qabığı


Dostlarına, ailə üzvlərinə, xidmətçilərinə qarşı çox nəzakətlidir. Bütün kitab boyunca tez-tez nəzərə çarpan nəzakətili davranışı göründüyü qədər qocalıq zəifliyindən, yaxud göstəriş ehtiyacından deyil, həyatın xaotikliyi içində möhkəmlənən orqanizmin öz qüvvəsindən duyduğu həyat eşqindən qaynaqlanır sanki. Bir məqamda otağındakı qravüraların büküldüyü qovluğun üzərini tozlu görür, silmək istədikdə əsgi tapmır, üzünə xidmətçiyə çevirib söyləyir (Hötenin qaba halı): “Sənə son dəfə deyirəm, əgər tozları almaq üçün lazım olacaq əsgiləri bu gün alıb gətirməsən, sabah almağa özüm gedəcəyəm. Dediyimi edəcəyimi də yaxşı bilirsən”. Sonra Ekkermana tərəf çevrilib gülümsər çöhrəylə söhbətinə davam edir: “Buna bənzər durumu aktyor Bekker ilə də yaşamışdım, “Wallenstein”dəki (Şillerin pyesi-müəllif) suvari rolunu oynamağı rədd etmişdi. Ona, əgər bu rolu oynamaq istəməsə, özüm oynayacağam deyə xəbər yolladım. Və bu işə yaradı. Çünki teatrdakılar məni tanıyırdılar və belə işlərdə zarafat etməyəcəyimi, sözümdən dönməyəcəyimi və işimi ən yaxşı şəkildə həyata keçirəcək qədər çılğın olduğumu bilirdilər”. Fəqət, dostu və o dönəmin tanınmış bəstəkarı Fridrix Zelterdən söhbət edərkən, sosial həyatın hər üzünü görmüş-keçirmiş təcrübəli insan kimi, canlı insanın bir çox məqamlarda özünü mühafizə etsin deyə kobud olmaq məcburiyyətində qalacağını da vurğulayır: “İlk ünsiyyətdə bəlkə də Zelter adama qaba və xam insan təəssüratı bağışlayır. Ancaq bu dışarıdan baxınca belədir. Doğrusu, mən Zelter qədər eyni zamanda zərif olmağı bacaran başqa birini tanımıram. Üstəlik, həyatının yarım əsrdən çoxunu Berlində keçirmiş olduğunu unutmayaq. Orada cəsur və möhkəm insanlar yaşayır. Buna görə də kübarlıqla alınmırsa, özünüzü ayaq üstə dik saxlamağınız üçün döyüşkən olmağa, hətta bəzən kobud olmağa məcbursunuz...” Kitabın yaşlı və müdrik Hötesi alicənablığa və xoşxasiyyətliyə meylli olduğu qədər, həyatın sərtliyindən də qopmur və onun islaholunmaz hücumlarına qarşı hər zaman hazırdı.

Bütün yaşamı boyunca həm poetik yaradıcılıqla, həm elmi yaradıcılıqla məşğul olan, rəssamlığa mehr salan, üstəlik bütün bu fəaliyyətlərlə yan-yana dövlət işlərində də çalışmağa imkan tapan Höte “indi artıq Almaniya kültür baxımından xeyli yüksəlib və elmlər ən müxtəlif sahələrə ayrılıblar..Onların hamısına meyl salmaq və hamısından bilgi əxz etməyə çalışmaq ağır və yararsız iş olar” deyibən, gənc yaradıcılara dağınıq işlərlə məşğul olmamağı məsləhət görür və əsasən bir sahəni mükəmməl, dolğun şəkildə öyrənməyin ona daha çox uğur, zehni bəhər gətirəcəyini ciddiyyətlə vurğulayır.

Yuxarıda vurğulandığı kimi Hötenin əsas maraqlarından və bilgi qaynaqlarından biri təbiətiydi. Ekkerman günlərin bir günü Erfurt şəhərinin xoşətirli havasında gəzinərkən yaşlı bir kişiylə tanış olur. Söhbətə yeni başlayan kimi Hötedən söhbət açılır və qoca kişi Hötenini çox yaxşı tanıdığını, iyirmi ilə yaxın onun yanında xidmətçi kimi çalışdığını həvəslə vurğulayır. Bu tapıntıdan sevincək olan Ekkerman “Höte bu şəhərə gəldiyi zaman çoxmu nəşəliydi?” sualını ona ünvanladıqda, kişinin ürəyi açılır: Hə, elə onda da kefcil və nəşəli xarakterə sahibmiş, fəqət hər zaman əndazəni aşmamağa çalışarmış, ara-sıra lap keflənsə də, bu halında belə ciddiyyətini əsla itirməzmiş. Hər zaman axtarıb-arayan, araşdıran, çalışan, ağlını sənətə və elmə yönəltmiş bir cavanmış. Axşamlar zati aliləri Hersoq tez-tez ona baş çəkməyə gələrmiş, gecəyarılarına qədər elmi mövzularda söhbətə dalarmışlar, o qədər müzakirə edərmişlər ki, onun üçün zaman heç cür keçmək bilməzmiş, öz-özünə, görəsən bu Hersoq nə zaman qalxıb gedər deyə şikayətlənərmiş...” 

Təbiət araşdırmaları, o zamanlar belə onun can atdığı ən önəmli aktivlik idi. Həmin dövrdə bir gecəyarısı zəngi çalıb məni çağırdı, otağına girəndə, təkərli dəmir çarpayısını otağın bu başından o başına çəkib pəncərənin yanına yerləşdirdiyini gördüm. Yatağına uzanıb göyüzünü müşahidə edirdi. Məndən səmada nəsə görüb-görmədiyimi soruşdu. Mən “Xeyr” söyləyincə, polisə getməyimi və gecə növbətçisindən, bəlkə onun səmada nəyəsə diqqət edib-etmədiyini soruşmağımı xahiş etdi. Anında ora getdim, amma növbətçi də heç nə görməmişdi, bunu əfəndimə söyləyəndə, o hələ də yatağında uzanmışdı, gözlərini qırpmadan göyüzünə baxırdı. Az sonra mənə “Dinlə, bizim üçün çox önəmli andı bu, ya indi hardasa zəlzələ oldu, ya da tezliklə olacaq.” söylədi. Bu aralıqda mən də yatağının kənarına söykəndim və mənə bunu necə anladığını göstərdi”.

Canlı orqanizmlərin fiziki quruluşunu öyrənən elm sahəsinin adını - “Morfologiya” terminini Höte təbiətşünaslığa gətirib. Mineraologiya, geologiya, fizikanın akustika, optika sahələrinə dair çalışmalar həyata keçirib, hətta Nyutonun, zamanında çox geniş tərəfdar kütləsi toplayan “Rəng nəzəriyyəsinə” qarşı özünkünü ərsəyə gətirib və uzun illər ərzində bu iki nəzəriyyə tərəfdarları arasında qızğın müzakirələrə rəvac verib. O dönəmin Rudolf Vaqner və Erlanqene kimi bitki, heyvan və insanlar arasında daima fərqliliklər axtaran təbiətşünaslarının əksinə, Höte ən müxtəlif canlılar arasında ortaq-oxşar nöqtələri tapıb aydınlığa çıxarmağa çalışırdı. Və beləliklə Höte də öz kəskin zəkası və sezgiləriylə, Darvindən təqribən yetmiş il əvvəl təkamül nəzəriyyəsinə gəlib çıxan düşüncə insanlarından biri olur.

Image result for gənc verterin iztirabları
Hötenin yeganə romanı Azərbaycan dilində


Həm də alim olduğundan, göründüyü qədər beyninin rasional yönləriylə, ipə-sapa yatmaz irrasional dahiyanəliyi arasında qurduğu səbatlı sintezin (lap yuxarıdakı adsız filosofun ona duyduğu heyranlıq səbəblərindən biri) pozitiv təsirlərinin köməkliyiylə Höte heç zaman sağlam zəmindən-dünyanın elmi qavrayışından qopmur, uzaqlaşmır. Dayazdüşüncəli determinist optimistlərdən fərqli olaraq təkamülçü optimist kimi yaşamın bioloji mahiyyətinin hər zaman ağır basacağını, bu təməl köklərdən qaynaqlanan həyat və hakimiyyət mücadiləsinin belə getsə heç zaman sonlanmayacağını, iqtidarı bəd məqsədlərlə istifadə edənlərin heç zaman ağıllanmayacaqlarını, daha uyğun şərtlər yaradacaq inkişaf gözləntisində olan kütlələrin də əllərində olanlarla yetinməyəcəklərini yüngülvari qüssəylə dilə gətirir. “Əgər bəşəriyyət mükəmməl hala gəlsə, ancaq həmin zaman daha mükəmməl dünya haqqında düşünə bilərik, ancaq bu gedişlə deyəsən heç nə dəyişməyəcək, əhalinin bir hissəsi ağrı-acı içində yaşayarkən digər hissəsi rifah içində üzəcək, eqoizm və qısqanclıq bəd ruhlar şəklində öz oyunlarını davam etdirəcək və bir-birinə zidd dünyabaxışların tərəfdarları arasındakı mücadilənin sonu gəlməyəcək.. Belə olduğu halda, insanın seçəcəyi ən ağıllı yol, hər insanın, nə üçün doğulubsa, hansı qabiliyyətlərlə anadan olubsa, nəyi öyrənibsə, ona uyğun fəaliyyətlərə yönəlməsi, onunla bağlı məsləklərə meyl etməsi və digərlərinin həyata keçirdiyi işlərə də əngəl yaratmamasıdır. Qoy pinəçi öz dəzgahının başında, əkinçi də kotanının arxasında dursun, hökmdar da hökm etməyi bacarsın. Və yaxşı olar ki, kimsə anlamadığı və bilmədiyi işlərlə məşğul olmağa çalışmasın. Bu öyrənilməsi gərəkən məqamdı”. Və deyəsən bir azca gözəgirən və adamı qıcıqlandıran lovğa ədalarla (belə də ki, Höte lovğa olmasın da, bəs kim olsun, sən söylə, ey mərhəmətli oxucu?) özü haqqında davam edir: “Başqalarının nə danışdıqlarına fikir vermədən, doğru saydığım fəaliyyətləri yerinə yetirdim. Həyata keçirdiyim işi hər yönüylə qavramağa çalışdım və hədəfimin nə olduğunu hər zaman canlı saxladım. Əgər bir fərd olaraq hansısa xətalara yol verdimsə, onu gələcəkdə düzəldə bildim, ancaq eyni xətaya iki ya da üç insan yol verərsə, artıq belə xətanı düzəltmək mümkünsüz hala gələr. Çünki, insan sayı qədər düşüncə çeşidinin də mövcud olduğunu unutmamalıyıq”.

Ömrünün son illərindən bəhs edən bu kitabın ahıllaşmış Hötesi bəs görəsən dinlərin “o biri dünya”sı barədə nə düşünür? Dünyəvi həyatdan sonrakı yaşama inanmağın daxili rahatlıq gətirdiyini, ruhani xoşbəxtlik bəxş etdiyini, fəqət bununla qürurlanmaq üçün heç bir ciddi səbəbin olmadığını, əgər o həyat var olacaqsa belə, dünyalı imanlılarla orada üz-üzə gəlməyi əsla istəməyəcəyini, bunun onunçun fəlakət olacağını (bu məqamdakı danışıq üslubunda məzəli ironiklik hiss olunur) düşünür: “Yoxsa ki, dindarlar bu cür sorğu-suallarla ətrafımı sarmalayardılar yəqin: “Biz haqlı çıxmadıqmı? Biz zatən söyləməmişdikmi? Buyurun baxın, dediklərimiz gerçəkləşmədimi?” Belə olacaqsa, deməli bu dünyanın ötəsində də can sıxıntısının sonu gəlməyəcək...”

Alman mistik şairi Tiqdenin ölümsüzlük mövzusunda yazdığı “Urania” adlı əsərinə yüngülvari tənqidini bildirdikdən sonra davam edir: “Ölümsüzlük düşüncəsiylə məşğul olmaq bekar zadəgan qadınların işidi. Bu tərəfdə, bu dünyada doğru-dürüst bir fərd olmağı düşünən, bunun uğrunda cidd-cəhd göstərən, mücadilə aparan və məhsuldar, çalışqan olmağı bacaran insan isə sonrakı həyat mövzusuyla maraqlanmaz, çalışar ki, bu dünya üçün faydalı olsun. Üstəlik, doğrusunu deməli olsaq, bu ölümsüzlük düşüncəsi taleyin üzlərinə gülmədiyi insanlar üçündür. Hətta bu barədə iddiaya da girə bilərəm: əgər dəyərli Tiqdenin daha parlaq bir həyatı olsaydı, düşüncələri də o dərəcədə işıqlı və aydın olardı.”

Nacizanə və ürkək bir arzunun diktəsiylə, təcrübəsiz əlin qələmə aldığı bu yazının birinci hissəsini bitirmədən öncə könül istər ki, alman işgüzarlığının və dünyasevərliyinin vücud halında təzahür edən bu qədimi Sələfinə bir “Eşq olsun!” hayqırışı göndərsin!

Kultura.az

(Ardı var..)

Yuxarı