post-title

Zamin Hacı: Meymun ovlamağın üsulu

“Söylə görüm: bütün bunlar doğrudurmu, sevgilim, bütün bunlar doğrudurmu? ...

...Doğrudanmı mənim dodaqlarım ilk məhəbbətin açılmış çiçəyi kimi şirindir?

Doğrudanmı əl-ayağımda keçmiş may aylarının izləri qalmışdır?"

(Rabindranat Taqor)

Təzəlikcə “Hindistan yolu” adlı yazı yazmışdım. Hindistanlı qardaşlarımız ümidlərimi doğrultdular və bizim üçün daha bir örnək yaratdılar. 3-4 gün qabaq orada Vallabhai Patel adlı ictimai-siyasi xadimin heykəlinin açılışı oldu. Bu adam Hindistan Britaniyadan ayrılıb müstəqil olarkən baş nazirin müavini işləyibdir, ölkə ştatlarının birləşməsində nəsə rolu-zadı olmuşdur. Əlbəttə, hörmətli oxucularımıza Hindistan tarixindən dərs keçmək fikrim yoxdur, istəyən tapıb Patel müəllimin tərcümeyi-halını səhərə qədər oxuya bilər. Sadəcə, hadisəni bizim üçün maraqlı edən odur ki, Patelə qoyulan heykəl dünyanın ən yekə heykəli olaraq rekord vurmuşdur. Heykəlin hündürlüyü nə az, nə çox - 240 metrdir! (Təsəvvürünüz olsun deyə müqayisə yazıram: bizim Bakı teleqülləsi 310 metrdir, onun fırlanan restoran olan hissəsinə qədər isə 175 metr). Heykəlin hazırlanmasına 18 min ton polad, 1700 ton bürünc, ümumilikdə isə 430 milyon dollar sərf olunub. Və bu cür bədxərclik edən ölkədə 300 milyon insanın elektrik enerjisinə çıxışı yoxdur. Şəhərlərinin 50 faizində içməli su, böyük çoxluğunda kanalizasiya xətti belə yoxdur. BMT insan inkişafı indeksində Hindistan 131-ci yerdədir (müqayisə üçün: hətta Azərbaycan belə 78-ci yerdədir).

Ancaq millətə nə lazımdır? Ən uzun heykəl. Əsas budur. Özü də barı Mahatma Qandiyə, Cavahirləl Nehru-ya, nə bilim, Rac Kapura, Zitanın xalasına ən yekə heykəl qoyalar, adam pis olmaz. Adam heç baş nazir də olmayıb, baş nazirin müavini olubdur. Təsəvvür elə. Sanki bizdə borc-xərc eləyib yarım milyard dollara Abid Şərifova ən yekə(qarın) heykəl qoyulur.

Yadımdan çıxmamış, bizim dostumuz-qardaşımız dövlətlərdən bir Tacikistan var, oranın müdiri İmomali müəllim də belənçik şeylərin xəstəsidir. İqtisadi vəziyyətinə görə Afrikanın ac ölkələrindən də geri qalan Tacikistanda dünyanın ən uzun bayraq dirəyini qayırmışdı. Guya başqa millətlər hardan baxsalar tacik bayrağını görsələr nə olacaqdı, görməsələr nə olacaqdı? Onu bizimlə bəhsə girib qayırmışdı özü də. Bizim bayraq dirəyi nəticədə çox qısa müddətə ən uzun bayraq olmuşdu. Təbii, biz indi taciklərə baş qoşmuruq, bölgələrə investisiya yatırır, bütün şəhər və rayon mərkəzlərimizdə bayraq dirəkləri düzəldirik. Maşallah, indi çoxunda belə bayraqlar ucalır. Hətta bu yaxında mən Beynəlxalq Aviasiya İdarəsinin (BAİ) müdiri Con Flayt müəllimin şikayətini oxudum, deyir Azərbaycan üzərindən uçuşlar bizim üçün getdikcə çətinləşir, çünki bayraq dirəkləri meşəsinin içindən keçməli oluruq. Deyir pilotlarımız dirəklər arasında səkkiz yazaraq uçuş məharətlərini göstərirlər. Gözünüz çıxsın elə. Necə paxıllığımızı çəkirlər. İnşallah, biz gələn Novruzda İsa bulağının başında bayraq dirəyimizi ucaldarıq. Buna heç kəsin şübhəsi olmasın.

Ta mövzu açılıbdır, bir dənə hind əhvalatını yazım. Orda müdrik söhbətlər çox olur, görürsən milyarder bir quru (ustad, müəllim deməkdir) camaatı yığır başına, onlara ac qalmağın hikmətlərindən moizə oxuyur. Nəsə, əhvalat belədir ki, Hindistanda meymunları tutmaq üçün ağır bir qab düzəldirlər, bunun içinə kokos qozu qoyurlar. Qabın ağzı o qədər balaca qayırılır ki, meymun əlini açıq içinə soxa bilsin, lakin yumruq şəklində tutanda çıxara bilməsin. Beləcə, meymun gəlir əlini soxur qozu götürür, lakin əlini geri çəkəndə əli çıxmır, ovçu da tutur. Həmin müddətdə meymun qozu əlindən buraxmırmış. Biri də var, deyir bir gün avropalı gedir Hindistana, görür uşaq əhlilləşmiş fillə odunu gətirdi bazara, bu zaman fili çox nazik iplə bağladı. Avropalı deyir niyə nazik iplə bağladın, bu boyda heyvan onu qırıb qaçar. Uşaq deyir qaçmaz. Sən demə uşaq fili hələ balaca vaxtından bu cür iplə bağlayırmış, fil də elə bilir yenə balaca vaxtındakı kimi, ipi dartsa qıra bilməz, nəticədə dartmır. Heç cəhd də eləmir.

Şübhəsiz, burada ibrət götürmək istəyənlər üçün çox fikirlər vardır.

Musavat.com
Yuxarı