post-title

“Zülmətdə bir alatoran” haqqında

ən təmiz arzularla yaşar
masamda ağ vərəqlər
 R.Q

“...dünyanın ən günahsız peşəsini seçmişdim, şeirlər və hekayələr yazırdım, yeganə istəyim onları çap etdirməkdi, ancaq misli görünməmiş bir süründürməçiliklə üzləşmişdim, məgər bundan böyük ədalətsizlik ola bilərmi?”

Bu cümlələr Rasim Qaracanın “Zülmətdə Bir Alatoran” avtobioqrafik romanındandır. Kitab bir müddət əvvəl, 2018-ci ilin fevralında çap olunsa da, səsi yetərincə eşidilmədi. Bu əlbəttə, kitabın günahı deyil, lal sükuta dalmış bir mühitdə yaxşı kitabların da səsi eşidilməz olur. Amma kitab geniş oxucu kütləsinə gedib çatsaydı, insanlar oxuyub görərdilər ki, “Zülmətdə Bir Alatoran” bu gün Azərbaycanda xüsusilə fikir, mədəniyyət və ədəbiyyat sahəsində hökm sürən dilsizliyin mərhələ-mərhələ necə ortaya çıxdığını gözlər önünə sərir. 

Bizdə xüsusilə bioqrafiya janrında səmimi bir əsərin yazılması nadirdən də nadir hadisədir. Ənənəvi yazıçıların, şairlərin soyuq qəlblərindən həqiqi bir memuarın çıxacağını gözləmək gözgörəsi sadəlövhlükdür, o ki qaldı sən bunu digər sahələrin tanınmışlarından gözləyəsən. Bizdə hər ölən hansısa əhəmiyyətli fiqur – istər sənətçi olsun, istər alim, istər idmançı, istərsə də hansısa ictimai-siyasi xadim - ölkənin sirlərini də gözlərdən, qulaqlardan oğurlayaraq aradan çıxır. Söz adamlarının dili şablon, siyasətçilərin dili şablon, natiqlərin dili şablondur – ağızlarından bir diri, bir canlı kəlmə çıxmayan bu insanlar ən əhəmiyyətsiz şeylərdə belə doğru-düzgün danışmırlar. Ona görə də biz həqiqi tariximizi bilmirik, özümüzü, cəmiyyətimizi tanımırıq, pislərdən nəticə çıxara, yaxşılardan nümunə götürə bilmirik, tiranlar başımızın üstündə at oynadır, gücsüzük, səbatsızıq, inkişaf edə bilmirik. Bu mənada Rasim Qaracanın memuar yazması, öz həqiqətlərini, şəxsi tarixçəsini səmimi bir dillə oxucuya çatdırması yerli ədəbiyyat adına vacib hadisədir.

“Çox sonralar “ədəbiyyata gəlməyin” böyük məşəqqət olduğunu başa düşəcəkdim, lakin o zaman artıq gec olacaqdı. Çünki oxuduğum əsərlər, sevdiyim yazıçılar yazıçı olmaq arzusunu qəlbimdə alovlandırmışdı, geriyə yolum yox idi. Universitetə qəbul olduğum zaman artıq şeir və hekayə adına böyük bir külliyatım vardı və elə birinci kursdan başlayaraq, onları çap etdirməkdən ötrü ədəbiyyat jurnallarının redaksiyalarına ayaq döyməyə başladım. O zaman “Ulduz” jurnalında gördüyüm bir mənzərə gerçəkliyi gözlərim önündə sərgiləmişdi. 1979-cu ildə “Ulduz” jurnalı nəhəng bürokratik idarəydi. Poeziya şöbəsinin müdiri Allahdan sonra 2-ci və 3-cü adam qismində. Müdir poçtla göndərdiyim şeirləri axtarana qədər mən onun masasının üzərində, yan tərəflərində və divar boyunca üst-üstə qalaqlanmış qovluqları gözdən keçirirdim. Bunların çoxu rayonlarda yaşayan gənc müəlliflərin redaksiyaya göndərdiyi əsərlərdi. Elə oradaca başa düşdüm, onların heç birinin çap olunmaq şansı yoxdur. Jurnalın öz müəllifləri vardı, nüfuzlu, arxalı “yazarlar”. Üst-üstə sərilmiş bir neçə hörümçək torunun arxasında mənim kimi gənc yazarın çap olunmaq istəyini olsa-olsa ağcaqanad vızıltısına bənzətmək olardı”. 

Tanıyanlar tanıyır, bilənlər bilir ki, Rasim Qaraca ən yeni Azərbaycan ədəbiyyatına cığır açanlardan biridir. Təkcə yenilikçi bir yaradıcı insan kimi deyil, həm də təşkilatçı kimi əhəmiyyətli işlər görüb. Alatoran, Azad Yazarlar Ocağı (AYO) kimi layihələrə can verib, prinsipial dava adamı və həqiqi bir ədəbiyyat təəssübkeşi kimi tanınıb. Həm Alatoran, həm də AYO-nun şinelindən indi bir çoxlarının yaxşı tanıdığı yazıçı və şairlər çıxıb, cəmiyyətin müəyyən kəsimi, xüsusilə fəal gənclik istər-istəməz bu layihələrdən təsirlənib. Mən elə şəxsən öz adıma deyə bilərəm ki, boz bir mühitdə dünyagörüşümün formalaşmasında, özümü tapmağımda, kitaba sevgimin yaranmasında həm Alatoranın, həm də AYO-nun təkrarsız rolu var. Rasim Qaracanın bütün məyusluqlara, ölkə daxilindəki ölgün mühitə rəğmən mütəmadi olaraq kitab yazması, yaradıcılığını davam etdirməsi də onun kimliyini müəyyən qədər açır. Onun “Zülmətdə Bir Alatoran” kitabı bütöv bir epoxaya işıq salmaq üçün 200 səhifəlik təvəzökar, amma əhəmiyyətli bir cəhddir. Qaraca ta uşaqlığından necə şeir yazmasından başlayaraq, Sovet dövründə şeirlərini çap etdirmək üçün çəkdiyi əziyyətlər, gördüyü haqsızlıqlar, ölkənin müstəqillik qazanmasıyla ədəbiyyat sahəsində dəyişikliklərin olacağına dair ümidlər, ardınca gələn məyusluqlar barədə yazıb, indi yaşadığımız günlərə də toxunub.

Image result for zülmətdə bir alatoran

“Ardınca ölkəyə neft pulları gəlməyə başlayacaqdı və ədəbiyyat yenidən qaranlıq bir tunelə girəcəkdi. Elə buradaca qeyd edim ki, neft pulları ölkənin mədəni həyatına öldürücü təsir göstərdi, sənət adamları komformist mövqe tutmağa başladı, hər kəs ölkədə dolaşan böyük pullardan ona da pay düşəcəyinə ümid bəslədi, azad düşüncəli, müstəqil fikirli olmaq artıq sərfəli deyildi...
Bu və ya digər mənada neft pulları ölkədə yenicə formalaşmaqda olan azad sənət düşüncəsini sıradan çıxartdı, mədəni həyat get-gedə simasızlaşdı və qlamurlaşdı”. 

***

Biz ki budağımızdan qopmuşuq 
indi küləklər vətənimizdir
R.Q

“Zülmətdə bir Alatoran”ı maraqlı edən cəhətlərdən biri epizodların xronoloji ardıcıllıqla düzülməsidir. Beləliklə, biz yazarın uşaqlığından indiki dövrə qədər özünün həm şəxsi həyatındakı, həm də şair kimi peşə fəaliyyətindəki yaşantılarından xəbər tuturuq. Rasim Qaraca ədəbi mühitə daxil olmaqdan ötrü etdiyi əziyyətli cəhdlərindən tutmuş, 90-cı illərdə maddi və mənəvi sıxıntılarla əlaqədar vətəni tərk edərək, Rusiyada yerləşməsinə qədər bir çox maraqlı hekayətləri qələmə alıb. Kitabda bir neçə xüsusilə təsirli hekayət var ki, mənə elə gəlir, bir mənada onları memuarda yazmaq həmin hekayətlərin təsirini azaldıb: onlardan çox maraqlı roman və yaxud hekayələr də ortaya çıxarmaq olardı. 

Sovet dövründə ən müşkül məsələlərdən biri olan rayon qeydiyyatından (Əli-Bayramlı) çıxaraq, Bakı qeydiyyatına düşmək üçün gənc Rasim Qaracanın cəhdlərindən bəhs edən hekayəti 19-cu əsrin Avropa realizminə bənzəyir. Qaraca zavodda fəhlə kimi ağır fiziki işdə işləməyə qərar verir, təki  Bakıda yaşayıb ədəbi mühitə düşsün və daimi çap olunmaq arzusunu gerçəkləşdirsin.

“Öz taleyimi sınamağı qarşıma məqsəd qoymuşam. İşlədiyim dəmirçi sexində vəzifəm gün ərzində sobaların dibinə çökmüş ərpi təmizləməkdir. Bu ərp hər gün qalınlaşır, 3-4 gündən sonra onları qoparmaq çətinləşirdi. Təqribən 10-a yaxın dəmirçi sobasını növbəylə saxlayıb mənim ixtiyarıma verirdilər. 3-4 metrəlik lingləri olan pompalı çəkiclə uzaqdan uzağa həmlə edərək yığılmış ərpi təmizləməliyəm. Zamanında çatdıra bilmədiyim sobaları iş saatı bitəndən, hamı dağılışıb gedəndən sonra təmizləməliyəm. Təkcə bir sobanı təmizləyincə leşə dönürdüm, o ki qala 2, 3 və ya 5 soba ola. Bu iş mənim gücüm xaricindədir. Bir gün sex müdiri qəzəblə üstümə bağırır: “İşləyə bilmirsən ərizəni yaz çıx!”  Bu işi çətinliklə tapmışam, çıxmaq söhbəti ola bilməz. Həmin gün bir neçə sobanın günlərdir üst-üstə qalaqlanmış ərpini təmizləməliyəm, çətin sınaq qarşısında qalmışam, əgər təmizləyə bilməsəm işdən çıxaracaqlar... İndi sizə kinematoqrafik bir tablo çəkəcəyəm: sükuta dolmuş böyük dəmirçi sexinin yarımqaranlığında 3 tonluq dəmirçi sobasının qarşısında sümükləri bərkiməmiş, “Bəyaz gecələri” yenicə oxumuş, universitetin jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi, ən böyük arzusu jurnallarda öz şeirlərini dərc etdirmək olan cavan oğlan diz üstə çökərək, başını əlləri arasına alaraq, düşüncələrə dalıb. Günün yorğunluğu, aclıq və kimsəsizlik onu sarsıdıb. Çıxılmazlıq içində nə edəcəyini bilmir... Bu zaman heç vaxt unutmayacağım qeyri-adi adi hadisə baş verir. Birdən-birə Alim başımın üzərində peyda olur. Yataqxanaya gec qayıtdığımı görüb maraqlanıb, soraqlaşaraq gəlib məni tapıb. Heç bir söz demədən pompalı tapançanı alıb güclü qollarıyla mənim bütün işlərimi görüb tamamlayır. Birlikdə yataqxanaya qayıdırıq... O anda Alim gözlərimdə əsl xilaskar kimidir. Əsl qardaşlıq hissləri baş qaldırıb ürəyimdə.
Alim 1992-ci ildə Qarabağ savaşında həlak oldu. “Əgər ən yaxın dostun müharibədə ölmüşsə” şeirini ona həsr etmişəm”.

“Zülmətdə bir Alatoran”da belə təsirli məqamlar yetərincədir.

Kitabın gözəl xüsusiyyətləri ilə yanaşı, ədalət naminə ən azından bir oxucu kimi gördüyüm qüsurları da sadalamaqda fayda var. Zənnimcə, ən böyük çatışmazlıq kitabın həcminin kiçik olmasıdır. “Zülmətdə Bir Alatoran”ı oxuyub bitirəndə bir yarımçıqlıq hiss edirsən. Bunu söhbət etdiyim bir neçə oxucu da təsdiqləyib. Rasim Qaraca kimi böyük həyat təcrübəsi olan birinin yazmağa daha çox şeyi olmalıydı. Əslində, o, elə kitabda bu məsələyə aydınlıq gətirir, yazır ki, kitabın çapını doğum gününə qədər çatdırmaq istəyib, çünki özünə söz verib ki, hər doğum gününə özünə hədiyyə kimi bir kitab çap edəcək. Gözəl təşəbbüsdür, amma bununla belə, kitab daha qalın olsaydı, zövqü də daha çox olardı. 

Rasim bəy kitabı niyə roman adlandırıb, bu da müəyyən qədər qaranlıq qaldı. Kitabı oxuyan kimi aydın olur ki, bu məhz memuar, başqa sözlə xatirə ədəbiyyatıdır. Roman adətən bir spesifik tarixçəni müxtəlif hadisələr zənciriylə təhkiyə edən, dinamik və dialoqlarla zəngin bir janrdır. “Zülmətdə Bir Alatoran”da passiv də olsa, müəyyən bir ardıcıllıq var: uşaqlığından başlayaraq, indiki dövrə qədər Rasim Qaracanın ömür yoluna nəzər salınır, amma hadisələr daha çox epizodik, bir-birindən ayrı şəkildə qələmə alınıb, vahid, baş verməkdə olan dinamik bir hadisə yoxdur. Bəlkə də əsəri roman adlandırmaqda bir qüsur yoxdur, amma yenə də, kitab daha çox xatirə janrına yaxındır. 

Kitabda azərbaycanca qarşılığı olan türk sözlərindən gen-bol istifadə edilib. Lakin bu, Rasim bəyin üslubudur, ona görə də bunu yəqin ki, qüsur adlandırmaq olmaz. 

***

Rasim Qaracanın kitabını Tbilisidən Zaqatalaya gedən “Mersedes Sprinter”də oxuyub bitirdim. Maşın çox köhnəldiyindən lori dillə desəm, “dranqlet”ə dönmüşdü. Ən arxada 3 nəfərlik yerdə dörd nəfər oturmuşduq. İsti idi. Yanımda görünüşündən tələbəyə oxşayan bir qızcığazı narahat etməmək üçün qabağa əyilib, naqolay şəkildə kitabı oxumağa çalışırdım. Böyrümdə bir cütlük də oturmuşdu, ər və onun arvadı. Hicablı qadın tez-tez çantasından qəribə qoxulu bir dezodarant çıxarıb üstünə yaxır, pəncərələri iynənin ucu boyda açılan maşının içini iy götürürdü, üstəlik sürücünün yüksək səslə verdiyi ara mahnıları -  nə qədər səsini qıs desən də, xeyri yoxdur – qulaqlara təcavüz etməklə məşğul idi. Belə bir şəraitdə “Zülmətdə Bir Alatoran”ın sonuncu cümlələri nədənsə - bəlkə də nikbin, ümid vəd edən sonluğuna görə - gözlərimi yaşartdı, kitabı qapadım və mütəəssir olmuşcasına maşının pəncərəsindən görünən təbiət mənzərələrinə -  uzaqdakı yaşıl dağlara, yol kənarındakı ağaclara və saralmış zəmilərə baxdım. Kitab belə bitirdi:

“Onsuz da, özümdən və 5-10 nəfər dostumdan başqa bu kitabı gözləyən olmadığını bilirəm. İçərisində olduğumuz ədəbiyyat mühiti bir yazıçının nəfəs ala bilməməsi üçün bütün zəhərli qazlarla doludur. Sizin kitabınız çap olunacaq və hər yan bataqlıq sükutuna qərq olacaq. Belə olan halda, ən yaxşısı, əgər gerçəkdən ədəbiyyat sənin həyatındırsa, özün özünü çağırmalı, özün öz prosesin və öz burulğanın olmalısan. Bəlli olmaz, bir də baxacaqsan ki, proses başladı, qaranlıqdan işığa bir yol açıldı, ədəbiyyatımızın alatoran dövrü başa çatdı”. 

Cavid Ramazanlı

Kultura.az

Yuxarı