post-title

Fəlsəfə nədir və nə üçün lazımdır?

İnsanların fəlsəfə nədir sualını eşidəndə dolaşığa düşmələri başa düşüləndir. Uzaqdan fəlsəfə qəribə, dəxlisiz, darıxdırıcı, hətta biraz qıcıqlandırıcı bir şey kimi görsənir. Barmaqla göstərib burada maraqlı olan filan şeydir demək çətindir. Filosoflar kimlərdir? Onlar nə işlə məşğuldular? Və onlara niyə ehtiyacımız var?

Xoşbəxtlikdən açar cavab elə bu kəlmənin içindədir. Yunan dilində “philo” sevgi, yaxud sədaqət, “sophia” isə hikmət, müdriklik deməkdir. Filosoflar hikməti sevən adamlardı.


Mücərrəd termin olmasına baxmayaraq, “müdriklik” konsepti heç də sirrli bir şey deyil. Müdrik olmaq mövcudluğun ağır şərtlərinə baxmayaraq, gözəl yaşantıya və rahat ölümə can atmaqdır. Müdrikliyin məqsədi nailolmadır (“fulfilment” sözü həm də yerinə yetirmə, tamlığa, bütövlüyə çatma kimi də çevrilə bilər – Tər). Sən yəqin ki, “xoşbəxtlik” deyərdin, amma “xoşbəxtlik” başaldadıcı bir şeydir, o daimi xoşhallıq və nəşədir, halbuki “nailolma"q üçün hər bir ağıllıbaşlı insan həyatın ağrılı və iztirablı yollarından da keçməlidir.

Beləliklə, filosof, yaxud "özünü müdrikliyə həsr edən insan” o kəsdir ki, o, individual və kollektiv nailolmaya çatmaq üçün sistemli şəkildə fəaliyyət göstərməyə çalışır.

Müdrikliyə gedən yolda filosoflar çoxlu spesifik bacarıqlar toplusu yaradıblar. Onlar əsrlər boyunca insanlara müdrik olmağa imkan verməyən ümumi və böyük şeylərin ekspertinə çevriliblər. Onlardan 6-sı daha çox müzakirə edilir:


1. Biz böyük suallar verməyə qorxuruq

Həyatın mənası nədir? Mən iş məsələsini necə eləməliyəm? Biz bir toplum olaraq hara gedirik? Sevgi nədir? Çoxumuzun beynində bu kimi suallar fırlanır (xüsusən gecə yarısında), ancaq biz onlara cavab verməkdə çarəsizik. Əksər hallarda toplum içində belə suallara gülürlər və biz təkəbbürlü görünmək və ya dalana dirənmək qorxusundan bu sualları səsləndirməyə utanırıq (yeniyetməlik dövründəki qısa müddət istisna olmaqla).

Ancaq bu sualların böyük əhəmiyyəti var, onlara ancaq səsli cavablar verməklə, biz öz enerjimizi lazımi yerə yönləndirə bilərik.

Filosoflar taleyüklü suallardan qorxmayan insanlardır. Onlar əsrlər boyu böyük suallar veriblər. Onlar anlayıblar ki, bu sualları kiçik parçalara bölərək, daha məqsədəuyğun formaya salmaq olar, təkəbbürlü görünən yeganə şey isə kimsə nəyisə araşdıranda, öyrənmək istəyəndə, onun daim saf suallar verdiyini düşünməkdir.

2. İctimai qınağa tuş gəlmək qorxusu

İctimai rəy, yaxud el dili ilə desək, “camaat nə deyər?” düşüncəsi bir çox hallarda həssas və anlaşılan bir məfhumdur. Dostlarından, qonşularından eşitdiyin, mütləq həqiqət kimi qəbul elədiyin bir sürü şey… Sən bunlara heç düşünmədən əməl edirsən. Mətbuat, televiziya hər gün tonlarca belə şey tirajlayır. Amma bir çox hallarda ictimai rəy kimi bizə sırınan şey hər cür axmaqlıq, cəfəngiyyat və mövhumatla dolu olur.

Fəlsəfə ictimai rəyin bizə diqtə elədiyi məfhumları sorğu-suala çəkməyə çağırır. O bizdən azad olmağımızı, fərdi düşüncəmizi əsas götürməyi istəyir. İnsanların pul, uşaqlar, səyahət, iş barədə dedikləri doğrudanda həqiqətdirmi? Filosoflar bir ideyanın populyar və uzun müddət qəbul edildiyini qəbul etməkdənsə, onun məntiqə uyğun olub-olmadığında maraqlıdırlar.


3. Bizim ağlımız qarışıqdı

Biz öz düşüncələrimizi dərk etməkdə çətinlik çəkirik. Hansısa musiqi parçasını çox sevdiyimizi anlayırıq, amma niyə sevdiyimizi deyəsi olsaq, dolaşığa düşürük. Yaxud qarşımıza çıxan kimsə bizi qıcıqlandırır, amma səbəb nədir deyə bilmirik. Kefimiz pozulur, ancaq niyə mısmırığımızı salladığımızı anlaya bilmirik. Biz öz məmnunluqlarımızı, antipatiyalarımızı başa düşməkdə acizik.

Məhz buna görə ağlımız üzərində məşq etməliyik. Fəlsəfə bizim özümüzü tanımamız üçündür. Bunun açıqlamasını ilk ən böyük filosoflardan biri olan Sokrat cəmi iki sözlə ifadə etmişdi: Özünü tanı.


4. Bizi nə xoşbəxt edir kimi məsələlər barədə çaşqınıq

Biz hər cəhdlə xoşbəxt olmağa çalışırıq, amma əksər hallarda onu tapmaq üçün səhv yollara baş vururuq. Öz həyatımızı mənalandırmaq üçün bəzi şeyləri həddindən artıq şişirdir, bəzilərini isə kiçildirik. İstehlak cəmiyyətində yaşadığımızdan, biz saxta dəbin dalınca düşür, yanlış olaraq hansısa növ tətilin, maşının, kompüterin həyatımızda böyük dəyişikliklər edəcəyini güman edirik. Eyni zamanda isə başqa şeylərin: gəzintiyə çıxmaq, evi səhmana salmaq, maraqlı söhbət etmək, yaxud yatmağa tez getmək kimi şeylərin faydalarını unuduruq. Ola bilsin, belə şeylər o qədər də prestijli deyil, ancaq mövcudluğumuzun mahiyyətinə dərin qatqıları var.

Filosoflar bizim həyatımızı həqiqətən yaxşılaşdıra biləcək fəaliyyət növləri və baxış bucaqlarına daha dəqiq yanaşmaqla müdriklik axtarışındadırlar.


5. Emosiylarımız bizi təhlükəli yollara sala bilər

Biz istəmədən də olsa, emosional varlıqlarıq, amma bunu tez-tez unuduruq. Nəticədə qəzəb, həsəd, yaxud inciklik kimi müəyyən hisslər bizə ciddi problemlər yaradır. Filosoflar təkcə emosiyalara sahib olmağı deyil, bizə onlar haqda düşünməyi də öyrədirlər. Hisslərimizi başa düşməklə, analiz etməklə, biz emosiyalarımızın davranışlarımıza gözlənilməz, sezilməz, bəzən də necə təhlükəli təsir göstərdiyini anlamağı öyrənərik. Filosoflar ilk terapevtlər sayılırdılar.


6. Biz təşvişə düşür, perspektivi itiririk

Biz daim nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğunu unuduruq. Necə deyərlər, daim “perspektivi itiririk”. Filosoflar məhz bunu qoruyub saxlamaqda mahirdilər. Stoik filosof Zeno gəmi qəzasında bütün mal-mülkünü itirdiyini eşidəndə sadəcə belə demişdi: “Tale bir filosof kimi mənim daha az yüklənməyimi istəyir”. Məhz bu cür deyimlər “Fəlsəfi” ifadələr kimi xarakterizə edilən soyuqqanlılıqla deyilmiş, uzunömürlü düşüncələri, ağlın qüdrətini, qısaca desək, perspektivi ifadə edən aforizmləri meydana çıxarıb.

Bizim “fəlsəfə tarixi” adlandırdığımız məfhum əsrlər boyu bizim ağılsız olduğumuz məsələlərə yönəlik atılmış saysız-hesabsız cəhdlər toplusudur.

Məsələn, qədim Afinada Sokrat insanların düşüncələrinin necə qarışıq olmasına diqqət yönəldirdi. O vurğulayırdı ki, insanlar cəsarət, ədalət, uğur kimi ümumi şeylərdən danışanda nəyi nəzərdə tutduqlarını o qədər də anlamırlar, halbuki bu məfhumlar onların öz həyatları barədə danışanda da açar kəlmələriydi. Sokrat xüsusi bir metod yaratmışdı (hələ də onun adını daşıyır), bu metodla sən hər hansısa ideyada şeytanın vəkili (mübahisə olsun deyə, zəif tərəfi tutan şəxs - tər) rolunu oynamaqla, nəyə nail olmaq istədiyini öyrənə bilərdin. Məqsəd mütləq sənin fikrini dəyişdirmək deyildi. Bu, sənin həyatını yönləndirən ideyaların sağlam olmasını sınaqdan keçirmək üçün idi.

Bir neçə on illikdən sonra filosof Aristotel böyük suallar barədə bizi biraz rahatlaşdırmağa çalışdı. O düşünürdü ki, ən yaxşı suallar nə üçünsə lazım olan şeylər barədə olmalıdır. O bu barədə çox danışır və kitablar yazırdı: Dövlət nəyə lazımdır? İqtisadiyyat nəyə lazımdır? Pul nəyə lazımdır? İncəsənət nəyə lazımdır? O bu gün yaşasaydı, bizi belə suallar verməyə həvəsləndirərdi: Xəbər mediası nəyə lazımdır? Evlilik nəyə lazımdır? Məktəblər nəyə lazımdır? Pornoqrafiya nəyə lazımdır?

Qədim Yunanıstanda Stoik filosoflar da fəal idilər, onlar təşviş, panika kimi hisslərlə maraqlanırdılar. Stoiklər təşvişin əsas xüsusiyyətini sezmişdilər: biz yalnızca pis bir şey baş verəndə təşvişə düşmürük, bu qəfil olanda, biz hər şeyin yaxşı getdiyini güman etdiyimiz bir vaxtda baş verəndə təşvişə düşürük. Beləliklə, onlar məsləhət görürdülər ki, biz təhlükə, narahatlıq və çətinlik kimi şeylərin müəyyən müddət ərzində baş verdiyilə razılaşmaqla panikaya qarşı hazırlıqlı ola bilərik.

Fəlsəfə öyrənməyin əsas məqsədi belə məsələləri qavramaq və onları bu dünyada həyata keçirməkdir. Məsələ sadəcə hansısa filosofun nə demək istəməsindən ibarət deyil, məqsəd individual və cəmiyyət səviyyəsində müdrikliyə nail olmaqdır.

Müasir zəmanədə fəlsəfənin hikməti əsasən kitablar vasitəsilə ötürülür. Qədim vaxtlarda isə filosoflar bazar meydanında oturub öz ideyalarını dükan sahibləriylə bölüşür, ya da məsləhət vermək üçün dövlət idarələrinə, müxtəlif məkanlara gedirdilər. Əməkhaqqı verilən yerdə filosof görmək heç də görünməmiş hadisə sayılmırdı. Filosofluq qeyri-adi, ezoterik, xüsusi seçilmiş bir şey yox, normal, əsas fəaliyyət növlərindən biri sayılırdı.

Müasir dövrdə - bunu dana bilmərik: biz həmişə ordan-burdan xırda-xuruş hikmətli nələrsə tapıb oxuyuruq - ancaq müdrikliyi bütün dünyada əsaslı şəkildə yaymaq üçün bizim oturuşmuş institutlarımız yoxdur. Gələcəkdə isə, fəlsəfənin dəyəri biraz da aydınlaşandan sonra, gündəlik həyatımızda biz tez-tez filosoflarla qarşılacağıq. Onlar bağlı qapılar arxasında, əsasən universitet departamentlərində yaşamayacaqlar, çünki ağılsızlıq bizim həyatımızı deqradasiyaya uğradır, bərbad vəziyyətə salır, buna görə də bu sahəyə dərhal və təxirəsalınmaz şəkildə diqqət ayrılmalıdır.

İngilisdilli mətbuatdakı materiallar əsasında.

Tərcümə: Cavid Ramazanlı
Yuxarı