post-title

Nəyə görə seksist və irqçi filosoflara hələ də heyran olmalıyıq?

Culian Baggini britaniyalı yazıçı və filosofdur. Onun sonuncu kitabı "Dünya necə düşünür: Fəlsəfənin qlobal tarixi" (How the World Thinks: A Global History of Philosophy) kitabı 2018-ci ildə nəşr edilib.

Keçmişin görkəmli mütəffəkirlərinə heyran olmaq əxlaqi cəhətdən nöqsanlı bir şey kimi sayılmağa başlanılıb. İmmanuel Kantı tərifləsən, sənə onun “İnsanlıq içərisində ən mükəmməli ağların irqidir” və “sarı hindusların istedad çatışmazlığı var” kimi ifadələrini xatırladacaqlar. Aristotelin adını çəksən, sən onun kimi bir müdrikin nəyə görə “təbiət etibarilə kişilər üstün, qadınlar aşağıdırlar, kişi idarə edən, qadın itaət edəndir” ifadəsini işlətdiyinə dair izah vermək məcburiyyətində qalacaqsan. Və əgər birdən sən mənim bir müddət əvvəl elədiyim kimi David Hyumu mədh eləsən, sənə onun 1753-54-cü illərdə “Mən belə şübhəyə meyilliyəm ki, neqrlər və ümumilikdə digər insan növləri... təbiətən ağlardan daha aşağıdırlar” ifadəsini xatırladacaqlar və “necə belə birini mədh edə bilərsən” deyib üstünə hücuma keçəcəklər.

Belə görünür, qarşımızda dilemma var. Biz keçmişin qəbuledilməz qərəzlərini əhəmiyyətsiz bir şey kimi bəsitcə görməzdən gələ bilmərik. Amma əgər biz böyük mütəfəkkir və ya siyasi lider hesab olunan kəsləri əxlaqi baxımdan obyektiv baxışlarla çıxdaş eləsək, onda da tarixdə çox az adama yer qalar.

Ölü ağ kişilərin istablişmentini çıxdaş etməklə, problemi həll etmək də mümkün deyil. Atlantik Okeanının hər iki tərəfində qadın hüquqları hərəkatlarında irqçilik yayğın olub. Qadınların səsvermə hüquqları uğrunda mübarizə aparan Karri Çapman Katt belə demişdi: “Qadın hüquqları uğrunda hərəkat ağların üstünlüyünü azaltmayacaq, əksinə artıracaq”. Onun britaniyalı hərakat bacısı Emmelin Pankhurst isə qızğın müstəmləkəçilik dəstəkçisi idi və deyirdi ki, “bizimki kimi bir imperiyanın vərəsələri olmaq utanılası, xəcalətli bir şey yox, fəxr ediləsi bir şeydir”. Ticarət birliyi hərəkatında, işçilərin (kişi, qeyri-mühacir işçilərin) hüquqlarının müdafiəçiləri arasında da həm seksizm, həm ksenofobiya yayğın olub.

Bütün bunlara baxmayaraq, irqçi, seksist, yaxud başqa fanatik görüşləri olan tarixi fiqura heyran olmamaq lazımdır düşüncəsi bizi yanlış istiqamətə aparır. Bu cür tarixi fuqura heyran olmağı özünə sığışdırmayan kəslər mühüm bir məsələdə səhvə yol verirlər: bu, hətta bizlərdən ən dahilərin belə intellektinin ictimai baxımdan şərti olması düşüncəsidir. Çünki bu tarixi fiqurların tərəfgirliyi bugünün insanlarına elə aşkarca xətalı görünür ki, onlar bu insanın mənəviyyatsız olduğunu düşünməyə bilmirlər.

Onların özündənrazı narazılığı belə güman edir ki, hətta ətraflarındakı hər kəs ədalətsizliyə göz yumsa da, onlar özləri bu cür mənəviyyatsızlığa yuvarlanmayacaq qədər təmizdirlər. Amma biz yaxşı düşünməliyik. Üçüncü Reyxdən (Hitler hakimiyyəti) götürməli olduğumuz ən gərəkli dərslərdən biri onun əsasən sadə əhali tərəfindən dəstəklənməsi idi, əgər onlar təsadüfən toksik bir dövrdə yaşamasaydılar, özlərinin günahsız həyatlarını davam etdirərdilər.

Bizim də eyni şeyi etməyəcəyimizə dair istənilən özünəəmin düşüncəmizin təməl əsası yoxdur, çünki biz indi o dövrün insanlarının bilmədiklərini bilirik. Bu gün Nasizm ağlasığımaz bir şey hesab olunur, çünki onun hansı nəticələr doğurduğunu başa düşmək üçün hansısa təsəvvürə ehtiyacımız yoxdur.

Bəs onda niyə bir çoxları bir dahinin öz qərəzinin ağılsızlıq və mənəviyyatsızlıq olduğunu başa düşə bilmədiyinə inana bilmirlər? Bunun səbələrindən biri bizim mədəniyyətimizdə dərin kök atmış yanlış bir fərziyyə ilə əlaqədardır, bu fərziyyəyə görə, fərdin ictimai mühitdən müstəqil olan bir intellekti var. Psixologiya, sosiologiya, yaxud antropologiya ilə hətta səthi bir tanışlıq isə bu rahat illuziyanın dağıda bilər. Bizim özümüzün düşünməli və düşünməyi bacarmalı olduğumuz barədəki maarifçi ideal ilə, bizlərdən hamının düşünməyi bacara biləcəyimiz haqqındakı hiper-maarifçi ideal bir-biriylə qarışdırılmamalıdır.

Bizim düşüncəmiz çox zaman fərqində olmadığımız halda hərtərəfli şəkildə ətrafımız tərəfindən formalaşır. Özlərinin bu faktorlar tərəfindən məhdudlaşdırıldıqlarını inkar edən kəslər isə özlərinin intellektual əzəmətinə inanan kəslər qədər aldanış içərisindədirlər.

İnsan tamamilə mənəviyyatsız bir sistemlə əhatələndiyi zaman fərdi öhdəçilik göstərməsi problemli bir şeyə çevrilir. Bu narahatlıq doğurur, çünki bizdə qüsursuz müstəqil fərddə mənəvi məsuliyyətin olduğu düşüncəsi oturuşub. Əgər biz murdar inancların və praktikaların ictimai şərtiliklərinə ciddi yanaşsaydıq, onda hər kəsin öz yaxasını kənara çəkəcəyindən qorxardıq, özümüzə qalan isə ümidsiz əxlaqi relativizm olardı.

Amma bizim ən çox qınanmalı olan şeyləri qınaya bilməyəcəyimiz əndişəsinin əsası yoxdur. Qadın düşmənçiliyi və irqçilik fərdlərin olduğu qədər (bəlkə ondan da çox) cəmiyyətin də məhsulu olduğuna görə daha az iyrənc olmur. Hyuma bəraət qazandırmaq irqçiliyə bəraət qazandırmır: Aristotelə bəraət qazandırmaq seksizmə bəraət qazandırmır.

İrqçilik və seksizm heç vaxt yaxşı şeylər olmayıb, insanlar səhvən onların yaxşı şey olduqlarına inanıblar.

Bunu qəbullanmaq keçmişin ədalətsizliklərinə barmaqarası baxmaq mənasına gəlmir. Kant və Hyum kimi şəxsiyyətlərin öz dövrlərinin məhsulu olmasından xəbərdar olmaq, əgər yanlışlar və pisliklər yetərincə yayğındırlarsa, dahilərin də onların tələsinə düşəcəyini göstərən acizanə bir xatırlatmadır. Bu həmçinin bizdə belə bir sual doğurmalıdır: onların bəzi təəssüf doğuran fikirlərində qaba şəkildə ortaya çıxan qərəzlərin arxa fonunda nə dayanır? Ölü Ağ Kişi fəlsəfəsi barədə olan əksər feminist tənqidlərə görə, bu fəlsəfədəki qadın düşmənçiliyi hələ aysberqin görünən hissəsidir. Bu, bəzən doğru ola bilər, amma biz bunun məhz belə olduğunu fərz etməməliyik. Əksər bilgisizliklər əsasən lokal xarakter daşımaqla, ümumi sahəni görüş üçün təmiz açıq buraxır.

Klassika tədqiqatçısı Edit Hollun Aristotelin qadın düşmənçiliyini müdafiə etməsi filosofu özünün pis tərəflərindən xilas etmək barədə bir paradiqmadır. Aristoteli bugünün standartları ilə qınamaqdansa, o, vacib bir sual verməyi təklif edir: filosofun düşüncə tərzindəki fundamentallıq bu gün onu qərəzli birisi kimi göstərərdimi? Aristotelin sübut və təcrübəyə açıq olmasını nəzərə alanda, bu qənaətə gəlmək olar ki, o, bu gün bizlərə qadınların kişilərdən aşağı olduğunu inandırmağa ehtiyac duymazdı. Hyum da eynilə hər zaman təcrübəyə istinad edib, buna görə də bu gün o, rəngli dərili insanların aşağı səviyyəli olduğu şübhələrinə qapılmazdı. Qısacası, biz bu filosofların yanaşmalarında nələrin yanlış olduğunu saf-çürük etməkdən ötrü onların fəlsəfi çərçivəsindən baxmamalıyıq.

Keçmiş mütəfəkkirləri bağışlamaqda bu qədər həvəssiz olmağımızın səbəblərindən biri də qorxuyla bağlı ola bilər, biz düşünə bilərik ki, ölüləri bağışlamaq yaşayanları da bağışlamağa gətirib çıxarar. Əgər Hyumu, Kantı günahlandırmasaq, onda necə #MeeToo hərəkatında adları çıxan insanları qınaya bilərik, axı ictimai şərtləri nəzərə alanda, onların davranışları tamamilə normal sayılır. Nə də olsa, Harvey Veynşteyn Holluvudun “çəkiliş yatağı” kültürü üçün normal bir tip deyilmi?

Amma ölülərlə yaşayanlar arasında vacib bir fərq var. Yaşayanlar davranışlarının necə yanlış olduğunu görə, qəbul edə və peşmançılıq göstərə bilərlər. Əgər davranışlarında cinayət tərkibi varsa, məhkəməylə üzləşə bilərlər. Biz bugün ədalətsizlik törədib, bunun keçmiş zamanlardakı kimi qəbul etdirməyə sadəcə olaraq imkan verməməliyik. Cəmiyyəti dəyişdirmək bizdən insanları birgə böyüdükləri qərəzləri aradan qaldırmağın mümkünlüyünə inandırmağı tələb edir. Biz bizi və cəmiyyəti formalaşdıran yanlış dəyərlərin yaradılmasına görə məsuliyyət daşımırıq, amma biz indi onları necə aradan qaldıracağımıza dair üzərimizə məsuliyyət götürə bilərik.

Ölülərin isə belə bir imkanı yoxdur, ona görə də onlara yönəldilən lüzumsuz tənqidlər mənasızdır. Keçmişin naqisliklərini qamçıladığımız zaman biz haqlıyıq, lakin öz dövlərində məlumatsızlıqları ucbatından yanlış düşünən şəxsləri günahlandırmağımız da hədsiz sərt yanaşmadır.

Bilge.az
Yuxarı