post-title

Cavid Ramazanlı: Dil inqilabı

Ətrafında Azərbaycan Elmlər Akademiyası, bir neçə böyük universitet və elmi institutlar fəaliyyət göstərən Elmlər Akademiyası metrosunun yaxınlığında çox sayda dəftərxana ləvəzimatı satılan mağazalar var. Bu mağazaların üzərinə adətən “Dəftərxana ləvazimatları” yazılır. Eyni sözlər yazılan obyektləri şəhərin fərqli yerlərində də görmək olar. Amma bu obyektlərin qarşısından keçənlərin çox az qismi, elmi işlə məşğul olanlar daxil, “Dəftərxana ləvəzimatları” sözündəki yanlışdan xəbərdardır. 

Eynilə “maraqlı məlumatlar” yazan jurnalist, “xalqın tələbatları” deyən siyasətçi, “valideynlər” söyləyən sosioloq və ya sıravi vətəndaşlar səhv etdiklərini bilmirlər. Çünki “ləvazimat”, “tələbat”, “məlumat”, “valideyn” sözləri ərəb dilində onsuz da cəm mənasını bildirir. Onlara Azərbaycan dilindəki “lar-lər” şəkilçisi artıranda isə, söz iki dəfə cəmdə işlədilmiş olur: “tələblərlər”, “məlumlarlar”, “ləvazımlarlar” və s kimi. Ərəb dilində “valid” ata, “validə” ana deməkdir, valideyn ata və ananı birlikdə ifadə edir, kimsə məsələn, “uşağın valideynləri” deyəndə isə aləmi bir-birinə qatmış olur. 

Azərbaycan türkcəsi ərəb sözləriylə tədris olunur

Azərbaycan insanı ərəb və fars dilinin intellektual sferasından çıxandan sonra dildə çoxlu anomaliyalar yaranıb. Dil ərəb və fars sözləri ilə doludur, onların bir çoxunun “vətəndaşlıq hüququ” aldığı güman olunur, əslində isə bu sözlərin xeylisi təkcə səhv işlədilmir, həm də dili ağırlaşdırırlar.

Bəlkə də danışıq dilindən kənara çıxıb elmi dilə, sənət dilinə keçəndə, Azərbaycan dilinin insanlara bu qədər yad görünməsinin də səbəbi budur. Danışıq dilindən kənardakı bir çox sözlər və ifadələr bizim ürəyimizə və beynimizə işləmir, çünki o sözlər bizə aid deyil, yaddırlar. Biz o sözləri hiss etmirik. 

Xüsusilə məktəblərdə uşaqlar əziyyət çəkirlər. Azərbaycan türkcəsi uşaqlara ərəb sözlərinin vasitəsiylə öyrədilir. Zərf, məsdər, feil (feil - zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir!) kimi anlayışları yetkin insanın başa düşməsi çətin məsələdir, o ki qaldı uşaq başa düşə. 

Bir müddət əvvəl Azərbaycan dilində kəmiyyət, keyfiyyət, əməliyyat kimi sözlərdəki qoşa “y” sammitindən birinin düşməsi təklif olunurdu, amma Orfoqrafiya İnstitutu “cəmiyyətin hələ buna hazır olmadığını” iddia edərək, təklifi rədd etdi. Bəs cəmiyyət görəsən buna nə zaman hazır olacaq? 

Azərbaycan dili Osmanlı dilini xatırladır

Azərbaycan dilində “heyvani”, “insani” kimi sözlərdəki -i şəkilçisini əvəz edəcək yerli əvəzləyicinin olmaması da böyük çatışmazlıqdır. Bu –i şəkilçisi yerli olmadığı üçün hər sözə qoşmaq olmur, ona görə də bir boşluq yaranır. Məsələn, digital sözü Azərbaycan dilinə rəqəmsal kimi tərcümə edilib. Artıq dildə rəqəmsal texnologiyalar, rəqəmsal marketinq kimi ifadələr oturuşub. Halbuki buradakı –sal şəkilçisi türk dilindən götürülüb, Azərbaycan dilində bu şəkilçi yoxdur, əvəzində -i var. Məntiqlə rəqəmsal texnologiyalar yox, rəqəmi texnologiyalar deməliydik və yaxud da nəsə buna bənzər bir şey. 

Azərbaycanda bir çoxları düşünürlər ki, Azərbaycan türkcəsi Türkiyə türkcəsindən daha saf dildir, yəni Azərbaycan dili öz kökündən daha az qopub, daha az alınma söz var. Burda müəyyən qədər həqiqət var, çünki Azərbaycan Dilinin İzahlı Lüğətində (1960-87) 43.200 baş söz var, türkcə sözlükdə isə 26.000 baş söz (1980) qeydə alınıb. Amma bununla belə, Azərbaycanın yazılı və şifahi dilində həddindən artıq fars-ərəb sözü də işlədilir, bu sözlərin qarşılığı olsa belə. Türk dilində isə bir çox Avropa mənşəli sözlər olsa da, nəhayətdə türk dilinin ədəbi və elmi dili daha çox türkcədir, 1932-ci ildə başladılan dil inqilabından sonra türklər demək olar ki, əksər ərəb, fars, Avropa mənşəli sözlərin qarşılığını tapıblar, hətta obyekt, subyekt, element, rasional, psixologiya kimi qəliz sözlərin belə. 

Azərbaycan dili isə ifrat ərəb-fars sözləriylə daha çox Osmanlı dilini xatırladır. Bəzən bizdə cümlədə işlədilən feillərdən və bir neçə sözdən başqa, bütün sözlər xarici mənşəli olur. Osmanlı dilinin isə, bizdən həmişə bir neçə addım qabaqda olan türkiyəlilər effektiv olmadığını görüb, bu dildən imtina etmək qərarı veriblər. 

Atatürkün modernləşdirdiyi dil

Atatürk Türkiyədə hakimiyyətə gələndə, gördüyü ən birinci işlərdən biri Avropa və digər xarici dillərdəki təməl sözləri və anlayışları yerli xalqın öz dilində başa düşüb dərk etməsi üçün “dil devrimi” adlandırılan modernləşməni həyata keçirməsi olmuşdu. Yeni sözlər yaradılmış və ya digər türk dillərindən götürülmüşdü. İndi bu inqilabı bəziləri, xüsusilə Osmanlı təəssübkeşləri tənqid edirlər, bir çox sözlərin qondarma olduğunu, dil inqilabı və ərəb əlifbasından latına keçid nəticəsində keçmişlə bağların qoparıldığını iddia edirlər. Amma halbuki Osmanlı dövründə sadə xalqla Osmanlı aristokratiyası arasında böyük uçurumun olduğu da bir faktdır. Osmanlı saray və aristokratiyasının danışdığı hibrid dili sadə əhalinin cəmi 3-5% bir təhər başa düşür, yerdə qalanlar isə anlamırdılar. Əlifbanı da bir neçə faizi əhatə edən cüzi təbəqə bilirdi. Osmanlı imperiyasının çöküşünün əsas səbəblərindən biri kimi də bu kütləvi savadsızlıq göstərilir.

Modern Türkiyənin quruculuğu zamanı Atatürkün həll etmək istədiyi əsas problemlərdən biri də bu idi: ilk addım kimi əlifba islahatı - ərəb əlifbasından latın əlifbasına keçid həyata keçirilmiş, sonra isə dil inqilabına start verilmişdi. Bu proses zamanı müəyyən çatışmazlıqlar oldu əlbəttə, amma zaman ərzində sular duruldu və modern dil oturuşdu.  

İndi türk xalqı bu modern dildə danışır və yazır. Nuri Bilge Ceylan bu dildə çəkdiyi filmlə Kann mükafatları götürür, Orxan Pamuk bu dildə yaratdığı ədəbiyyatla Nobel mükafatı alır. Pamuku orijinalda oxuyanlar onun dilinin gücünə, ləzizliyinə bələddirlər. 

Hibrid dildə danışan yeni nəsil və müasirləşməyən Azərbaycan dili

Atatürkün türk dilində etdiyi inqilabdan çox şey öyrənmək, hətta onun bir versiyasını Azərbaycanda da etmək olar. Çünki bunsuz Azərbaycan dili növbəti mərhələni adlayıb sənət, mədəniyyət, elm dilinə çevrilə bilməyəcək. 

Cənubi Azərbaycanda məsələn, Azərbaycan türkcəsinə elə özləri “ev dili” deyirlər, onu mədəniyyət, sənət dili kimi görmürlər. Siyasi və mədəni azadlıq olmadığına görə, cənubda dil ev və məhəllə səviyyəsində qalaraq inkişaf etməyib. Şimalla müqayisədə bu dilin çox az inkişaf keçdiyi aydın görünür. Amma şimalda artıq növbəti mərhələnin aşılması da labüddür. Türkiyənin bu sahədəki təcrübəsi isə böyük qaynaq və istiqamət ola bilər. Söhbət dili kor-koranə imitasiya etməkdən, ona şərik çıxmaqdan getmir təbii ki. Yazılarında türk sözlərindən və ifadələrindən çox istifadə edənlərin dilinin necə calaq kimi göründüyünü yəqin çoxları müşahidə edib. Söhbət oxşar layihəni həyata keçirməkdən, dil inqilabından, modernləşmədən yararlanmaqdan gedir. 

Bunun hələlik inzibati yolla həyata keçiriləcəyi real görünmür, çünki belə bir istək yoxdur, üstəlik kadr və resurs çatışmazlığı da var (Atatürkün də demək olar ki, kadrı və resursu yox idi, amma dahiyanə vizyonu və iradəsi var idi). Belə şəraitdə isə dil ancaq elmin, ədəbiyyatın, kinonun, tərcümə işinin intensiv inkişaf etdirilməsi sayəsində saflaşa və güclənə bilər. 

Mədəniyyət, elm inkişaf edərsə, əhalinın kitab, jurnal almağa imkanı və həvəsi yaranarsa, dil inkişaf edəcək. Bunlar olmayacaqsa, övladlarını rus sektoruna yazdıranları, bir neçə dilin qarışığından ibarət hibrid dildə danışan yeni nəsilləri qınamağın heç bir mənası yoxdur. 

Cavid Ramazanlı

Azlogos.eu

Yuxarı