post-title

Virusa qarşı sadə vasitə

 

Sadəliyi görmək və qiymətləndirmək bəzən dünyadakı ən çətin iş olur. Ta ki, onu qiymətləndirməməyin artıq sənin əleyhinə çevrildiyi ana qədər.  

Sabun məsələn, adi gözlə baxanda, dünyadakı ən sadə nəsnələrdən biridir (daha doğrusu biri idi). Uşaqlıqdan sabunu pis qoxunun qarşısını alan və əl çirkini təmizləyən bir vasitə kimi görməyə öyrəşmişdik. Çoxumuz onun anti-bakterial xüsusiyyətlərindən xəbərdar idik təbii ki, amma bu barədə çox güman, nə zamansa ciddiyyətlə düşünməmişdik, çox vaxt əllərimizi sadəcə öyrəşdiyimizə görə, sövq-təbii surətdə yuyurduq. Koronovirus gündəmə gələndən sonra isə öyrəndik ki, sən demə, adicə bir şey kimi gördüyümüz və qədrini bilmədiyimiz sabunun bəşəriyyət qarşısında necə böyük xidmətləri varmış. Ən sadəsi, sabundan geniş istifadə nəticəsində biz vəba, tif və dizinteriya kimi bir çox dəhşətli xəstəliklərin geniş yayılmasından qurtulmuşuq.  

Sadəliyi qiymətləndirməyin vacibliyi təkcə nəsnələrə aid deyil, faktlara, kəşflərə, nəzəriyyələrə, hekayələrə də aiddir. Çox vaxt insan xüsusilə onun mövcudluğuna, sağ qalmasına təsir edən şeylərin sadə izahını qəbul etmək istəmir, nəsə bir qeyri-adilik, mistika və fövqəltəbiilik axtarır. “Necə ola bilər ki, ilahi bir yaradıcı qüvvə olmasın, hər şey təsadüfən ortaya çıxsın? Necə ola bilər ki, həyatın bir mahiyyəti olmasın, ölən kimi heçliyə çevrilək? Necə ola bilər ki, insanla meymunun əcdadı bir olsun? Necə ola bilər ki, hansısa bir çinli yarasa yesin və tutduğu virusa görə bütün dünya əsir-yesir qalsın? Yüz faiz bu işdə bir əmma var!” – deyə sadəliyi qəbul etməyən insan sadəlövhcəsinə düşünür.   

Məhz bu cür fövqəltəbiilik axtarışlarına görə, mifologiyalar, dini rəvayətlər və konspirologiya nəzəriyyələri ortaya çıxıb.  

Cəmiyyətlər mürəkkəbləşdikcə, insanların uydurduqları hekayələr də mürəkkəbləşib. Elə bir dövr gəlib çatdı ki, hadisələri mifoloji hekayətlərlə izah etmək primitiv görünməyə başladı, insanlar dini rəvayətlər uydurmağa başladılar, sonra hadisələri dini əhvalatlarla izah etmək geridəqalmışlıq kimi görünməyə başladı, onda da konspirologiya nəzəriyyələri uydurulmağa başlandı.

Koronovirus gündəmə gələndən bəri, ortaya çıxan konspirologiya nəzəriyyələrini saymaqla bitməz: biri deyir mən virusa inanmıram; biri deyir inanıram, yəhudilərin işidir; biri deyir dünyanın əhalisini azaltmaq məqsədi güdür; biri deyir çinlilərə, biri deyir amerikalılara, o biri deyir üçüncü dünya ölkələrinə qarşı yaradılıb; işə yadplanetliləri qarışdıranlar da var.

İlk baxışdan insanın sadə, məntiqi izahlara inanmaması və konspiroloji nəzəriyyələrə bel bağlaması zərərsiz bir sadəlövhlük kimi görünür, gülüb keçməyin gəlir, çox vaxt da gülüb keçirsən, amma məsələ o qədər də sadə deyil. Konspirologiya nəzəriyyələri və onlara inananların gün gündən artması böyük təhdiddir, ən sadəsi ona görə ki, anti-modernlik və anti-demokratiklik kimi bir çox təhlükəli elementləri özündə ehtiva edən konspirologiya nəzəriyyələrini insanlar ciddi qəbul edirlər. Son illərdəki bir çox səs-küylü terror aktlarının arxasında dayananlar da bir qayda olaraq konspirologiya nəzəriyyələrini ciddi qəbul edənlər olub.

London Kral Kollecinin mühazirəçisi Dr. David Allington konspiroloji nəzəriyyələrin əsasən kimlər arasında yayıldığını və təhlükəsini belə ifadə edir:

"Totalitarlar və terrorçular konspiroloji, qütblü izahlara inanır və bu inancı yayırlar. Radikal sağda konspirologiya nəzəriyyələri dünya nizamından narazı olan fərdləri çoxdan bəri radikallaşdırmaqla məşğuldur. İslamçılıqda müsəlmanlara qarşı olan Yəhudi-Amerikan konspiroloji mifi çox yayğındır. Stalinist məhkəmələr kommunizmin xəyali qəsdçilərini sıradan çıxarmaq adıyla fəaliyyət göstərirdi. “Holokost” nasist konspirologiya nəzəriyyəçiləri tərəfindən törədilmişdi, onlar “Mənim mübarizəm”ə və “Sion müdriklərinin protokolları”na o dərəcədə inanırdılar ki, müharibəni uduzmalarında günahkar gördükləri yəhudilərə qarşı qırğınlar törətmişdilər".

Varkik Universitetinin fəlsəfə professoru Quassim Koventri isə konspirologiya nəzəriyyələrinə inananların intellekt cəhətdən qüsurlu düşündüklərini, başqa sözlə “qüsurlu intellekt”ə sahib olduqlarını deyir. Professorun fikrincə, “konspiroloji zehniyyət”ə sahib insanları birləşdirən cəhətlər arasında sadəlövhlük (paradoks: sadəlövhlər çox vaxt sadə izahlara inanmaq istəmirlər!) və dardüşüncəlilik xüsusi yer tutur. Konspirologiyaya inanan insanı yola gətirməkdəki çətinlik isə odur ki, o, sadəlövh və dardüşüncəli olduğunu ağlından belə keçirmir. Sən konspirologiyaya inanan insanı sadəlövh və dardüşüncəli hesab edirsən, amma əvəzində, o da bunlara inanmadığına görə, səni sadəlövh və dardüşüncəli hesab edir.

Koventri fikrini belə ifadə edir: "İntellektual xarakter xüsusiyyətlərinin təbiətində belə bir şey var: sən onların səndə olduğunu dərk etmirsən və onların sənin düşüncə tərzinə nə dərəcədə təsir etdiyindən xəbərsiz olursan. Sadəlövhlər nadir hallarda sadəlövh olduqlarına inanırlar, dardüşüncəlilər dardüşüncəli olduqlarına inanmırlar. Belə hallarda şəxsi cahilliyin öhdəsindən gəlmək üçün yeganə ümid mənbəyi başqa insanların – həmkarlarının, həyat yoldaşının, dostlarının – səni böyük ehtimalla, səndən yaxşı tanıdıqlarını qəbul etməkdir. Amma bu da mütləq faydalı olmur. Nə də olsa, başqalarının sənin haqqında dediklərinə qulaq verməmək sənin intellektual xarakterinə məxsus davranış ola bilər. Bəzi qüsurlar müalicəsizdir".

Quassim Koventri konspirologiyaya inananları mühakimə etməyin, lağa və iqnora qoymağın hansısa faydasının olacağını güman etmir. Onun zənnincə, konspiroloji zehniyyətin qarşısını almaq üçün insanda açıq-fikirlilik, intellektual maraq və tənqidi düşüncə kimi intellektual fəzilətlər inkişaf etməlidir. Bunun yolu isə keyfiyyətli təhsildən keçir.

Professorun fikrindən çıxış etsək, deyə bilərik ki, əgər yaşadığınız ölkədə keyfiyyətli təhsil problemi varsa, cəmiyyət daxilində konspiroloji nəzəriyyələrin və bu nəzəriyyələrlə əlaqədar olaraq radikal düşüncənin geniş yayılması ehtimalı çox yüksəkdir.  Bu mənada bizimki kimi təhsilin keyfiyyətinin aşağı olduğu ölkə də konspirologiya nəzəriyyələrinin cücərməsi üçün ideal məkandır. Üstəlik informasiya ilə qidalandığımız əsas dillər olan türk dili və rus dili də konspirologiya nəzəriyyələrindən boldurlar, bəzən bunu dövlət səviyyəsində belə istehsal edə bilirlər. Beləcə, hansı xarici dili bilməyin konspiroloji nəzəriyyələrə yem olmağında da öz rolunu oynaya bilir, qidalandığın xarici dil səni asanlıqla konspirologiya virusuna  yoluxdura bilir. Buna görə də, keyfiyyətli təhsilin əsas hədəflərindən biri həm də demokratik, modern və elm əsaslı birinci dünya dillərinin cəmiyyətə qazandırılmasından ibarət olmalıdır.

Birinci dünya dillərini bilmək və keyfiyyətli təhsilə yiyələnmək sadəcə bir prestij məsələsi deyil, dil bilikləri və keyfiyyətli təhsil sabun kimidir: intellektin zəhərlənməsinin qarşısını alır və viruslardan qoruyur.

Cavid Ramazanov

Azlogos.eu

 

Yuxarı