post-title

Sənətkar dilənçi

Yaxud, aprelin payıza düşməsi haqda

“Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”.
(Nizami, “Leyli və Məcnun”)


Oxucular haqlı olaraq fikirləşə bilər ki, dərs ili qurtardı, yenə bu müəllif 3-cü sinifin “Azərbaycan dili” dərsliyindən əl çəkmədi. Neyləyim, yazıq kitabı o qədər səhvlə doldurublar, yazdıqca bitmir. Bəlkə yay tətilində yenə bu temaya qayıtdıq.

Demək, Rafiq İsmayılov, Zahid Xəlil və başqa iki müəllifin birgə yazdığı (bir sirr açım, hər dəfə bu kitabın çoxmüəllifli kollektivini görəndə yadıma bir ata sözümüz düşür, hərçənd heç 3-cü sinif uşaqlarının bu sözü oxuması məsləhət deyildir: “Mamaça çox olanda uşaq tərs gələr”) dərsliyin 101-ci səhifəsində Viktor Hüqonun “Səfillər” romanından Qavroş hissəsi tədris edilir. Burada Qavroşun əhvalatı müəyyən dərəcədə uşaqlara çatdırılır. Uşaq əhvalatı daha geniş mənimsəsin deyə Qavroş haqda ayrıca kitab aldıq. Uşaq kitabı oxumağa başlayan kimi gəlib deyir: “Ata, burda deyəsən səhv var”. Deyir burada əhvalatın apreldə baş verdiyi yazılıb, bizim dərslikdə isə payız göstərilib. Doğrudan da dərslikdə Qavroşun küçədə dayanıb üşüdüyü, soyuq payız ayından bəhs olunur. Bu, Qavroşun balaca küçə uşaqlarını himayəsinə aldığı əhvalatın təsviri hissəsi idi. Hüqonun romanında, orijinalda isə əhvalat apreldə olur, sadəcə yazıçı orda belə cümlə vermişdir: “Parisdə yaz ayları tez-tez elə soyuq olur, deyərsən yanvar qayıdıbdır”. Ardıyca yazır: “Belə soyuq aprel günlərinin birində...” və sairə və ilaxır. Rafiq İsmayılov və komandası isə nədənsə bunu aparıb payıza çıxarıblar, uşaq da haqlı olaraq düşünür ki, aprel payız ayı deyildir.

Mən başa düşürəm, bizdə kitab, dərslik çapı işinə barmaqarası yanaşma vardır. Xüsusən tanınmış pedaqoq alim, naşir Əlövsət Osmanlı öləndən sonra bu sahədə tam yiyəsizlikdir, kimin ağlına nə gəlsə edir. O cümlədən, tərcümə sahəsində tam dərəbəylik hökm sürür, biri Svifti redaktə edir (bax: “Qulliver sarayda yanğını necə söndürmüşdü” yazım, “Yeni Müsavat”, 24.10.2017), başqası Servantesi doğrayır. Bəli, təəccüblənməyin, bizdə “Don Kixot” kimi dünya ədəbiyyatının şedevrini yarımçıq çap ediblər, bütöv adıyla sırıyırlar. Ancaq yenə də hər bir işi professional görməliyik. Yarımçıq, qeyri-peşəkar görülən iş başqasına quyu qazmaqla eyni nəticəni yaradır – adam özü yıxılır haçansa.

Peşəkarlıqdan söz düşmüşkən, bir neçə ildir müşahidə elədiyim bir sənətkar haqda yazmaq istəyirəm. O, dilənçidir. Bəli, təəccüblənməyin, sözün əsl anlamında əl açıb dilənir, ancaq mən hesab edirəm bu da bir sənətkarlıq tələb edən sahədir. Dilənçi gərək səndən pulu elə çıxartsın ruhun da inciməsin. Pulun dalıyca gözün qalmasın. Bu mənada bizim əksər dilənçilər dövlətçiliyə zidd fəaliyyət göstərir. Misal üçün, xaricdə görürsən dilənçi nəsə mahnı oxuyur, bir alətdə dınqıldadır, fala baxır, nə bilim, dombalaq aşır. Bizim dilənçilər isə eləcə əvəzsiz formada pul qopardırlar. Onlar anlamırlar ki, əvəzsiz olaraq pul ödədiyimiz adamlar dövlət məmurlarıdır, gərək hər kəs öz işiylə məşğul olsun. Qayıdaq məndə hörmət doğuran dilənçinin yanına. Onun dislokasiya yeri “20 yanvar”, Şamaxinka, avtovağzal istiqamətləridir, bunu xüsusi qeyd edirəm ki, ürəyi çəkənlər, həmçinin şəhərimizin qonaqları arzu eləsələr bu unikal şəxsiyyəti yaxından müşahidə edə bilərlər. Avtobus hər dayanacaqda uzağı yarım dəqiqə, 1 dəqiqə dayanır, həmin müddət ərzində bu qardaşımız avtobusun bir qapısından girib o biri qapısından çıxır.

Bu olduqca qısa zaman kəsiyində o, elə bir performans göstərir ki, hər kəs ona pul verməyə çalışır. O hər bir sosial təbəqəni, hər bir təqvim hadisəsini, havanı, dünyada gedən prosesləri, az qala NASA-nın Marsda gəzdirdiyi “Kuriositi” qurğusunu da öz dua və alqışlarında nəzərə alır! Örnək üçün, onun standart duası təxminən belə olur: “Allah-təala bu pis havada uzaqdan yol gələnləri, əsgərlikdə olanları, bu əziz Ramazanda oruc tutanları (Məhərrəmlik, Pasxa, Rom Kipur, Krişna Canmaştami və sairə də ola bilər – Z.H.), qəbul imtahanına hazırlaşanları, bütün əlacsız xəstələri, bankomata doğru gedən pensionerləri, sosial müavinət alanların yetimlərini, prokurorluğa sənəd verənləri, QAİ-də işə düzəlmək istəyənləri salamat eləsin!”. Yəni, dua elə lakonik, məzmunca zəngin tənzimlənir, alqışda elə balanslı siyasət yürüdülür ki, avtobusun iki qapısı arasındakı elektoratdan azı 4-5 adam bu qarmağa keçməlidir! Hədəflərin yayınma ehtimalı sıfır tam yüzdə birə bərabərdir. Hətta bir dəfə, 22 iyul Milli Mətbuat Günündə qardaşımız mənə zəndlə baxıb “Allah bütün qəzetçilərə Zərdabi yolu qismət eləsin” demişdi. Böyük insandır. Şəxsən mən ona həsəd aparıram. Qibtə eləyirəm – məhşur əhvalatda deyilən kimi. Qəzetdən məni qovsalar gedib onun yanında kurs keçmək fikrindəyəm.

Zamin Hacı

Kultura.az

Yuxarı