post-title

“Şeyx”in tənqidi

Lap başdan ürək ağrısıyla deyim ki, Sahilə Yayanın 2018-ci ildə “Teas Press” nəşriyyatında çap edilmiş “Şeyx” kitabının tənqidə gələcək bir tərəfi yoxdur. Kitab roman kimi təqdim edilsə də, onu roman adlandırmaq sadəcə olaraq mümkün deyil. Yazı bir mətn kimi o qədər ələgəlməzdir ki, danışmamaq, üstündən sakitcə ötüb keçmək olardı, lakin 372 səhifəlik mətni sırf oxumuş olduğumdan və kitab əksər azərbaycanlı yazarların yol verdikləri səhvləri mükəmməl şəkildə və komplekt formada özündə ehtiva etdiyindən, bəzi fikirlərimi çatdırmaq qərarına gəldim.  

“Şeyx” kitabı fərqli zaman dilimlərində baş verən və bir-birləriylə əlaqədar olması nəzərdə tutulan üç hissədən ibarətdir. Birinci hissədə mətnin baş qəhrəmanı Şumeysat təhsil aldığı Almaniyada işiylə əlaqədar olaraq, bir şəhərdən digər şəhərə səyahət edir. Qatarda o, təsadüfən uşaqlıq dostu erməni əsilli Sənanla qarşılaşır. Təcrübəli oxucu artıq ehtimal edir ki, bu hissədə Qarabağ müharibəsinin ayrı saldığı azərbaycanlı-erməni məhəbbətindən söhbət açılacaq. 

Kitabın ikinci hissəsindəki hekayət 10-cu əsrdə vaqe olur. Kitab içində kitab yazmaq cəhdindan ibarət olan bu hissədə Şumeysat obrazı Şeyx Sənanın sufi ocağı və onun sufiyanə məhəbbət macərası barədə mətn qələmə alıb. 

Kitabın üçüncü hissəsində isə biz 1990-cı illərə qayıdıb Şumeysatın travmatik uşaqlıq dövrü ilə tanış olur, bu dövr ərzində baş verən dəhşətli hadisələrin onu  gələcəkdə necə “yazıçıya çevirməsinə” və Sənanla məhəbbətini tətikləməsinə şahidlik edirik. (Bu hissə ayrıca davam etdirməyin çətinliyi ucbatından kitabın ortasında yoxa çıxır və birinci hissəyə qarışır.) 

Beləliklə, qarşımızda ikisi meynstrim sayıla biləcək üç mövzu var: azərbaycanlı-erməni məhəbbəti, sufizm və uşaqlıq tematikası. İlk baxışda bu, müəllifin bir daşla üç quş vurmaq cəhdi kimi görünə bilər. Lakin burada müəllif nə etdiyindən agah olsa da, olmasa da ağır bir yükün altına girib. İndi o, 3 mövzu ətrafındakı hadisələrin bədii və psixoloji həllindən savayı, struktur həllini də verməlidir ki, mətndə harmoniyaya nail ola bilsin. Mətni mütaliə etdikcə isə, məlum olur ki, müəllif özünü çıxılmaz bir cəncələ salıb və bu cəncəldə kortəbii şəkildə vurnuxmaqla məşğuldur. Mətndə obrazların açılmasından, mətnin bədii və psixoloji həllindən, struktur harmoniyasından danışmağa belə dəyməz, çünki müəllif bu məsələlərə nəinki yaxın düşə bilmir, hələ üstəlik belə bir təəssürat yaranır ki, müəllif bəlkə də bunları həyata keçirməyin labüdlüyünü belə duya bilmir.  Beləcə də ortaya sadəlövh, çiy və həvəskar bir mətn çıxır. 

 “Şeyx” kitabında əvvəldə qeyd olunduğu kimi, azərbaycanlı yazıçıların mətnlərində buraxdıqları səhvləri bariz şəkildə göstərən bir çox elementlər var, onların bir qismi bunlardır: yazacağın mövzuda ən bəsit formada belə araşdırma aparmamaq; bilmədiyin, hiss etmədiyin mövzulara girişmək; ən sadə təhkiyə problemlərinin olmasına baxmayaraq, öhdəsindən gələ bilməyəcəyin mürəkkəb  strukturda yazmağa iddia etmək; intellektual olmadığın təqdirdə intellektual söhbətlər etməyə cəhd göstərmək; oxucuda dərin təəssürat yaratmaq üçün “Yeşilçam” abu-havasında süni tragediya yaratmaq  və hisslərin istismarı ilə məşğul olmaq; və ən əsası yazıçılığın oxumaq, araşdırmaq, zəhmət çəkmək tərəfinə qatlaşmağı istəmədən, sadəcə romantika tərəfinə meyl etmək və s. 

“Şeyx”in mətnində xronoloji, faktoloji və məntiq baxımdan elə kobud səhvlər var ki, müəllifin yazacağı mövzuda xırda bir araşdırma belə aparmamasına məəttəl qalırsan. Məsələn, mətndə bir yerdə qeyd olunur ki, Şumeysatın nənəsinə çeçenlər möhür bağışlayırlar, bundan sonra da nənəsi namaz qılmağa başlayır. Məntiqi sual yaranır: sünni məzhəbinə etiqad edən və məzhəb uğrunda Rusiya ilə kəllə-kəlləyə gəldiklərindən ölkələri yer üzündən silinmək təhlükəsiylə üzləşən çeçenlər niyə kiməsə şiyə rəmzi olan möhür bağışlasınlar? Yaxşı tutalım, bunlar istisna kimi şiyəliyi qəbul etmiş çeçenlərdir, bəs necə ola bilər ki, Şeyx Sənan və müridləri 10-cu əsrdə yaşadıqları halda, bir yerə toplaşarkən İbn Sina və Bəhmənyarı müzakirə etsinlər? On birinci əsrə keçəndə Bəhmənyarın 7, İbn Sinanın isə 20 yaşı olub, bu, iki İran əsilli alimin yaradıcılığı 11-ci əsrə təsadüf edibsə, necə olur ki, 10-cu əsrdə Ərəbistan çölündə müzakirə predmeti olublar? Kitabda 10-cu əsrdə yaşamış Şeyx Sənanın və müridlərinin müasir dövrün gənc aktivistləri sayaq millətçilik və feminizm ritorikasında çıxışlar etmələrini də heç cür məntiqə sığışdırmaq olmur. 

Mətnin bir yerində belə bir paraqraf var: 

““Karfagen həm də on görə dağıldı ki, başçıları çəlimsiz və gücsüz görünən körpələri öldürürdülər. Şəhərin əsas məqsədi müharibədə qalib gəlmək idi. Başçıların amalı şəhəri nə xoşbəxt insanlar diyarına çevirmək, nə sülhdən həzz almaq idi. Onlar yalnız gələcəkdə güclü döyüşçü ola biləcək uşaqlara yaşamaq hüququ verirdilər. Halbuki çəlimsiz uşaqlar böyüyüb güclü strateq, müdrik başçı ola, Karfageni əsl qələbəyə, sülhə, xoşbəxtliyə apara bilərdilər”, - Şumeysat yazırdı...” 

Burada yazıçı Şumeysat əlbəttə ki, böyük səhvə yol verir. Karfagendə əsasən məhsuldarlıq üçün, xəstəliklərlə mübarizə üçün uşaq qurbanetmə mərasimləri olsa da, ölkə müharibələrdə qalib gəlmək üçün müxtəlif millətlərdən olan muzdlu döyüşçülərə bel bağlayırdı. Şumeysatın bilmədən nəzərdə tutduğu və adını səhvən çəkdiyi dövlət isə antik yunanların Sparta şəhər dövlətidir və burada söhbət onların  agōgē  ənənəsindən getməli idi. Bunu ki bilməyən yoxdur, amma yazıçı Şumeysat nədənsə bilmir, hələ üstəlik söhbətlərində dəfələrlə gileylənir ki, Azərbaycanda ciddi kitablara hörmət yoxdur və ciddi kitablar satılmır... 

Kitabda digər bir çox məqamlarda da kobud xronologiya səhvləri, məntiq xətaları var, onları bir-bir qeyd etməyin mənası yoxdur, ondansa, zənnimcə, müəllifin kitabdakı qəhrəmanların davranışlarının psixoloji motivlərini aça bilməməsininin necə bir təəssürat doğurduğunu da göstərməyə dəyər. 

Şeyx Sənan məsələn, bir gün ürəyini yeyən sufiyanə dərd nəticəsində toy günü adaxlısını atıb yollara düşür, şeyxlikdən və müridlərindən imtina edir. Bir çox illər keçəndən sonra o, Melissa adlı bir xristian qızına aşiq olur. Şeyxin ahıl yaşında gənc və gözəl qıza aşiq olması, yollarda dayanıb onun yolunu gözləməsi, “səni sevirəm” deməsi və əlindən tutmağa çalışması kimi qeyri-adekvat davranışları insanlar tərəfindən normal qarşılanmır. Melissanın keşiş atası Şeyx Sənanın şəxsiyyətini öyrənəndə, onu sınağa çəkmək qərarına gəlir. Əgər Melissaya sahiblənmək istəyirsə, şeyxin xaç taxmaq, şərab içmək, donuz otarmaq və “Quran”ı yandırmaq kimi sınaqlardan keçməli olduğunu bəyan edir. Şeyx Sənan “ilahi” məhəbbətinə görə, bütün bu sınaqlara razılıq verir. Amma müəllif dozasını artıq elədiyi bu “sufiyanə məhəbbətin” psixoloji həllini verməyi bacarmadığından, it damlarında yaşayan, it artıqları ilə qidalanan, sevgilisinə maddi cəhətdən qovuşmaq üçün xaç taxan, şərab içən, donuz otaran, hətta lap ağını çıxardaraq, “Quran”ı yandıran Şeyx Sənan bir sufi deyil, kəmağıl bir insan təəssüratı yaradır və gülünc görünür. 

Müəllif oxucuda dərin təəssürat yaratmaq üçün digər pafoslu elementlərdən də istifadə edib. Bunlara misal kimi bir çox yerli yazıçılar arasında da yayğın olan türklərin “Yeşilçam” filmlərinə xas çarəsiz eşq, şeytani obrazlar və kütləvi ölüm halları kimi elementləri də göstərmək olar. “Şeyx”i oxuyarkən, bizə məlum olur ki, əsərin qəhrəmanı Şumeysat uşaq olarkən, anası ağır yük daşıdığına görə zədələnib ölür; anasının ölümündən az keçmiş şeytani xislətli atası evə yeni  arvad gətirir; ögey ana özünü pis aparmağa başlayır; ögey ananın doğma ananın şəklini evdən yığışdırması son damla olur, buna görə Şumeysatın qardaşı İman ögey anaya qarşı çıxır; ögey ana İmanın ona xəsarət törətdiyi yalanını uyduraraq ataya şikayət edir; İmanın hərəkətindən qəzəblənən ata isə ondan qisas almaq üçün dəhşətli sirrin üstünü açır, məlum olur ki, İman həqiqi yox, başqasından götürülmə uşaq imiş! Götürülmə övlad olduğunu biləndə İman şoka düşür və evdən çıxıb doğma ailəsinin yanına qayıdır. Bir müddət keçəndən sonra bu dəfə atanın qəzəbinə Şumeysat tuş gəlir. Bir anlıq qeyzə qapılan Şumeysat atasını necəsə ətçəkən maşının qulpuyla vurub öldürür, bu dəmdə evə qəfildən İman gəlib çıxır və fədakarlıqla qətli öz boynuna götürür, qızcığazın əvəzinə, həbsə getməyə razılıq verir! 

Ölümlər və tragediyalar bitmir. Şeyx Sənanın sevdiyi qız Melissa Şeyx Sənanın dərdindən ölür, Melissanın ölüm xəbərini eşidən Şeyx Sənan da ölür və meyidi donuzlara qismət olur. Kütləvi ölümlərin kuliminasiya nöqtəsi isə finalda baş verir: Şumeysatın erməni sevgilisi Sənan xoşbəxt bir gündə qəfildən, durduq yerdə yıxılıb ölür və Şumeysatın tragik yazıçı həyatı biraz da tragikləşir. 

Faktiki olaraq, kitabda o qədər dəxlisiz ölüm hadisəsi, şişirdilmiş absurd səhnələr var ki, sən hətta dəfələrlə mətnin bir parodiya olub-olmadığından şübhəyə qapılırsan: yəni, bütün bunlar ciddiyyətləmi qələmə alınıb?! 

Mətndə bütün bu çiy detallarla yanaşı, bariz görünən bir xətt daha var, bu da azərbaycanlı əksər yazıçıların böyük arzusu olan qəribə, eksentrik, tragik yazıçı obrazı yaratmaq, obraz vasitəsiylə də yazıçılıq romantikasına bürünmək mərəzidir. 

“Şeyx”də yazıçılıq romantikası əslində bütün söhbətlərin fövqündədir. Şumeysat obrazı yazıçılıq romantikasına o qədər qapılıb ki, hətta qarşısına çıxan əl boyda uşağa da yazıçı olduğunu demək ehtiyacı hiss edir. Şumeysat yazıçı olduğuna görə, sevgililərin qısqanclığına tuş gəlir, buna görə, münasibətləri pozulur. Bəzi detallar:  

 

“Onun saatlarla oxuyub, işləməsi sevgililərini qıcıqlandırırdı. Bir qadının bu qədər məşğul olmağı onları qəzəbləndirirdi.” 

“- Şami, yazıçılar başqa cür sevir?  - Sənan qızın üzündəki durğunluğu hiss edib, kefini açmaq ümidilə soruşdu.

       -         Hə, - Şumeysat qətiyyətlə dedi.” 


Şumeysatın eksentrik və əcaib yazıçı kimi görünməyə cəhd edərkən qurduğu cümlələr: 


“- Sənan, mən Allah üçün darıxmışam, - Şumeysat nəzərlərini təbiətdən çəkmədən dedi.”

     “Mən xislətən yazıçıyam, Sənan. Mən yazıçı kimi sevir, yeyir, yatır, hətta dalaşıram.”

“Əslində, bu mənim peşəmdir, açıqda olmayanı üzə çıxarmaq, boşluqları doldurmaq. Bizim birlikdə olmağımıza mənim yazıçılığım, bir də, müharibə qarışıb.”


Və s.

Səmimi deyirəm, əgər mən “Şeyx”in müəllifin dördüncü kitabını olduğunu bilməsəydim, ümumiyyətlə, kitabın müəllifi barədə hissəni oxumasaydım, onu yazıçılıq romantikasına qapılan naiv bir məktəbli qızın qeyri-yetkin qələmindən çıxma bir mətn zənn edərdim.

Azərbaycanda oxumuşların gənc yazarlara yuxarıdan aşağı baxmasında bu cür çiy mətnlərin böyük payı var, bu cür mətnlər nə müəllif, nə də yerli ədəbiyyat adına başucalığı gətirir.

Ola bilsin ki, yazdıqlarım sərt alındı. Amma kitab hörmətli bir nəşriyyatın təşəbbüsüylə ortaya çıxan kommersiya məqsədli bir məhsul olduğundan və məhsulu kifayət qədər pul xərcləyib aldığımdan ən azından bir istehlakçı kimi fikrimi bildirmək haqqım vardı.

Bir məsələni də qeyd edim, “Teas Press” nəşriyyatına yerli ədəbiyyatı populyarlaşdırmaq üçün yerli yazarların kitablarını nəfis tərtibatda, üstəlik qonorar müqabilində nəşr etdiyinə görə təşəkkür düşür. Amma bir irad da mütləq şəkildə nəşriyyata bildirilməlidir. Yerli yazıçıların kitabları  belə görünür, redaktor baxışı olmadan nəşr olunur, ən azından “Şeyx” kitabında redaktor göstərilməyib. Halbuki nəşriyyat o qədər xərcin cüzi bir qismini redaktə işi üçün ayırsaydı, ən azından bariz xronologiya və məntiq xətalarından yayınmaq mümkün olardı. Dünyanın top-yazıçılarının, Nobel, Buker mükafatçılarının redaktorları var, bizimkilərin niyə olmasın?

“Şeyx” kitabına gəldikdə isə, o, bir mətn kimi alınmayıb. Kitab ancaq keyfiyyətli nəşr tərtibatı baxımından irəliyə doğru bir addım sayıla, bir də mətn necə yazılmamalıdır nöqteyi nəzərindən oxumaq üçün faydalı ola bilər. Başqa mənada təəssüf ki, onu xilas edəcək bir xüsusiyyət yoxdur.

 Cavid Ramazanov

Azlogos.eu

Yuxarı