Tariximizin hörülən saçları
Təxminən bir həftə əvvəl qızım axşam süfrə ətrafında toplandığımız zaman məktəb…
Sovet sisteminin iyrənc
cəhətlərindən biri odur ki, özündən sonra korrupsiyaya əsaslanan bərbad təhsil,
səhiyyə, hüquq-mühafizə sistemi miras qoyub getdi. Və Sovetin dağılmasından 30
ilə yaxın vaxt keçsə də, biz hələ də onun çürük meyvələrindən yeməyə məcburuq.
Azərbaycanda müstəqillikdən
əvvəl və sonra Sovetsayağı təhsil alan insanlar dünya xəritəsində İndoneziyanın
yerini göstərə, Uruqvayın paytaxtının adını səsləndirə və hərf tanıya
bildiklərinə görə, yaxşı təhsil aldıqlarını zənn edirlər. Xəritədə ölkə yeri göstərmək,
paytaxt adı bilmək, hərf tanımaq isə təbii ki, hələ savadlı olmaq mənasına
gəlmir. Bu, bizə bir balaca əyan olsaydı, bəlkə onda savadsızlıq girdabının
necə dərin olduğunu anlamağımız bir qədər asan olardı.
Azərbaycanda Sovetdən miras
qalan məktəb, universitet təhsilinin həqiqi təhsillə nə əlaqəsi var? Məktəb
attestatı, universitet diplomu əldə etməklə sən nə əldə edirsən? Heç nə.
Məktəb, universitet adı verilən yerlərdə biraz havanı dəyişirsən, vəssalam.
Azərbaycanda təhsil almaq, azacıq havanı dəyişməkdən ibarətdir. Faktiki olaraq,
ölkə universitet diplomluları ilə qaynaşır: bazarda kartof satandan tutmuş,
taksi sürücüsünədək nə qədər desən, ali təhsilli var. Amma bu insanlar illərlə
universitetdə oxusalar da, oxuduqları sahəylə bağlı ən elementar biliklərə belə
yiyələnə bilməyiblər. Biri elə özüm, 4 il Bakı Dövlət Universitetinə ayaq
döydüyümə görə, ömrüm boyu peşmançılıq çəkəcəm, bu dörd il sadəcə və sadəcə
ömrümdən gedən dörd ildir, başqa heç nə. Elə məktəb illərim də eynilə itirilmiş
illərdir.
Bizim ölkədə təhsil almaqdansa,
almasan daha yaxşıdır. İdealı bu olardı. Onsuz da heç nə öyrənmirsən,
müəllim(ə)lər dərs adıyla sənə yalan-palan sırıyırlar, üstəlik onların kobud və
nalayiq davranışlarına görə, psixikan ömürlük zədələrə məruz qalır. (Bizim
təhsil sistemimizin vəziyyətini elə “müəllim-müəllimə” anlayışları çox yaxşı
izah edir. Dilimizin şəxs əvəzliyində cins anlayışı olmadığı halda, qadın
müəllimlərə hələ də “müəllimə” deməyə məcburuq. Şəxs əvəzliyində səhv edən
təhsil sistemindən başqa nə gözləyəsən? Bu yazıda isə mən “müəllim” deyərkən,
həm kişi, həm də qadın müəllimləri nəzərdə tutacam.) Çünki müəllimlərin özləri
də zədəlidirlər, bizim təhsil müəssisələrindəki müəllimlərin mütləq əksəriyyəti
ağır travmalı adamlardan təşkil olunub. Son illərdə işəqəbulda test sisteminə
keçildikdən sonra, müəllimlərin davranışlarında və təhsilin keyfiyyətində
müəyyən qədər irəliləyiş olduğu iddia edilsə də, problemlər böyük miqyasda
eynilə qalmaqdadır.
Gəlin Azərbaycan müəlliminin
onilliklər ərzində keçdiyi yolu yada salaq. (Testlə işəqəbul kimi yenilik
nəzərə alındığından bu misal keçmiş zamanda yazılacaq, amma məlumunuz, oxşar
hadisələr bu gün də aktualdır, misaldakı tiplər yenə də iş başındadırlar,
cəmiyyətin böyük qismini də onların mənəvi sallaqxanasından çıxma zədəlilər
təşkil edir.)
Müəllimliyə adətən sinifdə
xüsusi istedadıyla, dərrakəsiylə seçilməyənlər yönəlirdilər. Sən çox da yüksək
bal tələb olunmayan imtahanları verib bir neçə il universitetə və ya texnikuma
ayaq döyürdün. Sonda əgər kəndlisənsə, fərasətli valideynlərin danadan-düyədən
satıb; şəhərlisənsə, yenə fərasətli valideynlərin kiminsə boğazından kəsib
təhsil şöbəsinə, məktəb direktoruna rüşvət paylamaqla, səni məktəbə müəllim
düzəldirdilər. Sən də başlayırdın öz məhdudluğunla, savadsızlığınla,
zədələrinlə məktəbdəki uşaqları korlamağa. Hansısa korəfəhmin yazdığı
dərslikdən özün heç nə qanmadığın halda, şagirdlərdən nəsə qanmağı tələb
edirdin, onların bilik və bacarıqlarını öz məhdud qabına uyğun şəkildə
qiymətləndirirdin, onları təhqir etməkdən, alçaltmaqdan, psixikalarında
sağalmaz zədələr buraxmaqdan zövq alırdın. Ağlınla yox təbii ki, çünki o qədər
də üstünzəkalı biri sayılmazsan, sırf heyvani instinktlərinlə onları günbəgün,
aybaay, ilbəil korlayırdın, onları islaholunmaz kütlərə çevirirdin. Bu
çevrilməni həqarət, alçaltma, ayrıseçkilik, fiziki zorakılıq kimi cəzalar
tətbiq etməklə, yavaş-yavaş həyata keçirirdin. Cəzanın nə olduğunu sən çox
yaxşı bilirsən, çünki ailədə, təhsil müəssisəsində, cəmiyyətdə gördüyün ancaq
cəza olub, yetişdiyin mühitdə problem həlletmə mədəniyyəti olmadığına, ancaq
cəzalandırma anlayışı olduğuna görə, sən də cəzalandırmanı çox yaxşı əxz
etmisən. Problemlə üzləşən kimi məhdud ağlına ancaq cəza gəlib. Cəza verməklə,
sən qarşındakını zorla öz iradənə tabe etməyə, onu zorla sürüyə qatmağa
çalışmısan. Cəza alan nə qədər çox müqavimət göstərsə, cəzası da bir o qədər
ağır olub. Başa düşməmisən, o qədər dərrakən yoxdur ki, cəza küt insan yaradır,
beləcə də bu istehsal prosesinə çevrilir: küt insanlar küt insanlar istehsal
edirdilər, nəticəsi: Kütlər Respublikası.
Şagirdləri yavaş-yavaş
islaholunmaz kütlərə çevirmək üçün sənin qarşını alan bir qüvvə olmayıb.
Şagirdlərin valideynləri böyük ehtimalla, səndən də pis tərbiyə almışdılar və
övladlarıyla rəftarlarında səndən daha iyrənc idilər. Dövlət də səninlə ancaq
gözə kül üfürmək üçün maraqlanıb, ona seçkini saxtalaşdırma işində istifadə
edilmək üçün lazım olmusan (Son seçkilər göstərdi ki, bu sahədə dəyişiklik
yoxdur). Sən və sənin kimi çoxsaylı müəllimlərin arasında təbii ki, təmiz,
vicdanlı müəllimlər, yaxşı pedaqoqlar da olub. Amma siz çoxluqda olduğunuzdan,
öz bakteriya mühitinizdə onları yavaş-yavaş çərlətmisiniz. Onlar sizin direktor
qarşısındakı mütiliyinizi, şagirdlər qarşısındakı iyrəncliyinizi dəyişdirmək
üçün əlacsız olublar, gücləri yalnız özlərini sizdən xilas etməyə çatıb, o da
çatsa…
Bizim ölkəmizdə şagirdlər belə
korlana-korlana böyüyüb, iyrənc mühitdə sağqalma metodlarını öyrəniblər.
Onların çoxusu məktəbi bitirəndən sonra, cəngəllik qanunlarının hökm sürdüyü cəmiyyətdə
öz bəsit mövcudluqlarını davam etdirməyə yollanıblar. Bəziləri isə daha iddialı
olub, universitetə filan hazırlaşıb, təhsil, səhiyyə, hüquq-mühafizə işçisi və
b. olmağı arzu ediblər. Məqsəd əksərən dövlət işinə girib bacardıqca çox
istismar etmək, əzab-əziyyət vermək, çapıb talamaqdan ibarət olub.
Həkim olmaq istəyən şagird
vaxtı çatanda, hansı proseslərdən keçib? Əgər Türkiyədə, Almaniyada oxuyub
həqiqi mütəxəssis olmaq istəyən, buradan (rədd olub) çıxıb getməyi arzulayan
zəhmətkeş biri deyilsənsə, əksəriyyətdən birisənsə, sən illərlə heç nə
öyrənməmək üçün Tibb Universitetinə ayaq döymüsən. Mürgüləyə-mürgüləyə, iztirab
çəkə-çəkə dərslərdə oturub, praktikalarda iştirak edib, köhnəlmiş Sovet
dərsliklərini imtahandan imtahana əzbərləyib, rüşvətxor müəllimlərinə rüşvətdən
verərək növbəti kurslara keçib lazımi savada və praktikaya yiyələnmədən
birtəhər universiteti bitirmisən. Hansısa maxinasiya ilə dövlət xəstəxanasında
işə düzələndən sonra da, vəssəlam, ağ xalatını geyinib, insanların qanını
içməyə hazır olmusan. Qanı qüsursuz şəkildə içə biləsən deyə, xəstəxana
rəhbərliyi sənə yaxından kömək edib, təlimatlar, istiqamətlər verib və
verməkdədir.
Beləcə, sən həkim karyeranda
irəliləməyə başlamısan: sən heç bir koqnitiv dissonans keçirmədən, cərrahi
əməliyyata ehtiyacı olmayanları ağır əməliyyatlara yazıb, səhv diaqnozlar
qoyaraq səhv müalicələr edib, apteklərlə sövdələşərək lüzumsuz dava-dərman yazıb,
rüşvətlə arayış, sənəd vermisən. İşini asanlaşdırmaq üçün ətrafında hər zaman
tibb bacılarından ibarət zərif qaniçənlər də olub. Bu zərif şeytancıqlar bir
qayda olaraq, universitetə daxil olmaq üçün yetərincə bal toplamağa savadı
çatmayanlardan, cəmiyyətin aşağı təbəqələrindən gəlmələrdən təşkil olunub.
Onlar da dananın, düyənin satılmasıyla və ya kiminsə boğazından kəsilməklə,
rüşvətlə “medsestra”olanlardır. Bu zərif şeytancıqların funksiyası sənin
yan-yörəndə fırlanmaqdan, rüşvət yığımı, insanların qətli və şikəst olunması
prosesinə öz töhvələrini verməkdən ibarət olub…
Bəs Azərbaycanda hüquq-mühafizə
işçisi olmaq üçün adətən hansı proseslərdən keçilib? Uzatmağa nə hacət, hakim,
prokuror, vəkil də eyni cür məktəblərdə, universitetlərdə eyni cür müəllimlərdən
eyni cür təhsil-tərbiyə alıblar. Hakim olmaq istəyənlər daha böyük rüşvətlər
verməklə, polis olmaq istəyənlər də yenə danadan-düyədən satmaqla, rüşvət
prosedurlarından keçməklə, məslək həyatına başlayıblar. Bundan sonra bir qalıb
ev yıxmaq, həbsə atmaq, qarət etmək, torba tikmək, adam döymək, işgəncə vermək,
çapıb talamaq üçün əldən gələn və gəlməyən hər şeyi etmək.
Dövlətin bel sütununu təşkil
edən təhsil, səhiyyə, hüquq-mühafizə sistemi bizim ölkəmizdə adətən göstərilən
misallardakı kimi formalaşıb. Bunu bilməyən yoxdur. Məsələ sadəcə burasındadır
ki, indi koronavirus pandemiyası bu eyibləri daha
açıq şəkildə ortaya qoyur və nəticə etibarilə də itkilərin sayı daha çoxdur.
Təsəvvür edin, günlərlə
qızdırmadan yataqda yatan, təngnəfəslikdən əziyyət çəkən, aşkarca koronavirus
əlamətləri olan adamın üstünə çağırılan tibbi yardım briqadasının tibb bacısı
xəstəni maskasız müayinə edir, “niyə maska taxmırsız” sualına isə, “nə virus,
virus-mirus yoxdu, boş şeydi hamısı!” deyə cavab verir. Koronavirus
əlamətləriylə xəstəxanalara gedən xəstələri aşkar əlamətlərə baxmayaraq,
həkimlər “nə virus, virus-mirus yoxdu, boş şeydi hamısı!” deyib geri
qaytarırlar. Gətirilən arqumentlərə isə, qımışaraq reaksiya verirlər. Məhkəmə
hakimi siyasi opponentləri ruhi dispanserə (dəlixana) salmaq barədə qərar
çıxarır, polis vətəndaşları övladlarının gözü qarşısında evlərindən çılpaq
halda götürüb aparır, siyasətçilər bacarıqsızlıqlarından ancaq sərt cəzalar
tətbiq edir, vətəndaşları qınayır, sosial şəbəkələrin məhdudlaşdırılması barədə
çağırışlar səsləndirirlər. Məktəbdə, universitetdə bəlli müəllimlərdən dərs
alan cahil bəndələr isə virusun mövcudluğunu inkar edir, 5G, çip taxmaq kimi
axmaq konspirologiya nəzəriyyələrinə inanırlar.
Bu gün koronovirusa görə, Azərbaycanda sistemin çökməsini, xəstəliyin inkarını, sərt cəzaların tətbiqini, ümumən baş verməkdə olan acınacaqlı vəziyyəti yalnızca bir şeylə izah etmək olar: sovetdənqalma, korrupsiyaya bulaşmış çürük təhsil, səhiyyə və hüquq-mühafizə sistemində vaxtında həqiqi və lazımi islahatların aparılmamasıyla. Koronovirus üçün bundan ideal mühit ola bilməzdi. Ona görə də indi necə lazımdırsa, at oynadır. Bizə isə onun at oynatmaqdan yorulacağını gözləməkdən və buna ümid etməkdən başqa bir şey qalmır…