post-title

Seymur Baycan: Mən necə istidən xilas oldum?

Yaşım hələ tamam olmamışdı. Ya üç aylıq olardım, ya da dörd aylıq. Gənc ana, yəni doğma anam ya təcrübəsizlikdən, ya da ola bilsin xəstələnəcəyimdən qorxaraq əlinə keçən əski-üsküylə məni bərk-bərk bələmişdi. Üstəlik qırmızı bir iplə bələyi də bərk-bərk sarımışdı. Elə bil harasa qaçacağımdan qorxurdu.

Əlim-ayağım, bədənim bir tərəfə qalsın, heç başımı da tərpətmək mümkün deyildi. İstidən bişirdim. Hələ dilim açılmadığına görə anama heç nə deyə bilmirdim. Deyə bilmirdim ki, ay ana, istidən ölürəm, mənə yazığın gəlsin, aç bu bələyi. Qoy bir az bədənimə Allahın havası dəysin. Ürəyim az qala istidən dayansın.

Başladım bərkdən ağlamağa. Bu vaxt anam məni qucağına götürdü. Daha da şiddətlə ağladım. Anam elə bildi ki, acmışam. Mənə süd verdi. Əmmədim. Ağlamağa davam etdim. Bu istidə heç süd əmmək olar? Anamın bibisi, atasının bacısı bizə gəldi. Nə yaxşı ki, gəldi. Yaşlı qadın məni dəhşətli istidən xilas etdi. Yoxsa istidən öləcəkdim. Anam təlaşla bibisinə dedi ki, deyəsən, uşaq xəstələnib. Bayaqdan ağlayır. Anamın bibisi bələyimi açdı.

Bədənimə sarınmış əski-üskülərin hərəsini bir tərəfə atıb anamın üstünə qışqırdı-bu istidə məni də belə bələsələr, mən də ağlayaram. Bu nədi? Uşağı belə bələməzlər. Yazığı bişirmisən. Yaxşı ki, ürəyi partlamayıb.

Anam bərk qorxdu. Su qızdırdılar. Məni yaxşıca çimizdirdilər, əynimə nazik yay paltarı geyindirdilər. Canım elə dincəldi, elə dincəldi, elə dincəldi ki, kəpənək kimi yüngülləşdim. Əgər istəsəydim, uçub ürəyim istəyən çiçəyin üstünə qona bilərdim. Zəhmətkeş arılar mənə "həmişə təmizlikdə" dedilər. Ləzzətlə ətrafımda qaynayan həyatı müşahidə etməyə başladım, böyük maraqla ağaclara, quşlara, toyuqlara, uzaqdakı dağlara, hərəkət etməyə ərinən tənbəl buludlara baxdım, çay içə-içə söhbət edən anamla bibimə diqqətlə qulaq asdım...

Yuxarı