post-title

Zamin Hacı: Tarixdən aldığım dərs

“Əgər yüzə qədər saya bilsələr bəsdir... Bir də diqqəti yayındırmaq üçün dini saxlamaq lazımdır”

(Martin Borman)

Uşaq universitetə qəbul imtahanı verməyə hazırlaşır, kitabı açıb soruşur: “Azərbaycan Milli Elmlər Akademiyası neçənci ildə yaradılıb?” Təkrarlayır, eyni zamanda mənim biliklərimi yoxlayır. Sovet hökumətinin çürük ideoloji hökmdarlıq sisteminə dəstək, yaltaqlıq və elmi konformizmin sistemləşdirilməsi üçün yaradılan bu idarənin doğum vaxtının hardasa ötən əsrin 30-40-cı illərinə təsadüf elədiyini dumanlı xatırlayıram və elə bu cür cavab verirəm (Sonra internetdə baxdım, 30-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı kimi fəaliyyətdə olub, 1945-də “AMEA müstəqillik” alıb).

Uşaq deyir səhvsən, 2001-ci il mayın 15-də yaradılıb. Alıb bu bədnam kitaba - 11-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinə baxıram, görürəm haqlıdır. Həqiqətən burada belə cümlə verilib: “15 may 2001-ci ildə prezidentin sərəncamı ilə Azərbaycan Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası adlandırılmağa başladı”. Yəni, bizim uşaqlarımız tarix adına bu cür mənasız-məzmunsuz informasiyaları öyrənirlər və ən dəhşətlisi odur ki, bunlar qəbula düşürmüş. Elmin millisi olurmu? Məsələn, riyaziyyat milli olanda 2 vuraq 2 təxminən 6 edə bilərmi? Nyutonun qanunları bəlkə Azərbaycanda başqa cür işləyir? Alma budaqdan zəhmətkeşin təpəsinə yox, birbaşa məmurun qarnına düşür? Lap hesab edək hansısa siyasi səbəbdən bir vaxt akademiyanın böyrünə “milli” sözü qoşmuşuq, ta bunu qəbul testinə salmağın əhəmiyyəti nədir? Azərbaycan tarixində, o cümlədən elm tarixində uşağa öyrədiləsi başqa şey yoxdurmu? Lap elə keçən il Ramiz müəllimin Elton müəllimi AMEA-da qaraj müdiri qoymağının dünya elminə müsbət təsirini testin harasınasa dürtüşdürmək olmazdımı? 

Dərd bir akademiya ilə qurtarmır, qəbula düşən, öyrənilməsi vacib tarixi məlumat və bilgilərin bəzilərini burada sadalasam oxucuların qarnı ağrıyar. Mənimki ağrıyıbsa, qoy sizinki də ağrısın, buyurun, 2020-ci ildə tarix dərsliyindən mümkün test suallarına baxın: “Dövlət İmtahan Mərkəzi haçan yaradılıb” (nə qədər təvazökar idarədir, özünü də testə salıb), “TRASEKA ilə İpək Yolunun fərqi nədir”, “Qarabağ problemi 1993-2000-ci illərdə Fransa rəhbərliyi ilə neçə dəfə müzakirə olunub” (cavab: 16 dəfə - yadınızda qalsın, lazım olar), “Azərbaycan dağ merinosu cinsini kim yetişdirmişdi” (zarafat eləmirəm, həqiqətən belə elmi məlumat dərslikdə var və ən məzəlisi isə odur ki, bunu “20-ci əsrin 40-80-ci illərində Azərbaycanda mədəniyyət” bölməsində öyrədirlər), “2011-ci il Evrovizionda kim qalib gəlmişdi”, “Xalça sənəti YUNESKO irsinə neçənci ildə daxil olunub” və sairə və ilaxır. Hamısını yazmağa ehtiyac yoxdur, Google-də “11-ci sinif Azərbaycan tarixi” dərsliyi yazıb bu fantasmaqoriya ilə dərindən tanış olmaq imkanlarınız vardır. Müəlliflər üçün də, necə deyərlər, bir salavat zikr edək, bu əcaib kitabı düz 9 nəfər yazıbdır. Pərviz Ağalarovdan başlayıb Asif Hüseynovda bitən bu zəhmətkeşlərdən birinin də adı tanış gəlmədi. Ümid edirəm heç indən belə tanımaram.

Əlbəttə, bizdə tarixə dövlət qayğısı var, həmişə milli dəyərlərimizin, mentalitetin, adət-ənənələrin üstün tutulduğu yüksək tribunalardan bəyan edilir. Elə bu cür kitablar bunun isbatıdır. Ancaq bu yaxında tarixçi alimlərimiz qara-qışqırıq qoparmışdılar, deyirdilər universitetlərdə tarix dərsinin tədrisi azaldılır. Misal üçün, BDU-da “Türk xalqları tarixi” 195 tədris saatından 75 saata endirilib. Tarix fakültələrində “Azərbaycan tarixi” 315 saatdan 210 saata düşüb. Maraqlıdır ki, ali məktəblərdə Azərbaycan və türk xalqları tarixi azaldılsa da slavyan xalqlarının tarixi dərsi azalmayıbmış.

Məncə, elə bunu azaltsalar yaxşıdır. Lap kökündən ləğv eləsinlər, uşaqlar da əziyyət çəkib Eli və Nikkinin klipinin, yaxud lavaşın dünya arenasına çıxma tarixini öyrənməsinlər.


Musavat.com

Yuxarı