Meri Rozenblum: Yoxlanış: Nə vaxt? Nə qədər? Nə üçün?
Əgər roman üzərində işləyirsənsə, yaxş…
Nahardan sonra gur işıqlandırılmış yemək zalından göyərtəyə çıxdılar. O, gözlərini yumdu, əlinin tərsini yanağına qoyub güldü, gülüşü sadə, məftunedici idi - bu balaca qadının hər şeyi məftunedici idi. Dedi:
- Tamamilə sərxoşam... Ağlım başımda deyil. Siz hardan çıxdınız? Üç saat qabaq sizin heç varlığınızdan xəbərim yox idi. Heç gəmiyə harda mindiyinizi də bilmirəm. Samarada? Amma heç nəyə baxmayaraq yaxşı oğlansınız. Mənim başım fırlanır, yoxsa biz harasa dönürük?
Qabaqda qaranlıq və işıqlar vardı. Qaranlıqdan üzlərinə möhkəm, yumşaq külək vururdu, işıqlar isə ətrafa yayılırdı: paroxod körpüyə yaxınlaşırdı.
Poruçik1 qadının əlini tutub dodaqlarına yaxınlaşdırdı. Qadının balaca və güclü əli gündən yanmışdı. İndi bu yüngül paltarın altında olan, bir ay dəniz sahilində, isti qumun üstündə yatandan sonra qaralan möhkəm bədəni fikirləşdikcə poruçikin ürəyi dayanırdı (qadın Anapadan qayıtdığını demişdi).
Poruçik mızıldandı:
- Gəlin gəmidən düşək...
- Hara? - qadın heyrətlə soruşdu.
- Bu körpüdə düşək.
- Nə üçün?
Poruçik heç nə demədi. Qadın yenə əlinin tərsini qızarmış yanağına qoydu.
- Dəli...
- Gəlin düşək, - poruçik təkrarladı. - Yalvarıram sizə...
- Necə istəyirsiniz, elə edin, - qadın üzünü çevirib - dedi.
Paroxod az işıqlandırılmış körpüyə yüngülcə toxundu, poruçiklə qadın az qala bir-birinin üstünə yıxılacaqdı. Kanatın ucu başlarının üstündən uçdu, sonra paroxod geriyə dartınıb dayandı... Poruçik əşyaların dalınca qaçdı.
Bir dəqiqə sonra yuxulu kontorun yanından keçib qumluğa çıxdılar və sakitcə tozlu, ikinəfərlik arabaya oturdular. Dağa çıxan tozlu yoxuşu yol qırağındakı təkəmseyrək fənərlər işıqlandırırdı, elə bil bu yolun axırı yox idi. Amma yol qurtardı, budur, hansısa meydanın yanından keçib adi qəza şəhərinin isti və qoxulu gecəsinə daxil oldular... Arabaçı arabanı mehmanxananın işıqlandırılmış giriş qapısında saxladı, qapıdan yuxarı qalxan pilləkənlər görünürdü, qoca, üzü tüklü, əynində sürtuk olan lakey narazı baxışlarla onları süzüb əşyalarını götürdü və qabağa düşüb içəri apardı. Böyük, həddindən artıq bürkü otağa girdilər, pəncərələrdəki ağ pərdələr açılmamışdı, güzgünün qabağında qoyulmuş şamlar da yanmırdı. Lakey qapını bağlayıb gedən kimi poruçik qadını qucaqladı, ehtirasla, boğula-boğula öpüşməyə başladılar. İndiyə qədər heç biri buna oxşar hiss keçirməmişdi və hər ikisi uzun illər sonra da bu dəqiqəni yaxşı xatırladı.
Səhər açıldı və bütün qəza şəhərlərindən gələn iylərlə zəngin olan bu qəza şəhərciyi də canlandı, kilsənin zəngləri çalındı, mehmanxananın qabağında, meydançadakı bazarda alver başladı. Hələ də adını deməyən, özünü zarafatla gözəl yad qadın adlandıran bu balaca qadın saat onda getdi. Az yatmışdılar, amma çarpayıdan durandan sonra beş dəqiqəyə yuyunub geyinən qadın əvvəlki təravətini qaytardı, elə bil on yeddi yaşlı qız idi. Qadın utanırdı? Yox, çox yox. Dünənki kimi sadə, şən idi, həm də sağlam ağılla düşünməyə başlamışdı.
- Yox, yox, əzizim, - poruçik yola bir yerdə davam etməyi təklif edəndə qadın dedi, - yox, siz o biri paroxodu gözləyin. Bir yerdə getsək, hər şey məhv olacaq. Bunu istəmirəm. Amma bir şeyi bilin ki, mənim haqda düşünə biləcəyiniz kimi biri deyiləm. Heç vaxt başıma bu cür hadisə gəlməmişdi, yəqin ki, bir də heç vaxt təkrarlanmayacaq. Beyni dumanlı halıma düşdü... Ya da, daha doğrusu, ikimiz də gün vurmasına oxşar bir şey keçirdik...
Poruçik çox da dərinə getmədən onunla razılaşdı. Xoş əhval-ruhiyyə ilə, şən halda qadını körpüyə apardı - çəhrayı paroxod yola çıxan vaxt çatdılar, - hamının qabağında, göyərtədə onu öpdü və güclə çatdırıb körpüyə tullana bildi.
Eyni əhvalda mehmanxanaya qayıtdı. Amma nələrsə dəyişmişdi. Otaq artıq qadın burda olanda göründüyü kimi görünmürdü. Otaq hələ də qadınla dolu idi - həm də boş. Çox qəribə idi! Hələ də onun ingilis odekolonunun ətri duyulurdu, axıra qədər içmədiyi çay hələ də fincanda qalmışdı, amma o, artıq yox idi... Poruçikin ürəyi elə sıxıldı ki, tələsik papiros yandırıb otaqda bir neçə dəfə var-gəl etdi.
- Qəribə əhvalatdır! - o gülüb dedi, amma gözlərinin dolduğunu da hiss etdi. - "Amma bir şeyi bilin ki, mənim haqda düşünə biləcəyiniz kimi biri deyiləm...". Və getdi... Qəribə qadındır!
Çarpayını artıq yığışdırmışdılar. Və poruçik artıq bu çarpayıya baxmağa gücü çatmadığını hiss etdi. Çarpayının qabağındakı pərdəni çəkdi, bazarın və araba təkərlərinin səsini eşitməmək üçün pəncərələri bağlayıb pərdələri saldı, divanda oturdu... Hə, bu da "yol əhvalatı"nın axırı! Getdi - yəqin ki, indi şüşəli salonda, ya da göyərtədə oturub günəş şüalarının bərq vurduğu böyük çayın sularına, yolüstü körpülərə, göy üzünə baxır... Və bağışla, və əbədilik, həmişəlik. - Axı bir də harda görüşə bilərlər? - "Nə sənə, nə mənə, durub onun ərinin, üç yaşlı qızının, ümumiyyətlə, bütün ailəsinin, adi həyatının olduğu şəhərə gedə bilmərəm!". Və həmin şəhər poruçikə nəsə xüsusi şəhər kimi göründü, qadın o şəhərdə tənha həyatını yaşamağa davam edəcək, çox güman tez-tez onu, bu təsadüfi görüşlərini xatırlayacaq, o isə bir də heç vaxt qadını görə bilməyəcək - bu fikir poruçiki heyrətləndirdi. Yox, bu ola bilməz! Bu, həddindən artıq vəhşi, qeyri-təbii, yalançı olardı! Poruçik gələcəyini onsuz fikirləşəndə dərin ağrı hiss etdi, bütün gələcəyi ona boş göründü, onu dəhşət bürüdü.
"Bu nə deməkdir axı! - o, yenə ayağa durub, pərdənin dalındakı çarpayıya baxmamağa çalışaraq otaqda gəzişməyə başladı. - Mənə nə olub? Elə bil birinci dəfədir... Onda xüsusi nə vardı ki? Ümumiyyətlə, nə baş verdi? Doğrudan da, elə bil gün vurması idi. Ən əsası, onsuz bütün günü burda nə edəcəyəm?".
Poruçik hələ də qadının bütün xüsusiyyətlərini, gün altında qaralmış möhkəm bədənini, yüngül paltarını, canlı, sadə və şən səsini xatırlayırdı... Qadınla olduğu vaxt duyduğu həzz hələ də canındaydı, amma o hisslə yanaşı, başqa bir hiss də vardı, dünən qadınla tanış olub bura gəldikləri və bir yerdə olduqları vaxt olmayan, poruçikin heç ağlına da gəlməyən bu hiss onun ürəyini sıxırdı. Dünən özlüyündə bunu əyləncəli macəra kimi qiymətləndirmişdi və bir də heç vaxt, heç kimə bunu danışa bilməyəcəkdi! "Nə edim? Bu xatirələrlə, bu ağrıyla dolu sonsuz günü necə keçirdim? Çəhrayı paroxod Volqanın sularını yara-yara onu apardı!".
Nəsə etmək, harasa getmək, fikri yayındırmaq, xilas olmaq lazım idi. Tez kartuzunu geyindi, boş dəhlizdən keçib böyük pilləkənlərlə aşağı düşdü... Amma hara getsin? Qapının ağzında araba dayanmışdı, arabaçı cavan oğlan qozlada yayxanıb arxayınlıqla papiros tüstülədirdi. Poruçik heyrətlə ona baxdı: necə bu cür arxayın oturub papiros çəkmək olar, ümumiyyətlə, necə ola bilər ki, belə sakit, xətircəm olasan? "Deyəsən, bütün şəhərdə bircə bədbəxt mənəm," - deyə fikirləşən poruçik bazara tərəf getdi.
Poruçik nə üçünsə danaların yanından keçdi və təzə peyini tapdaladı, sonra təzə xiyar tayasının və dəmir qab-qacağın yanından keçdi, qabların yanında yerə oturan qarılar onu görən kimi diqqətini cəlb etmək üçün qablardan götürüb barmaqlarıyla döyəcləməyə başladılar, kişilər qışqırdılar: "Cənab, bazardakı ən yaxşı xiyar burdadı!". Bütün bunlar o qədər naqolay, o qədər mənasız idi ki, o, bazardan qaçdı. Sonra kilsəyə girdi, kilsədə bərkdən, şən səslə ilahi oxuyurdular. Sonra uzun müddət piyada gəzdi, böyük, isti, kimsəsiz bağda dolaşdı...
Kitelinin çinləri və düymələri gündən elə qızmışdı ki, toxunmaq olmurdu. Kartuzunun yaxalığı tərdən islanmışdı, üzü tozlanmışdı... Mehmanxanaya qayıdıb birinci mərtəbədəki sərin yemək zalına girdi, içəridə heç kim yox idi, açıq pəncərənin qabağındakı stolda oturdu, bayırdan isti külək vururdu. Buzlu botvinya2 sifariş verdi. Hər şey yaxşı idi, hər şeydə sevinc vardı, böyük sevinc vardı, hətta bazar qoxularında da, qəza şəhərindəki bu köhnə mehmanxanada da sevinc vardı, bununla bərabər, onun ürəyi parçalanırdı. Duzlu xiyar və şüyüdlə bir neçə badə araq içdi, hiss edirdi ki, hansısa möcüzə sayəsində qadını qaytarıb bu gecəni də onunla keçirə bilsə, onu sevdiyini deyə bilsə, sübut edə bilsə, sabah heç nə fikirləşmədən ölməyə razı olar... Nə üçün bunu deməlidir? Nə üçün sübut etməlidir? Səbəbini bilmirdi, amma bu onun üçün həyatından da vacib idi.
- Əsəblərim lap korlanıb! - beşinci badəni süzəndə belə dedi.
Botvinyanı qırağa itələyib qara kofe sifariş verdi, papiros yandırıb fikirləşməyə başladı: bu gözlənilməz, qəfil sevgidən yaxasını necə qurtarsın? Amma bundan yaxa qurtarmaq mümkün deyildi - bunu tam aydınlığıyla başa düşürdü. Birdən yerindən durub kartuzunu götürdü, poçtun yerini soruşub tələsik ora getdi, gedə-gedə vuracağı teleqram artıq beynində hazır idi: "Bundan sonra ölənəcən bütün həyatım sizindir, sizin ixtiyarınızdadır". Amma poçtla teleqraf olan binaya yaxınlaşanda dəhşət içində ayaq saxladı. Qadının hansı şəhərdə, harda yaşadığını bilirdi, əriylə üçyaşlı qızı olduğunu da bilirdi, amma qadının nə adını, nə də soyadını bilmirdi! Dünən axşam mehmanxanada şam yeməyi yeyəndə bir neçə dəfə adını soruşsa da qadın hər dəfə gülüb demişdi:
- Adımı bilmək sizin nəyinizə lazımdır? Dənizlər şahzadəsiyəm... Bu sizə bəs deyil?
Tində, poçtun yanında fotoqraf vitrini vardı. Poruçik uzun müddət yaşlı, gombul, qürurlu, qabağa verdiyi sinəsindən sıra-sıra ordenlər asılan hərbçiyə baxdı... Sonra bəy-gəlin şəklinə baxdı, qara sürtuk geyinib ağ kəpənək taxmış bəy gəlinin əlindən tutmuşdu... O şəklin yanındasa başında tələbə kartuzu olan qız şəkli vardı... Sonra, şəkillərini gördüyü tanımadığı xoşbəxt adamlara paxıllıq edib küçənin axırına baxdı.
- Hara gedim? Nə edim?
Küçədə heç kim yox idi. Evlər hamısı bir-birinə oxşayırdı, ağ, ikimərtəbəli, böyük bağları olan tacir evlərində elə bil heç kim yox idi; küçə tozlu idi; günəşin isti, şən, yandırıcı və məqsədsiz şüaları hər şeyin üstünə düşürdü. Sonra küçə qalxıb qozbelləşirdi, təpənin dalında gözdən itirdi. Bu yol hardasa Cənub şəhərlərini, Sevostopolu, Kerçi... Anapanı xatırladırdı. Xüsusən bu daha dözülməz idi. Poruçik başını aşağı salıb dala qayıtdı.
Mehmanxanaya qayıdanda elə yorğun idi ki, elə bil Türküstanda, Saxarada hansısa uzun yürüşdən qayıdırdı. Axırıncı gücünü toplayıb böyük və boş otağa girdi. Otağı artıq yığışdırmışdılar, onun axırıncı izlərini də təmizləmişdilər, amma qadının unutduğu saç sancağı gecə stolunun üstündə idi! Kitelini çıxarıb güzgüdə özünə baxdı, üzü gündən qaralmış adi zabit üzü idi, bığları da gündən yanmışdı, qara dərisinin fonunda gözlərinin ağı dümağ görünürdü, kirşanlı ağ köynəyindən gənclik və bədbəxtlik tökülürdü. Kürəyi üstə çarpayıya uzandı. Pəncərələr açıq idi, pərdələr salınmışdı, hərdən əsən zəif külək pərdələri yellədirdi. O, əllərini peysərində çarpazlayıb uzanmışdı, gözlərini bir nöqtəyə zilləyib baxırdı. Sonra dişlərini qıcadı, əlləriylə üzünü örtdü, barmaqlarının arasından göz yaşlarının necə axdığını hiss edirdi, nəhayət, onu yuxu apardı, oyananda pərdələrin dalından qırmızı axşam günəşi görünürdü. Külək yatmışdı, otaq soba kimi quru və bürkü idi... Dünənki günlə bu gün səhər elə bil, on il bundan qabaq olmuşdu.
Yavaş-yavaş ayağa durdu, əl-üzünü yudu, zəngi çalıb samovarla hesabı istədi, uzun müddət oturub limonlu çay içdi. Sonra araba çağırmağı əmr etdi, arabanın narıncı oturacağına oturanda lakeyə beş rubl verdi.
- Cənab, deyəsən, dünən gecə sizi bura mən gətirmişdim. - arabaçı yüyəni yellədəndə şən halda dedi.
Körpüyə çatanda Volqanın üstünə mavi yay gecəsi çökmüşdü, çoxlu işıq çaya səpələnmişdi, körpüyə yaxınlaşan paroxodun göyərtəsində də işıqlar yanırdı.
- Vaxtında çatdıq! - arabaçı dedi.
Poruçik ona da beş rubl verdi, bilet alıb körpüyə yaxınlaşdı... Paroxod eynən dünənki kimi yüngülcə körpüyə dəyib dayandı, kanat atıldı... Paroxodda sərnişin çox idi, bütün işıqları yandırılmışdı.
Bir dəqiqə sonra yola düşdülər, səhər qadının getdiyi tərəfə getməyə başladılar.
Hardasa uzaqda tünd yay sübhü çırtladı, qaranlığa səpələnmiş işıqlar arxaya üzürdü, üzürdü.
Göyərtədə oturan poruçik özünü on il qocalmış hiss edirdi.
Alp sahilləri. 1925
Poruçik1 - Çar ordusunda kiçik zabit heyətində hərbi rütbə
Botvinya2 - kvas, göyərti və balıqdan bişirilən soyuq şorba
Mənbə: Ədəbiyyat qəzeti
Tərcümə: Həmid Piriyev