post-title

"Manıs" təfəkkürlü məktəb direktoru və çökən təhsilimiz

Bir müddət əvvəl sosial şəbəkədə qarşıma bir video çıxdı. Telli Borçalı və Gülbahar Şükürlüyə bənzəyən bir qadın səsinin yanıqlı tonuna salıb şeir deyirdi. Şeir bu misrayla başlayırdı

Qadasın aldığım, ay Ərdoğanım!

Ərdoğana şeir həsr edən xanımın Bakı şəhərində 187 saylı orta məktəbin müdirəsi olduğunu öyrənəndə təhsilimizin və övladlarımızın gələcəyindən dərin narahatlıq hissi keçirdim.

Məsələ müəllimənin şeir yazmasında, yaxud da səsləndirməsində deyil. Avropada müəllimlər var, sinifdə “breek dans” oynayır. Məsələ Azərbaycan müəlliminin obrazının ziyalı trayektoriyasından ildırım sürətilə uzaqlaşıb, eyni sürətlə də "manıs" obrazı ilə bütünləşməsindədir.

Biz bu gün tam olaraq “qız uşağı ya müəllim olar, ya həkim” deyən ataların zibilinə düşmüşük. Ana istəyi, ata arzusu ilə müəllimə olan qadınlar bu gün həyatın başlanğıcı sayılan məkanlarda övladlarımızın həyatını qaraltmaqla məşğuldur.

Bu günlərdə sözü gedən direktorun qət təzə videosu yayılıb.

Karantin qaydalarına məhəl qoymayan şaqraq ruhlu xanım villasında özünə təmtəraqlı ad günü keçirib. Təxminən özü boyda olan bir gül buketnin qarşısında dayanıb, özünə uzun ömür-can sağlığı arzu edən müdirə xanım nitqinə “Ərinizlə deyil, oğlunuzla fəxr edin” kimi unikal bir nəsihət də verib.

Mənim təhsil aldığım məktəbdə bir direktor köməkçisi var idi, həm də Astronomiyadan dərs deyirdi. Deyirdi yaxşı, pullu oğlan tapıb ərə gedin, nəyinizə lazımdır təhsil almaq! Həyatında heç bir intellektual partlayış yaşamayan, tarixin tozlu rəflərində qalmış bilgilərlə müəlliməlik edən, müəllimlər otağında söhbətlərinin mövzusu keks, tort reseptlərindən, türk seriallarının müzakirəsindən o yana keçməyən qadınlara böyük müəllim və şagird kollektivləri həvalə olunur. Nəticər də göz qarşısındadır.

Bir müddət əvvəl bayrağı başına taxıb onlayn dərsdə rəqs edən tələbəni yəqin xatırlayırsınız. Hamımız o gəncin üstünə hücum etdik. Tərbiyəsizdir, cahildir, sayğısızdır dedik. Amma bu tələbəni yetişdirib cəmiyyətə ötürən müəllimləri sorğu-sual etmədik. Biz başına bayraq taxıb rəqs edən 18 yaşlı gənci qınayırıq, amma başına bayraq keçirib ət doğrayan həmən bu 61 yaşlı müəlliməyə gülürük. Lağ edirik, komediya personajına çeviririk. Əslində nə qədər böyük faciədir. Karantin qaydalarını pozan müdirə əvvəlcə açıqama verdi ki, bbəs məcilis keçən il olub. Videoda isə Qarabağın işğaldan azad olunduğunu vurğulayır. Yəni utanmasa deyər Qarabağ keçən il azad olunub siz indi duyuq düşmüsünüz. Təzəliklə yeni bir açıqlamada da deyir bəs mən ad günü yox Qubadlının işğaldan azad olunmasını qeyd etmişəm. Yəni qadının özünü müdafiə etməyə belə qabiliyyəti yoxdur. Sual verirəm: Xanım bu zehniyyətlə bu yaşa qədər necə yaşamısınız?

Məktəblərdə şagirdlərin 11 il ərzində ən çox eşitdikləri söz "pul" olub. "Süpürgə pulu", "təmir pulu", "bayram pulu", "müəllimlər gününə hədiyyə", "8 Mart pulu" və s. Şagirdin cibinə girən əllərdən biridir həmən müdirə qadın. Azərbaycanın cahil cəmiyyətini formalaşdıran, kitabdan uzaq gənclik yetişdirənlərdən sadəcə biridir.

Xanımın seçdiyi cümlələrdən, israf etdiyi sözlərdən IQ səviyyəsinin nə vəziyyətdə olmasını müəyyənləşdirmək çətin deyil. Təhsil Nazirliyindəki məsul şəxslərin hansı meyarlara görə bu qadına təhsil ocağı həvalə etməsi beyinlərdə xeyli sual yaradır. Yüzlərlə şagirdə, müəllim heyətinə rəhbərlik edən şəxsin ziyalı xarakterindən xeyli uzaq olması heçmi nəzərə çarpmayıb?

Həyatında başqa ölkə, başqa şəhər görməyən coğrafiya müəllimləri, sonuncu dəfə orta məktəbdə roman oxuyan ədəbiyyat müəllimləri, “Good morning, good bye” sözlərindən başqa yeni kəlimə öyrənməyən ingilis dili müəllimləri ilə doludur məktəblərimiz.

Təhsil sistemindəki bu dərin uçurumu qapatmaq üçün isə hələ heç bir əməli tədbir görülmür.

Təhsilimizin namusunu Avropa təhsilli yeni nazirimizin belə xilas etməyə gücü çatmır, deyəsən.

Bu boyda biabırçılığa sadəcə şiddətli töhmət verməklə kifayətlənmək problemin üstünü örtmək idi, kökündən həll etmək deyildi.

Kulis.az

Gunel Musa

Yuxarı