post-title

Zamin Hacı: Bürünc optimist

Dünyanın nikbinlik indeksi açıqlanıb, Azərbaycan bu siyahıda 3-cü yerə çıxmışdır. Birinci yerdə isə... Nigeriyadır. Ondan sonra da İndoneziya gəlir. Nə qədər nikbin siyahıdır. Doğrusu “Nigeriya” deyəndə mənim gözümün qabağında yalnız hansısa neft-benzin daşıyan maşının qəza nəticəsində aşması, yanacağın dağılması gəlir. Sonra ətrafda yaşayan qəbilələrdən hərəsi bir vedrə-zad götürüb cumurlar benzin yığmağa. Ağsaqqallardan kimsə də xalqın bu ağır vəziyyətinə dözməyib siqaret yandırır. Ondan sonra ərazidə nə baş verir, yaxşısı budur yazmayaq. Yalnız onu yazaq ki, nəticədə xeyli nigeriyalı qardaş-bacılarımız xoşbəxtlik və nikbinliyin zirvəsinə yüksəlirlər. İndoneziyaya qalanda, onu da biz sunamidən sonra tanımışıq. Həmin vaxt uca tanrı nədənsə 200 milyon müsəlmana qaçıb dağa çıxmaq xəbərdarlığı eləmək əvəzinə dalğalara öz adını yazmışdı. Allah xoşbəxt eləsin, nə deyə bilərik. Heç kim Allahla bəndənin münasibətlərinə qarışmasın.

Bizim indiki xoşbəxtliyimizə, optimist olmağımıza səbəblər isə açıq-aşkar, göz qabağındadır. Qarabağı almışıq, Milli Məclis yaşayış minimumunu 190 manatdan qaldırıb 196 manata çatdırıb, Nailə müəllimə işdən çıxıb, Tahir Kərimli də sağ və salamatdır. Daha bir millətə nikbin olmaq üçün başqa nə lazımdır?

Sözgəlişi, xoşbəxtlik indeksində fantastik artım, zəhləmgetmiş statistika idarəsinin leksikonuyla yazsam, “ötən illərin müvafiq dövrünə nisbətən” daha aydın görünür. Örnək üçün, biz 2006-cı ildə 105-ci yerdəydik. 2009-cu ildə - cəmi 3 il sonra iri addımlarla (Brejnev demişkən) irəliləyib 85-ci yerə qalxdıq. Bu ilin martında nədənsə azca geri düşmüşdük - 89-cu yer. Əlbəttə, ola bilsin camaat COVİD-19 bəlasına görə bir az pessimist olmuşdu. Ancaq ilin axırında ilk üçlüyə girməyimiz möhtəşəm qələbədən xəbər verir. Yalnız adam dilxor olur ki, kaş 1-ci yerə çıxaydıq, buna tam elmi-siyasi, ictimai-geoloji əsaslar vardı. Yəqin pulumuz çatmayıb. Ümid edək əlaqədar orqanlar heç olmazsa korrupsiya indeksinin haqqını vaxtında verib bizi çempion edərlər. Gül kimi imicimiz var, əldən getməsin.

Əslində mən bayaq Maştağa məktəbinin direktoru Nailə xanımın işdən çıxmasının nikbinliyə əsas verdiyini ironiya olaraq yazdım, qətiyyən bu fikirdə deyiləm ki, uca xalqımız əhvalata sevinir və ya sevinməyə borcludur. O cür pedaqoji kadrın qədrini bilməliydik. Heyf. Elə koloritli, enerjili, intellektual, qoçaq, atıb-tutan, vurub-yıxan şəxsi qaralayıb işdən çıxardırıq, sonra gənc nəsli təlim-tərbiyə etməyə adam tapmırıq, baxırsan ortalıqda ancaq ağzından süd iyi gələn uşaqlardır. Halbuki, Nailə xanım özünün məşhur üzrxahlıq monoloqunda Qarabağın azadlığından Maştağanın regional inkişafına, Qubadlı-Zəngilan-Gorus-Sisiyan sərhədinin demarkasiyasından Pakistan-Hindistan münasibətlərinin tənzimlənməsinə qədər bütün qlobal işlərdə barmağının, nəinki barmaq, hətta əlinin olmasını açıq söyləmişdi. İndi onun istefası bizim qarşıdan gələn 2021-ci ildə nikbinliyimizə mənfi anlamda təsir edəcəkdir, baxarsınız. Bəlkə gec deyil, onu parlamentə üzv seçək, qiymətli kadr boş qalmasın. Fikrimcə Nailə xanım çox əla deputat olardı, mətbuata, sosial şəbəkələrə verəcəyi mövzular bitib-tükənməzdi. Həmişə belə olur, millətin öndə gedən adamlarına quyu qazırıq, badalaq vururuq, sonra peşman oluruq. Ona görə ermənilər deyir ki, kaş müsəlmanın sonrakı ağlı bizdə olaydı.

Qaldı yaşayış minimumunun 6 manat artması, bu o qədər dərin, fəlsəfi, psixoloji faktdır ki, onu yazının axırında yüngülvari abzasla yola verə bilmərəm. Nikbinliyi itirməyin, növbəti günlərdə buna qayıdarıq.

Musavat.com


Yuxarı