post-title

Valter Benyamin: Dostoyevskinin “İdiot”u

 

Dostoyevski bəşəriyyətin taleyini öz xalqının taleyi vasitəsilə təsəvvür edir. Bu, ümumbəşəriliyin yalnız xəlqilik yolu ilə aşkara çıxarıla biləcəyini düşünən görkəmli millətçilərə xas tipik bir baxışdır. Romanın böyüklüyü bəşəriyyəti və milləti idarə edən metafiziki hərəkət qanunlarının təsvir olunduğu mütləq qarşılıqlı asılılıqda özünü göstərir. Bu səbəbdən, onda dəruni insan varlığına aid elə bir duyğu, elə bir emosiya yoxdur ki, rus ruhunun aurasında öz qəti yerini tapmasın. Milli məzmunda sərbəst buraxılmış, eyni zamanda öz kökü ilə qırılmaz bir şəkildə əlaqəsi olan emosiyaları öz aurasında, öz havasında təsvir edə bilmək bacarığı şairin yaradıcılığındakı azadlığın kvintessensiyasıdır. Bu yalnız tamamən fərqli elementləri birləşdirərək yarımçıq roman personajları yaradan ucuz romançıların əl atdıqları bərbad üsul ilə müqayisədə aşkara çıxır. Əsərdə milli şəxsiyyət, doğma ölkənin insanı, insan fərdi və sosial varlıq olaraq bir-birinə uşaqcasına yapışdırılıb. Onları əhatə edən, aşkar hiss olunan eybəcər psixoloji örtük isə müqəvvanı tamamlayır. Lakin Dostoyevski personajlarının psixologiyası heç də şairin çıxış nöqtəsi deyildir. Psixoloji aspekt, sadəcə, milliliyin qızmar qaz dumanından çevrilmə zamanı içində xalis insanlığın (die reine Menschlichkeit) ortaya çıxdığı zərif kürəyə bənzər bir şeydir. Burada psixologiya sadəcə olaraq insan varlığının marjinal təbiətinin ifadəsidir. Əslində tənqidçilərin düşündüyü psixoloji problem kimi görünən şey reallıqda tam başqadır. Onlara görə, sanki məsələ rus “ruhu”, ya da epilepsiya xəstəsinin “psixika”sındadır. Tənqid sənət əsərlərinə bu cür yanaşmağa yalnız əsərin zəmininə hörmət etmək və qadağan olunmuş yerlərə ayaq basmamaqla özünə bəraət qazandıra bilər. Tənqidçinin müəllifi onun qəhrəmanlarının psixologiyasına görə tərifləməsi bu sərhədin kobudcasına pozulmasına aşkar nümunədir. Əksərən, tənqidçilərlə yazıçılar bu mənada bir-birinə layiq olur. O səbəbdən ki, ortabab romançı köhnəlmiş, bayat şablonlardan istifadə edir, tənqidçi də öz növbəsində onları əsərdə görüb tanıyaraq müəllifə tərif yağdırır, sadəcə olaraq ona görə ki, tənqidçi onları müəyyən edə bilib. Amma bu yer, tənqidin bütün bunlardan uzaq durmalı, məsafə saxalamalı olduğu ərazidir. Dostoyevskinin əsərini bu yolla tədqiq etmək ədəbsizlik və yanlış (schamlos und falsch) olardı. Tənqidçinin vəzifəsi Dostoyevski romanının yaradıcı ideyasında millətin və insanın metafiziki şəxsiyyətini dərk etmək, onu anlamaqdan ibarətdir.

Hər bir sənət əsəri kimi bu roman da ideyaya söykənir, yaxud Novalisin dediyi kimi “onda a priori ideal, var olmaq üçün bir zərurət var”. Tənqidin də vəzifəsi məhz bu zərurəti aşkara çıxarmaqdan başqa bir şey deyil. Romanın bir epizoddan ibarət olması ondakı bütün hadisələrin başlıca səciyyəvi cəhətidir. Bu, baş qəhrəman Knyaz Mışkinin həyatından bir epizoddur. Onun bu epizoddan həm əvvəl, həm də sonrakı həyatı qaranlıq içində gizli qalmışdır, çünki əvvəlki və sonrakı illərini xaricdə yaşamışdır. Bu insanı Rusiyaya hansı zərurət çəkib gətirmişdi? Knyazın rus varlığı yad ölkədə yaşarkən ətraf zülməti yarıb çıxan işıq zolağı kimi onu əhatə edən qaranlıqdan ortaya çıxaraq yaranmışdır. Bəs onun Rusiyada yaşadığı zaman sınaraq özünü biruzə vermiş işıq şüası hansı idi? Buraxdığı xeyli səhvlərdən və təbiətindəki xeyirxahlıqdan başqa onun bu dövrdə nə iş tutduğunu söyləmək mümkün deyil. Ən yaxşı anında belə onun həyatı məqsədsiz-məramsız axır və bu mənada o, xəstə, canı ağrıyan bir adamın həyatına oxşayır.

O, təkcə ictimai meyarlar baxımından uğursuz, talesiz adam deyil, ən yaxın dostu da, əgər roman onu dosta sahib olmaqdan məhrum etməsəydi, onun həyatında heç bir qayə və ya istiqamətverici bir məqsəd tapa bilməyəcəkdi. Əksinə, o demək olar ki, nəzərə çarpmayan bütöv bir tənhalıqla əhatə olunmuşdur. Onun daxil olduğu bütün münasibətlər qısa zamanda bir növ qüvvə sahəsinə düşür. Bu sahə onların bir-birinə yaxınlaşmasına mane olur. Tamamən təvazökar, üstəlik müti olmasına baxmayaraq bu insan büsbütün əlçatmazdır və onun həyatı bir nizam, bir sistem əmələ gətirir. Bunun mərkəzində biz onun öz yetkin tənhalığını görürük. Burada biz son dərəcə qəribə bir nəticənin hasil olmasını müşahidə edirik: bütün hadisələr, ondan hər nə qədər uzaq görünsələr də, ona doğru cəzb edilir, çəkilir və hər şey və hər kəsin bir mərkəzə istiqamətdə cəzb olunduğu bu proses kitabın məzmununu təşkil edir. Eyni zamanda, onun onlardan uzaqlaşmağa çalışdığı qədər, onların da ona yanaşmaq üçün o qədər az, könülsüz davrandıqları görünür. Aradakı bu gərginlik sanki qaçılmaz və bəsitdir. Bu, həyatın sonsuzluğa getdikcə daha çox şaxələnərək açıldığı, lakin formasını itirməyən öz gərginliyidir. Dostoyevski niyə Yepançinlərin evini deyil, knyazın evini Pavlovskdakı hadisələrin mərkəzi etmişdi?

Knyaz Mışkinin həyatının epizodik təsviri yalnız onun ölməzliyini simvolik olaraq göstərmək üçün verilmişdir. Onun həyatı, həqiqətən, dərin əlaqələrlə bağlandığı təbii, dünya həyatından heç bir halda ayrıla bilməz. Təbiət, bəlkə də əbədidir, amma knyazın həyatı qəti bir şəkildə ölməzdir və bu daxili və ruhani mənada başa düşülməlidir.  Bu, onun və ətrafındakı cazibə sahəsinə düşən hər kəsin həyat həqiqətidir. Lakin bu ölümsüz həyat, hər nə qədər yaxın görünsə də, təbiətin əbədiyyəti deyildir, çünki əbədiyyət anlayışı sonsuzluq anlayışını inkar edir və sonsuzluq tam əzəmətini ölümsüzlükdə qazanır. Bu romanın şahidlik etdiyi ölməz həyat öz adi mənasında ölməzlikdən tamam uzaqdır. Sonuncuda həyat məhduddur, nəhayətlidir, ölümsüz olan isə cisim, enerji, şəxsiyyət, müxtəlif dəyişikliklərində ruhdur (Fleisch, Kraft, Person, Geist). Göte Ekkermannla söhbətində məhz bu mənada, görülən əməllərin ölümsüzlüyündən söz açaraq demişdi ki, əgər bundan məhrum olsaq, təbiət bizə yeni bir fəaliyyət sahəsi təqdim etməyə məcburdur. Bütün bunlar həyatın ölümsüzlüyündən, ölməzlik ideyasını sonsuzluğa qədər təqib edən və ölməzliyin forma verdiyi həyatdan son dərəcə uzaqdır. Burada söhbət müddətdən getmir. Təbiətin və ya şəxsin ölməzliyi deyilsə, bəs onda hansı həyat ölməzdir? Knyaz Mışkin haqqında söyləyə bilərik ki, onun şəxsiyyəti həyatında ikinci dərəcəlidir, eynən bir çiçəyin ətri və ya ulduzun parıltısı kimi. Ölümsüz həyat unudulmazdır, bu onu müəyyənləşdirə biləcəyimiz bir işarədir. Heç bir abidə, özündən sonra bir xatirə, yaxud heç bir dəlil qoymasa da, undulmaması olan onun həyatı, ömrüdür. Bu cür həyat formasız, qəlibsiz olsa belə əbədi, unudulmaz qalır. Burada “unudulmazlıq” sözü sadəcə nəyisə unuda bilməmək deyil. Bu unudulmazlığın mahiyyətindəki nəsə bir şeyə, onu unudulmaz edən şeyə işarə edir. Knyazın romanın gedişatında şiddətlənən xəstəliyi zamanı yaşadığı amneziya, huşsuzluq da onun həyatının unudulmaz mahiyyətinin simvoludur. Çünki onun həyatı aşkar, bir daha üzə çıxa bilməyən özünüdərkin girdabına gömülüb. Digər obrazlar gəlib ona baş çəkir. Romanın qısa epiloqu bütün personajların necə iştirak etdiklərini özləri də bilmədikləri bu həyatla onların üzərinə əbədi möhürünü vurur.

Həyatın ölümsüzlüyü üçün saf söz "gənclik" kəlməsidir. Dostoyevskinin bu kitabdakı böyük gileyi gənclik coşğusunun puça çıxması, iflasıdır. Onun həyatı ölməz olaraq qalır, ancaq “İdiot” öz işığında itərək qaranlığa qərq olur. Dostoyevski təəssüflənir ki, bu insanların gənc qəlbi olan Rusiya özünü qorumağı, hifz etməyi bacarmır, öz ölümsüzlüyünü mənimsəyə bilmir. Buna görə də öz sərhədlərindən kənara çıxaraq yad səmtə, yad məmləkətə düşür və Avropada, “bu küləkli Avropada” əriyib yox olur. Dostoyevski siyasi baxışlarında inadla millilikdən, xəlqilikdən yenidən doğuluşu son ümid yeri olaraq göstərir. Kitabın müəllifi olan şairin (der Dichter dieses Buches) gəncliyin və xalqının xilasını uşaqlıqda görməsi bununla izah olunur. Dostoyevski uşaqsayağı sadəliyin sərhədsiz, xilasedici gücü ideyasını "Karamazov qardaşları"nda inkişaf etdirməsəydi belə bunun aşkar sübutunu elə bu kitabdan da, mahiyyətcə uşaq obrazlar olan Kolya və knyazdan da aydın görmək mümkün idi. Zədələnmiş uşaqlıq gənc nəslin ağrısıdır. Rus xalqının və rus torpağının zədəli uşaqlığı onun gücünü iflic etmişdir. Dostoyevskidə bir fikri daim qüvvətli şəkildə hiss edirik: bəşər həyatı öz nəcib inkişafını xalq həyatında yalnız uşaqlığın ruhundan götürür. Uşağın özünü ifadə edə bilməməsi Dostoyevski obrazlarının nitqinə ümumilikdə qüsurlu, şikəst danışıq effekti verir. Uşaqlıq üçün qəribsəmək yaxud müasir dillə desək isterika bu romanın qadın obrazlarının Lizaveta Prokofyevna, Aqlaya və Nastasya Filippovnanın canını üzür.

Kitabdakı hadisələrin gedişatını vulkan püskürməsi nəticəsində nəhəng kraterin çöküşünə bənzətmək olar. Çünki təbiət və uşaqlıq olmadığı təqdirdə insan yalnız özünü məhv etmək fəlakətinə çatır. İnsan ömrü ilə dirilər arasında onların məhvinə qədər olan münasibət, bir gün daxilindən nəhəng miqyasda böyük bəşəri enerjinin yüksələ biləcəyi nəhayətsiz kraterin uçurumu – rus xalqının ümid yeridir.

 

Məqalə 1917-ci ildə yazılmış, 1921-ci ildə çap edilmişdir.

İngilis dilindən tərcümə etdi: Elçin İmanov

 

 

Yuxarı