Adamları şənləndirmək istəyirsən. Olsun. Bir qram da narahat deyiləm. Yazıçı keşiş deyil ki, yazılanların həqiqətən də doğru olduğunu adamlara başa salsın. Bizim belə bir problemimiz yoxdur. Çünki biz qaydalar tətbiq etmirik və bu qaydalara əməl etməyənləri cəzalandırmırıq. Tonqalda yandırmırıq, çarmıxa çəkmirik, başını, əlini, ayağını kəsmirik, daş-qalaq etmirik.
 
Düz on dəqiqə bundan əvvəl xalamın əri zəng etdi və dedi ki, “hardasan, niyə görünmürsən, niyə gəlib getmirsən?”. Dedim, "Bakıda az oluram, işim çoxdur", dedi ki, biz burda "spor" etmişik ki, filankəs yaxşı müğənnidir, yoxsa filankəs. Nəsə qonaqlıq idi. Bərk səs-küy vardı. Möhkəm içmişdilər. Xalamın səsi gəldi. Sonra xalam qızının səsi gəldi. Qız ağzını ayırıb yəqin, hansısa turk müğənnisinə-zada baxıb, düşük gədələrdən birinə. Xalam da əsəbiləşib, qarğış-qarğışın dalınca. Hansılar ki, hər birinizə məlumdur.
 
Xalamın əri üzünü adamlara tutub dedi: “Bu, baldızımın oğludur. Jurnalistdir. O müğənnilərin hamısını tanıyır. Sualı bir daha təkrar etdi. “Biz burda "spor" etmişik, sən nə deyirsən, filankəs yaxşı müğənnidir, yoxsa filankəs. Dedim, ay filankəs, axı sən dünya görmüş kişisən - bir az təriflədim ki, küsməsin. Küssə, hərlədib-fırladıb tutub xalamı döyəcək. Qab-qacağı sındıracaq. Səhəri gün mamam zəng edəcək. Sonra bacım. Sonra o birisi xalam. Sonra döyülən xalamın özu... Məncə, aydındır.  
- ...Həyatın hər üzünü görmüsən. Çox yerlərdə olmusan. Neçə dəfə varlanıb kasıblamısan. Axı sən bilməlisən ki, bu dünyada ən pis şeylərdən biri iki əxlaqsizdan birini seçməkdir...       
 
Təbii ki, telefonda başqa söz dedim. Bu sözü Tiflisdə bir içki məclisində müdrik bir gürcünün dilindən eşitmişdim...
 
Seymur Baycan
Publika.az