Yalçın İslamzadə: İnanmaq yox, bilmək istəyirəm
Karl Saqan və onun “Cənnətin Əjdahaları”, “Qara…
Elə fenomenlər var, insanların onlara qarşı dirənmək, müqavimət göstərmək gücü çox azdır. Çünki onlar insanın ən ibtidai, ən təməl instinktlərini hərəkətə gətirir. Fenomen kütləviləşdikcə təsir də kütləviləşir.
Elə fenomenlər var, insanların onlara qarşı dirənmək, müqavimət göstərmək gücü çox azdır. Çünki onlar insanın ən ibtidai, ən təməl instinktlərini hərəkətə gətirir. Fenomen kütləviləşdikcə təsir də kütləviləşir. Məsələn, müharibə, yəni çox böyük miqyasda, kütləvi olaraq zorakılıq aktı. Səbəblərindən asılı olmayaraq, bu femonenin təsiri ilə ən insanpərvər bir insan üçün insan ölümü adiləşə bilər. Dəhşət saçan silahlar, uçan ölüm mələkləri insanların qürur mənbəyinə, sevinc çığırtılarının qaynağına çevrilər. Çox təbiidir. Çünki müharibə ilə ovsun da işə düşür. Aydın məsələdir ki, hər müharibənin özünə görə haqlı-haqsız, doğru-yanlış səbəbləri var. Amma sadəcə bu səbəblərlə minlərlə insanı hər şeydən əziz olan canlarını ölümə könüllü təslim etməyə göndərmək olmaz. Lazım olan şey ovsunu düzgün və vaxtında oxumaqdır. Və ya ovsunlu hadisənin baş verməyidir. Ovsuna uymayan kütlə, toplum yoxdur. Hərənin özünə görə ovsun ayələri var. Ovsun təkcə müharibəyə aid deyil. Böyük inqilablar ovsunla gerçəkləşir, dinlər ovsun sayəsində var olurlar, dünyanı dəyişdirən ideologiyalar ovsunun gücü ilə kütləviləşir, güc qazanır. İqtidarlar ovsuna borcludurlar. Ovsunlu hadisələr, ovsunlu kəlmələr, ovsunlu insanlar, ovsunlu görüntlülər var. Ovsunlardan qurtulmaq çox çətindir. İnsan təbiəti bu qurtuluşa qarşı müqavimət göstərir. Özünü birtəhər pasifist adlandırıb müharibə ovsunundan yayına bilərsən, əvəzində ilahi ədalətə, səmavi səltənətə gözünü dikərsən. Ordan qurtulsan, “Vive la révolution! Vive la Commune!” var, “Liberté, Égalité, Fraternité” var. Tutalım onlardan da qurtuldun, yenə də hər tərəf dişlərini qıcayıb səni gözləyən, cənnət vəd edən ideologiyalarla doludur.
Bəzi ovsunlar bəzən faydalı olur. Onlar inkişafa səbəb ola bilirlər. Bir ovsun yerində sayan, tıxanmış bir toplumu irəli ata bilər. Və ya ciddi təhlükələrdən qoruya bilər. Amma bütün ovsunların pis tərəfi odur ki, ovsundurlar, yəni ovsunlu olmaq ayıq olmamaq, rasionallığı itirmək deməkdir. Bəlkə də, o anda kütlə haqlıdır, amma kütlə bu haqlılıq qənaətinə məntiqlə, ağılla, bilgiylə deyil, ovsunla gəlib. Haqlı olub-olmadığına yalnız ovsun bitəndən sonra, şüurlu surətdə qərar verə bilərsən.
Bayaqdan ovsun-ovsun dediyimiz şey əslində bəsitdir: kütlənin gizli arzusunu söyləmək, vəd etmək. Bu arzu güc arzusu da ola bilər, özünü qorumaq instinktindən doğan müxtəlif arzular da. Lakin işin önəmli və çətin tərəfi o gizli arzunu dəqiqliklə tapmaq və onu düz vaxtında, doğru vasitələrlə kütləyə çatdıra bilməkdir. Ola bilər ki, kütlə bu istəyi heç vaxt dilinə gətirməsin, heç vaxt biruzə verməsin. Hətta özü çox vaxt özünün nə istədiyini də bilməz. Amma kütləni bürüyəcək hadisə, kütləni arxasınca aparacaq lider, kütləni coşduracaq kəlmələr o zaman peyda olur ki, onlar kütlənin fərqində olmadığı latent arzunu dilə gətirir, göstərir, vəd verir. Bu arzu bayıra çıxdımı, gerisi çox asandır. Ən gözlənilməz şeylər baş verə bilər. Ən zəif, ən gücsüz xalq şahə qalxıb xarüqələr yarada bilər, ən böyük xalqlar yerlə-yeksan ola bilər. Ən fağır insan bir anda qəddarlaşıb insan qanına susaya bilər. Adi vəziyyətdə toyuq başı kəsməyə üşənənlər “HD” videolarda baş kəsmək, qulaq kəsmək görüntülərindən həzz ala bilərlər. Dünyanın düz vaxtı veqan olduqları ilə öyünənlər müharibə günlərində insan başının kəsilməsinə pis baxmazlar, sadəcə, videoya çəkilib yayılmasından narahat olarlar. Özləri də fərqində olmadan. Çünki ovsundadırlar.
Kütlə psixozunun ovsun təbiəti Herman Broxun “Ovsunlanma” (“Die Verzauberung”) adlı romanının əsas mövzusudur. Brox bu romandakı məqsədinin kütlə psixologiyasının təzahürünü göstərən konkret bir hadisəni deyil, o hadisəyə gətirib çıxaran, insan beynindəki, ruhundakı yaşananları göstərmək olduğunu söyləyir. Yəni, biz niyə kütlə psixozuna qurban gedirik, niyə kütlə psixozunun basqısı altında olan bir fərd ən kobud yalanlara inanmağa hazırdır?
***
Stenli Kramerin “Nürnberq mühakiməsi” filminə baxanlar xatırlayarlar. Keçmiş nasist hakimlərin məhkəmə prosesi keçirilir. Proses zamanı müharibəni uduzmuş alman xalqının müxtəlif təbəqələrindən olan insanlar ya şahid kimi dindirilir, ya da məhkəmədən kənar söhbətlərdə faşizmin dəhşətləri haqqında onların fikirləri öyrənilir. Sonda aydın olur ki, Hitlerə və onun iyrənc ideyalarına inanmaq üçün hər kəsin öz səbəbi varmış. Kimisi qorxudan, kimisi əmrə itaət etməyi və qaydaları sevdiyindən, kimisi bunun vətənpərvərlik olduğunu düşündüyündən, kimisi həqiqətən alman xalqının ari irq olub digərlərini məhv etmək haqqına sahib olduğuna inancından. Kimisi də sadəcə Hitlerin şəxsiyyətinə məftun olduğuna görə. Hər kəs də bir formada iddia etməyə çalışır ki, əslində baş verənlərdən, dəhşətlərin həqiqi miqyasından xəbərsiz olublar. Propaqanda onları aldadıb. Filmin sonunda məhkəməni aparan sədrlə azadlıqdan ömürlük məhkum edilmiş nasist hakim, həm də dünyada tanınmış hüquqşünas, vaxtilə dövlət, insan, hüquqla bağlı çox önəmli fikirləri olan bir alim arasında dialoq baş tutur. Keçmiş nasist hakim sədrə, siz çox doğru qərar çıxardınız, amma inanın ki, mən məsələnin bu yerə gəlib çıxacağını bilmirdim, deyir. Sədrsə cavabında, siz ilk dəfə heç bir günahı olmayan bir insana ölüm cəzası verəndə məsələ artıq bu yerə gəlib çıxmışdı, söyləyir. Məhkəmə sədrinin müdrik cavabını bir kənara qoyaq. Bəs bu alimin, hakimin, yaxud gerçəklikdə onun kimi düşünən nasistlərin səmimiliyinə inanmaq olarmı? Həqiqətən, necə bir dəhşət makinasının bir parçası olduqlarını bilmirdilərmi? Yoxsa bilirdilər, sadəcə ovsunlandıqlarına görə bunu normal qəbul edirdilər? Hər bir halda, ovsunlanmış insandan əqli-səlimlik gözləmək sadəlövhlük olar. Marius Rattinin ovsunladığı Kuppron əhalisi də sıradan, gündəlik həyatlarını yaşayan, ölümlə, qurbanla, qanla, qızılla, iqtidarla işləri olmayan adi insanlar idi. Ancaq ovsunlanana qədər.
Romandakı hadisələr Alp dağlarının Kuppron adlı kəndində vaqe olur. Kənd Yuxarı Kuppron və Aşağı Kuppron hissələrinə bölünüb. Yuxarı Kuppronda keçmişdə qızıl mədənçiliyi varmış. İndi orada yaşayanlar da həmin köhnə mədənlərin sahiblərinin nəsillərindəndirlər. Aşağı Kuppron isə öz sadə həyatını yaşayır. Bir gün kənddə Marius adlı yad bir insan peyda olur. Heç kim tanımır onu. Antipatiya yaradan, insanlarda ikrah hissi oyadan, bir az da komik tipdir.
Öncə heç kim onun nə məqsədlə gəldiyini anlamır. Marius isə yavaş-yavaş öz məqsədinə doğru irəliləyir. Nədir məqsədi? Yuxarı Kupprondakı qızıl mədənlərini ələ keçirmək. Əslində, bu, ilkin hədəfdir. Əsas məqsəd qızılın özü yox, onun Mariusa verə biləcəyi gücdür. Ondan istifadə edib kənddə hökmranlıq etmək istəyir.
İlk vaxtlar Marius bu niyyəti üçün elə də xüsusi cəhd göstəmir. Sadəcə, qızıl, qızıl mədənləri və qızılın gətirə biləcəyi xoşbəxt güc haqqında söhbətlər yayır ətrafa. Yavaş-yavaş hər kəsin gözünü qızılın xəyalı qamaşdırır. Acgöz olanlar, macərapərəstlər, həyatdan sıxılıb bezənlər söhbəti daha da qızışdırır. Bələdiyyə üzvü özünün də varlanacağını, nüfuzunun daha da artacağını düşünüb Mariusun təbliğatına yardım edir. Və artıq kənd iki yerə bölünüb: Mariusun tərəfdarları və əleyhdarları. Mariusun istədiyi də elə budur.
Marius insanların zəif nöqtələrindən istifadə edir. Ona xidmət edən başqa bir adam - Venzel də təbliğata yardım etməkdədir. Öncə iradəsi ən zəif təbəqəni - gəncləri öz yanlarına çəkirlər. Kəndin kalvinist, fağır və utancaq sakini Vetçi də ilk hədəflərdəndir. Marius onu başqalarının əli ilə lağ obyektinə çevirir. Özgələşdirməyə çalışır. Sonra da onun bu cür özgələşdirilməsi ilə qızılın tapılması arasında bir əlaqə yaratmağa çalışır. Beləcə, insanlar bir hədəfə qarşı birləşəndə onları digər hədəfə də yönləndirmək asanlaşır. Həm də potensial günah keçisi hazırlanır.
Marius özünü Venzelin etdiklərinə şərik kimi göstərmir. Deyir, “mənim xəbərim yoxdur onun etdiklərindən; mən sadəcə haqq-ədalət istəyirəm; Venzel isə xalqın nə istədiyini yaxşı bilir. Xalq Vetçini sevmir, amma özü onu birbaşa narahat etmək də istəmir. Biz onu incidəndə isə xalqın xoşuna gəlir. Xalqın səsi, istəyi budur: bütün insanların əzab çəkməsi əvəzinə bir adam əzab çəksin”.
Kənddəki hücum ediləsi hədəflər getdikcə artır. Əvvəlcə radio, sonra dükanlar. Sonra romantik münasibətlərin zərərləri təbliğ edilir. İnsanların beyni yuyulduqca onlar da bununla razılaşırlar. Mariusun göstərdiyi hədəflər onların da düşməninə çevrilir. İnsanlarda inanılmaz dəyişikliklər baş verir. Qandan qorxan birisi qəssab olur. Utancaq, danışarkən yanağı qızaran gənc bir oğlan Mariusun ən qəddar tərəfdarlarından birinə çevrilir.
Ticarətə qarşı təbliğat aparırlar, bir şirkətin kənddəki satış təmsilçisini kənddən qovurlar. Kəndin keşişi də Mariusa inanmağa başlayır. Daha doğrusu, inanmaq istəyir, bu inanc ona sərf edir və o da bu istəyi sərbəst buraxır.
Mariusun çirkin niyyətini anlayan iki insan var. Biri, hekayəni danışan təhkiyəçi – başqa yerdən gəlmiş kənd həkimi. Digəri isə, Mariusun qarşısındakı əsas qüvvə - Gisson Ana. Gisson Ana Yuxarı Kuppronda yaşayır. Mədənçilərin nəslindəndir. Təbiəti, ruhu, mənəviyyatı simvolizə edir. Ağlı simvolizə edənsə təhkiyəçi-həkimdir. Həkimin ilk günlər Mariusa qarşı əsas müdafiə vasitəsi ağıl və məntiqdir. Lakin getdikcə həm digər insanlar ağlı, məntiqi qəbul etmir, həm də həkimin özü də qismən ovsunun təsirinə düşür. Digərləri qədər olmasa da, təsirləndiyi, hətta bəzən kütləyə uyduğu zamanlar olur.
Marius isə getdikcə güclənir və qızıl mədənini zorla ələ keçirməyə çalışır. Gisson Ananın nəvəsini ovsunlayıb özünə aşiq edir. Dağ kilsə festivalında öz planının kuliminasiyasına çatır. Qədim paqan ayinlərindən birinə görə, hər il kəndin bir qızı “bakirə gəlin” obrazına girir və dağla evlənir. Bu dəfə bu obrazı Gisson Ananın nəvəsi – Mariusun ovsunladığı gənc qız oynayır. Marius onun “Soyuq Daş” qurbangahında qurban edilməsini istəyir. Bu anda Mariusun şousu başlayır. Öyrətdiyi, təsirində olan, ovsunlanmış kütlə qurban tələb edir. Kütlə bağırıb “qurban, qurban” deyə qışqırır. Az qala, atası öz qızını kəsəcək. Nəhayət, kənd qəssabının səbri tükənir, bıçağı alıb qızı öldürür.
Ara qarışır, məzhəb itir. Marius və tərəfdarları bu hadisənin “günah keçisi”ni kütləyə hədəf kimi göstərir - fağır və məsum, artıq özgələşdirilmiş Vetçi. Həkim Vetçini çılğın kütlənin əlindən güclə qurtarır. Sonra Marius tərəfdarları ilə birlikdə qızıl mədənlərini ələ keçirir. Nəticədə Marius qalib gəlir. Bələdiyyə üzvünün köməyi ilə o da bələdiyyə üzvlüyünə seçilir. Daha sonra qızıl mədənlərinə girmək istəyən, Mariusun ən yaxın tərəfdarları mədən uçqununun altında qalırlar. Amma bu da Mariusun nüfuzunu azaltmır, əksinə gücləndirir.
Kənd həkimi açıq etiraf etməsə belə, özünün də ovsunun təsirində qaldığını anlayır. ““Qurban, qurban!” deyə bağırdı izdiham və mən də bu izdihamla birlikdə bağırmış ola bilərəm, xatırlamıram”. Adam əlində bıçaq, qızın üzərindəykən həkim: “Yaxınlıqdan keçən avtomobilin səsini eşidərkən, əynimdə toxuculuq dəzgahında toxunmuş, tikiş maşınında tikilmiş geyimlər varkən, içimdən bir səs yüksəldi, “Di, öldür onu!” Brox burda aydınlanmış, əvvəllər elmi fəaliyyətlə məşğul olmuş, ağlı başında, humanist, davranışı-əxlaqı qaydasında olan bir insanın - həkimin də ovsuna təslim olduğunu göstərir. O qurban mərasimində həkim də, Gisson Ana da daxil olmaqla, heç kim Mariusa qarşı çıxa bilmir, heç kim nə fiziki, nə mənəvi etiraz göstərə bilmir. Marius “peyğəmbarənə ton”dakı nitqi ilə hamını ovsunlayır.
Mariusun gücü nədə idi? Heç kimin tanımadığı, komik və ikrah hissi yaradan bir insan yad bir kənddə bu qədər insanı qısa müddətdə necə arxasınca apara bildi? Həm də məqsədi şər olduğu halda.
Sadəcə, insanların gizli arzularını dilə gətirmişdi. İllərdir Aşağı Kuppronun Yuxarı Kupprondakı qızıl mədənləri ilə bağlı gizli arzularını indi açıq söyləyən və bu arzuya çatmaq vədi verən bir insan çıxmışdı. Marius da adi bir insandır, daxilən tənha və içi nifrət dolu, əksəriyyət kimi. Amma ovsunlu ifadələri vaxtında və düzgün formada istifadə edirdi. Ovsunu aktivləşdirən ovsunlu ifadələrdir. Yenidən doğulmaq, dünyanı xilas etmək, ölülərə qovuşmaq, torpaqdan gələn bərəkət, düşmənə qarşı birləşmək, haqq-ədalət, güc, xoşbəxtlik və s.
Marius söhbətlərində baş verənlərə haqq qazandırmaq üçün tez-tez “haqq-ədalət bunu tələb edir” deyirdi. Bu ifadə də düzgün formada istifadə olunanda ovsunu gücləndirir. Çünki, Herman Broxun öz təbirincə desək, insanlar həyat tərəfindən sağa-sola çırpılanda, pislik və əxlaqsızlıq etməyə məcbur qalanda haqq-ədalət ifadəsindən istifadə edirlər, etdikləri hər haqsızlığa ədalət bəhanəsi gətirirlər.
Kəndin ağıllı adamları da artıq Mariusun sözləri ilə danışırlar: “İnsan bəzən hesab-kitabı bir yana buraxmaq məcburiyyətində qalır.” Marius həm də istedadlıdır. Nitqi və güclü məntiqi var. Düşüncələri ilə insanları ələ ala bilir. Amma tarixin bəşəriyyətə öyrətməyə çalışdığı bir təcrübəni insanlar heç cür öyrənmək istəmirlər: xəstə təfəkkürlü insanların istedadlı olması çox təhlükəlidir. Çünki istedad onun xəstə fikirlərinin inandırıcılığını artırır. Ovsunu gücləndirir. Müqavimətin qırılmasını sürətləndirir.
Romanın 1935-36-cı illərdə yazılmış ilk versiyasında təhkiyəçi həkim özünə qarşı tənqidi yanaşmır. Olanları sadəcə nəql edir. Amma Brox romanın müxtəlif versiyaları üzərində işlədikcə durum dəyişir. Almaniyadakı intellektualların faşizmə qarşı davranışı onu məyus edir. Həkimin obrazında həmin intellektualların şər qarşısında möhkəm dayana bilmədiklərini göstərir. Həkim məntiqin, ağlın rəmzidir. Amma ovsun qarşısında ağıl da, məntiq də uduzur, hətta ən güclü ağıl, ən güclü məntiq də axsayır. Gisson Ana isə ruhun, mənəviyyatın, əxlaqın rəmzidir. Qurban mərasimində o da gücünü itirir. Mariusun qələbəsindən sonra Gisson Ana mübarizədən əl çəkir və ölür. Yəni mənəvi dünya, əxlaq, vicdan, xeyir uduzur. Qələbə çalan şərdir.
İlkin versiyada Brox romanın sonunda Mariusu yox etməklə əhvalatı nikbin bitirmək istəyirmiş. Amma Almaniyada vəziyyətin getdikcə ağırlaşması, Hitlerin daha da güclənməsi, müharibə, sürgün onu bu fikrindən daşındırır. Şərin qalibiyyətini göstərmək istəyir. Son versiyada dağ ayinindəki qətldən sonra Marius bələdiyyə üzvü olur və həyat öz sakit axarında davam edir. Mariusun əsas qələbəsi elə budur: hər kəs heç nə olmamış kimi vəziyyəti qəbul edir, hər kəs baş verənlərə öyrəşir. Qızıl mədənindəki uçqunda ölən oğlanın anasına Marius təsəlli verir ki, oğlun müqəddəs məqsədlər naminə öldü. Ana da rahatlıqla bu fikri qəbul edir, çünki onsuz da təsəlli axtarır və Marius ona axtardığı şeyi verir. Yenə də, Brox əsərini sonda kiçicik ümid işığını yandıraraq bitirir: gənc hamilənin dünyaya uşaq gətirməsi gələcəyə ümidin rəmzidir.
Romanın yazılma və üzərində işlənilməsi prosesi 1933-cü ildən 1951-ci ilə qədər davam edir. Yenə də romanın nəşrini görmək Broxa nəsib olmur. Brox romana hazırlıq prosesində Elias Kanetti ilə kütlə psixologiyası barədə uzun-uzun müzakirələr aparır. İnsan xarakterində keçmiş miflərin, qurban kultunun, paqan ayinlərinin izlərinin hələ də davam etdiyini göstərmək üçün mövzunu illərlə araşdırır. Nəticədə, ədəbiyyat tarixinin ən güclü anti-faşizm romanlarından biri hesab olunan “Ovsunlanma” ərsəyə gəlir.
***
Marius Rattinin Kuppronda, yəni Hitlerin Almaniyada etdiklərini Herman Brox ovsunla müqayisə edirdi. Səbəbi və nəticəsi nə olursa olsun, prosesin özündə bihuş olma, hipnoz olunma, ovsunlanma effekti var. Bu effektdən istifadə edən yalnız Hitler deyildi. Liderləri, tiranları, diktatorları, totalitar rejimləri iqtidar sahibi edən şey Broxun nəzərdə tutduğu ovsundur. Amma ovsunların da bir dövrəsi var.
İnsanlar hər zaman yeni arzular istəyir. Onlara bunu vermək lazımdır. Bəzi liderlər, bəzi ideologiyalar bunu insanlara verir və adını da qoyur “dünyanı xilas etmək”. Beləcə, toplum onu ovsunlayan lideri yuxarı başa keçirir. Bəzi toplumlardakı ətalətin, bəzi liderlərin xalqı arxasınca apara bilməməsinin əsas səbəblərindən biri o liderin xalqın gerçək istəyini dilə gətirə bilməməsidir. Əslində, bəlkə də üzdə dilə gətirmiş kimi görünür. Lakin kütlənin dəhşətli istəyi çox vaxt onun özünə də bəlli olmur. Kütlə sadəcə yeni və sadəcə onun düşündüyünü söyləyən lider istəyir. İstəyir ki, o nəsə yeni bir şey söyləsin, məhz kütlənin nə istədiyini tapsın, bunu kütləyə xatırlatsın, kütlə də buna görə ehtizaza gəlsin, o liderin dünyanı dəyişəcəyinə inansın. Və təşəkkür əlaməti olaraq ona kölə olsun. Bunları bacarmaq üçün lider xalqı yaxşı tanımalıdır, bir az da şeytani duyğuları və instinktləri güclü olmalıdır ki, xalqı ovsunlaya bilsin. Bir dəfə ovsunladınsa, ardı özü gələcək. Özləri sənə qul olacaqlar. Nəticədə o lider əjdahaya dönüb onu qaldıran toplumu yeməyə başlayır. Onların bu köləliyindən istifadə edib sömürür, ac saxlayıb itaətə məcbur edir, onları axmaqlaşdırıb, öz ağzından çıxan hər kəlməni “müdrikləşdirir”. Gün yetişir, bir ovsuna ayrılmış dövrənin sonu gəlir. Ovsun sayəsində göylərə qalxan lider həmin xalqın latent düşməninə çevrilir. Sonra da, bir gün yeni nağıl danışan başqa birisi çıxır, ya da heç çıxmır, sadəcə yeni nağıla şiddətli ehtiyac yaranır. Başı əzilən kütlə yenidən ovsunlanır. Bu dəfə başqası tərəfindən, başqa ideya tərəfindən. Başqa ovsunlu kəlmələrlə. Köhnə ovsunçu isə, hər şey niyə belə oldu axı, deyə məlul-müşkül baxır. Bir zamanlar şeytani xislətilə ovsunladığı insanları indi tanıya bilmir. Çünki onları nə vaxtsa ovsunlayaraq ələ aldığını özü də unudur. Özü də öz ovsununa inanıb, artıq özünü həqiqətən xilaskar hiss edir deyə, insanların başqa ovsuna düşməsi ona təəccüblü gəlir. Qırılma nöqtəsi də, bax, budur: Ovsunçunun öz yaratdığı ovsuna özünün də inanmağı.