post-title

Quru, quru, qurbanın olum

“Vatsap” kontaktlarım içində bir köhnə dostum da var, hərdən elə əcaib şüarlar paylaşır ki, qalıram çaş-baş. Bilmirəm bunu məzə üçün eləyir, yoxsa ciddi fikirləridir. Əslində öz fikirləri deyil, Vatsap-da, Tik-tok-da filanda paylaşılan “müdrik fikirlər” silsiləsindəndir. Yəni öz fikri kimi paylaşsa, bəlkə yüz faiz düşünərdim məzələnir, üzünə deyərdim. İndiki halda matım-qutum quruyur, heç zad deyə bilmirəm. Quruyub quru oluram.

Örnək üçün, buyurun onun paylaşdığı o afyorizmlərdən ikisinə baxın: “İnsan hər şey qazana bilər, mal-mülk, şan-şöhrət, amma itirdiklərini qazana bilmir” (bunun müəllif yerində “möminə-81" imzası var); ”Kim sənə nə edibsə, heçnə etməyə gərək yoxdu..Allah sənin intiqamının alcaq. SƏBİR ET" (burada cümlələrin orfoqrafiyasına toxunmadım).

İndi bu gedişatla biz nə əldə edə bilərik? Heç zad. Cəmiyyətin çoxu bu cür “müdrik” fikirlərə qərq olmuşdur.

Dünən hökumətimiz Hindistandan Sadquru adında bir qoca yoqanı qastrola gətiribdir. Həmin kişi dünyadakı ən lotu adamlardan biridir, hətta kiməsə lazımdırsa ipucu verim, kinosuna baxsın: rejissor Rackumar Hirani, baş rolda Əmir Xan, çəkiliş ili 2014, filmin adı “PK” (“Pikey” kimi oxunur, hind dilində “kefli, kefkom” mənası var, təxminən bizim Kefli İsgəndər tipində obrazdan bəhs edir). O filmdəki quru Talasvi Ci sanki bizim bu Sadquru kimilərinin ümumiləşdirilmiş obrazıdır.

Yəni 21-ci əsrdə insan yoqa, suyun yaddaşı, heykəllə meditasiya, müqəddəs kül, inəyə sitayiş və sairə bu tipli cəfəngiyyatların dalıyca necə gedir, anlamağım çətindir.

Sadqurunun İsmayıllıda xalça toxuyan qadınları başına toplayıb çəkdirdiyi fotoya baxdım, şəkk gətirdiyim üçün ağzım əyildi. Zarafat bir yana, yoqa qardaşımız o xalçalardan bir neçəsini alıb pulunu versə, həmin qadınlar evlərinə çörək aparsalar Allaha, Şivaya, Buddaya, nə bilim, lap elə kosmosa daha xoş gedərdi. Ancaq Sadquru müəllim ver mollası deyil, al mollasıdır. Bunu dünyada gəzdirib mənasız, düşük söz yığını mühazirələrini dinlətdirmək hamısı pulladır. Qlamur varlılar da belə şeylərdən kayf tuturlar. Ezoterizm, mistika, dərviş-mərvişlər... Reallığı insanlara cəhənnəmə döndərirlər, nəticədə bu dünyada guya maraqları qalmır.

Keçəl dərman bilsə öz başına yaxardı deyə ata sözümüz var, hindistanlı yoqalar da gərək birinci öz xalqına yardım eləyərdi. Milyonlarla hindlinin evi, yeməyə çörəyi, ... tualeti yoxdur. Bu yaxında koronavirus Hindistanı necə bürümüşdüsə xəstələrə oksigen bir yana qalsın, cəsədləri yandırmağa odun tapılmırdı. Ancaq vaxtaşırı bu yarımadadan hansısa quru çıxıb dünyaya ağıl öyrədir (quru - sanskritcə ustad, öyrətmən, xoca anlamı verir). “Hindistandan gəldi quru, ağıl verdi quru-quru” - vəziyyəti poetik təsvir eləyirəm.

Hərçənd mümkündür bizim hökumətin ənənəvi uyuşdurucu reseptləri artıq xalqın dərisinə təsir gücünü itiribdir, yeni, ekzotik “opiumlara” (Allah Karl müəllimə rəhmət eləsin, Fridrix müəllimə də bahəm) ehtiyac duyulur. Allahşükür müəllim klassik “kouç” olaraq işlək deyildir. Ona görə vaxtaşırı Hindistandan yoqa gətirməyə ehtiyac yaranır. (Bu, Sadquru müəllimin son 5 ildə ölkəmizə ikinci səfəridir. Bəlkə arzu eləsə Zəngilanda ev tikərik, həmişə qalıb üzü Şurnuxuya meditasiya eləyər).

Yoqa müəllim uca millətimizə ac qarına nirvanaya çatmağın, icra hakiminə səmimi inancın, prokurora və rəisə kosmik məhəbbətin yollarını öyrədəcəkdir. Prinsipcə bunun mənəvi bazisi elimizdə (elmimizdə yox ha, yanlış oxumayın) vardır: “Yeməkdən ümid yaxşıdır”. Əlbəttə. İtirdiyini qazana bilməzsən. Özünə güvən. Palaza bürün, elnən sürün. Yoxun üzü qara, yoqun üzü ağ olsun.

Ancaq bu yoqu gətirəndə, Məşədi İbadın sözü olmasın, baxmaq lazımdır bu “kişidir, ya arvad”. Çünki Sadquru müəllim Kəşmir zonasında müsəlmanlara qarşı çıxışları, hind millətçiliyi ilə tanınır, Hindistanın keçmiş türk-müsəlman sülaləsi Baburlar, Moğol İmperiyası haqda mənfi görüşləri vardır. Pakistanın bayrağı dükanın qapısında qala-qala bu nə münasibət?

Əlbəttə, bunun temaya o qədər dəxli yoxdur, elə-belə yazdım. Əsas odur mıxın üstünə uzanmaqda davam edək, ağzımızdan da alov püskürək.

Musavat.com

Yuxarı