post-title

Niyyətin mənşəyi haqqında

Ölüsü olan qırx gün ağlar, dəlisi olan hər gün.

Atalar məsəli

Böyük Viktor Hüqo deyirdi ki, arzuda iradə yoxdur. Yəni, hər hansı bir insanı tanımağın ən asan yollarından biri onun arzularını öyrənməkdir. İnsan arzularını dilə gətirdikdə, kobud ifadə etsək, özünü buraxır və içini, təbiətini istər-istəməz ortaya qoyur.

Hər dəfə Gürcüstanda xoşagəlməz bir hadisə baş verdikdə bir dəstə adam başlayır həmin hadisəni ciddi şəkildə müzakirə etməyə. Qonşu ölkədə baş verən ictimai-siyasi-mədəni məzmunlu bütün hadisələr, o cümlədən xoşagəlməz hadisələr də ciddi şəkildə müzakirə olunmalıdır. Bu, çox təbii haldır. Buna ancaq sevinmək olar. Təki camaat müğənnilərin dava-dalaşının, hansısa aparıcının kökəlməyininin, hansısa aktrisanın arıqlamağının əvəzinə ictimai-siyasi-mədəni məzmunlu hadisələri müzakirə etsin.

Lakin məsələnin maraqlı, həm də mənfi tərəfi ondan ibarətdir ki, bəzi adamlar qonşu ölkədə baş verən xoşagəlməz hadisələri müzakirə edərkən, rəylər, fikirlər bildirərkən sevinclərini gizlədə bilmirlər. Belələrinin sayı çox deyil. İnsafən Azərbaycanda siyasiləşmiş, nisbətən aktiv təbəqənin nümayəndələri qonşu ölkənin uğurlarına hər zaman seviniblər. Bu, elə belə də olmalıdır. Əgər insan təbiətcə həqiqətən demokratdırsa, harda olursa olsun demokratiyanın təntənəsinə, qələbəsinə sevinməlidir. Əgər insan təbiətcə həqiqətən demokratdırsa, harda olursa olsun demokratiyanın dayaqlarının sarsılmasına kədərlənməlidir…

Yaddaşım məni aldatmırsa, dəyəsən Corc Oruel belə deyirdi: “Cəmiyyətdə mənəvi böhran dərinləşdikcə, həqiqəti söylərən adamlara qarşı nifrət daha da artır”. Çox maraqlıdır, niyə? Sadə bir səbəbə görə. Yaltaq adam istəyir ki, hamı yaltaq olsun və onun yaltaqlığı yaltaqlıq kimi görünməsin, norma, adi həyat tərzi, hətta zərurət kimi görünsün. Oğru istəyir ki, hamı oğru olsun və onun oğurluğu oğurluq kimi görünməsin, norma, adi həyat tərzi, hətta zərurət kimi görünsün. Bəzən beş-altı adamın yaltaqlanmadan, oğurluq etmədən yaşaması bütöv yaltaqlar və oğrular ordusunu narahat edir. Yaltaqlar ordusu istəyir ki, bu beş-altı adam bezsin, yorulsun, həyat fəlsəfəsinin, yaşayışının, getdiyi yolun “mənasızlığını” dərk etsin, min cür məhrumiyyətlərlə qarşılaşsın, ailəsinin, övladlarının qarşısında üzüqara olsun, nəhayət, canı boğazına yığılmış halda, onların ordusuna qoşulsun və onlar da dərindən rahat nəfəs alsınlar. Bu mənada həqiqəti söyləyən, hətta doğru yaşamağa cəhd edən adamlara qarşı bir cəmiyyətdə nifrətin artması həmin cəmiyyətdə mənəvi böhranın dərinləşməsinin göstəricisidir.

Cəhənnəmə gedən, özünə yoldaş axtarar. Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə bəzi adamların sevinməklərini bu atalar sözünün açdığı pəncərədən baxdıqda yaxşı başa düşmək olar. Bəzi adamlar istəyirlər ki, qonşuda da vəziyyət onların ölkəsindəki kimi bərbad olsun və bunun fonunda yaşadıqları ölkədəki bərbad vəziyyət, insan deyilən varlığın qarışqa qədər hüququnun, insan deyilən varlığın qarışqa qədər qiymətinin olmaması norma kimi görünsün. Köləliyin elə bir həddi var ki, kölə öz qandallarını sevməyə başlayır. Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə bəzi adamların sevinməkləri kölələrin öz qandallarını sevməyə başlamaqlarının əyani sübutudur. Əks halda bir insan qonşu ölkədə xoşagəlməz hadisələrin baş verməsinə, yaxud hardasa, lap olsun uzaq bir ölkədə demokratiyanın dayaqlarının sarsılmasına, despotizmin təntənəsinə niyə sevinməlidir ki?

İndi bir çox yoldaşlar bu suala cavab axtarırlar: Bir mitinqdə əllidən artıq jurnalist xəsarət aldığı halda Beynəlxalq söz azadlığı reytinqində niyə Azərbaycan yüz altmış səkkizinci, Gürcüstan isə altmışıncı yerdə dayanıb.

Bu suala media üzrə mütəxəssislər əhatəli və peşəkar cavab versələr daha yaxşı olar. Bir publisist kimi sadəcə onu deyə bilərəm ki, əllidən artıq jurnalistin xəsarət aldığı elə həmin mitinqi İctimai Televiziya canlı göstərirdi. Dünən keçirilən mitinqi də İctimai Televiziya canlı göstərməkdə idi. Beynalxalq söz azadlığı reytinqində Azərbaycanın yüz altmış səkkizinci, Gürcüstanın altmışıncı yerdə dayanmasını başa düşməyən, bunu ikili standart kimi qiymətləndirən yoldaşlar Azərbaycan İctimai Televizyasının müxalifətin mitinqini canlı nümayiş etdirməsini təsəvvür edirlərmi? Bəlkə belə bir şey olub, bəlkə belə bir şey var və dünyanın bundan xəbəri yoxdur?

Tokio Olimpiadasında Azərbaycan tərəfindən qırx dörd idmançı qüvvəsini sınaqdan keçirəcək. Bu qırx dörd idmançının azı yarısı ordan-burdan gətirilib milliləşdirilən idmançılardır. Gürcüstan isə Tokio Olimpiadasında otuz beş idmançı ilə iştirak edəcək. Bu otuz beş idmançının demək olar ki, hamısı Gürcüstanda yetişib. Azərbaycanda idmanın inkişafına xərclənən milyardları, üstəlik iki ölkə arasındakı əhali fərqini nəzərə aldıqda acınacaqlı vəziyyəti yəqin ki, asanlıqla təsəvvür edə bilərsiniz.

Qonşu ölkədə baş verən xoşagəlməz hadisələrə sevinən cənablar bu kimi acınacaqlı halları müzakirəyə çıxarsalar həm özləri, həm də yaşadıqları ölkə üçün daha yaxşı olmazmı? Şüşə, patı deyilən zəhrimar Azərbaycanda adamları dəstə-dəstə, küçə-küçə, kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon məhv etməkdədir. Yüzlərlə, minlərlə yox, on minlərlə ailələr dağılıb. Yüzminlərlə insanın, yeniyetmə oğlan və qızların həyatı məhv olub. Narkomaniya Azərbaycanda at oynadır, meydan sulayır. Vəziyyət faciəvi hal alıb. Bu faciəvi vəziyyətdən danışmaq əvəzinə kəsəklər oturub daş üçün ağlamaqdadır.

«Faciənin buynuzu olmur!» adlı yazıda qeyd etmişdik: “Siyasi şüuru formalaşmamış xalqlar gözlə görünməyən, əllə tutulmayan faciələri dərk etmirlər. Siyasi şüuru formalaşmamış xalqlar yalnız və yalnız gözlə görünən, əllə tutulan faciələrlə üzləşdikdən sonra necə bir dərin uçuruma düşdüklərini dərk edirlər. Onda da artıq gec olur. Uçuruma düşüb çıxmaq hər xalqın işi deyil”. Buyurun, gözlə görünməyən, əllə tutulmayan faciələrdən biri artıq gözlə görünməkdə, əllə tutulmaqdadır. Hələ qarşıda nələr olacağını bircə göydəki kişi bilir. Bizə ancaq ehtimal, güman etmək qalır.

Seymur Baycan

Azlogos

Yuxarı