post-title

Pariyalar və vətəndaşlar haqqında

…Məsələn, tutaq ki, Banqladeşdə, Pakistanda, yaxud da Somalidə hər hansı qəza nəticəsində yüz, yüz əlli adam həyatını itirir. Hamı, elə ilk növbədə özləri də bunu adi bir hadisə kimi qəbul edir. Sanki elə belə də olmalıdır. Amma tutaq ki, Danimarkada, Belçikada hər hansı qəza nəticəsində on beş, iyirmi beş adam həyatını itirəndə, bu hadisə bütün qəzetlərin, saytların, agentliklərin qara xəbərinə çevrilir. Başsağlığı başsağlığın dalınca verilir. Hamı kədərini bildirir.

İlk baxışdan insan həyatına bu cür münasibət ikili standart kimi görünür. Doğrudan da əgər söhbət insan həyatının itirilməsindən gedirsə, nəyə görə bəzi ölkələrdə insan həyatının itirilməsi adi, bəzi ölkələrdə isə insan həyatının itirilməsi faciə kimi qəbul edilir? Bu suala hər kəs fərqli cavablar verə bilər. Məncə cavab çox sadədir. Məsələ ondadır ki, həyatını itirən insanların qiyməti, dövlətin onlara çəkdiyi xərc, dövlətin onlara qarşı münasibəti eyni deyil. Hər şey insan həyatının qiymətindən asılıdır. Milyonlarla insan Hindistanın küçələrində doğulur, milyonlarla insan Hindistanın küçələrində əsl səfil həyatı keçirir. Küçələrdə doğulan, küçələrdə səfil həyatı keçirən milyonlarla insandan yüzü, yüz əllisi hansısa qəza, hansısa hadisə nəticəsində həyatını itirəndə, bu niyə dünya ictimaiyyəti tərəfindən faciə kimi qəbul edilməlidir? Məntiq hardadır?

Müdrik insanlardan biri belə demişdir: “Əsrlər arasında fərq mövcud olduğu kimi, xalqlar arasında da fərqlər mövcuddur”. Dəqiq deyilib. Elə camaat var ki, yeddinci əsrdə qalıb. Elə camaat var ki, on dördüncü əsrin qayda-qanunları ilə yaşayır. Əsr adlamaq istəmir. Əsr adlamaq üçün heç bir cəhd göstərmir. İndi necə durub demək olar ki, əfqanlarla almanlar bərabərdirlər. Lazımdırsa əfqanlarla almanların bərabər olduğunu deyək, amma bu vəziyyəti dəyişməyəcək. Çünki bərabər deyillər.

Taliban hərəkatı Əfqanstana nəzarəti tam ələ keçirəndə yazıçı Xalid Hüseyni hadisələrə rəsmi tvitter səhifəsində belə münasibət bildirmişdi: “Əfqanıstan xalqı buna layiq deyil”.

Maraqlı sual yaranır. Görəsən Əfqanıstan xalqı Taliban hərəkatının hakimiyyətə gəlməsinə layiq deyilsə, bəs nəyə layiqdir? Əfqanıstanda hakimiyyətə kimlər gəlməli idi? Yaşıllar, yoxsa sosial-demokratlar?

Əfqanıstanda Taliban hərəkatı hakimiyyəti tam ələ keçirdikləri günlərdə, hamının başı Taliblərə qarışdığı, az qala hər kəsin Əfqanıstan üzrə ekspertə çevrildiyi vaxtlarda çox adamın diqqətindən kənarda qalan maraqlı bir hadisə baş verdi. Heyvan hüquqları müdafiəçiləri Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanladılar və Olimpia Komitəsindən at idmanının Olimpiya yarışlarından çıxarılmasını tələb etdilər. Heyvan hüquqları müdafiəçiləri müraciətlərində bildirmişdilər ki, heyvanlara qarşı zorakılıq yolverilməzdir, Olimpiya oyunlarında iştirak edən heyvanlar zor altında insanları əyləndirməməlidir.

Belə bir müraciətin yazılmasının səbəbi vardı. Annika Şloy adlı bir idmançı Tokio Olimpiadasında qaçmaq istəməyən atını qamçılayaraq ata qarşı zor tətbiq etmişdi.

Əfqanıstanda Taliblərin hakimiyyətə gəlməsi və ata qamçı vurulduğuna görə heyvan hüquqları müdafiəçilərinin Beynəlxalq Olimpiya Kimitəsinə müraciət ünvanlanması… Bu kimi hadisələrin eyni planetdə baş verməsinə inanmaq çox çətindir. Nə qədər çətin olsa da, bu kimi hadisələrin eyni planetdə baş verməsinə inanmalıyıq. Ən azı özümüzü buna məcbur etməliyik. Taliblərin hakimiyyətə gəlməsi və ata qamçı vurulmasına görə heyvan hüquqları müdafiəçilərinin Beynəlxalq Olimpiya Komitəsinə müraciəti… Bu iki hadisənin eyni vaxtda eyni planetdə baş verməsinə inanmağa məhkumuq.   

***

Hər beş ildən, altı ildən bir Azərbaycan hökuməti nəyə görəsə pariyalarla vətəndaş kimi davranır. Pariyalar bu isti davranışın nəticəsində hədsiz dərəcədə çox sevinirlər. O qədər sevinirlər ki, onlar doğrudan da artıq vətəndaş olduqlarına inanırlar. Elə zənn edirlər ki, onların da dövləti var, onların da hüquqları var və onlar artıq pariya yox, həqiqətən də vətəndaşdırlar, əsl vətəndaş kimi yaşamalıdırlar. Az müddət keçdikdən sonra hökumət pariyalara yenə də pariya münasibəti göstərir. Belə olduğu halda pariyalar dərin kədərə qərq olurlar. Çox qəddar, amansız zarafatdır. Pariya olanda nə olar, qəddar, amansız zarafatın da bir həddi-hüdudu olmalıdır.

Sonuncu dəfə hökumət müharibə zamanı pariyalarla belə qəddar, amansız zarafat etdi. Pariyalar yenə də hökumət tərəfdən onlara göstərilən isti münasibətin nəticəsində çox sevinmişdilər. Pariyalar artıq indidən belə hər şeyin başqa cür olacağına, həqiqətən də vətandaş olduqlarına, onların da hüquqlarının olduğuna inanmışdılar. Amma bir müddət keçdikdən sonra hökumət yenə pariyalara pariya olduqlarını sərt şəkildə xatırlatdı. Pariyalara yerini göstərdi. Dedi ki, reallıq hissini itirməyin, yersiz xəyallar qurmayın, siz vətəndaş deyilsiniz, adicə pariyalarsınız və pariyanın da işi özünü pariya kimi aparmaqdır, taleyinə boyun əyməkdir.

Əqli və fiziki cəhətdən güclü, enerjili bir adam qollarını çırmayıb bu pariyalara birdəfəlik başa salmalıdır ki, hər hansı pariyanın cibində pasport gəzdirməsi onun vətəndaş olması demək deyil. Nə qədər bayağı səslənsə də vətəndaşlıq verilmir, vətəndaşlıq alınır. Pariyaların cibində pasport gəzdirməsi, pariyaların pasporta malik olmaları onları pariya aqibətindən, pariya həyatından azad etmir . Özbəkin, türkmənin də pasportu var. İndi özbək də, türkmən də, azərbaycanlı da vətəndaş olsun, fransız, ingilis də. Bəs ədalət harda qaldı?

Azlogos

Yuxarı