post-title

Lev Tolstoy: müntəxəbat yazıçısı

Dissident dövrünə aid belə bir lətifə var. Ana, oğluna “Hərb və Sülh”ü oxutmaq üçün yazı maşınında kitabın üzünü köçürdür. Düşünürəm ki, yazı maşınına baxmadan çap edilən altıncı nüsxənin cəlbediciliyi əslində müasir gənci bu ağır, çoxcildli konstruksiyanı oxumağa həvəsləndirməyəcək. Ədəbiyyat, ümumiyyətlə, köhnəlməkdədir. Ədəbi abidələrə absurdcasına pərəstiş edənlərin üzünə tüpürmək lazımdır. O idbarların üzünə ki, professor Zelinskinin təxmini tərcüməsində çıxmış Dantenin “İlahi Komediyası”nı başa düşdüyünü və oxumaqdan zövq aldıqlarını iddia edirlər. Ədəbiyyat sürətlə köhnəlir, xüsusən Freydəqədərki ədəbiyyatın vaxtı keçib. Məhz Freyddən sonra kəskin bir parçalanma baş verdi: Freydə qədərki ədəbiyyat və Freyddən sonrakı ədəbiyyat. Yeni Avropa ədəbiyyatı: Selin, Miller təsadüfi deyil ki, 1932-1933-cü illərdə dünaya gəldilər. Bu dövrdə artıq müasir dünya Freydi mənimsəməyə başlamışdı. Özü də fərqi etməz ki, Selin və yaxud Miller Freydin əsərlərini oxumuşdular ya yox. Yalnız şərtsiz dahilər köhnəlməkdən xilas ola bildilər: Bodler, Balzak kimi zamanı aşan sənətkarlar. Lakin ədəbiyyatın günəmuzd, qara fəhlələri yaman köhnəlib sıradan çıxdılar.

“Hərb və Sülh” yekə xalturadır. Eynən Brejnev haqqında yazılmış “Kiçik torpaq” (tam adı nədirsə) kimi bir epopeyadır. Maraqlıdır ki, “Hərb və Sülh” Dostoyevskinin Puşkini milli düha elan etdiyi dövrdə, təxminən bu dövrdə yazılıb. O zamanlar milli dahiyə ehtiyac var idi, çiçəklənən imperiyanın vəziyyəti bunu tələb edirdi və həm də milli freskaya, epopeyaya ehtiyac yaranmışdı. Yəni, göstərmək lazım idi ki, biz necə qəhrəmancasına fransız işğalçılarından özümü müdafiə etmişik. O zamankı dəbə uyğun, (ancaq çox yox, bir qədər) naturalizm əlavə edərək - Tolstoydakı kübar cəmiyyət adamları fransızca danışır, Tolstoy, Allahın köməyi ilə işə girişdi. Və cənab Putinin ikinci Deputatlar Soveti üçün yazılmış ikinci Mixalkov himni kimi xaltura elədi. Çünki roman ümumi, bütöv bir məkandır. Karikatur qusarlar, kariaktur kübar cəmiyyət gəncləri, Doloxov kimi yarımvəhşi və əyalətçilər. Pyer Bezuxov da karikaturadır, eynən Sovet filmindən çıxmış tipik bir aktyor kimi, gonbul və eynəkli. Nataşa Rostova "yaxşı" valideynlərin qızıdır, imtiyazlı məktəb uşağı kimi mahiyyətcə elə sürtülüb-köhnəlmiş ştampdır ki, heç nə ilə yadda qalmır. Platon Karatayev mujikdir, rus xalqının nümayəndəsidir, hamısı şablon obrazlardır və bu basmaqəlib surətlərə biz onlarla rus yazıçısında təsadüf etmişik. Elə bil bütün truppa bir araya gəlib ki, 1812-ci il şərti hadisələrini geniş kompozisiyada canlandırsınılar.

Beləcə uşaq sayağı, dramatik tamaşa ortaya çıxmışdır. Burada milli Lev Nikolayeviçin elə də günahı yoxdur, qüsur janrdadır: roman epopeyadır. Gildən ayaqları olan koloss. "Qoca və dəniz" də belə xalturadır.

Artilleriya zabiti Lev Tolstoy əvvəl-əvvəl çox yaxşı başlamışdı: istedadla yazılmış "Sevastopol hekayələri" ilə, istedadla yazılmış "Hacı Murad" ilə. Amma onun romanları ədəbi xalturadır. "Hərb və Sülh" haqqında dediyim eyni şeyi "Anna Karenina" və "Dirilmə" haqqında da demək olar. Bu əsərlər ədəbi şablonlar üzərində qurulub. Belə bir fikir var ki, Tolstoy "Anna Karenina"nı həyat yoldaşı Sofya Andreyevnadan zəhləsi getdiyinə görə yazmışdır. Tam mümkündür, amma kitabdan danışarkən, deməliyəm ki, ədəbi qəhrəmanları hərəkətə gətirən o motivlər, o əxlaq, 19-cu əsrin kübar ailələrinin o əxlaqı, bizə indi Aydakı həyat şərtləri qədər uzaqdır. Bu gün, şən moskvalı bir qadın gündə üç fərqli kişinin yatağına baş çəkə biləcəyi zamanda, madam Kareninanın problemləri üzdə təbəssüm yaratmağa layiq görünür. Bu o demək deyildir ki, şən moskvalı kimi yaşamaq lazımdır. Bu, cəmiyyətin əxlaqının dəyişdiyini göstərir. İndi nə etməli? Böyük Yazıçıların köhnəlmiş kitablarını memarlıq abidəsi saymalıyıq? Uzun müddət xidmətə görə? Yoxsa zamanın qat bağladığı paxırına görə?

Mən vaxtikən “İvan İliçin Ölümü”nü diqqətlə oxumuşam. Darıxdırıcı maraqdan başqa heç nə hiss eləməmişəm. Məsələ burasındadır ki, adi insandan qəhrəman düzəltmək heç vaxt uğur gətirə bilməz.  Adi insanda maraqlı heç nə yoxdur. O, nə təəssüfə, nə də təəccübə layiqdir. Uğursuzluq elə buradan qaynaqlanır.

Lev Tolstoy xalqın yaddaşında, hər şeydən əvvəl böyük əcaib-qəraib adam kimi qalmışdır. Yer şumlayan ağa, şərə qarşı güc ilə müqavimət göstərməyən adam, yazıçı, kilsənin “anafema” oxuduğu şəxs, pırtlaşıq saqqallı, çalsaqqal, gur saqqallı, bəlkə də ağlı başında olmayan yaşlı bir adam kimi. O, görünür, şərə qarşı güc ilə müqavimət göstərməməyi hindistanlı Mahatma Qandidən mənimsəmişdi. Lakin hind xalqının ingilis müstəmləkəçilərinə qarşı milli azadlıq mübarizəsində şərə müqavimət göstərməmək mümkün ola biləcək yeganə silah idi. Bu gün bu metoda vətəndaş itaətsizliyi deyilir. O dövrdə isə Rusiya cəmiyyəti mütləqiyyətə qarşı mübarizə problemini müxtəlif yollarla həll edirdi: narodovolçular bombalara əl atırdı, liberal burjua partiyaları leqal yolla getməyə çalışırdı. Şərə qarşı müqavimət göstərməmək çoxlarını qıcıqlandırırdı, di gəl rus ziyalıları həmişə mövhumatçılığa can atdığından, xlıstçılığa da, tolstoyçuluğa da qoşulurdular. Qraf xalqı maarfiləndirməyi təbliğ edirdi, hətta xalq kitabxanası üçün bir-iki yöndəmsiz kitabça da yazmışdı. Bunlar hamısı, şumda ayaqyalın kotan sürən Lev Nikolayeviçin fotoşəkilləri olan poçt kartoçkaları kimi, "əcaib ağa" çərçivəsinə sığışır. Öz əcaiblikləri baxımından rus ağaları öz ekssentrikliyi ilə tanınan ingilislərlə, ingilis ağaları ilə uğurla rəqabət aparırdı. Yeri gəlmişkən, Tolstoyun foto-kartoçkaları o zaman çox məşhur idi. Onları Elvis Preslinin fotoşəkilləri kimi satışa çıxarırdılar. Mən hörmətkar yazılarla dolu, bu qəhvəyi-sarı rəngli raritetləri çox görmüşəm: "Lev Nikolayeviç Tolstoy kənddə filan kotanın arxasında", "Alihəzrət qraf Lev Nikolayeviç Tolstoy Yasnaya Polyana malikanəsinin terrasında samovarın arxasında”, yaxud "Alihəzrət Lev Nikolayeviç Tolstoy Yasnaya Polyana malikanəsində fəxri qonaq, yazıçı cənab N-i qəbul edir". Bu şəkillərdə Lev Nikolayeviçin yanında, əynində qara yubka, başında enli şlyapa, Sofya Andreyevna dayanıb. Bu xayalı madyan, görünür, Tolstoyun qanını az qaraltmayıb. Məhz onun üzündən səksən yaşlı ahıl kişi evdən qaçmış, Astapovo kəndindəki stansiyada xəstələnmişdi. Sofya Andreyevna onun ölümündən teleqram ilə xəbər tutmuşdu. Balaca şeytanlar İlf və Petrov məşhur "Qrafinya dəyişilmiş sifəti ilə gölməçəyə qaçır" sətirlərini ona parodiya kimi yazmışdılar.

Gəncliyində Lev Tolstoy kefcil, avara adam idi. Turgenev Tolstoyun, yəqin ki, Moskvada, onun mənzilində qaldığı dövrü xatırlayaraq deyirdi ki, Tolstoy hər dəfə səhərə yaxın yarı-sərxoş halda evə qayıdır, guppultu ilə yıxılır və günortaya qədər yatırmış. Həmçinin o da məlumdur ki, Tolstoyun əsl feodal ağası kimi, qırx yaşına qədər, Yasnaya Polyana mülkünə bitişik kəndlərdə qızları yoldan çıxarmaq adəti var imiş. Təsdiq edə bilərlər ki, bu günəcən qonuşuluqdakı kolxozçular qraf Lev Nikolayeviçdən törənmələri ilə fəxr edirlər, hətta bəziləri oxşar üz cizgiləri ilə - kartofvari burun, xarakterik meymun sayağı alın, yekə qulaqları ilə öyünürlər.

Belə bir təəssürat yarana bilər ki, mənim Lev Nikolayeviçdən xoşum gəlmir. Məsələ bunda deyil. Sadəcə olaraq, mənim fikrimcə, Tolstoyun yaradıcılığı banaldır, o adamı təəccübləndirən, heyrətləndirən heç nə yaratmamışdır. K. Leontyevin "Avropalı - dünya miqyaslı məhvedici silah kimi" məqaləsi, mənə görə, Tolstoyun su ilə dolu bütün qalın cildlərini kölgədə qoyur. Onun yaratmağı bacardığı yeganə şey "imici" idi. O öz “imici”ni yaratmış və bu məsələdə zamanını qabaqlamışdı. Özü də peşəkarcasına. Öz əcaibliyindən, "Lev Tolstoy kotan arxasında", "Lev Tolstoy samovar arxasında" fotolarından, tolstoyçuluqdan, kilsə anafemasından bu imici yarada bilmişdi. Bu işi o qədər yaxşı etmişdi ki, hər bir müasir piarçı ona həsəd aparardı. O imic bu günəcən işləyir.

Tolstoy müntəxəbat yazıçıdır, eləcə də Puşkin kalendar şairidir. Lakin o adamın ruhuna az şey verir, sən onda boğulmazsan. O, şampan şərabı kimi dahi deyil. Mənim bu cild altında topladığım müqəddəs monstrların çoxu şampan şərabı kimi dahiləridir. Tolstoy düz, səthi bir sənətkardır. O, rus düzənliyi kimi dümdüz və darıxdırıcıdır. Əgər onun şəxsi ekstravaqantlığı olmasaydı, çətin ki, bu kitabda müqəddəs monstralarla yan-yana dayanardı. Onu xüsusilə gözümdə xilas edən məqam - Astapovoya son qaçışıdır. Bəlkə ona "illüminasiya" dəymiş, nurlanmış və öz kitablarının şit, banal olduğunu görmüşdü? Biz bunu heç vaxt bilməyəcəyik. Ümumiyyətlə, döyüşdə, yolda, divar dibində ölmək şərəfdir. Öz yatağında ölmək isə ayıbdır.

Beləliklə, lətifədəki tənbəl oğlan haqlıdır. Maraqlı olan şeyi oxuyurlar, kitabı açırsan, bir tikə qoparırsan, dadlıdırsa dalını oxuyursan. Sözlərlə təsvir olunan döyüş səhnələrinə gəldikdə isə, yaxşısı tarixi bir filmə və yaxud Borodino döyüşünün panoramasına baxmaqdır. Ağzını marçıldadan Edvard Radzinskinin işlərinə göz yetirmək daha yaxşı olar. Belə tənbəl uşaqlarla müəyyən etmək olar ki, kitab hələ diridir ya ölü, istedadla yazılıb ya yox. Kitabı uşağa verin və yoxlayın. (Çox güman ki, o, "Uğursuz adamın gündəliyi”ni əldən qoymazdı). Uşaqlara əsaslanmaq lazımdır.

Lev Nikolayeviç düzgün yazıçıdır. Dövlət üçün və Vətən üçün düzgün yazıçı. O, təhlükəsiz mövzuda - uzaq keçmişdəki hadisələr haqqında yazmışdı. Eynən hər cür rejimdən sağ çıxan atalarından öyrənmiş hiyləgər Mixalkov kimi. Mixalkov filmlərini şübhəsiz keçmiş haqqında çəkir. Çox güman ki, o vaxtı Tolstoy "Soljenitsın sindromu"ndan əziyyət çəkirmiş – o, özünün "Hərb və Sülh"ü ilə tarixə olan baxışını qəbul etdirmək etmək istəyirdi. O, Soljenitsın kimi dövrünün ağır "Qırmızı təkəri"ni yəni "Hərb və Sülh"ü hazırlamışdı. Bəlkə də 19-cu əsrdə bu bir dəb idi. Bu gün, bu əsər yöndəmsiz, ağır bir qurğudur, hətta həbsxanada belə "buna" vaxt itirmək heyfdir. Meksika serialı kimi şeydir.

Bir zamanlar Konstantin Leontyev "İki qraf: Tolstoy və Vronski" adlı ağıllı bir məqalə yazmışdı. Bu məqalədə o sübut edirdi ki, böyük ədəbiyyat olmadan böyük xalq bir təhər yaşaya bilər, ancaq dövlətin qurucusu, yaradıcısı, Vronski kimi xadimi olmadan isə yox, yaşamaq olmaz. Doğrudur. Lev Tolstoy olmasaydı da biz yaşayardıq.

Ancaq o zaman yazıçılar kimin yanına gedəcəkdilər? Yasnaya Polyanada ağsaqqala dəymək dəb idi. Qəzetlər qonaq gedənlərin hamısından yazırdı. Böyük əsərləri sayəsində Lev Nikolayeviç Çar-puşka və Çar-kolokol kimi ağır çəkili yazıçı olmuşdur. Ona görə də qarşısında ikiqat əyilirdilər. Yanına generallar və yüksək mənsəb sahibləri gəlirdi. Fikirləşdirilər, bəlkə qoca nəsə deyəcək. O da hərəyə bir şey danışırdı.

Eduard Limonov. Müqəddəs monstrlar (portretlər). 2003

Tərcümə: Elçin İmanov

Yuxarı