"Axundov ədəbiyyat sahəsində türk milliyyətçiliyinin, tarix sahəsində isə fars milliyyətçiliyinin qurucusudur"
– Güntay bəy, niyə İslam ölkələri tari…
"Lenta.ru": Təxəyyülünüzdə əvvəlcə nə var idi: qumar dünyası yoxsa xatirələri qəhrəmana əzab verən Əbu-Qreyb həbsxanası?
Pol Şreder: Qumar oyunları. Düşündüm ki, qemblinq bir peşə, bir həyat tərzi kimi maraqlı metafora ola bilər. Bu dünyanı araşdırmağa başladım. Bilmək istəyirdim ki, görəsən nə cür adamlar özlərinə belə bir məşğuliyyət seçir və bu seçim nəyi əks etdirə bilər. Kim robot kimi gündə 12 saat hərəkətsiz oturaraq sonsuz sayda kart saya bilər? Beləcə mən belə bir personajı təsəvvürümdə canlandırmağa, bu adamın daxilən necə ola biləcəyi barədə düşünməyə başladım. Əsl qumarbazlar, real poker oyunçuları məni qəti maraqlandırmırdı. Mənim üçün daha vacibi o idi ki, görəsən bu adamların içində nələr var, belə bir fəaliyyət adamda nəyi gizlədə bilər. Beləliklə, hansısa məqamda mən nəsə çox əxlaqsız iş tutmuş, o vaxtdan bəri yarı-düşgün halda, tam olaraq nə o tərəf, nə də bu tərəfdə, elə bil ərafda ömür sürən bir insan obrazını müəyyən etdim. O, hələ ölməmişdi, amma ona diri də demək olmazdı. Həll edilməli olan növbəti məsələ bu idi ki, belə bir dəhşətli adam görəsən nə törədə bilərdi? Elə bir şey ki, özü özünü bağışlaya bilməsin. Seriyalı bir qatilmi? Bu artıq klişedir.
Bu vaxt Əbu-Qreyb yadıma düşdü və mən başa düşdüm: bax, bu. Orada baş verənləri bağışlamaq həqiqətən mümkün deyil. Əgər orada xidmət etmisinizsə, hətta siz və ətrafınızdakıların hamısı öldükdən sonra da, o rüsvayçılıq ləkəsi Amerikanın üzərində əbədiyyən qalacaq. Və heç bir həbs müddəti - "Soyuq hesablaşma"nın qəhrəmanı yeddi il yarım həbsdə yatır - bu ləkəni, bu rüsvayçılığı yuya bilməyəcək. Sən azadlığa çıxsan da, başa düşürsən ki, hər şeydən əvvəl öz nəzərində bağışlanmamış, günahkar olaraq qalmısan. Bu daxili münaqişənin ətrafında əsərin ideyası qurulub.
Sizin uydurduğunuz və Oskar Ayzekin oynadığı bu qəhrəmanın maraqlı adı var - Uill Tell. Yəni, bu sözdə poker terminləri ilə aşkar bir söz oyunu və həm də Uilliam Tellə bir göndərmə var.
Bəli, Tell axı oğlunu xilas etməyə çalışırdı və “Soyuq hesablaşma”da Uill də bir növ eyni şeyi edir. Ümumiyyətlə, personaj üçün ad seçəndə ümid edirsən ki, bu ad özü ilə əlavə məna da çəkib gətirəcək, təbii ki, absurdluğa varmadan.
Bu adda bəyəndiyim bir məqam da odur ki, - film üçün həbsxana, fikir və vicdan azadlığının olmaması kimi mövzuların əhəmiyyətini nəzərə alaraq – burada daha bir effektiv söz oyunu var, söhbət iradə azadlığı, sözün əsl hərfi mənasında free will anlayışından gedir.
(Gülümsünür). Bu gözəl fikirdir. İdealda, müəllif belə bir şairanə və əsrarəngiz şeyə can atır.
Ümumiyyətlə, Uill çox qapalı, planlı, olduqca səliqəli bir personaj kimi görünür – o, ən sonda kartları sayır. Bununla bərabər onun içində bir şair də var və məsələn, səhər yeməyi zamanı o, başqa bir personajla dialoqunda nəhayət Əbu-Qreyb təcrübəsini təsvir edərkən şairliyi ortaya çıxır. Belə bir kəskin təzada necə nail oldunuz?
Bu bir çox cəhətdən, kadrarxası mətnin tərzinə görə təyin olunur - çox adi, ifadə olunmaz mətndən söhbət gedir. Belə bir şey kimi: “Mən benzin almaq üçün yanacaqdoldurma məntəqəsinə yollandım. Keçən həftə benzinin qiyməti 3 dollar, 10 sent idi, indi isə bahalaşıb və qiyməti 3 dollar, 25 sentdir”. Cansıxıcıdır, elə deyilmi? Sonra birdən-birə bu məzmunsuz nitqi gözlənilməz və dərin bir şeylə vurursan. Eyni nümunə ilə davam edim: “Dünən qardaşım mənə yazdı ki, anamız vəfat edib. Maşına yanacaq vurub bir baton çörək aldım”. Bum! Bu verbal cəfəngiyyatın düz ortasına bomba atırsan. Eyni şey “Soyuq hesablaşma”da baş verir. Qəhrəman sponsorların pulu hesabına oynanılan poker oyunu və bu səbəbdən mümkün borc yükü haqqında mənasız hekayə danışır və birdən belə deyir: “Ancaq adamın mənəvi yükü də ola bilər. Bu yük onun keçmişdəki davranışının nəticəsidir. Bu yük elə bir yükdür ki, ondan xilas ola bilmərsən". Bum! O, qəfildən başqa bir səviyyəyə keçir, beləliklə bütün yük anlayışı indi yeni bir məna qazır.
Deyə bilərik ki, artıq ümumi cəhətiniz yaranıb – siz bir-birinə bənzər personajlar haqqında, gün işığına çıxmayan tənha adamlar haqqında filmlər çəkirsiniz.
Düzdür, mən belə beş-altı film çəkmişəm. Sonrakı filmim də bu xətt üzrə olacaq. Mən nə deyə bilərəm? Bu kimi personajlarla işləmək mənim üçün rahatdır. Onlar təsbeh muncuqları kimi fərqli rəng və formada olsalar da eyni prinsiplə işləyirlər.
Mənə elə gəlir ki, çox da nəzərə çarpmayan daha bir ümumi cəhət də var. Sizin bütün filmləriniz, demək olar ki, dini xarakterli pak sevinc məqamlarına istiqamətlənib. Siz bir dəfə demişdiniz ki, Dreyer, Bresson və Odzu kinosunun transsendental üslubu haqqında kitab yazdığınıza baxmayaraq, özünüz heç vaxt belə bir film çəkməzdiniz...
Əslində, "Keşişin gündəliyi"ndə (Şrederin bundan əvvəlki filmi - "Lenta.ru") mən, deyəsən, transsendental üsluba yaxınlaşmışam.
Doğrudur. Ancaq mən onu demək istəyirəm ki, filmlərinizin demək olar hamısında hansısa məqamda reallıq transsendentala keçir. Budur, "Soyuq hesablaşma" filmi də bütün ciddiyyətinə baxmayaraq birdə-birə Mikelancelonun Sikstin kapellasına göndərmə edən çox gözəl mənzərəli bir kadr ilə başa çatır.
Bəli, mən təkrar-təkrar - görünür, Bressonun "Cibgir" filminin fundamental təsirindədir - həm "Amerikan jigolosu"nda, həm "Səksəkəli yuxu"da, indi də "Soyuq hesablaşma"da belə bir fikrə gəlirəm ki, insan yalnız həbsxanada, zindanda olduğunu etiraf etdiyi zaman həqiqətən azad ola bilər. Hətta bu həbsxana öz bədəninizin həbsxanası olsa belə. Ümumiyyətlə, radikal bir ciddiyyətlə tərbiyə olunmuş insanlar şiddətdən qaçmağa meyllidirlər. Özüm kimi olduqca dindar bir ailədə böyümüş bir adam tanıyıram. O, onu sıxan buxovlardan qaçaraq…Yaponiyaya gedib. Yaponiya isə öz məhdudiyyətləri olan, gizli qadağalar ilə dolu ölkədir. Lakin onun üçün bu yerli qadağalar azadlıq demək idi - çünki bu qadağalar boyunduruğu altında böyüdüyü qadağalardan fərqli idi. İnsan dərkedilməz dərəcədə paradoksaldır.
“Soyuq hesablaşma”nı çəkməzdən əvvəl, filmin qəhrəmanının yatdığı eyni Livenvort həbsxanasında vaxtını çəkib qurtarmış insanlarla söhbət etmisiniz.
Facebookda səs saldım ki, görən izləyicilərimdən kimsə Livenvortda yatmış insanları tanıyırmı? Bu, ABŞ-da yeganə hərbi həbsxanadır. Başa düşürdüm ki, oradakı həbs digər Amerika həbsxanalarından fərqli olmalıdır. Orada yatmış və indi yatan hər kəs hərbi hazırlıq keçib, orduda xidmət edib - bu istər-istəməz insanı dəyişir. Bu səbəbdən adi həbsxanalardan fərqini bilmək istədim. Postuma bir neçə nəfər cavab verərək bu fərqin nə olduğunu mənə yazdı. Livenvortda nizamsızlıq çox azdır. Hamısı ordudakı kimi təlim görür - bu mənada hərbi nizam-intizam var. Orada, məsələn, narkotikə görə yolunu azmış adam görmərsən. Oradakılar yalnız müxtəlif səbəblərdən qanunu pozmuş hərbçilərdir: zorlama, soyğunçuluq və yaxud qətl. Həbsxanada da əsgər kim özlərini aparmağa davranmağa davam edirlər.
Ümumiyyətlə, rejissor kimi indi yaxşı formada və sizi qane edən statusdasınız.
(Gülümsəyir). Ümid edirəm ki, azı bir film çəkəcək qədər gücüm qalıb. Statusa gəldikdə isə... Texnologiyanın inkişafı həyatımı xeyli asanlaşdırdı – onun sayəsində filmlərimin büdcəsi kiçildi, deməli bu filmlərin özlərinin daha çox istehsal şansı əmələ gəldi. Əgər bir filmi Amerika standartlarına görə kiçik büdcə ilə və tez çəkə bilsəniz - indi isə bu, mümkündür - o zaman müəllif nəzarətini tam əlinizdə saxlaya bilərsiniz. Məsələn, 30-40 il əvvəl hər şey fərqli idi. Buna görə də, büdcə və növbə sayını aşmadan intizamlı şəkildə film çəkirəmsə, heç kim mənə təzyiq göstərə və məndən nəyisə dəyişdirməyi tələb edə bilməz. Həm “Keşişin gündəliyi”, həm də “Soyuq hesablaşma” hər biri iyirmi gündə çəkilib. Mən kino çəkməyə başladığım vaxtlarda qırx gün çəkiliş normal sayılırdı. İndi isə yetmişinci illərdə olduğu qədər çoxlu material çəkmək olar - sadəcə xərc daha az çıxır və daha az vaxt alır.
Əgər, o vaxt, qırx il əvvəl, indiki kimi texniki imkanlara malik olsaydınız, o vaxt çəkdiyiniz filmlərdə çox şeyi dəyişərdiniz?
Əlbəttə. Çox şeyi. Amma bir çox şey də eyni qalacaqdı. Mənim fikrimcə, o dövrlə müqayisədə ən əsas dəyişiklik studiyalarda baş verib. 1970-ci illərdə film istehsal edən və maliyyələşdirənlər kinonu çox sevirdilər. Filmə baxır, haqqında danışır, bütün vaxtlarını ona həsr edirdilər. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində film sənayesinə başqa insanlar - kinematoqrafiya ilə böyüyən adamlar deyil, korporasiyaların yetişdirdiyi adamlar gəldi. Onlar nəinki kino ilə böyüməmişdilər, onlar heç kinonu sevmir və ona baxmırdılar. Filmlər investisiyalardan pul qazanmaq üçün bir vasitəyə çevrildi. Bu nəsil dəyişikliyi baş verməzdən əvvəl filmə görə studiya ilə mübahisə aça bilərdin – prodüserlərin müdaxiləsi filmi daha yaxşı hala gətirə bilər, yaxud zərər verə bilərdi, amma ən azından bilirdin ki, oxşar dünyagörüşlü insanlarla mübahisə edirsən. İndiki zəmanədə sən o adamlarla mübahisə edirsən ki, film o adamların vecinə deyil. Mən bunu dərk elədiyim gün başa düşdüm ki, nə olursa olsun filmlərimə tam nəzarət etməliyəm. Sevinirəm ki, buna nail olmaq mümkündür.
Lenta.ru
Tərcümə: Elçin İmanov