Ədalət Ziyadxanov
“Ədalət Ziyadxanov”- özünü belə təqdim…
Eduard Limonov
Onlar Petraşevskiçilərin dərnəyində sadəcə olaraq yeni dəbə minmiş qərb ideyalarını - mədəni, siyasi, iqtisadi ideyaları müzakirə edirmişlər. Ancaq mədh olunan çarlıq Rusiyasında bu, tutulmaq və edam cəzasına məhkum olmaq üçün kifayət idi. Son anda edamı mülki ölüm ilə əvəz etdilər. Onun başının üstündə qılınc sındırıldı və Sibirə sürgün edildi. Sürgün edilmişlər Tatarıstanın düz şimalına, yolun yarısınadək ayaqlarında ağır qandalları palçıq içində sürüyə-sürüyə çəkməli idilər. Sonra onları təkcə əli qandallı vəziyyətdə apardılar. Beləcə, Şimali Qazaxıstanın Semipalatinsk məntəqəsinə qədər yol qət etdilər. Bütün bunlar sadəcə olaraq ideyaları müzakirə etdiklərinə görə onların başlarına gətirilmişdi. Yeri gəlmişkən, Leninin ilk dəfə sürgünə göndərilməsi də əhəmiyyətsiz bir şeyə görə verilən cəza idi. Kazan Universitetinin tələbələri yığıncaq keçirərək universitetin özünü idarə edə bilməsi haqqında söhbət açmışdılar. Rusiya cəlladların ölkəsi olub və belə də qalmaqdadır – nə söz, nə də əqidə azadlığı hakimiyyətdə olanların ağlına batmır. Mən bu kitabı həbsxanada yazıram, bu da dediklərimə ən yaxşı sübutdur. Beləliklə, Dostoyevskinin başı, tam proqram üzrə çox bəlalar çəkib. Təkcə o lənətə gəlmiş qandalları palçıq içində daşımaq ona gec sağalan yaralara başa gəldi.
O, ən monumental və fundamental rus yazıçısıdır. Nitsşe ondən ilhamlanıb. “Şeytanlar”, “Karamazov qardaşları”, “İdiot”, “Cinayət və cəza” kimi siklopik ədəbi tikililərin müəllifidir. Ona eynən Balzak kimi vərəq sayına görə pul ödəyirdilər, ona görə də çox və uzun-uzadı yazırdı. Bəzən isə həddən ziyadə uzunçuluq eləyirdi. Onun mülahizələrinin hər kvadrat metrində çoxsaylı zəhlətökən, mücərrəd, rus vasvasılığı, rus xırdaçılığı var. Hansı daha yaxşıdır: dünyanı yıxmaq, yoxsa çay içməmək? Onda iblisanəlik vardı. Şayiələrə görə, o, həddi-büluğa çatmayan ata-anasız yetim qıza təcavüz edib. Fyodor Mixayloviç hələ başında torba, eşafotda dayanmamışdan qabaq dünyanı ciddi qəbul etməyə başlamışdı. Onun öz faciəsi üçün səbəbləri var idi: sərxoş kəndlilər milliyyətcə polyak olan mülkədar atacığazını vəhşicəsinə öldürmüşdülər.
Dostoyevskinin monumental əsərlərində dərya boyda göz yaşı, min bir isterika, çay içərkən, araq vurarkən və yaxud elə-belə heç nədən ruh, Allah, dünya haqqında saysız-hesabsız söhbətlər var. Onun qəhrəmanları belə söhbətlərdə nəşələnir, həzz alır, sözlərlə həm özlərinə, həm də başqalarına işgəncə verirlər. Onların gördüyü yeganə iş özlərindən nəsə quraşdırmaq, milçəkdən fil düzəltməkdir. Qərbdə hesab edirlər ki, Dostoyevski ədəbiyyatda hamıdan yaxşı rus ruhu haqqında danışmış və rusları təsvir etmişdir. Bu doğru deyil. İsterik, ağlayan, qışqıran, saatlarla dayanmadan söhbət edən, burnunu silən və küfr danışan adamlar – onun kitablarındakı camaat – Dostoyevskinin özünə məxsusdur. Onlar xüsusi adamlardır: dostoyevskiçilər. O adamların ruslarla ortaq cəhətləri azdır. Bircə ortaq cəhət budur ki, onlar Rusiyanın şəhərlərində - Sankt-Peterburqda və başqa şəhərlərda yaşayır, rus küçələrində, Nevskidə gəzişirlər. Başqa heç nə.
Rus insanı, ilk növbədə, qaraqabaq, şimal sakinidir. O, eynən skandinaviyalı kimi, şən və söhbətcil deyil. Buna görə də, qızışmaq, dilə gəlmək və açılışması üçün müəyyən miqdarda araq lazımdır. Bu səbəbdəndir ki, rus adamı arağa meyl edərək qaraçıların yanına gedir, çünki normal vəziyyətdə rusda kifayət qədər istilik, hərarət çatmır. Dostoyevskiçilər belə deyil. Onlar həmişə müəyyən dərəcədə isteriya altındadırlar, gecə-gündüz söhbət etməyə, ağlamağa, düşünməyə hazırdırlar. Onların həyati fəaliyyəti, saniyədə 16 kadrla işləyən filmlərdə olduğu kimidir, yəni sürətləndirilmişdir. Əllər, ayaqlar əsim-əsim əsir, burundan selik axır, göz yaşları tökülür, Allah haqqında, Şeytan haqqında nitqlər tələskənlik içində, ağzıköpüklü deyilir. Bəlkə insanın bu cür sürətli davranışı, çevik hərəkətlər, bu kuklaların yaradıcısı Fyodor Mixayloviçin epilepsiya xəstəsi olmağından irəli gəlirdi? Epilepsiya xəstəsi bütün bədənini qeyri-insani bir sürətlə dartır, ağzı köpüklənə-köpüklərə özünü çəkir, çığırır.
Saniyədə 16 metr sürətlə yaşayan qeyri-rus dostoyevskiçilər – bax, Dostoyevskinin sirri, müəmmalığı bundadır. “Cinayət və cəza”nın ilk yüz səhifəsi şəxsən mənim çox xoşuma gəlir. Çox güclüdür! Amma daha sonra, təəssüf ki, fırtıq və tüpürcək gəlir və belə şeylər kitabda bollucadır. Allahla münasibət uzun-uzadı və bezikdirici bir surətdə şərh edilir. Bunlar Allahla olduqca yaxın, üfunətli, şəhvani, intim, az qala cinsi eşq macəraları, flirtdir. Bu adamlar öz yaxınlıqlarına, məhrəmaniliyinə və isti nəfəslərinə görə hətta ədəbsiz görünürlər. Burada yenə də (mən bu sözləri həbsxana kamerasında yazıram və mənə daha aydındır) darısqal zindan otağından gəlmə nəsə var. Həbsxanada “paraşa” ilə masa bir-birinə yaxın yerləşdiyindən məhbusların ehtiyacları iç-içə keçir, “dolnik”də kim, sən yoxsa qonşun ayaqlarını aralı qoyur, bəlli deyil. Qərəz, çox şey: dostoyevskiçilərin arasında olan sıx, qızğın, xoşagəlməz yaxınlıq həbsxanadanakı ümumi yaşayışdan qaynaqlanır. Fyodor Mixayloviçin yaşadığı həbsxana yataqxanasından qaynaqlanır.
Qərb Dostoyevskini və guya onun ruslarını sevir. Qərbdə bütün rus pyesləri (xüsusilə Dostoyevskinin əsərləri əsasında hazırlanmış pyesləri) qrotesk səviyyəsində, lüzumsuz bir tezlikdə, isterika, qışqırıq, psixi gərginlik üzərində tamaşaya qoyulub. Dostoyevskinin əsərləri əsasında hazırlanmış pyeslərin qərbdə qoyulmuş tamaşalarında aktyorlar özlərini dəli kimi aparırlar. Çünki onlar dostoyevskiçiləri dəli, ağılsız kimi görür, onları ruslarla səhv salırlar. Bu səhv Rusiyaya çox baha başa gələ bilər, amma biz bunu bilmirik. Birdən Qərb (və xüsusilə Amerika) öz strateji hesablamaları və planlarında dostoyevskiçilərin rus xalqı olmasını əsas götürürsə, onda necə olsun?
“Cinayət və cəza”nı yüz səhifədən artıq oxumaq mümkün deyil. Rodion Raskolnikov balta zərbələri yetirməklə Avropaya pəncərə açmır. Lakin onu Böyük adamlardan ayıran arakəsməni dağıdan Rodion Raskolnikov olduqca gerçək, olduqca cəlbedicidir. O, bu hərəkəti ilə qorxaq bir məxluq olmadığına əmin olur. Həmin Rodion bayağı, gözüyaşlı sarsağa çevrilir. Məhz qorxaq bir məxluqa dönür. Peterburqun möhtəşəm yayı və müdhiş cinayət bayağılıq və tövbə içində qərq olur. Tövbənin hədsiz çoxluğu onun səmimi olmadığını göstərir.
Dostoyevski adamların içində və həyatda yüksək və orijinal tipləri tapmağı bacarırdı: Raskolnikov, Mışkin, Verxovenski, nəhayət, Nastasya Filippovna. Amma o, heç vaxt bu qəhrəmanları qəhrəmanlıq əməlləri ilə necə məşğul etməyi bilmirdi. Bu qəhrəmanlar əsasən söhbət edib özlərini yaxşı nəzərə verməyə çalışırlar, onların tövbə etmələri isə dözülməzdir. Onların Allahla olan münasibəti dözülməzdir. Dostoyevskidə boşboğazlıq, cəfəngiyyat yüzlərlə səhifəni əhatə edir. Əslində, adətən klassiklərdə olduğu kimi, Dostoyevskini, müntəxəbat parçaları ilə əvəzlənən xülasə şəklində oxumaq daha yaxşıdır.
Dindar olmayan insan üçün Dostoyevskini oxumaq, ümumiyyətlə, darıxdırıcıdır. Bu gün Dostoyevskidə olan "Böyük İnkvizitor haqqında əfsanə" kimi hissələr saralıb-solmuşdur və getdikcə kiçik görünür. İnqilabçıların karikaturası olan "Şeytanlar" da adamı mütəəssir etmir, hətta sifarişlə yazılmış kimi görünür. Dostoyevskinin ən yaxşı personajları - əli baltalı azğın tələbə Rodya Raskolnikov və bu dünyanın adamı olmayan, binəva knyaz Mışkindir - bunlar çox yaxşıdırlar. Buna görə Dostoyevskiyə həsəd aparmaq olar. Düzdür, o, onlardan 100% istifadə edə bilmədi. Ancaq onları tapmağı bacarmışdı!
Mənbə: Eduard Limonov. Müqəddəs monstrlar (portretlər). 2003
Rus dilindən tərcümə: Elçin İmanov