post-title

Mehriban Zəkinin "güzgü"sü

Adətən hekayə yazmazdan əvvəl özümdə ovqat yaradıram. Köhnə filmlərə baxıram, köhnə mahnılara qulaq asıram, köhnə əşyalar satılan bazara gedib bazarda dolaşıram, ağır əsər oxuyuram və o əsərdən aldığım enerjini bir növ stansiya kimi öz hekayəmə ötürürəm. Təcrübə göstərir ki, köhnə filmlərdə uzaqdan kadra düşən, amma bundan heç xəbəri olmayan adamlar, bir də bazarda satılan köhnə məişət cihazları, xüsusən radiolar, televizorlar məni daha çox kədərləndirir…

Əsas ovqatdır, qalanı asandı. Burda zəruri hesab etdiyim kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Əgər hansısa mənzərənin, hadisənin nəticəsində sizdə ovqat, hisslər yaranıbsa, bu ovqatı, bu hissləri qətiyyən əldən buraxmayın mütləq onu yazıya, mətnə çevirin. Ovqatı, hissləri əldən buraxmaq olmaz. Ovqatı, hissləri əldən buraxmaq cinayətdir.
Kədərlisən? Ürəyin sıxılır? Əsəbisən? Darıxırsan? Qısqanırsan? Utanırsan? Qorxursan? Lap yaxşı. Otur hisslərini bu və ya digər formada kağıza köçür.

Bəzən hekayənin mövzusu, hekayədə yaratmaq istədiyim ab- hava məndən xüsusi ovqat tələb edir.

Məsələn, bu günlərdə bir hekayədə boşluğun, mənasızlığın bədii həllini verməliyəm. Oxucu hekayəni oxuyanda boşluğu, mənasızlığı hiss etməlidir. Hekayədə kədərin, sevincin, qısqanclığın bədii həllini vermək nisbətən asandır. Boşluğun, mənasızlığın bədii həllini vermək zülmdür. Bunun üçün hər şeydən əvvəl özümdə əlahiddə ovqat yaratmalıyam.

Beləliklə, özümdə əlahiddə ovqat yaratmaq üçün axtarışa çıxdım. Ozan dili yüyrək olar. Başqa cür ifadə etsək, nağıllarda mənzil olmaz, qız əlində güllər solmaz. Az getdim, üz getdim, dərə-təpə düz getdim, nəhayət gəlib çıxdım Mədəniyyət kanalında “Güzgü” verilişinə.

Burda qəribə, əcaib mənzərələrlə rastlaşdım. Mehriban Zəki ağ paltarda bədənnüma güzgülərin qarşısında dayanıb “daxili və xarici monoloqlar” söyləyirdi. Mehriban xanımı azdan-çoxdan tanımasaydım elə bilərdim verilişdə pafosu yaxşıca, necə lazımdırsa, yüksək dərəcədə peşəkarcasına ələ salıblar.

Amma işin faciəvi tərəfi ondan ibarətdir ki, Mehriban xanım öz əməllərində tam ciddidir. O, bədənnüma güzgülərin qabağında dayanıb simasına müdrik, mənalı, dərin ifadələr verərək iztirablı tərzdə “daxili və xarici monoloqlar” söyləməklə qeyri-adi bir iş gördüyünü, xüsusi tamaşaçılar üçün qeyri-adi, ciddi bir veriliş hazırladığını düşünməkdədir.

Əslində isə, əlbəttə, bütün bu həngamələr çox gülməlidir. “YUĞ” teatrının saxtalığı, süniliyi, hər şeyi öz adıyla çağırsaq “YUĞ”un düşüklüyü Mehriban Zəkinin timsalında “Güzgü” verilişində növbəti dəfə öz təzahürünü tapmışdır.

XX əsrin ən iti zəkalarından birinin sahibi Bertolt Brext deyirdi ki, əgər bir yerdə pis bir şey varsa, bu pis şey mütləq başqa yerdə də olacaq. Bertolt Brextin sözlərini bir az dəyişərək mövzumuza uyğun olaraq belə istifadə edə bilərik:
“Əgər nə vaxtsa bir yerdə sünilik, saxtakarlıq, düşüklük olubsa, bu sünilik, saxtakarlıq, düşüklük sonralar mütləq başqa yerdə də olacaq”.

“Güzgü ” verilişində saxtakarlıq, sünilik, düşüklük tüğyan edir. Verilişdə bir qram səmimiyyət, doğmalıq yoxdur. Bu, elə belə də olmalıdır. Pafos olan yerdə səmimiyyət, doğmalıq ola bilməz. Pafos səmimiyyətin, doğmalığın ən qəddar düşmənlərindən biridir. Pafos sənət adamı üçün ən ağır lənətdir. Sənət adamı üçün pafosdan daha ağır lənəti təsəvvür etmək çətindir.

Görəsən, Mehriban Zəki verilişə dəvət etdiyi qonaqlara normal tərzdə, necə deyərlər, adi qaydada suallar verə bilməz?
Danışarkən, qonaqlara qulaq asarkən sifətinə ötürdüyü o süni, o saxta ifadələr (guya təəccübləndi, guya söz bunu tutdu, guya söz bunu düşünməyə vadar etdi) nəyə, kimə lazımdı? Ağ paltarda güzgülərin qabağında cin kimi, qulyabanı kimi gəzməyin mənası nədir? Bəyəm birbaşa mövzuya keçərək, oturub adamlarla səmimi söhbətlər etmək olmaz? Bir insan niyə özünə belə “əzab-əziyyət” verir?

Bəli, bütün bunlar pafosun fəsadlarıdır.

Kim pafosun nə qədər zərərli bir şey olduğunu, pafosun insanı necə gülməli vəziyyətə saldığını öz gözləri ilə görmək istəyirsə, zəhmət çəkib “Güzgü” verilişinə baxsın. Pafosun zərərini, pafosun insanı necə gülməli vəziyyətə saldığını görmək istəyənlər üçün “Güzgü” çox qiymətli bir vəsaitdir.

Belə qiymətli vəsait hazırladığına görə şəxsən öz adımdan Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm.

Seymur Baycan

Kulis.az

Yuxarı