Kilsələrin yarısı boş qalıb...
Arthur Conan Doyle DİN YENİ …
"Anarın yaxşı yazıçı kimi görünməsinin yalnız bir yolu var, o da Azərbaycan mədəniyyətini tənəzzül etdirməkdir və o da bu yolda əlindən gələni edir".
Bu sözləri Kulis.az açıqlamasında şair-yazıçı Rasim Qaraca deyib. Açıqlamanın tam mətni aşağıdakı kimidir:
"Sözün düzü, Anarın haqqımda nə deməsi məni maraqlandırmır. Son qurultaydakı çıxışlarından da göründüyü kimi, nə mənəvi keyfiyyətləri, nə də intellekt səviyyəsi buna müsaidə etməkdədir. Sadəcə, demək olar, bu adam Azərbaycan ədəbiyyatının və xalqının bədbəxtliyidir, ədəbiyyat kimi ülvi bir sahəni dedi-qodu, intriqa məkanına çevirib.
Guya mənim haqqımda yaxşı söz desə böyük məğlubiyyətə uğrayacaq? Buna belə müdrikliyi çatmır. İqnor edir, guya mənim yazdıqlarım keçilmiş mərhələdir. Ancaq Anar yaxşı başa düşür ki, mən onun özündən də, atasından da qat-qat istedadlı insanam, mənim yazdıqlarım ədəbiyyat tarixində qalacaq, ancaq onlarınki qalmayacaq. Çünki sərbəst şeirdə bir yenilikçi var, o da Rəsul Rzadır Anara görə. Əlbəttə, mənim anlamsız şeirlərim R.Rzanın cəfəngiyatdan ibarət olan "Rənglər" silsiləsinin önünə keçə bilməz.
Anarın bir hekayəsini elə sizin saytda analiz etmişəm, sırf ədəbiyyatşünaslıq baxımından primitiv qələm məhsulu olduğunu sübut etmişəm, öz hekayəsini müdafiə edə bilməyib, ədəbiyyatdankənar məsələlərdə mənim "cavabımı" verməyə çalışıb.
Evdar qadınlar oxucu kateqoriyası üçün yazılmış əsərləri sovet romantikası məhsuludur, onların heç bir gələcəyinin olmadığını dəfələrlə ifadə etmişəm. Anarın yaxşı yazıçı kimi görünməsinin yalnız bir yolu var, o da Azərbaycan mədəniyyətini tənəzzül etdirməkdir və o da bu yolda əlindən gələni edir... Tək mənə qarşı deyil, bütün talantlı insanlara qarşı Anarın münasibəti belədir. Özü xalis qrafomandır və ətrafına da qrafomanları yığıb. Guya Aqşini tanımır, görməzlikdən gəlir.
Əgər sən Aqşini tanımırsansa o zaman sən necə Azərbaycan ədəbiyyatını idarə edə bilərsən? Elə isə sənin ədəbiyyat kriteriyan nədir? Talantlı insanları gözüm-çıxdıya salmaqmı? Mənə görə təqsir Aqşində və onun timsalında bütün boynubükük gənc qələm adamlarındadır. Bəli, sizlər üçün yalnız bir ssenari yazılıb, Anardan böyük görünməməlisiniz, öz kiçikliyinizlə, cılızlığınızla Anara güc verməlisiniz, o da sizin qanınızı sorub yaşamalı, tanrıdan da daha 10 il möhlət istəməlidir".
Anar bugünki müsahibəsində şair-yazıçı Rasim Qaraca haqqında bunları demişdi:
"Rasim Qaracanın yaradıcılığına yaxşı bələd deyiləm, açığı. Bir dəfə mənə məktub yazmışdı ki, filan şeirlərimi “Ulduz”da çap etmirlər, xahiş edirəm, çap etsinlər. Göndərdim “Ədəbiyyat qəzeti”nə, orada çap etdilər. Şeirlər isə bundan ibarət idi: çap, çup, şak, şuk, pırç, parç, tak. (gülür)
Bunların yeni ədəbiyyat dedikləri bax budur. Hansı ki bunu ötən əsrin 20-ci illərdə rusiyalılar, yaxud fransız dadaistlər yazırdı, yaxud 50 il qabaq Türkiyədə “anlamsız şeir” cərəyanı adı ilə yazılıb. Sən indi bunları təzə adla niyə bizə sırıyırsan?