post-title

Marginal(l)ıq

“Marginal” sözünün yazılış qaydasına, semantik mənasına girmədən deyim ki, bu söz adətən ümumdan ayrılma, təcrid olunma başa düşülür.

 

Azərbaycanda 19 ildən çoxdur ki, eyni rejim fasiləsiz hakimiyyətdədir. Onların fasilələrlə olan hakimiyyətinin başlanğıcı isə Qəddafinin hakimiyyətə gəldiyi ilə gedib çıxır. Belə böyük dövrdə bu balaca və zəngin ölkəyə elə yaralar vurublar ki, bunların ağrısını hələ əsrlərlə çəkəcəyik. Həm də bu yaraları elə vurublar ki, içərisində özümüz ola-ola hiss etmirik.
 
Belə ki, mən bu yazını yazıram, siz oxuyursunuz. Siz neçə nəfərsiniz? Uzaqbaşı 1000-2000. Amma bu ölkədə 9 milyon yarım əhali var və AZTV-də göstərilən hər şeydən onların xəbəri var (baxmayaraq ki, heç də hamısı AZTV-ə baxmır). Mütəmadi olaraq, 1000-2000 nəfərin oxuduğu yazılar yazan adam yuxarıda dediyim mənada marginallaşıb. Mən bu geniş “AZTV kütləsi”ndən çox aralı düşürəm. İnternetə girib köşə oxuyan, heç olmasa, internetdən xəbər oxuyan adam nə qədərdir bu kütlədə? Ümumiyyətlə televiziyada göstərməsələr, xüsusi maraq göstərib xəbərlərlə tanış olan neçə nəfər var? 2 müxalifət qəzetinin ümumi satışı 20 mini keçmir. 9 milyon yarım və 20 min...
 
Deməli, həmin qəzetlərin köşə yazarları da, jurnalistləri də marginallaşıblar. Məsələ burasındadır ki, həmin 20 minlik qəzet oxucusunun əksəriyyəti müxalifət partiyalarının üzvləri, ictimai sektor əhlidir. Qalanları da ən axırıncı etiraz edəcək adamlardır – dövlət idarələrinin rəisləri kimi oxucular, məsələn. Qəzetlərin rəhbərliyindən tutmuş jurnalistlərinə qədər hamısı da ictimai sektordadır və burda xeyli adam bir-birini tanıyır. İnsanlar hər gün etdikləri söhbətlərin mövzularını yazıya çevirib qəzetlərdə, saytlarda yayırlar. Ümid edirlər ki, onların çoxdan bildiyi həqiqətləri “AZTV kütləsi” də oxuyar. Amma gördüyümüz kimi, oxucu dairəsi “AZTV kütləsi” deyil, başqa sözlə, ÖZÜMÜZ DEYİB, ÖZÜMÜZ EŞİDİRİK.
 
Bunun əsas səbəblərindən biri bizim totalitar dövlətdən fərqlənməyimizdir, bizdə insanlar yalanlara inandırıla bilməyiblər. Qəzetlərdə, saytlarda yazılan “tayfa-klan hakimiyyəti”, “soyğunçu rejim”, “diktator”, “avtokrat” və s. kimi adi həqiqətləri “AZTV kütləsi” də bilir. Ona görə də onların qəzet almağa həvəsləri yoxdur.
 
Haşiyə: Yeri gəlmişkən, bu məsələni birinci tutan “Yeni Müsavat” qəzeti oldu. Ona görə də siyasətin şou-biznesinə girişdi, “AZTV kütləsi” üçün “siyasi Çal-çağır” oldu, nəticədə satışı “Azadlıq” qəzetini üstələdi, sonra “Azadlıq” qəzeti də bu işə verdi özünü. “AZTV kütləsi” bu qəzetlərin hərəsindən azı 53 dəfə oxuyub ki, Ramiz Mehdiyev işdən çıxarılıb. Artıq insanlar üçün Ramiz Mehdiyevin işdən çıxarılması xəbəri adi xəbərə çevrilib. Sabah bu mühüm hadisə baş versə, insanlar hər zamankı kimi tam laqeyd qalacaqlar. Bu qəzetlərin, insanlarda tərpəniş yarada biləcək informasiyaları beləcə siyasi şou-biznes materialına çevirməsi, dezolaşdırması nəticəsində “AZTV kütləsi”nin olan-qalan dəyişiklik, tərpəniş ümidləri də basdırılır. Bu 2 qəzet öz yalanları vasitəsilə camaatın həyəcanını öldürməklə, siyasi cəhətdən tam passivləşdirməklə məşğuldur.
 
Səbəblərdən danışırdım. Marginallaşmanın digər səbəbi də marginal dairədə bizim özümüzü çox rahat hiss etməyimizdir. Təsəvvür edin, “AZTV kütləsi”nə müraciətən yazırsan ki, bizdə düşüncə inqilabı olmalı, mentalitetimizdəki köləliyi təbliğ edən atalar sözləri silinməlidir. Yaxud qadın hüquqlarından danışırsan. Və ya deyirsən ki, Ramil Səfərovu buraxan İlham Əliyev bundan sui-istifadə edib. Əlbəttə, “AZTV kütləsi” hücuma keçəcək, söyüşün-təhqirin biri 1 qəpik olacaq. Çünki onlar sərbəst düşünə bilmirlər, onların altşüuru əslində üst şüurdur, onları 1937-dən, xüsusən də 1969-dan bəri beyinlərinə yeridilən və “mentalitet” adlandırılan instinkt idarə edir, şüur arxa plandadır. Onların mentalitetlərinə, qəhrəmanlarına, qəhrəmanlarının xilaskarlarına dəymək olmaz. Bu “toxunulmazlar”a toxunan yazar, jurnalist təhqirlərə də dözməlidir, təzyiqlərə də. Sabah evinin qabağında yüzlərlə “irəli”çinin “pe-tux, pe-tux” qışqırmasını da nəzərə almalıdır.
 
İndi düşünün: Hər yazıya görə bu qədər təzyiqə məruz qalmaq yaxşıdır, yoxsa öz azsaylı, marginal oxucu dairən tərəfindən təriflər və xırda, tərifdolu tənqidlər eşitmək? Kimsə “mən tənqidləri eşitmək istəyərəm” – filan deyib qeyri-səmimilik etməsin. Şərhlərdə yazılan bir yağlı tərif adama neçə-neçə təhqirin ağrısını unutdurur, neçə-neçə tənqidi vecinə almamağa səbəb olur, rahatlaşdırır, təbəssüm bəxş edir. Rahatdır marginal olmaq. Bu rahatlığa meyllənməyimiz isə Azərbaycanın ortada qalan azsaylı düşünə bilənlərinin marginallaşmasında səbəblərdən birinə çevrilib.
 
Ən pisi də odur ki, marginallıqlarına əmin olmalarına baxmayaraq, ictimai sektor, yaxud müxalifət yazarlarının əksəriyyəti özlərini elə aparırlar ki, sanki onların yazdıqlarını 9 milyon yarım adam 7-dən 70-ə nöqtəbənöqtə oxuyur. Hərdən özlərini inandırırlar ki, müxalifət qəzetlərini rayonda 1 nəfər alır və 10 nəfər oxuyur. Bəlkə 90-cı illərdə belə olub, amma indi belə deyil, yoldaşlar. Rayonda 5 müxalifət qəzeti satılırsa, bunun azı ikisi pomidor altına sərmək üçün istifadə edilir. Uzaqbaşı manşetə baxırlar, Ramiz Mehdiyevin, ya da başqasının çıxarılma xəbərini görüb həmin səhifədəki dezonu oxuyurlar, sonra isə pomidooooor... Nəinki 1 qəzeti 10 nəfər oxuyur, heç 10 qəzeti 1 nəfər oxumur.
 
Söhbət təkcə yazarladan da getmir. Video-rolik çəkirik. Neçə baxış olur? Özünü öldürsə, 10 min. 9 milyon yarım və 10 min. Yaxud kampaniya keçiririk – Facebook-da “event” yaratmaq və ora razılığını almadan minlərlə adamı əlavə etmək. Nəticə? Yenə 3-5 min adamın xəbəri olur bundan. Bir kampaniyada iştirak edənlərin sayı 100 nəfər olanda bu, böyük uğur sayılır. Budur uğurumuzun miqyası. Çatımımız yoxdur. Əlimizdən alıblar, burası aydındır. Bəs biz başqa yolları niyə sınamırıq? Əlimizdən alınan yolların qaytarılması üçün niyə bir iş görmürük? Sadəcə 1000-2000 oxunuşla, 5000-10000 baxışla kifayətlənirirk.
 
Bir az əvvəl Rəsulzadəyə Tiflisdə heykəl qoyulması ilə bağlı Saakaşviliyə müraciət edildi saytda. Altda Facebook istifadəçiləri imza edirdilər. yadımda deyil, neçə nəfər oldu imza atanlar. Tutaq ki, 50 min (inanmıram bu qədər ola). Və bu, nəhəng uğur hesab olundu, dedik ki, xalq hələ də Rəsulzadə sevgisini qəlbində daşıyır və s.. Yenə müqayisə edək – 9 milyon yarım və 50 min. 9.450.000 nəfərin Rəsulzadəni sevdiyinə əminsiniz?
 
Hörmətli fədakarlar, biz oxunmuruq, biz dinlənmirik, biz özümüz deyib, özümüz eşidirik. Bizi bir bankaya doldurublar, səsimiz bankanın divarlarında əks-səda verdikcə elə bilirik ki, dünya birliyi narahat oldu. Bankadan kənarda qalanlar səsimizi eşitmirlər, uzaqbaşı başlarını qaldırıb bankaya baxanda içəridə bizim nəsə etdiyimizi, jest və mimikalarla nələrsə qışqırdıqlarımızı görürlər, amma eşitmirlər, bizə dəli kimi baxırlar. Sizcə bankadan çıxmağın vaxtı deyil? Başqa vasitə axtarmağın, ictimai sektor bataqlığından çıxmağın vaxtı deyil?
Bu yazıda çox rahatam, çünki bilirəm ki, bu yazını oxuyan oxucu kütləsi də marginaldır. Uzaqbaşı aşağılamaq üçün girəvə axtarmaqla vəzifələndirilən rejim tulaları oxuyacaq yazımı. Vəssəlam. Şərhlərdə də rahat olun, nə istəyirsiniz, yazın. Onsuz da özümüzük.
 
P.S. “Çıxış yolu göstərilmədi yazıda” deyə bilərsiniz. Amma yazını yazmaqda məqsəd çıxış yolu axtarmağa həvəsləndirməkdir, hazır resept təqdim etmək yox.
 
P.P.S. Bu yazını müxalifətin YAP qərargahına son “hücumu”ndan əvvəl yazmışam. Onların bu “qəhrəmanlığ”ını marginallaşmadan uzaqlaşmaq hesab etmirəm, bu isə ayrıca mövzudur.
 
Ruaz Nabruq

 

Yuxarı