post-title

Kitabsızların kitabı

Müsabiqə üçün yazı

 
 
 “Ziya Göyalp “İslamlıq, müasirlik, türklük” – deyə üç qanadlı bir şüar atmışdır. Bu səfsətədən başqa bir şey deyidir. İslamlıq bir din olaraq müasirliyə ziddir. Bundan başqa, siyasi bir firqə təşkilində dinə lüzum varmı?”
 
“...Ağabəyin bu nüfuzu millətpərəstliyi inhisarda saxlamağa çalışan Əliyarbəyi rahat buraxmırdı. Əliyarbəy Tağıyevin sadiq qullarından  idi və onun naşiri-əfkarı olan rusca “Kaspi” qəzetinin başında dururdu... Ağabəy də milyoner Murtuzaya söykənirdi. Rəqabət sahəsində bir-biri ilə çarpışan milyonerlərlə bərabər, onların ətrafına toplanan ziyalılar da çarpışırdı. Millətpərəstliyə baxırsınızmı?”
 
 “Din və millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al – “İslamiyyə mehmanxanası”, “İslamiyyə limonadı”, “Milli papiros”... Bunlar lotuluq deyilmi? Tacir pul qazanıb, kef çəkmək üçün din və milləti əlində oyuncaq edir.”
 
Bu sətirləri daha erkən yaşda, məktəbli olaraq oxuduğunuzu düşünün... və bu cür ifadələrlə zəngin yaşanmış bir tarixin peşəkar dillə anlatıldığı bir romanın oxucunu daşlaşmış cəmiyyətin içi boş dəyərlərini şübhə altına almağa sövq edəcəyini... Onda cəmiyyətin Yusif Vəzir və “Studentlər”in timsalında toz basmış milli ədəbiyyatdan xəbərsiz qalmaqla nələr itirdiyini təsəvvür etmək çətin olmayacaq. Əgər “Studentlər” daha geniş oxucu kütləsinə çatdırlımış olsaydı, “Türkləşmək, müasirləşmək, islamlaşmaq” kimi bir-birinə yad anyayışların həftəbecəri olan bir şüar xalqın sözdə mili ideologiyasına çevrilər, hər yetişən yeni nəsil bu şüar-ideologiyanın (buna hərdən “Azərbaycançılıq” da deyirlər) romantizmə qapılıb sonra da qısa vaxtda həvəsdən düşüb yaşayan canlılar qəbristanına qoşulardımı? 
 
Sözdə “millətin himayədarı” olan neft milyonçularının əslində təsadüfən varlanmış savadsız, heç bir xüsusi qabiliyyəti olmayan, əksinə cəmiyyət üçün təhlükəli ünsürlər olduğunu, milli irsə, xalqın formalaşması prosesinə zərrə qədər dəyər qatmamış şişirmə ziyalıların əqidəsizliyini anlayan nəsil rahat həyat üçün gücə yaltaqlanmağı sevimli məşğuliyyətə çevirər, cəmiyyət üçün faydasız yalançı ziyalıları bütləşdirərdimi?
 
Öncül sivilizasiyaların gözqamaşdıran sürətlə inkişafının fonunda Azərbaycan gənci dinin əsiri olmaqla, 200 il öncəki əcdadlarını geridə qoya bilərdimi? Dinlərin minillər boyu insanların idarə edilməsi, hiyləgər alverçilərin asan yoldan varlanması üçün vasitə olduğunu anlamamaqda bu qədər inadlı müqavimət göstərərdimi? 
 
***
 
Bu cür “istifadə olunmamış miras”a sahib olmaq, bugünkü düşdüyümüz durumdan belə daha acınacaqlı görünür. Bir anlıq özünü indiki vəziyyətimizi görə bilən Sabirlər, Mirzə Cəlillər, Çəmənzəminlilər kimi təsəvvür etdikdə faciənin böyüklüyünü anlamaq daha da asanlaşır. Onlar  Niçşe kimi zamanın fövqündə əsərlər yaratmamışdılar ki, kütlə tərəfindən anlaşılmaq üçün iki yüz il gözləsinlər. Onlar cəmiyyət üçün xəstəliyin səbəblərini izah edib dərmanlarını yazan həkimlər idilər. Ancaq xəstənin resepti oxumağa həvəsi olmadı heç vaxt.
 
“Studentlər” də cür müayinə və reseptdən ibarət bir romandır. Əsərin avtobioqrafikliyi, müəllifin anlatdıqlarının böyük ölçüdə yaşamış olması onu daha da dəyərli edir. Bunu tələbənin evdə “bir köynəkdə oturması” kimi xoşbəxtliyin, ehtiyacların təmin olunmasının bəsitə endirilməsində də, 1905-ci il hadisələrinin obyektiv təsvirində də, xalqın ruhuna işləmiş tacir düşüncəsinin, yaltaqlığın özünü üzə vurduğu hallarda bəhs ediləndə də görürük. 
 
Özünü dərk etməyə başlayandan axtarışda, olan daim öyrənməyə çalışan, həqiqətə ancaq biliklə varacağına özünü inandıra bilmiş müəllif oxucunu da bu yola yönəltməyə çalışır.  Şübhəsiz ki, Çəmənzəminlinin axtarış, mübarizə, öyrənmək, ailə faicələri ilə dolu keşməkeşli həyatı ilə tanış olmaq “Studentlər” yazılması vacibliyini, onun gerçəkliliyini, yazılmasına gətirən səbəbləri anlamaqda oxucuya yardımçı olur.
 
***
 
Yusif Vəzir üçün cəmiyyətin geriliyinin əsas səbəbi din və onun yaratdığı təslimçilik ruhudur. Siyasi düşüncələri tərəddüdllərlə dolu olan, xalqının gələcəyi üçün, güc qazanıb söz sahibi olması üçün seçiləcək yol barədə vahid fikrə gələ bilməyən baş qəhrəman Rüstəmin də din barədə fikri qətidir. Tərəqqi üçün insanlığa din lazım deyil. Əksinə din maarif yolunda da əngəldir. Dinlər onlara inanan sadə insanları idarə etmək, asan yoldan varlanmaq üçün fırıldaqçıların əlində vasitədir. “Avam adam dinində möhkəm olar və ayrı dini öz dininə tərcih etməz; arif və kamillərin isə dinə ehtiyacı yoxdur.” Gələcəyini düşünən cəmiyyət dindən, onun buxovlarından imtina etməlidir.  
 
Din cəmiyyətin əzilən yarısı olan qadınlar üçün daha əzablıdır. O qadının təhsil almasını məhdudlaşdıran qadağalardır, onu kişinin köləsinə çevirən qanunlardır. 
 
Dinin təməl dayaqları olan anlayışlar və onların inkarolunmaz arqumentlərlə çürüdülməsi oxucunu ayıltmağa xidmət edir: “- Möcüzə, - dedi, - yəni imtiyaz. İmtiyaz, yəni təbiət müvazinəsini pozmaq. Təbiət müvazinəsi pozulduqda ədəbi qanunun sabitliyi sarsılır. Bu da ola bilməz; çünki ədəbi qanunun sabitliyi allahın ədalətinə dəlildir. Ədəbi qanun qeyri-sabit olduqda allahın ədaləti şübhə altına düşür.”
Bu gün də ucuz dini təbliğat şüarları olan “namaz gimnastikadır” ifadələrə rastlamaq isə 100 ildə bircə addım belə irəli gedə bilməməyimizin acı gerçəyini oxucuya hiss etdirir. Bütün bunların qarşılığında “vəfat günü” imtahana girməyən tələbənin, “Gəncədə ilk dəfə mövlud oxunmasını” mühüm xəbər kimi çatdıran qəzetlərin 100 il sonra da gerçək olacağı isə yəqin ki, yazıçının ağlına gəlməzdi. 
 
Çəmənzəminli dinin belə rahat kök sala bilməsini səbəbləri kimi diqqəti onun anlaşılmaz olmasına çəkir. Dini kitabların aydın, anlaşılan şəkildə yazılacağı halda bu cür hörmət qazana bilməyəcəyini, onlardakı məzmun yoxsulluğunun kütlənin bilmədiyi dillərin arxasında gizləndiyini deyir. 
 
Din barədə danışarkən sadəcə mütləq fikirlər ortaya qoymaqla kifayətlənməyən müəllif qarşı düşüncəli gənclərin mübahisələrində mövqeləri çox aydın ifadə edərkən oxucuya nəticə çıxarmaq üçün imkan yaradır. 
 
***
 
“Studentlər” cəmiyyətin geriliyinin digər bir səbəbi kimi keçmişin ziyanlı adətlərini, bu adətlərin ikiüzlülüyü, fırıldaq yolu ilə qabağa getməyi dəstəkləməsini, xalqın gözündə mifləşən içi boş dəyərləri göstərir. 
 
Xalq qeyrəti özünün vizit kartı sayır, ancaq “padişahla padişahlıq eləmək”dən çəkinir. Qeyrəti ona hündürdabah ayaqqabı geyinən qadını linç etmək hüququ verir, eyni zamanda ölən arvadın yerinə onun bacısı ilə evlənməyi də normal qarşılayır. 
 
İgidliyi ilə öyünən xalqın övladları çarın şəklinin altında doğulur, qarşısında böyüyürlər. Cəmiyyətin başınn üstündə saxladığı milyonçular əmlaklarının qarantı olan çarın hakimiyyətinin davamından yanadırlar. Sadə xalqın isə onlar üçün heç bir dəyəri yoxdur. Zəngini başa çıxarmaq xəstəliyi ilə bu gün də ağız dolusu danışdığımız Tağıyev xoşuna gəlməyən adamları döydürür, sürgünə məcbur edir. Maliyyələşdirdiyi mətbu orqanları oyuncaq kimi işlədir. Bizim nə xidməti olduğunu deyə bilməsək də, böyük dəyər saydığımız “Füyuzat” və Əlibəy Hüseynzadə Tağıyevin əlinə baxır və Osmanlı Sultanının bircə işarəsi ilə jurnalın fəaliyyəti sona çatır.
 
Bu cəmiyyətdə başda olmaq ağılla deyil, ağılsızlığın verdiyi cəsarətlə (Danninq-Kruger effekti) düz mütənasibdir. Cəmiyyətin öndə gələn, oxumuş təbəqəsi belə onun adından danışacaq “böyüklər”ə ehtiyac duyur.  İclaslarda mütləq hamının əvəzinə düşünəcək sədr axtarır. İlk söz alan kəs şəriksiz lider olur. 
 
Cəmiyyətdə din kimi millətçilik də asan qazanc yoludur. “Millətpərəstlik lotuların arxasında gizləndiyi pərdə”dən başqa bir şey deyil. Millətçilik, millətin tərəqqi məqsədilə yaranan siyasi təşkilatlar şəxsi ambisiyarla idarə olunur. Bir tərəfdə cəmiyyəti din bataqlığına daha sürətlə aparacaq olan İttihad və Tərəqqi, Rusiyada müsəlmanlıq təşkilatları, digər tərəfdə də cəmiyyətdə dayaqları olmayan, idxal olunmuş proqramı ilə yol göstərməkdə aciz, məqsədi anlaşılmayan Müsavat. 
 
***
 
Müəllif xalqın dünyanın böyük xalqları bir yana, qonşu erməni və gürcülərdən də geri qalmasına acıyır. Şuşada azərbaycanlılarla ermənilər şəhərin fərqli hissələrində yaşayır. O dövrün ən prestijli təhsil mərkəzlərindən olan “Realni” məktəbi şəhərin məhz ermənilər yaşayan  hissəsindədir. Xaraba halda olan müsəlmanlar yaşayan hissədəki gənclər gəzməyə də erməni məhəllələrinə gedirlər. 
Bütün bu qaranlığın fonunda “hər şey təməldən başlanır” deyərək millətin oyanmasına ümid edən qəhrəmanı kimi yazıçı da bədbin deyil. O millətin fərdi, fərdinsə milləti yetişdirdiyini, gənclərin öz üzərlərində işləməklə millətin gələcəyi olaraq onun inkişafına xidmət edəcəklərinə inanır. Onun fikrincə maarifdə tərəqqi etmədən mübarizəni siyasi səhnəyə keçirməkdə tələsmək də faydasızdır. Siyasət cahil əllərdə daha qorxuludur. Mümkün olan hər imkanda biliyini artırmaq, sizin keçdiyiniz yolu sizdən öncə keçənlərdən öyrənmək lazımdır. Məhz buna görə Rüstəm inqilabı anlamaq istəyəndə Marksı, Engelsi, Lenini, Kantı oxuyur, Dövlətin təşkili və federasiya barədə fikir sahibi ola bilmək üçün ABŞ-dakı dövlətçiliyi araşdırmağa yönəlir. 
 
***
 
Yazıçı kimi gözəl hekayə qurmaq qabiliyyətinin yanında, Çəmənzəminli həm də hərtərəfli intellektualdır. Əsərlə tanış olduqca, biz müəllifin dövrünün fəlsəfi məktəblərini gözəl bildiyinin şahidi oluruq, dünyadan baş verən mədəni inqilablardan xəbərdar olduğunu görürük. Onun dünya görüşü sadəcə nəzəri də deyil. Keçmiş diplomat kimi, o, “Lenin düz adam olsa qapalı vaqonda gəlməzdi” deyəcək qədər də düşüncəsindən əmindir. (Bir sovet vətəndaşının qələmindən çıxan bu cümlənin onun repressiya qurbanı olmasında payını özünüz düşünün.) 
 
O sağlam düşüncəli ədəbiyyat adamı kimi faşizmə, milli ayrıseçkiliyə də qarşıdır. Müəllif qurduğu rəmzi məhkəmədə Qarabağdakı erməni və azərbaycanlı gəncləri milli münaqişələrə qarşı yetərincə dirənə bilməməkdə günahlandırır, kiçik xalqların milli münaqişələrinin imperailist güclərin oyunu olduğunu anlamayanlara heyrət edir. 
 
Müharibələrə qarşı olan yazıçı ruslara kömək üçün göndərilən ingilis mərmilərinin çar ordusunun toplarına uyğun gəlmədiyini göstərməklə, savaşın absurdluğuna, tragikomikliyinə önə çəkir. 
 
***
 
Əgər Rüstəmin keçdiyi mərhələlər müəllifin göstərmək istədiyi “düzgün təkəmül”dürsə, digər tələbələr və onların sonrakı həyatı bütöv bir xalqın qarşısında duran seçimlər və nəticələrin inikasıdır. Onlar yarımıçıq qalmış işıqlı həyatları, böyük planların vasitəsinə çevrilən məsum gəncliyi, əsrlərlə cəmiyyətdə hörmət sahibi olun ikiüzlülük və yaltaqlığı, tacir təfəkkürünü təmsil edirlər. Çəmənzəminlinin yaratdığı tiplər və onlara yüklənmiş təmsilçilik obrazı əsər boyu özünü doğruldur.
 
Həyatını böyük ideyalara həsr edən insanın şəxsi həyatı, daha doğrusu şəxsi həyatı yaşaya bilməməsinin verdiyi sıxıntı da roman boyu gedən əsas xətlərdəndir. Ancaq burada əsərin avtobioqrafikliyi yazıçıya mane olur. Rüstəmin yarımçıq sevgi macərəları diqqətli oxucunu onun şəxsi həyatına yönəltməkdə yetərsiz qalır. 
 
***
 
“Studentlər” əvvəldən sona qədər oxucuya sual verib onu düşünməyə məcbur edən, öyrədən bir romandır. Rəmzi olaraq bu roman bir xalqın formalaşa bilməməsinin hekayəsidir.
 
“Studentlər”in yazılması kimi, nəşri də Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətli hadisədir. Bu işdə əməyi olan insanlara təşəkkür etməmək də nankorluq olardı. Bircə, kaş ki, yunan allahı yazarkən “caps lock”suz keçinə bilsəydilər. Yanılmış olmağı çox istərdim, amma bu cür detallar  “Ölülərin” sonunda göydən “Quran” enməsini xatırladır adama.
 
Asim Cəlalov
 
Kultura.az
 
Yuxarı