Yalçın İslamzadə AYO-nun sədri oldu
Azad Yazarlar Oçağı İdarə Heyyətinin toplantısı keçirilib, Yalçın İslamzadə yar…
O yekəpərin gəlməyindən əvvəl də Mehmanın əhvalı bəs deyincə zay idi.
Günortaya yaxın nəşriyyatdan zəng eləyib demişdilər ki, kitabın hələlik çıxası olmadı. Axı niyə, nə səbəbə? – Bunu heç kəs Mehmana demək istəmirdi.
Aytənin anası Səfurə xanım telefonda onun kefinə soğan doğramağı bu axşam da yaddan çıxarmamışdı: «Bir üzük nə şeydi ki, ay oğul. Al, gətir tax qızın barmağına. Dedi-qodu qurtarsın birdəfəlik».
Az əvvəl, həyətə zibil atmağa çıxanda, iki qara siçovul yenə onu zibil baklarının yanınacan müşayiət eləmişdi.
Bu evdə kirayədə qaldığı iki ayda Mehmanın bu həyətdə hər gün gördüyü eyni siçovullar idi. Hər dəfə, Mehmanla bir yerdə, zibil baklarının yanınacan gedib, oradan, onunla birgə, geri qayıdıb, qapının ağzında gözdən itirdilər. Hər halda, iki aydan bəri yaşadığı birotaqlı zirzəmifason mənzildə Mehman bu günəcən heç vaxt siçovul görməmişdi.
Az əvvəl, Aytənin anasının üzük söhbətindən sonra, o iki zilqara siçovulun qapının altındakı deşikdən otağa dürtüldüyünü görəndə Mehmanın əhvalı tamam pozulmuşdu. Və indi o yekəpər, portfeli qoltuğunda, qapıdan içəri girəndə Mehman tam yəqin elədi ki, bu gün onun üçün ən pis günlərdən biridir.
– Sən məni tanımalısan! – Yekəpər salamsız-kalamsız bəyan elədi. Portfelini divanın üstünə qoyub, hoyuxmuş domba gözlərilə otağın bur-bucağına elə həris-həris baxdı ki, elə bil bu otaqda haçansa nəsə bir şey gizlətmişdi və indi bir vaxt gizlətdiyi o şeyin yerini dəqiqləşdirmək istəyirdi.
– Burda çoxdan qalırsan? – Soruşub, dərindən ah çəkdi. – Əslində, bura mənim olmalıydı. Fərrux əclaf girdi araya. Bir ətək pul töküb, buranı öz adına yazdırdı. Dərzi olmağına baxma, şəhərdə 3-4 yerdə dükanı var. O əclaf hələ burda yaşayır, yoxsa gedib başqa yerdə özünə villa alıb?.. Bu ev, bilirsən, kimin olub?
– Bilmirəm. Eştməmişəm.
– Eşitməmisən indi eşit: Mirzə Müştaq Əbdülbaqi. Yazıçı, tənqidçi, tərcüməçi. Mərd kişi, gözəl insan. Yaşı doxsanı keçmişdi, amma vururdu kefin istəyən kimi. Ölümünə bir gün qalanacan dubədu vurdu mənnən.
Deməyə söz tapmadığından, Mehmanın əlacı qəliz-qəliz gülümsəməyə qaldı.
– Mən boyda şairi tanımadın: Təvəkkül Təfəkkür! Məni bütün ölkə tanıyır.
– Adınızı eşitmişəm. Əla təxəllüsünüz var. – Mehman bu adamın imzasına çox rast gəlmişdi. Ancaq harda rast gəldiyini yadına sala bilmədi.
Təfəkkür (tfu!) Təvəkkül pencəyini əynindən çıxarıb, səliqə ilə otaqdakı yeganə stulun başından asdı.
– Gənc nəsil bizi tanımaq istəmir. – Cibindən dəsmal çıxarıb, alnının tərini silə-silə dedi. – Mənim 4 aydan sonra 60 yaşım olacaq. Amma mən bu yaşımda, bütün gənc yazarların yaradıcılığını diqqətlə izləyirəm. Sənin yaradıcılığından da xəbərdaram. Bilirəm: təzə roman yazmısan.
– Nədən bilirsiz?
– Dünyamalı Dumanlıdağ deyib mənə – kitabının redaktoru. Savadlı redaktordu. Vətəni sevən insandı. Mənim 3 kitabımın redaktoru olub.
Mehmanı maraq götürdü:
– Dünyamalı ayrı nə deyir roman haqqında?
– Romanını bəyənib. Amma, deyir, bəzi məsələlərdə yanlış mövqedən çıxış eləmisən. Məsələn, rus dili müəlliminin müsbət obrazını yaratmısan. İndi kimə lazımdır rus dili müəlliminin müsbət obrazı? Bizi əsrlərlə əsarətdə saxlayan ruslar olmayıb? Dahi şairimizin «Gülüstan» poemasında hər şey deyilib. Bəlkə Bəxtiyar Vahabzadəni də tanımırsan?
İndi Mehman tam yəqin elədi ki, romanı heç vaxt çap olunmayacaq.
Dünyamalı Dumanlıdağın əqidə şərikindən bir müddət səs çıxmadı. Gözlərini divanın qarşısındakı antikvar dairəvi mizə zilləyib kirimişcə oturmuşdu. Onu birdən-birə elə bil cin vurdu, ilan çaldı. Ucadan elə bir nalə çəkdi ki, bəlkə bu naləni bu evdən bir mərtəbə yuxarıda yaşayan dərzi-biznesmen Fərrux da eşitdi:
– Ehey, gidi dünya! Vaxt vardı ki, bu mizin üstündən araq, konyak şüşəsi bir gün də əskik olmazdı! – Qəhərli, qəzəbli səslə bağırdı. Və mizin təpəsinə elə bir yumruq ilişdirdi ki, üstündəki qalın kitab hoppanıb yerə düşdü.
O kitabın adı «Cinayət və cəza»ydı. Mehmanın ən sevimli əsəriydi. İlk dəfə, hələ məktəbliykən, oxuduğu bu romanı bu gün, nəşriyyatdan bəd xəbər alandan sonra, xüsusi həvəslə yenidən oxumağa başlamışdı.
Mizin «dərsini verəndən» sonra yekəpər əyilib kitabı yerdən götürdü. Kitabın əvvəlinə və axırına heyrətamiz biganəliklə baxıb, onu əvvəlki yerinə qoydu. Nəşriyyatın savadlı redaktoru ilə çoxdan dostluq eləyən stajlı qələm sahibinin belə bir kitaba bu qədər soyuqqanlı münasibəti Mehmana olduqca qəribə gəldi:
– Deyəsən, kitab oxumaqla aranız yoxdur.
– Var, niyə yoxdur. Mən bunun ruscasını oxumuşam. – Fəxrlə, qürurla dedi. Ruslar və rus dili müəllimi barədə indicə gic-gic danışan elə bil bu adam deyildi.
– Ruscasın mən də oxumuşam.
– Yalan demə. Sən rusca kitab oxuya bilməzsən.
– Niyə?
– Ona görə ki, sən müstəqillik dövrünün uşağısan. Sizin nəsil rus dilini bilmir.
– Mən bilirəm.
– Rusiyada çox olmusan?
– Xeyr, heç vaxt olmamışam.
– Onda bəs hardan bilirsən rus dilini?
– Mənim rus dili müəllimim yaxşı müəllim olub! – Mehman hirsli-hirsli dedi. Və bu yerdə Əylis məktəbinin qocaman rus dili müəllimi Zeynal müəllimin məşhur kəlamlarından biri Mehmanın yadına düşdü: «Yaşamaq da yuxu görmək kimi bir şeydir: gah yaxşısın görürsən, gah pisin».
– İnanmıram, indi yaxşı müəllim qalmayıb.
Mehman birdən-birə inandı ki, bu adam «Cinayət və cəza»nın nə ruscasını oxuyub, nə azərbaycancasını. Buna görə də araya ayrı söhbət salıb, bisavadlığını ört-basdır eləmək istəyir.
– Əgər Pulxeriya Aleksandrovna o məktubu oğluna göndərməsəydi, Raskolnikov o qətli törədəcəkdi? – Mehman bacardıqca nəzakətlə soruşdu: məqsəd yalançını evinəcən qovmaq idi.
Yekəpərdən səs çıxmadı.
– Bəs niyə müstəntiq Proxor Raskolnikovu dərhal həbs eləmədi? Burda məqsəd nə idi?
Yekəpər çaşmışdı, pörtmüşdü. Nəsillərarası mübarizə, deyəsən, ilk bəhrəsini verməyə başlayırdı.
Mehman artıq tam arxayın idi ki, bu adam Dostoyevskinin heç bir əsərini oxumayıb. Onu ədəbiyyatla bağlayan yalnız özüdür, özünün mənasız şairliyidir.
Bunu şair öz dili ilə təsdiqlədi:
– Beləsiz də: özümüzünküləri aşağılayıb, özgələri başımıza çıxartmaqla məşğulsunuz. Bizim İsa Muğannanın Dostosyevskidən nəyi əskikdi? Hələ Məmməd Səid Ordubadini, İsi Məlikzadəni demirəm.
Məsələ məlum idi. Ancaq Mehman, deyəsən, bərk həvəsə düşmüşdü, revanşı əldən buraxmaq istəmirdi.
– Bu əsərdə əla tiplər var. – Bu dəfə daha ötkəm səslə dedi. – Marmeladov, Lebezyatnikov, Lujin, Svidriqaylov… Sizin xarakterinizdə bu tiplərin hamısından nəsə var. Ancaq aşıra bilmirəm ki, siz bunların hansına daha çox oxşayırsınız. Bayaqdan fikirləşirəm, qərara gələ bilmirəm.
– Bəsdir, ayıbdır. Məni itə-qurda oxşatma. – Yekəpər az qala yalvara-yalvara dedi.
Nəsillərarası mübarizədə böyük məğlubiyyətə uğradığını Təvəkkül Təfəkkürün özü də artıq dərk eləmişdi. Ancaq kefini pozmurdu. Özünü bacardıqca tox tutmağa çalışırdı.
Bu adam həddən ziyadə əqidəsiz və sırtıq adama oxşayırdı. Və Mehman çoxdan bilirdi ki, sırtılmış adamların gönü qalın olur. Beləsinin lap anasını söysən də, vəziyyətdən itkisiz çıxmaq üçün mütləq bir yol tapacaq. Və yekəpər əlini portfelinə uzadanda Mehman buna bir daha əmin oldu.
Məmməd Səid Ordubadinin və İsa Muğannanın pərəstişkarı portfelindəki 4-5 qalın kitabdan birini çıxarıb:
– Sənə yeni kitabımı bağışlayacağam, – dedi və portfelində gəzdirdiyi flomasterlə kitabın tutulana uzun-uzadı imza atdı. – Burda düz 600 şeir var. Hamısı son illərin şeirləridir. Hələlik 3 min tirajla buraxılıb. Sonrakı tirajı bundan 2 dəfə çox olacaq. Hələ bax gör bu kitaba ön sözü kim yazıb! – Yekəpər az qaldı ki, kitabın ön sözünü Mehmanın gözünə soxsun. – Dünya şöhrətli alimimiz ön söz yazıb mənim kitabıma!
Son vaxtlar məmləkət DÜNYA ŞÖHRƏTİNƏ yaman susamışdı: yazıçıların, alimlərin arasında elə bir adam qalmamışdı ki, Nobel mükafatına layiq olmasın. Ölkənin alim və yazıçılarının həqiqi elmdən, böyük sənətdən əli üzüldükcə, onun «dünya şöhrətli» insanlarının sayı durmadan artmaqdaydı.
Mehman o «dünya şöhrətli» alimin imzasına heç gözünün ucuyla da baxmadı. Baxmaq istəmədi.
«Salım onun dünya şöhrətinə!». – Ürəyində dedi.
Ancaq Mehman bu sözləri dililə desəydi də, şair Təvəkkül Təfəkkür onun dediyini çətin ki, eşidə biləydi. Çünki, bu məqamda, şair büsbütün öz aləminə qapılmışdı: arabir barmağına tüpürüb, özünün yeni kitabını sevinə-sevinə vərəqləməkdə idi.
Nəhayət, başını qaldırdı. Ancaq kitabdan gözlərini çəkmədi.
– O dahi elm adamı hər yoldan keçənin kitabına söz yazmır, cavan nasir. Oxuyub bəyənib şeirlərimi. Görüb ki, bu şeirlərin hər misrasında vətəni qəlbən sevən bir şairin ürəyi döyünür:
Mən vətənin hər dağına qurbanam,
Hər kolunun yarpağına qurbanam.
Daşda yatmış pələnginə, şirinə,
Başı batmış ulağına qurbanam.
Vətənpərvər alimin sevimli şairi özünün bu bir bənd şeirini kitabdan elə bir coşğun həvəslə oxudu ki, Mehmanı bir qəribə qorxu götürdü: belə başlamışdısa, bu adam o kitabdakı 600 şeirin hamısını bu gecə Mehmanın qabırğasına döşəyə bilərdi.
Bir şey fikirləşib, şairin ovqatını hökmən korlamaq lazım idi. Və Mehmanın heç özü də bilmədi ki, bu yerdə məhz Şeyx Nəsrullah hardan yadına düşdü:
– Goru çatdasın Mirzə Cəlilin: o kişi, öz dövründə, bir dənə Şeyx Nəsrullaha dözmürdü, indi gör bu balaca məmləkətdə nə qədər Şeyx Nəsrullah peyda olub. «Dünya şöhrətli», «dünyaca məşhur», «dünyalarca məşhur». Bayaqdan «dünya şöhrətli alim» deyib durmusuz. Dünyanın hansı ensiklopediyasında belə bir alim adı görmüsən? Hansı elmi mətndə oxumusan ki, dünyada belə bir dahi alim də var. Yoxdur axı! Aç interneti axtar, əgər hər hansı bir sanballı mətndə, ya mənbədə bizim «dünyaca məşhurlarımızdan» bircəsinin adına rast gəlsən, o mətni gətir sox mənim gözümə. Xam jurnalistlərin spirtli içkiyə məhəbbəti bunların şan-şöhrətini o mərtəbəyə qaldırıb ki, daha heç Eynşteyni də alim hesab eləmirlər. Özlərini İsaak Nyutonla eyni cərgədə görürlər. Ancaq axtarsan, bunların hamısı AYB-nin üzvü çıxacaq. – Mehman bütün bu sözləri qəsdən ucadan və bacardıqca qəzəbli səslə dedi. Üstəlik, sözünün axırında, bir dəli nalə çəkməyi də yaddan çıxarmadı: DAĞINA, BAĞINA, ULAĞINA… Sənin DA...AĞINA qurban olum, Yaradan, Çingiz Abdullayevin canına dəymə. Bizi dünya şöhrətinin ləzzətindən əbədi məhrum eləmə!..
Nəsillərarası münaqişə artıq pik həddinə – Everest zirvəsinə çatmaqda idi. Ancaq ölkənin vətənsevər şairi münaqişənin bu zirvəyə qalxmasını lazım bilmədi. Daha doğrusu, Mehmanın odlu-alovlu monoloqunu heç vecinə də almadı.
– Dur, bax gör araqdan-çaxırdan nəyin var, – dedi. – Boş-boş danışmaqdan bir şey çıxmaz.
Mehmanın arağı vardı. Özü də bir yox, üç şüşə əla Ukrayna arağı. Romanının çapdan çıxacağı gün dostlarla vurmaq üçün əvvəlcədən alıb saxlamışdı. Oturduğu yerdən qalxıb, divanın arxasına baxa bilsəydi, yekəpər o 3 şüşə arağı orada asanca görə bilərdi.
– Heç nəyim yoxdu, – dedi. – Axı mən içən deyiləm.
– İçən deyilsən?! – Şairin gözləri heyrətdən bərələ qaldı. – Olmaya o əclaf Fərrux kimi sən də həccə getmisən?
– Xeyr, mən heç bir həccə-zada getməmişəm.
Qəfildən bədbinləşib, gözlərinin işığı sönmüş Təvəkkül Təfəkkür məyus-məyus başını buladı. Sanki öz içindən gəlməyən – sızıltılı, titrək səslə:
– Gorun çatdasın Əbdülbaqi, – dedi. – Gör sənin evində kim oturub!
Şair köyrəlmişdi. Gözləri müxtəsərcə yaşarmışdı.
Mehmanın şairə yazığı gəldi. Əgər bilsəydi ki, bu adam araq içə-içə şeir deməyəcək, bəlkə də o 3 şüşə arağın birini divanın dalından götürüb, mizin üstünə qoyardı. Ancaq Mehman o bircə bənd şeirdən yaman qorxmuşdu, o qədər iyrənmişdi ki, hələ də əti çimçişirdi.
Təvəkkül Təfəkkür ağır-ağır yerindən qalxıb, pencəyini əyninə geydi. Əlini portfelinə uzatdı, ancaq portfeli götürmədi. Otağın yuxarı başına tərəf bir-iki addım atıb, birdən dayandı. Şəhadət barmağını döşəmənin ortasına tuşlayıb, elə bir hönkürmək hönkürdü ki, Mehmanı dəhşət götürdü.
– Bax, burda! Bu polun üstündə! İnsultdan – beyninə qan sızmasından yıxılıb ölmüşdü o böyük kişi! Siçovullar bir gecənin içində, burnunu-qulağını gəmirmişdilər. Gözlərini oyub yerindən çıxartmışdılar. Boynunda-boğazında sağ yer qoymamışdılar… Fərruxa ayda 100 manat verirsən. Ancaq bil ki, bu evin hər tərəfi siçovullarla doludur!
Gözlərinin yaşını axıda-axıda, qayıdıb portfelini qamarlayıb, qapıya tərəf cumdu. Sonra geri dönüb, Mehmana bağışladığı kitabı da götürüb, bir qara yel kimi əsib getdi.
Fərruxun aynabənd balkonundan həyətə düşən gur işıqda Mehman 4-5 dəfə zibil baklarının yanınacan gedib-qayıtdı. Ancaq siçovullar onun dalınca düşmədilər. Bəlkə yatan vaxtlarıydı, bəlkə onların siçovul qrafikində Mehmanı müşayiət eləmək sutkada yalnız bir dəfə nəzərdə tutulmuşdu.
2
Artıq gecəyarıdan xeyli keçmişdi. Dünyanın səs-səmiri tamam çəkilib getmişdi. Və o səssizlikdə Mehman səs axtarırdı, səs eşitmək istəyirdi. Ancaq heç yerdən səs gəlmirdi. Siçovullar, görəsən, doğrudanmı yatırdı. Bəlkə onlar xəlvətə çəkilib, evə dürtülmək üçün fürsət gözləyirdilər?!.
Durub evin bur-bucağını qarış-qarış müayinədən keçirdi. Heç yerdə dəlmə-deşik görmədi. Bəs o adamcıl siçovullar bədbəxt Mirzə Müştaqın üz-gözünü gəmirmək üçün bura hardan dürtülmüşdülər? O siçovulların sayı neçəydi, görəsən?
Mehmana elə gəldi ki, o iki qara siçovul, düz iki aydan bəri, onu hər gün qarabaqara izləyir: Mehmanın nə vaxt insult, ya infarkt olacağını gözləyir. Əhvalı daha da pozuldu.
Onu oturduğu yerdəcə qara basırdı. Dəhşət yuxusu gəlirdi, ancaq bilirdi ki, yata bilməyəcək. «Yaşamaq da yuxu görmək kimi bir şeydir: gah yaxşısın görürsən, gah pisin». – Yenə Zeynal müəllim deyirdi. Ancaq bu pis yuxu Zeynal müəllimin dediyi pis yuxulara bənzəmirdi. Bu yuxu Rodion Raskolnikovun – gündüzü gecəsindən seçilməyən – məşəqqətli həyatının sonsuz və nəhayətsiz pis yuxularına bənzəyirdi.
«GÜC GÜCDƏN TÖRƏYİR. ZƏİFLİYƏ TƏSLİM OLMAQ AXMAQLIQDIR». – Alyona İvanovnanı öldürməyə gedəndə Raskolnikov öz-özünə belə deyirdi. Və bu saat Mehmana elə gəlirdi ki, bu gecəni birtəhər yola versə, sonra hər şey yaxşı olacaq. Bəlkə arağın birini açaydı?
Bir aydan çox olardı ki, Mehmanın dilinə içki dəyməmişdi. Özünə söz vermişdi ki, romanı çıxanacan heç pivə də içməyəcək. İndi belə məlum olurdu ki, o roman heç vaxt çıxmayacaq.
Nəşriyyatın «savadlı redaktorunun» romanın birinci cümləsinə necə ilişməyi Mehmanın yadına düşdü: «TÜPÜRÜM BELƏ DÜNYAYA Kİ, İNSANI ƏCLAF ELƏMƏMİŞ, ONA HEÇ NƏ VERMİR!».
«Bu sözlərdən qan iyi gəlir». – Dünyamalı Dumanlıdağ demişdi. O vaxt Mehman buna əhəmiyyət verməmişdi. Əgər əhəmiyyət vermiş olsaydı, kitabının bu günlərdə çapdan çıxacağına bu qədər ümid bəsləyib, hər gün uşaq kimi sevinməzdi.
QORXU QORXUDAN TÖRƏYİR!
Mehmana elə gəldi ki, yenə onun üçün dünyanın qara günləri başlayır: tənhalıq, ümidsizlik, insanı bir zərrə sevincə həsrət qoyan amansız depressiya. Üstəlik, o bayram da olmayacaqdı: kitabının çıxmağının bayramı! Belə isə o 3 şüşə arağın orda qalmağının nə mənası vardı?
Mehman arağın birini açdı. Bir-iki xırda soğanı yumruğu ilə əzib, üstünə duz səpdi, limon sıxdı. Araqdan 100 qram içən kimi Mehman – özünü əvvəl bəy kimi aparıb, sonra qul kimi məzlumlaşan – Təvəkkül Təfəkkürün, işığı qəfil sönmüş, domba gözlərini yadına saldı.
Şairə yazığı gəldi.
Özünə acığı tutdu.
Axı onun yaxşı, ya pis şair olmağının Mehmana nə dəxli vardı? Nə olsun ki, bu adam Dostoyevskini oxumurdu və bəzi «dünya şöhrətli» mövsümü «vunderkindlərin» əslində Şeyx Nəsrullahın dopdoğma vəliəhdi olduğunu bilmirdi.
Belələrini millətin, proqresin və gəncliyin düşməni hesab etməkdə Mehman nə dərəcədə haqlı idi? Mehmanın o bədbəxt qrafomanın qarşısında həvəslə nümayiş etdirdiyi o tərslik, o qəddarlıq, o idiot əqidəbazlığı axı nəyə lazım idi: əgər onun qabağına bir şüşə araq qoysaydı, Mehmanın, necə deyərlər, xəncərinin qaşı düşməyəcəkdi ki…
Arağını içib, şeirini deyib, şad-xürrəm çıxıb gedəcəkdi. Bir vaxt burda onunla «dubədu vuran» o «böyük insanın» ölümdən sonrakı aqibətindən danışmağa, yəqin ki, nə vaxtı qalacaqdı, nə həvəsi olacaqdı.
İndi Mehman şairin ondan incik getməyinə o qədər peşman idi ki, əgər telefonunun nömrəsini bilsəydi, bu saat zəng eləyib, onunla səhərəcən «dubədu» vurardı. Lənətə gəlsin Şeyx Nəsrullahı! Mehmanı o qədər əsəbiləşdirdi ki, evin köhnə sahibinin barəsində şairdən nəsə soruşmağı da tamam yaddan çıxardı.
Yazıçı, tənqidçi, tərcüməçi… Görəsən, o kişi bu evdə neçə il yaşamışdı.
Yıxılıb ölməmişdən qabaq burada siçovullarla bir yerdə yaşadığını bilmişdimi?
Həyətə zibil atmağa gedəndə bir cüt qara siçovulun dalınca düşdüyünü görmüşdümü?
Adından da köhnə adama oxşayan o Mirzə Müştaq Əbdülbaqi, görəsən, hansı əsərlərin müəllifiydi?
Kimdən məqalə yazmışdı?
Kimlərin əsərlərini tərcümə eləmişdi?
Bəlkə Stalin repressiyasının qurbanı olub, Xruşşovun vaxtında bəraət alan talesiz insanlardan biriydi: hələ cavan ikən tutulub, ömrün yaşamalı dövrünü Sibirin soyuq baraklarında keçirəndən sonra Bakının mərkəzindəki göydələnlərin arasında – Allahdan və hökumətdən bixəbər – gizlənib qalmış bu köhnə həyətdəki birotaqlı, zirzəmifason mənzildə tək yaşamaq bəxtinə, taleyinə yazılmışdı.
Qürbət Sibirdə çəkdiyi müsibətlərdən sonra bəlkə onu vətəndə də incitmişdilər: tərcümələrinə pul verməmişdilər, əsərlərini çap etmək istəməmişdilər.
Sözə bax: BUNDAN QAN İYİ GƏLİR! Bu da bizim savadlı redaktorumuzun dərrakəsi!.. Bəlkə qocaman ədib, hələ o Sibirdən də qabaq, belə «savadlı» redaktorlarla kəllə-kəlləyə gəlmişdi və sürgündən qayıdandan sonra da həmin «savadlı redaktorları» öz yerində görüb, çaşmışdı. Dünyadan əlini üzüb, arağa, konyaka qurşanmışdı. Dünyadan əli üzülən insan üçün arağı, konyakı kiminlə içməyin nə fərqi vardı!..
– Ə, toxta, ağ eləmə! – Mehmanın özünə qəzəbi tutdu. – Səni Sibirə göndərən yox, içib alkaş olmağa məcbur eləyən yox. Kefin istəyəndə iç, istəməyəndə içmə. Sənə kim deyir ki, ölənəcən qal bu evdə, siçovullarla yoldaşlıq elə. Nədi-nədi, şəhərin mərkəzidi, tüpürüm belə mərkəzə! O kişinin o günə düşməyinin səbəbi təkliyi-tənhalığı olmuşdu. Sən ki, tək deyilsən, Allaha şükür. Bakıda dərdindən ölən gözəl-göyçək Aytənin var. Kənddə gül kimi anan hər gün yolunu gözləyir.
Mehman, birdən-birə, yaman AYTƏNSİZLƏDİ. Az qaldı ki, qıza telefon açsın. Özünü zorla ələ aldı: bu vədənin telefon zəngindən Aytənə bir şey olmasa da, Səfurə xanımı hökmən infarkt vurardı.
3
Bu vaxt kimə zəng eləmək olardı?
Heç kimə!
Amma yox! Axı onun bu dünyada haçansa bir Asifi də olmuşdu: dostu, sirdaşı, məsləkdaşı. O Asif yəqin ki, indi də vardı. Əgər telefonunu bilsəydi, lap Mozambikdə olsa da, ona mütləq telefon açardı.
Və Asif sevinərdi.
Hökmən sevinərdi.
Zarafat deyil: məktəbə getdikləri gündən, ta məktəbi bitirənəcən, yadda qalan günlərinin çoxunu bir yerdə keçirmişdilər. Hər ikisi – əlaçı şagird, hər ikisi – kitab oxumağın atəşin həvəskarı.
Kəndin köhnə kitabsevərlərinin hamısının oxuduğu kitabları: «Qılınc və qələm»i, «Gələcək gün»ü, «Saçlı»nı, «Zəngəzuru» onlar da oxumuşdular.
Və hələ 9-cu sinifdə oxuyanda bir gün Zeynal müəllimdən eşitmişdilər ki, dünyada o kitabların heç birinə bənzəməyən «CİNAYƏT VƏ CƏZA» adlı bir kitab da var. Zeynal müəllimin verdiyi o kitabı onlar bir həftəyə oxuyub, sonra öz aralarında günlərlə müzakirə eləmişdilər.
Dostoyevskinin qəhrəmanlarını kəndin məşhur adamları ilə tutuşdurub, doyunca məzələnmişdilər. Məsələn, Pyotr Petroviç Lujin – məktəbin direktoru İsmixan müəllim.
Andrey Semyonoviç Lebezyatnikov – kəndin mollası molla Miriş. Arkadi İvanoviç Svidriqaylov – kəndin icra nümayəndəsi Nurməmməd. Raskolnikovun baltaladığı Alyona İvanovnanın kənddəki «prototipinin» kimliyini isə dostlar mübahisəsiz müəyyən edib, hətta onu öldürmək barədə cürbəcür ağlasığmaz planlar da cızmışdılar.
O adam hamının «TƏKNƏ NATAN» dediyi qozbel Natiqəydi. Arıq, balacaboy, beli donqarlı, qıçları əyri – bədheybət bir arvad.
Hələ Sovet dövründən həmişə alış-verişlə məşğul olmuşdu.
Kənddən vurub şəhərdən çıxırdı.
Bir qapıdan aralanıb, başqa bir qapıdan içəriyə dürtülürdü.
İynə, üskük, zəncəfil, istiot – kişi köynəyindən tutmuş arvad darbalağınacan – kim nə alsa satırdı. Badam, qoz ləpəsi, ərik, alça qurusu – xiyar turşusundan tutmuş, meynə yarpağınacan – kim nə satsa alırdı.
İranı, Türkiyəni su yoluna çevirmişdi. Dəyəri 10-15 manatdan çox olmayan üzükdən, sırğadan, bilərzikdən bol-bol gətirib, on dəfə bahasına qızlara, arvadlara sırıyırdı.
Nə polis sayırdı, nə hökumət tanıyırdı. Kəndin icra nümayəndəsinin qasığına bir karlı təpik ilişdirəndən sonra bütün kənd Natandan qorxmağa başlamışdı.
Özü öz adını «bizmesnen» qoymuşdu, çünki «biznesmen» sözünü dili tutmurdu. Gündə min əməldən çıxırdı. Həm də özünü mömin müsəlman hesab eləyirdi: namazını, orucunu buraxmırdı.
Natan, Natan,
aranqutan.
Namaz qılan,
oruc tutan.
Zəncəfilə
zəqqum qatan.
Nurməmmədə
şıllaq atan.
Püstə alıb,
saqqız satan…
Asifin şeiriydi. Bu şeir bəlkə indi də kəndin yadındaydı. Bəs o Asifin özü indi haradaydı, görəsən?..
Məktəbi bitirəndən sonra Türkiyəyə oxumağa getdi. Ordan da harasa getdi deyəsən: bəlkə Almaniyaya, bəlkə Amerikaya – Allah bilir…
Mehman qəhərləndi.
Kənddəki evlərinin həyəti gözünün qabağına gəldi.
Özgə vaxtlar çay üçün çaydanda su qaynadan anası Şükufənin yenə hardansa ağlına yerləşmişdi ki, Mehman gəlir, yoldadır. Samovarı qaynadıb, həyətdə, əlləri qoynunda, nigaran-nigaran gəzirdi. Yolçəkən gözlərini qapıdan çəkə bilmirdi.
Haradasa bir ağır yük maşını, yolların sükutunu bağırda-bağırda uzaqlaşıb getdi.
Dünyada bircə səs qaldı.
Bu isə səssizliyin öz səsiydi: səslərin ən vahiməlisi.
Mehman, təəccüblə, boşalmış araq şüşəsinə baxdı.
Getməliyəm. Kəndə hökmən getməliyəm, – dedi. – Anam gör nə vaxtdan çağırır məni.
4
Evlərinin darvaza qapısını açıb həyətə girəndə Mehmanın birinci gözünə sataşan ocağın üstündəki yekə mis qazan oldu.
Anası evdə yox idi. Ancaq qazanın altındakı köz hələ sönməmişdi. Deməli, anası uzaqda deyildi, haradasa buralardaydı.
Üç-dörd vedrə su tutan o mis qazan çimməyə su qızdırmadan ötrü idi.
O qazanı görən kimi Mehmanın heçdən qanı qaraldı. Amma yox, heçdən deyildi. Əgər qazan ocağın üstündəydisə, deməli, anası çimməyə hazırlaşırdı.
Anasının çimməyindən Mehmanın heç vaxt xoşu gəlməmişdi, xüsusən atası Ağəli öləndən sonra.
Gündüz çimib, alt paltarını dəyişəndə gecələr anasının yuxusu ərşə çəkilirdi.
Yerinin içində ilan kimi qıvrılırdı.
Yorğanını gah üstündən atırdı, gah üstünə çəkirdi. Yastığını o üz-bu üzünə çevirirdi: elə bil öz yatağında yatmağa yer tapmırdı.
Və Mehman bilirdi ki, anası niyə yata bilmir. Hələ 50 yaşa çatmamış bir qadının kişi həsrəti çəkməyi, əslində, tamamilə təbii idi. Ancaq neynəmək olardı ki, Mehmanın 27 yaşından baxanda 50 yaş olduğundan qat-qat çox görünürdü.
Mehmanın atası, durduğu yerdəcə, demək olar ki, heçdən ölmüşdü. Ancaq kim bilir, bəlkə insan darıxmaqdan da ölə bilərmiş. Ağəli 10 ildən çox sovxozda mühasib işləmişdi. Sovxozlar ləğv olunandan sonra işsiz qalıb, möhkəm darıxdı.
Sonra özünə «iş tapdı»: səhər tezdən evdən çıxıb rayon mərkəzinə gedirdi. Köhnə dost-tanışları ilə çayxananın yanındakı bağın bir yerində xəlvətə çəkilib, bütün günü domino oynayıb, evə həmişə kefli gəlirdi.
Bir gecə yatdı, durmadı. Ölümü o qədər gözlənilməz oldu ki, ölməyinə heç kəs inanmadı.
Anası həyətin hər yerində, Ağəlinin hələ araq içmədiyi vaxtlardan qalan təsərrüfatçı səliqə-sahmanını qoruyub saxlaya bilmişdi.
Günəvər yerlərdə lobya, kələm, xiyar, pomidor, günəşi az görən yerlərdə göy-göyərti, bibər, badımcan əkilmişdi.
Kartofun ağappaq çiçəyi boy verib, yerdən bir metr yuxarı qalxmışdı. Balqabaqlar hər tərəfdən qonşunun divarlarına dırmaşmışdı.
Qonşu həyətdəki ağacların – əriyin, alçanın, fındığın budaqları hasarın arxasından bu tərəfə əyilmişdi.
Arxların qırağı boyunca: günəbaxan, qarğıdalı, noxud… Bir sözlə, bu həyətdə bir insan üçün lazım olan hər şey vardı.
Mehmanın ürəyinə gah sevincin işığı düşürdü, gah qorxunun qarası onu basırdı, əzirdi. Mehmana elə gəlirdi ki, bu evdə tək yaşamaq üçün anasına hər şey bəs eləyir. O, Mehmansız yaşamağa artıq öyrəşib. Elə bilirdi ki, o daha heç kəsə lazım deyil. Ürəyinə damırdı ki, anası onun Bakıdan gəlməyinə sevinməyəcək, əksinə – dilxor olacaq.
Haradansa uzaqlardan anasının səsi gəlirdi. Ancaq özü gəlib çıxmaq bilmirdi. Mehmanı dəhşət götürmüşdü: bəlkə anası onun gəlməyini bilirdi, elə buna görə də haralardasa lələ-giryan dolanıb, evə gəlmək istəmirdi.
Gecə düşdü, aləmi ağzına aldı. Anası gəlib çıxmadı. Mehman qaranlıqdan soruşdu: Allah var, yoxsa yoxdur?
«ALLAH SƏNİN AĞLINDIR: VARSA VAR, YOXSA YOXDUR» – Zeynal müəllim dedi.
– Raskolnikov ağıllıydı, Zeynal müəllim?
– Onu Asifdən soruş.
«Natan, Natan, aranqutan». – Asifin səsi lap yaxından gəlirdi.
Bəs o balta hardaydı, görəsən? Balta heç yerdə gözə dəymirdi. O baltanı anası harda gizlətmişdi? Axı o, hardan bilmişdi ki, Mehmanın ürəyindən nə keçir.
«Ə, baltanı neynirsən? O kaftarın nə canı var ki. Bir dəfə itələsən, yıxılıb öləcək». – Asif deyirdi.
«Maraqlıdır, görəsən, insanlar daha çox nədən qorxur? Yeni addım atmaqdan, heç kəsin heç vaxt demədiyi sözü deməkdən». – Alyonanı öldürməyə gedəndə Raskolnikov belə fikirləşirdi.
Yox, Raskolnikov ağıllı adam deyildi. Ağlı olsaydı, o qoca ifritənin pulunu, qızılını aparıb o qədər etibarsız yerdə gizlətməzdi. Pulu-qızılı götürüb, Peterburqu həmişəlik tərk eləyərdi. Anası, bacısı, Sonya, Katerina – hamısı bir yerdə.
Amma Mehman bu axmaqlığı eləməyəcəkdi. Natanın qiymətli nəyi var hamısını götürüb, gecəykən xəlvətcə aradan çıxacaqdı: bir vaxt Asiflə bir yerdə qurduqları planda olduğu kimi.
Sonra: Bakıda dükan, restoran açmaq. İstanbulda – ev, Novxanıda villa almaq. Hələ Asifin könlündən Antaliyada da villa almaq keçirdi.
Bir vaxt Asiflə bir yerdə tərtib etdikləri 11 bəndlik planın birinci – ən çətin bəndini həyata keçirməyə indi Mehman təkbaşına gedirdi.
5
Onun Təknə Natanı harda və necə öldürdüyünü dərk etməyə vaxtı olmadı, gücü çatmadı.
Bir də baxıb gördü ki, əlləri qana bulaşıb. Əllərinin qanını yumaq üçün su axtardı, tapmadı. Özünün də su üçün ciyəri alışıb yanırdı. Ancaq su yox idi. Su heç yerdə yox idi: dünyanın bütün çayı-çeşməsi nə ki var qurumuşdu.
Eləcə, qanlı əllərilə polis idarəsinin qapısından içəri girdi.
Rəisin kabinetinin qabağındakı alaqaranlıq otaqda oturmuş qoca kapitan Mehmanı olduqca sakit qarşıladı. Onun qanlı əllərini heç görmədi deyəsən.
– Adam öldürmüşəm, – Mehman əllərini göstərdi.
Kapitan yerindən sıçradı:
– Kimi öldürmüsən? Harda öldürmüsən?
– Təknə Natanı – «bizmesneni», gecə öz evində öldürmüşəm.
Polis kapitanı Mehmanın qolundan yapışdı. İtələyib rəisin yanına saldı.
– Adam öldürüb, – dedi. – «Bizmesneni» gecə evində öldürüb
Rəis Mehmanı, ayaqlarından tutmuş, başının tüklərinəcən diqqətlə seyr elədi. Və nədənsə, yalnız əllərinə baxmadı.
– Ə, Nurməmməd, bu gecə sizdə nə baş verib? – Rəis telefonda soruşurdu.
Və telefonun o başından Nurməmmədin gümrah səsi gəlirdi:
– Bizdə heç bir hadisə baş verməyib.
– Ə, necə baş verməyib. O Təknə ifritə, köhnə spekulyant, təzə biznesmen bu gecə evində qətlə yetirilib. Prestupnik gəlib bizə könüllü surətdə təslim olub. Sən də deyirsən, bizdə heç bir hadisə baş verməyib.
– Allah ağzından eşitsin. – Telefonun o başında səs xırpdan kəsildi.
Mehman fikirləşdi ki, yəqin icra nümayəndəsinin qorxudan nitqi quruyub. Sən demə, Nurməmməd ağzını tutub, içində xəlvətcə gülürmüş.
– Üzün gülsün, rəis, – dedi. – Çoxdan belə gülməmişdim. Ə, heç Əzrayıl da o qozbelə yaxın düşə bilmir. Onu kim qətlə yetirə bilər? Burdadı, idarənin düz beş addımlığında oturub, özü demişkən, «bizmesnenliyini» eləyir.
Bu dəfə rəis qoca kapitanı da təpədən dırnağacan süzdü.
– Yox a, nə danışırsan. Bəlkə…
– Nə «bəlkə». Səhərdən oturub orda. İstəyirsən, çağırım bura, danış özüynən.
– Yox, yox! – Rəis əlində titrəməyə başlayan telefon dəstəyini bərk-bərk döşünə sıxdı. – O şər dağarcığını məndən uzaq elə. Onun səsin eşidəndə gecə məni yuxuda qara basır. İndi orda nə satır o «bizmesnen?».
– Təzə biznesə girişib: kitab satır.
– Nə?! – Rəis az qaldı ki, telefonun dəstəyini qoca kapitanın təpəsinə ilişdirsin. – O kitabların arasına o donqar ifritə Allah bilir nə soxuşdurub. O nə kitabdı o qəhbə satır orda?
– Baxmışam, xatalı bir şey yoxdur. «Qılınc və qələm»di, «Robinzon Kruzo»du, «Beşmərtəbəli evin altıncı mərtəbəsi»di. Yerdə qalan 34 kitabın hamısı dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin kitablarıdı. Biri də… burda yazmışam, qoy baxım deyim: vətənpərvər şairimizin təzə çapdan çıxan şeir kitabıdır.
– Vətənpərvər şairimizə canım qurban! Ancaq özün bilirsən ki, indinin heç bir şairi Bəxtiyar Vahabzadənin yerin verməz. Çingiz Abdullayevin kitablarından 5 dənə al, saxla mənə. O qoca qəhbəni də qov getsin ordan. Qorxma, sənə bir də şıllaq atsa, tutub salacağam içəriyə.
Rəis dəstəyi yerinə qoydu.
– Sənin adın nədi, a bala? – Mehmandan soruşdu.
– Raskolnikov… Raskolnikov Rodion Romanoviç. – Mehman var səsilə bağırdı. Ancaq səsi öz içindən o yana getmədi.
Rəis Mehmanı ayaqlarından tutmuş, başının tüklərinəcən bir də diqqətlə seyr elədi.
– Çıx get, bala, – dedi. – Get özünə sənət tap. Səndən adam öldürən çıxmaz.
… sonra Mehman kənddə avtobusdan düşüb, evlərinə gedirdi. Və o iki qara siçovul da – aşkar sevinə-sevinə – onun arxasınca şütüyürdü.
– Mən çoxdan bilirdim ki, o gədənin fikrindən nə keçir. Görmüşdüm, yüz dəfə görmüşdüm ki, oğlun xəlvət-xəlvət güdür məni. Onun belindəki beyninə vurub, Şükufə! Evləndir, ağlı başına gəlsin.
Səs Natanın səsiydi. Mehmangilin həyətindən gəlirdi.
Həyətin ortasındakı stolun arxasında Natan bir qutu sırğanı qabağına qoyub oturmuşdu. Sırğaları sayırdı deyəsən, ya da qutunun içində başqa bir şey axtarırdı.
Mehmanın anası, əlləri qoynunda, Natandan azca aralıda, ayaq üstdə dayanmışdı.
– Zeynal müəllimin o gözəl Vüsalə nəvəsini niyə almırsan oğluna? Neçə ildir məktəbi qurtarıb oturub evdə. – Natan sırğalardan birini seçib, stolun üstünə qoydu. – Bu üzük üzükdü ha! Beləsin heç vaxt satmamışam. Qızılı xalis Buxara qızılıdı. Qaşı indeyski firuzədəndi. Bu da məndən oğluna hədiyyə olsun. Uzatma, o Vüsaləni gətir qoy evə. O qız da yazıqdı axı. Bəlkə, oturub Mehmanın yolun gözləyir.
BU BOYDA YALANA YUXU DA DÖZMƏDİ.
Çünki Zeynal müəllimin nəvəsi 10 il bundan əvvəl ərə getmişdi. Vüsalənin iki oğlu, bir qızı vardı və o uşaqların kəndin küçələrində oynayıb küştü vurduğunu Mehman yüz dəfə görmüşdü.
O, hələ yuxuda ikən, yuxu gördüyünü dərk eləyib, gözlərini açdı.
Arağı içənəcən hər şey yerli-yataqlı yadındaydı. Bəs görəsən, arağı içəndən sonra neynəmişdi. Üç-dörd dəfə zibilliyəcən gedib-gəlmişdi: siçovulların yatdığını-yatmadığını bilmək istəmişdi.
Asifi yadına salıb, ağlamışdı. Anasını görmək üçün təcili kəndə getmək istəmişdi.
Bunların hamısı yadındaydı. Bəs sonra neynəmişdi: nə haqda düşünmüşdü, kimi yadına salmışdı?..
Paxmeldən gözləri alacalanan Mehmanın nəzərində dünya-aləm bir-birinə qarışmışdı.
6
Onu gerçək dünyaya Səfurə xanımın telefondakı səsi qaytardı:
– Bir üzük nə şeydi ki, ay oğul. Onu özümüz də ala bilərik. Axı elin adəti var. Aytən balam səni çox istəyir, özün bilirsən. Axı gərək bu iş onun da ürəyincə olsun.
Səfurə xanım olduqca rahat danışırdı: elə bil dünən axşam yarımçıq qoyduğu cümləsini bitirirdi.
Sanki dünən axşamdan bəri dünyada heç nə dəyişməmişdi. Mehmanı az qala dəlilik həddinə çatdıran o uzun gecə də sanki heç vaxt olmamışdı.
Səfurə xanımın «üzük» söhbəti bu dəfə Mehmana həmişəkindən də iyrənc göründü. Mehman az qaldı söyüş söysün, Səfurə xanımı təhqir eləsin. Özünü birtəhər ələ alıb, keçmiş məktəb direktorunun duzsuz-tamsız səsinə axıracan qulaq asdı.
Və yuyunub, çay içib, bir qədər özünə gələndən sonra başa düşdü ki, ötən gecə yalnız onun üçün uzun olub, çətin olub. Burada Səfurə xanımın heç bir günahı yoxdur.
Axı, əslində də, ötən gecədən sonra dünyada nə dəyişmişdi ki…
İyul, 2020