post-title

Diktatorları necə yıxmalı? Lyosanın son məqaləsi

Nobel mükafatlı Peru yazıçısı Mario Varqas Lyosanın noyabrın 7-də ABŞ-ın “Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsi

 

AZADLIQ AXTARIŞLARI VƏ ƏDƏBİYYAT

İndi biz bütün dünyada Azadlığa qovuşma səadətinin və bunsuz yaşamağın doğurduğu təhlükələrinin şahid ola bilərik. Məhz bunun üçün mən də indiyəcən yazılarımda fərdi azadlıq ideyasının yayılmasına bu qədər şövqlə çalışmışam.

Mənimlə eyni nəsildən olan xeyli insanın aldandığı Marksizm miflərindən əl çəkəndən az sonra mən həqiqətə qovuşduğumla bağlı qəti qənaətə gəldim. 

Həmin həqiqəti bacardığım ən yaxşı üsulla, söz sənəti vasitəsilə başqaları ilə bölüşməliydim.

Sağ və sol düşərgəyə mənsub tənqidçilər çox vaxt mənim romanlarımı yalnız ona görə tərifləyirdilər ki, ifadə etdiyim ideyalardan danışmasınlar. İnanmıram ki, mənim yazılarım həmin yazılardakı ideallardan təcrid oluna bilər.

Romançının vəzifəsi fövqəlzaman və bəşəri həqiqəti nizamlı təhkiyə vasitəsilə ifadə etməkdir. Bir incəsənət nümunəsi olaraq əsərin əhəmiyyəti onun ifadə etdiyi mesajdan təcrid edilə bilməz.

Necə ki cəmiyyətin azadlıq və firavanlıqla bağlı planları onun təməl prinsiplərindən təcrid edilə bilməz.

Yazıçı və insan birdir və eyniyyət təşkil edir. Necə ki mədəniyyət və onun ictimai dəyəri birdir və eynidir.

Mən yazılarımda və həyatımda təkcə, öz oxucularımı ruhlandırmağa yönəlik baxışlarımı ifadə etməyə çalışmamış, həm də yaşadığımız bu dünyada nə qurmağa can atmalı olduğumuz haqda arzularımı bölüşmək istəmişəm.

Azadlıqsevər insanlara çox vaxt idealist olduqlarına görə rişxənd edilir. Bəzən biz ətrafımızda “əsl liberalizm” ideallarına sadiq olan çox az adam görüb özümüzü yalqız da hiss edə bilərik

Birləşmiş Ştatlarda “liberal” termini solçuluq, sosializm və hökumətin iqtisadiyyatda böyük rol oynaması kimi anlayışlarla assosiasiya olunmaq həddinə çatıb. 

Öz siyasətini “liberal” kimi səciyyələndirənlər azad sahibkarlığa mane olacaq tədbirlərin həyata keçməsi üçün canfəşanlıq edirlər. Özünü “liberal” adlandıranların bəzisi hətta biznesə bundan da sərt münasibət göstərərək açıq şəkildə iqtisadi azadlıq ideyasına qarşı çıxırlar. Onların təbliğ etdikləri cəmiyyət modeli tarixdəki sosialist və faşist rejimlərinin uğursuz upopiya eksperimentlərindən elə də fərqlənmir.

Vaxtilə Latın Amerikası və İspaniyada “liberal” sözü azadlıq uğrunda mübariz ​​mənasında işlədilməyə başlanıb. Amma indi solçular bu sözü kimisə təhqir etmək üçün istifadə edir, “mühafizəkar”, yaxud irticaçı siyasət, xüsusən də dünyada kasıbların qayğısına qala bilməmək anlamında işlədirlər. Mənə də belə böhtan atılıb.

Qəribəsi odur ki, yanlışlığın səbəbkarı həm də ənənəvi liberalizmə əsaslanaraq bazar iqtisadiyyatını təbliğ edən bəzi şəxslərdir. Zaman-zaman onlar azadlığa marksistlər və digər sosialistlərdən daha çox ziyan vurublar. Bəziləri azad bazara dəstək adı altında əslində Latın Amerikasının diktatorlarına dəstək veriblər. Düşünüblər ki, diktatorların repressiyalara rəvac verən dəmir əli biznesin fəaliyyəti üçün vacibdir. Amma həmin şəxslər bununla azad iqtisadiyyatın söykəndiyi insan haqları prinsiplərinə xəyanət ediblər.

Bəziləri isə soyuqqanlıqla bəşəriyyətə aid bütün sualların cavabını iqtisadi məsələlərdə axtarıblar və bazarı bütün dərdlərə dərman sayıblar.
 
Bunu etməklə onlar ideyaların və mədəniyyətin rolunu - sivilizasiyanın ən mühüm təməl daşlarını inkar edirlər. Demokratiya və iqtisadiyyata həyat vermək üçün gərəkli olan ənənələr və ümumi dəyərlərin yaddan çıxdığı şəraitdə biz pərakəndə halda fəaliyyət göstərən eqoist oyunçuların darvinsayağı mübarizəsi səviyyəsinə endik. Solçu düşərgədə bir çoxları bunu haqlı olaraq qeyri-insani sayır.

Digər tərəfdən, kollektivizm tərəfdarları da cəmiyyətlərin rifahı və iqtisadiyyatların çiçəklənməsi üçün çox mühüm olan fərdi azadlıqlara meydan verməyiblər. Fərdi azadlıq həqiqi liberalizmin canıdır. Bütün fərdi azadlıqlar tam olanın bölünməz hissələridir. Siyasi və iqtisadi azadlıqlar bir-birindən təcrid edilə bilməz.

Bu həqiqət bəşər övladına min ilin təcrübəsi nəticəsində miras qalıb. Bizim düşüncəmiz görkəmli liberal baxışlı mütəfəkkirlər tərəfindən daha da zənginləşdirilib. Mənim də sayğı bəslədiyim belə mütəfəkkilərdən bəzilərinin adlarını xatırlamaq istərdim: Isaiah Berlin, Karl Popper, F.A. Hayek və Ludwig von Mises.

Onlar bizə qaranlıqdan - azadlığın bərqərar olunacağı və insan ləyaqətinə ümumbəşəri dəyər veriləcəyi işıqlı gələcəyə aparan cığırı göstəriblər.

Liberal həqiqət unudulanda biz müasir dövrün simasını xeyli dərəcədə müəyyən edən millətçi diktaturalar, faşizm, kommunizm, dini fanatizm, terrorçuluğun törətdiyi dəhşətlərin və başqa vəhşiliklərin şahidi oluruq. Bu problem Birləşmiş Ştatlarda daha az hiss olunur. Amma burda da həmin əsas prinsiplərə riayət edilməməsindən yaranan problemlər qalmaqdadır. Bir çoxları hələ də ​iqtisadiyyatın mərkəzi hakimiyyət tərəfindən planlana bilməsi ümidlərindən əl çəkməyiblər. Təhsil, səhiyyə, mənzil təminatı, pul və bankçılıq, cinayətkarlığa qarşı mübarizə, nəqliyyat, enerji və bir çox başqa sahələr tarixən dəfələrlə iflasa uğramış inzibati amirlik modelinə uyğunlaşdırılır. Bəziləri isə ticarətdəki disbalans və miqrasiya kimi problemlərin həllini daha geniş azadlıqlara yol açmaqda yox, millətçi və dövlətçi yanaşmada görürlər.        

Amma hələ ki burda da, başqa yerlərdə də ümidsizliyə qapılmağa dəyməz. Amerikan sistemi hələ də müxalif mövqeyin açıq ifadəsinə, azad cəmiyyət meyarlarının mövcudluğuna şərait yaradır və sağlam atmosferdə həm sağçı, həm də solçu düşərgə yüksək dəyər verilən bu azadlıqdan bəhrələ bilir. Antiamerikanizm və antikapitalizm indi bütün dünyada zəifləməkdədir. Latın Amerikasında - Venesuela və Kuba istisna olmaqla – köhnə sosialist və faşist diktaturaları artıq məhv olub. İqtisadi islahatlar hətta formal olaraq solçu hesab edilən rejimləri də hakimiyyətindən salıb.   

Azadlıq axtarışları - sadəcə, qanunun aliliyinə və insan haqlarına hörmət edildiyi dünyaya qovuşmaq yönündə daha genişmiqyaslı axtarışların tərkib hissəsidir. Elə bir dünya ki, diktatorlar, terrorçular, müharibə qızışdırıcıları və fanatiklərdən azaddır, orada bütün millətləri, irqləri, ənənələri və dini baxışları təmsil edən kişilər və qadınlar azad şəkildə birlikdə yaşayır, sərhədləri körpülər əvəzləyir, həmin körpüləri keçən insanların çatmaq istədikləri məqsədi isə yalnız onların azad iradələri və başqalarının hüquqlarına hörmət məhdudlaşdırır. Bir çoxlarının qeyd etdiyi kimi mən öz yazılarımı məhz bu axtarışlara həsr etmişəm. Bu, bizim hamımızın öz həyatımızı həsr etməli olduğumuz axtarışlar deyilmi? Əgər bu məsələdə nələrin  taleyinin həll olunduğunu anlasaq, onda sualın cavabı aydın olar.     

Wall Street Journal

İngiliscədən Rövşən Q. çevirdi

Azadliq.org

Yuxarı