post-title

Latentlər

Metro. Hərəkətdə olan qatar. Vaqon. Boş yer olsa da, ayaq üstə dayanmışam. Həm belimdə ağrı var, həm də oturub, sonra da ayağa qalxıb kiməsə yer verməyə həvəs yoxdur.

 

 

Qara ayaqabı, qara şalvar, qara köynək, qara gödəkçə geyinmiş, ciddi, kədərli bir gənc oğlan uzun dırnaqlarıma baxıb, qara ayaqqabı, qara köynək, qara gödəkçə, qara şalvar geyinmiş dostunun qulağına nəsə pıçıldayır. Bilirəm ki, mövzu mənim dırnaqlarımdı. Gənc yavaş-yavaş başını qaldırıb dırnaqlarıma baxmaq istəyir. Onu bu zövqdən məhrum edirəm, əlimi salıram şalvarımın cibinə. İki dəqiqədən sonra əlimi şalvarımın cibindən çıxarıram. Dostlardan biri yenə o birisinin qulağına nəsə pıçıldayır. Yenə əlimi salıram şalvarımın cibinə. Beləcə türk seriallarından təsirlənən başdan-başa qara geyinmiş, ciddi, kədərli iki gənclə üç-dörd dəfə məzələndim.

Əslində onlara gənc demək xeyli çətindir. İndi bu iki gəncin vəziyyətini sizə təsvir edim. Yanaşı oturublar. Hər ikisinin barmağında gümüş üzük var. Biri qolunu o birinin boynuna salıb. Barmaqlarının ucu o birisinin az qala sinəsindəki tüklərinə toxunur. Danışanda tez-tez bir-birlərinin əlindən tuturlar. Mənim uzun dırnaqlarıma gülən bu iki gəncin öz vəziyyətlərindən xəbəri yoxdur. Əlbəttə, bizim ölkədə çox adam özü gülməli olduğu halda başqasının geyiminə, saç düzümünə, saqqalına gülməyi bacarır. Məsələn, küçədə qol-boyun, əl-ələ tutub gəzişən ciddi, kədərli, qara paltarlı, özünü “Kurtlar Vadisi” serialının qəhrəmanlarına bənzətmək istəyənlər, bir başqasının şalvarına, saçına, saqqalına gülür. Daha bilmir ki, onun öz həmcinsi ilə qol-boyun, əl-ələ tutub gəzməsi daha gülməlidir. Bu cür əl-ələ tutub gəzmələri onların həyat fəlsəfələrinə, dəyərlərinə, dünya görüşlərinə ziddir. Ölkədə vəziyyət belədir.

Azad seks, azad iqtisadiyyat olmayınca beləcə də davam edəcək. Hətta latent anlayışının nə olduğunu bilənlər belə yenə də bu sistemin qayda-qanunlarına müəyyən mənada boyun əyməyə məcburdurlar. Məsələn, bizim rayonlarda, bir çox otellərdə qızla oğlana bir yerdə otaq vermirlər. Kəbin kağızı, nişan üzüyü və başqa sübutlar tələb olunur. Neçə dəfə başıma gəlib. Amma beş, altı, yeddi kişinin bir otağa doluşması, əylənməsi, içki içməsi, hətta ikisinin bir çarpayıda yatması normal qəbul olunur. Yeddi kişi qarnını qaşıya-qaşıya bir otel otağına doluşa bilər, amma oğlanla qız bir otaqda gecələyə bilməz. Hansı daha anormal haldır?

Mən bir gürcü jurnalistini başa sala bilmədim ki, bizim otellərdə qızla oğlana otaq vermirlər. Adam başa düşmürdü. Necə yəni otaq vermirlər? Çünki, Gürcüstanda belə bir problem yoxdur. Ən ucqar əyalətində yerləşən otelində belə.

Daha bir “latent mavilik” halına nəzər salaq. Yeddi kişi bir restoranın kabinetinə doluşur. Və qabaqlarına bir vedrə araq qoyub, başlayırlar içməyə. Sonra keflənib bir-birlərini vəsf etməyə, tərifləməyə. Əzizləməyə. Elə sağlıqlar deyirlər ki, sağlıqdan daha çox sevgi məktubuna oxşayır. Bizim ölkədə kişilər kişilərə daha çox kompliment söyləyirlər, nəinki kişilər qadınlara. 

Seymur Baycan

Gündəlik Teleqraf

Yuxarı