post-title

Ziyalı və İran

Açığı, hər yeni günə başlayanda özümə verdiyim ilk söz ziyalı adına iddia edən, özündən "qəhrəman" obrazı düzəldib, xalqa ağsaqqallıq fikrinə düşən, amma həlledici situasiyalarda başqa budaqlarda ötməyə başlayan adamlara vaxt, əsəb və enerji sərf etməmək haqqında olur.

 

Amma cəmi bir neçə saat sonra bu sözü unuduram. Elə üzlər görür, elə cəfəngiyyatlar eşidirsən ki, dözmək mümkünsüzləşir. Qoyun yerinə qoyulmağına etiraz etmək, üsyan bağırmaq keçir könlündən. 

Dünən də belə oldu. Səhər qəzetləri səhifələyəndə təsadüfən Azərbaycan Ziyalılar Birliyinin (bəh-bəh-bəh, cəh-cəh-cəh!) sədri Eldəniz Quliyevin açıqlamasına rast gəldim. Səsi gecə-gündüz İranın "Səhər" telekanalından gələn, düşüncə və davranış tərzi İran ayətullahlarının beynindən qidalanan Eldəniz Quliyev nə vaxtsa Bakıda İsrail əleyhinə aksiya keçirmək istəyənlərin bu ölkə səfirliyinin göstərişi ilə həbs edildiyini deyib. Gözəl. Hətta çox gözəl. 

Əcəba, bu Ziyalılar Birliyinin sədri eyni cəsarəti İrana qarşı niyə göstərmir? Qəzza üçün göz yaşı tökür də, Zəncan üçün niyə içi sızlamır? İsraili "insanlıq düşməni" adlandırır da, İrandakı molla rejiminin canavarlıqları qarşısında niyə dilini dinməz saxlayır? Ərəblər üçün keçirdiyi narahatlığın mində birini Güneydəki türklər üçün niyə keçirmir? 

Əlbəttə, bu suallara Eldəniz müəllimdən hər hansı cavab gözləmək yersizdir. Bunlar cavabı özündə olan suallardır. Amma cənab Quliyev əsla unutmamalıdır ki, bir insanın həm özünü ziyalı hesab etməsi, həm də İrana rəğbətlə yanaşması mümkün deyil. Ziyalı və İran - bunlar gecə ilə gündüz qədər fərqli anlayışlardır. İran bu gün dünyada ən dəhşətli anti-insanlıq dramlarından birinin yaşadığı ölkəyə çevrilib. Orada baş verənləri sözlə ifadə etmək mümkün deyil. Bütün bunları görməzdən gəlib, nəinki görməzdən gəlib, hətta oradakı molla idarəçiliyinin təəssübkeşinə çevrilib, hansı ziyalılıqdan danışmaq mümkündür? 

İsraili başa düşdük, nə dini müsəlmanların dinindəndir, nə də dili. Bəs İranın öz vətəndaşlarına zülmünə, işgəncəsinə hansı ad vermək olar? Adını "İslam Respublikası" qoymuş İran öz insanlarını haqsız, günahsız yerə qətlə yetirirsə, edam edirsə, güllələyir, şalaqlayır, illərcə həbsxanalarda çürüdürsə, başqalarını hansı haqla, hansı üzlə ittiham edirsiniz? 

Ən nəhayət, Bakıda İsrail əleyhinə aksiya keçirənləri müdafiə edirsiniz, onların hüquqlarının bərpası üçün qollarınızı sıvayırsınız, tamam da, bir də Təbriz, Tehran türmələrində itin zülmünü çəkənlərə azadlıq tələb edin, əgər edə bilirsinizsə. İsrail qədər İrandan da insanlığa, insanların hüquq və azadlıqlarına sayğı tələb edin, edə bilirsinizsə. Yox, bunu bacarmırsınızsa, o zaman "ziyalı" sözünü daha da gülüş, rişxənd obyektinə çevirmədən susun. Susun ki, bundan insanlıq qazansın. 

Tofiq Abdinin qocalmağa başlaması 

Tofiq Abdinə həmişə sayğı ilə yanaşmışıq. Onu digər "altmışıncılar"la müqayisədə tərəzinin başqa gözünə qoymuşuq. İçindəki gənclik ruhunu qorumasına həmişə heyranlıq sərgiləmişik. 

Amma görünür, Tofiq bəy də ruhən qocalmağa, yaşlaşmağa, anarlaşmağa başlayıb. Belə olmasaydı, Azərbaycanın çox dəyərli insanlarından biri Vurğun Əyyubun ölkəni tərk etməsi haqqında tıpkı cavanlıq dostu Anar Rzayev üslubunda, bir az qorxaqca, bir az da ürkəkcə münasibət bildirməz, deməzdi: "Görünür, Vurğun Əyubun buradakı işi, maaşı onu qane etmir, ona görə də başqa ölkəyə getmək istəyir". 

Oysa Tofiq Abdin Vurğun bəyin Azərbaycanı məhz heç bir işi və maaşı olmadığı üçün tərk etdiyini, həm də bu işsizliyin, maaşsızlığın siyasi baxışlarından qaynaqlandığını ya bilmir, ya da bilməməzlikdən gəlir. Hər iki halda bu, Anarsayağı bir "altmışıncı" zehniyyətidir, psevdo-ziyalılığa xas qorxaqlıq, ürkəklik, özünü hakim güc qarşısında pis eləməmək nümunəsidir. Üstəlik, onun təzəlikcə prezidentdən fəxri ad aldığını da xatırlatsaq, istər-istəməz "əcəba, Tofiq bəy də tamamən yaptokratiyaya təslimmi oldu" sualı doğurur adamda. Şəxsən Tofiq Abdini belə vəziyyətdə görmək mənim üçün çox üzücüdür. Mənə onun ruhunun, içinin qocalmağa başladığını seyr etmək çox ağırdır. 

Fikrət Qocanın Çe Gevara sevgisi haqqında yeni xəbər 

Əziz oxucular! Keçən həftə "Reytinq"də xalqsız xalq şairi Fikrət Qocanın məşhur inqilabçı Çe Gevara haqqında poema yazmasından dəhşətə gəldiyimi yazmışdım. Doğrudan da, bütün ömrünü yağmaçı, talançı, korrupsiyaçı bir sistemə tərif oxumağa həsr etmiş bir adamın həyatı sümürücülüyə, ədalətsizliyə qarşı mübarizələrdə keçirən biri haqqında pomea yazması Ginnesin rekordlar kitabına düşəcək bir faktdır. Təbii, əgər həmin rekordlar kitabında riyakarlıq nominasiyası varsa. 

"Reytinq"dəki bu yazımdan sonra daha dəhşətli bir faktın üstü açıldı. Belə ki, Çe Gevaranın öldürüldüyü günlərdə Kubada Azərbaycan mədəniyyət günləri keçirilirmiş. Bu münasibətlə Kubaya gedən nümayəndə heyətində Fikrət Qoca da olub. Məşhur inqilabçının güllələndiyi gün isə Kubada Azərbaycandan gələn qonaqların şərəfinə böyük ziyafət təşkil edilibmiş. 

Bir sözlə, həm "Yaşa, prezidentim, yaşa" şeirini, həm də haqsızlığa qarşı böyük mübariz barədə poema yazmağı özünə rəva görən Fikrət müəllim Çe Gevaranın ölüm günü babat qonaqlıqda imiş. İnanmayanlar gedib o dövrün "Kommunist" qəzetini səhifələyə bilərlər.

Elnur Astanbəyli

Kultura.Az

Yuxarı