post-title

Dikkens və Axundzadə işığında

Bu il ingilisdilli dünya böyük ədib Çarlz Dikkensin 200 illik yubileyini qeyd edir. Azərbaycan üçün isə bu il başqa bir hadisə ilə də əlamətdardır - həm də böyük maarifçi Mirzə Fətəli Axundovun anadan olmasından 200 il keçir.

 
“Nyu-York Tayms” qəzetinin saytında ABŞ Apelyasiya Məhkəməsinin məmuru Cozef Tartakovskinin yumoristik yazısınıÿoxudum. Tartakovski yazır ki, Dikkensin böyük ürək ağrısı ilə təsvir etdiyi sosial bəlaların demək olar ki, hamısı onun mövludundan keçən 200 il ərzində öz həllini tapıb. Öz həllini tapmayan bir məsələ qalıb ki, o da “mürafiə vəkillərinin” məziyyətləridir.
 
Tartakovski çox məcazi yazsa da, sözlərində böyük həqiqət var. Ingiltərə, eləcə də Dikkensi özünə doğma bilən digər anqlo-sakson cəmiyyətlərinin tərəqqisinə və hərəkiliyinə adam öz paxıllığını gizlədə bilmir. Bəs Axundovun böyük ürək ağrısı ilə təsvir etdiyi sosial bəlaları biz azərbaycanlılar 200 ildə həll edə bilmişikmi?
 
Bu günlərdə dostumuz, məşhur aktyor Ilqar Cahangirov Facebook-da yazıb ki, yuxusunda guya Axundovu görübmüş və Axundov ona tənə edibmiş: “Utanmırsınız, hələ mənə 200 illik yubiley də keçirirsiniz. Guya nə dəyişib ki?”.
 
Həqiqətən də Ingiltərədə 200 il fiziki və mənəvi olaraq keçilib və yaşanılıb. Cəmiyyət zaman-zaman həm tərəqqi, həm də tənəzzül görüb, bir sosial problemi həll edib, yenisi ilə rastlaşıb, onu həll edib, digərinə tuş gəlib. Indiki problemlərini də həll edəcək və yeniləri ilə qarşılaşacaq.
 
Bizdə isə zaman sanki dayanıb. Daha dəqiq desək, yerində dairə vurur. Bu 200 il ərzində daha kimlər bizi islah etməyə çalışmayıb - Axundov orta məktəbi olmayan bir xalq üçün teatr tamaşaları yazıb, Zərdabi savadsız bir ictimaiyyət üçün qəzet çap edib, Hacıbəyov polifoniyadan xəbəri olmayan mədəniyyət üçün opera yaradıb, Mirzə Cəlil yumordan məhrum insanları güldürmək istəyib...
 
Amma Azərbaycan cəmiyyəti inadla yerində sayır. Paltarın ən dəblisini geyir, maşının ən yenisini sürür, mobil telefonun ən son modelini alır, amma təfəkkür tərzi dəyişmir ki, dəyişmir.
 
Bəlkə də qərəzliyəm, amma hərdən düşünürəm ki, xalqımız ancaq pis xüsusiyyətlərini təkmilləşdirir, cilalayır, zamanın sınağından keçirir. Bir sonrakı nəsil bir əvvəlki nəsil kimi düşünür. Bir nəslin hansısa müsbət nailiyyətləri digər nəsilə ötürülmür. Necə ki, Axundov zamanında yazırdı: “Lakin biləndə ki, gələcək nəsillər də bu eşşəklərdən törəyəcək, mənim gələcək nəsilə də inamım itir”.
 
2012-ci il bizim üçün çox əhəmiyyətli bir ildir - geriyə dönüb son 200 ildə keçdiyimiz həyat yolumuza nəzər salmaq və dərs çıxarmaq üçün. 200 ildir ki, biz mədəni dünya ilə davamlı təmasdayıq. 150 ildən çoxdur ki, Abbasqulu ağa Bakıxanovdan Firudin Allahverdiyə kimi maarifçilərimiz yolumuza işıq salmağa çalışır.
 
Papağımızı qarşımıza qoyub fikirləşməliyik.
 
Əli Novruzov
Yuxarı