post-title

Xoş gördük

Budur, qarşınızdayıq. Məhdud maliyyə imkanları, zəngin baqajla gəlmişik. Yeni layihə olsaydıq, sıfırdan başlasaydıq məramımız, məqsədimiz, dərdimiz haqda uzun-uzadı yazardım. Bizi tanıyanlar tanıyır - düz beş ildir portalın rusdilli versiyası ilə hər gün görüşünüzə gəlirik. Bir dəfə haker hücumuna məruz qalmışıq, bir dəfə server çöküb – amma külümüzdən yenidən dirilmişik.

 

Populyar, yüksək reytinqli sayt olmaq iddiasında deyilik. Reallıqla hesablaşırıq. Saytın rusdilli versiyasının gündəlik oxucularının sayı, nadir hallarda 500 nəfəri keçir. Güman edirik ki, azərbaycandilli oxucuların sayı da, təxminən, elə bu qədər olacaq. Bəlkə də daha az. Səbəbləri bəllidir. Burcutmağın yeri yoxdur – təəssüflər olsun, rusdillilərlə müqayisədə azərbaycandillilərin intellektual məhsula tələbatı azdır. Bu, diskriminasiya deyil. Bir daha deyirəm, reallıqdır.

Nə qabağımızda, nə dalımızda heç kəs dayanmayıb. Heç bir oliqarx, məmur, mesenat qarşısında öhdəliyimiz yoxdur. Azadıq. Hətta layihə, 3 il boyunca Demokratik İslahatlar Partiyası tərəfindən maliyyələşdirildiyi dövrdə (2007-2010) belə, azadlığını itirməmişdi.

Bayağılıq bizdən uzaqdır. Yaltaqlıq bizdən uzaqdır. Siyasi isteblişmentin mədəniyyət və incəsənət adı altında topluma sırıdığı düşük layihələri işıqlandırmaq, tərifləmək fikrindən də uzağıq. Beş günlük dünyadır, şərəfimizi ayaqlar altına atmayacağıq. Diringi, "rakkadaçika", muğam-meyxana-toyxana triosu, yovşan ətirli, peyin qoxulu arxaizmlər, “dünyanın ən qədim və böyük mədəniyyəti”  kimi ürəkbulandırıcı söhbətlər bu saytın mövzusu olmayacaq.

Kultura.Az portalı ateist yığıncağı deyil, hərçənd yazarların çoxu ola bilsin, məhz ateistdir. İslam və bütün dinlər portalımızda toxunulmazdır. Allahın, peyğəmbərlərin, kitabların, əlqərəz dini atributikanın, dəyərlərin lağa qoyulmasına tabu qoymuşuq. Dinlərin və dindarların etik çərçivədə, əsaslandırılmış şəkildə tənqidinə açığıq. Dini-fəlsəfi məzmunlu yazıları dərc etməyə də hər zaman hazırıq. Sağlam polemika mühiti yaratmaq istəyirik.

Eyni zamanda Güneyli soydaşlarımızın da problemlərini işıqlandırmaq niyyətindəyik. 2012-ni Güney Azərbaycan ili elan edən Dalğa Gənclər Hərəkatına dəstək verir və Güneyli intellektualları portalımızla əməkdaşlığa dəvət edirik.  

Ümumiyyətlə isə, heç kəsin nazıyla oynamaq fikrimiz yoxdur. Oxuyan oxusun, oxumayana yaxşı yol. Unudulmamalıdır! Kultura.Az intellektualların ünvanıdır. Kultura.Az seçilmişlərin portalıdır. Bu saytda yazmaq da, bu saytı oxumaq da prestijlidir. Sağda, müəlliflər sütununda yer alan adlara diqqət yetirin. Bu portal, o siyahıdakı hər kəsin mülkiyyətidir. Bu sayt hər kəsindir. Hələ gözlədiyimiz yeni yazarlarımız da var.  

Daycest olmağa iddialıyıq. Eksklyuzivlik xəstəsi deyilik. Bizim fikrimizcə maraqlı, diqqətə layiq, orijinal yazıları istinadla, mənbəni göstərmək şərtilə portala yerləşdirəcəyik. Bunu edərkən də “müxalif nəşr”, “iqtidara yaxın orqan”, “düşmən sayt” kimi kateqoriya və ölçüləri rəhbər tutmayacağıq.

Ənənəvi çağırış olsa da, müəllif yazıları ilə çıxış etmək istəyənlərə qapılarımız taybatay açıqdır. Təki yazılar, meyarlarımıza cavab versin.

Yeri gəlmişkən, gənc bloggerlərin tribunasını da yaratmışıq. Demokratik düşüncəli, azad ruhlu, Avropa təfəkkürlü, mentalitet qənimi, köləliklə barışmayan, mübariz, cəsarətli gənclərin bloq yazıları portala köçürüləcək. N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı və digər qurumlarla əməkdaşlığa hazırıq.

İlk addımı atmaq üçün qəpik-quruş tapmışıq. Təbii ki, bəs eləmir. Kömək etmək istəyənlərin yardımlarını məmnuniyyətlə qəbul etməyə hazırıq. Lakin maddi yardım göstərərkən, hansı komandaya dəstək verdiyinizi nəzərə alın. Ay nə bilim “filankəslərin adını çəkməyin”, ya da “filan yazı mütləq getməlidir” kimi göstərişlər, bizi çərçivəyə salmaq cəhdləri burda işləməyəcək (belə bir təcrübəmiz olub – Ə.Ə.)   

Bax, belə.

Bizimlə qalın.

Əli Əkbər

Kultura.Az

Yuxarı