post-title

Azad Gənclik Təşkilatının “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya səfər edəcək turistlərə müraciəti

Hörmətli xarici ölkə vətəndaşları! 22-26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcək. Bununla bağlı ölkəmizin paytaxtına Avropa, Amerika, Asiya və digər qitələrdən minlərlə turistin gələcəyi gözlənilir. Biz Azərbaycan Respublikasında ictimai fəaliyyətlə məğul olan azad gənclər olaraq, turistləri ölkəmizə səfər etməzdən öncə avtoritar ölkələr üçün səciyyəvi olan bəzi ənənə və reallıqlar barədə məlumatlandırmaq istərdik.

 

Hörmətli turistlər!

Biz sizi xəbərdar edirik ki, Azərbaycan ifadə azadlığı, toplaşmaq və birləşmək hüquqularının kobud şəkildə pozulduğu, habelə azad hərəkət imkanlarının zəif təmin olunduğu ölkə olduğu üçün siyasi hakimiyyətin dövlətin bütün sosial-iqtisadi sahələri və cəmiyyət üzərində avtoritar nəzarəti mövcudur. Belə bir sahələrdən biri də biznes strukturları və ictimai-iaşə xidməti obyektləridir. Son zamanlar ölkənin ictimai həyatında baş verən bir sıra hadisələr göstərib ki, ölkədəki məşhur otellər və motellərə məxsus sahələrdə, otaqlarda gizli kameralar quraşdırılması ehtimalı var və bu kameralar vasitəsilə aparılan çəkilişlər, sonradan şantaj vasitəsi kimi istifadə oluna bilər. Konkret olaraq, 12 oktyabr 2010-cu ildə Lider TV-nin “Səda” verilişində Azadlıq qəzetinin direktoru Azər Əhmədovun, 19 aprel 2011-ci ildə jurnalist, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun və köşə yazarı Qan Turalının Azərbaycan otellərində çəkilən videogörüntülərinin nümayiş olunması buna misaldır.

Son illər müxalifət və müstəqil mediada çalışan jurnalistlərə qarşı şantaj xarakterli gizli çəkilişlər baş vermiş və sonradan bu cür materiallar hakimiyyətin nəzarətində olan “Lider” Telekanalı və internet mediada yayılmışdır. Hazırda da bu şantajlar davam edir və son olaraq 7 mart 2012-ci ildə Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ev ünvanına şantaj xarakterli məktub və intim şəkillər göndərilib.

Yuxarıda qeyd olunan mövcud situasiyanı nəzərə alaraq, Bakıya “Eurovison-2012” mahnı müsabiqəsi ərəfəsində səfər edərkən və ya otellərdə qalarkən ehtiyatlı olmağınızı məsləhət görürük. Bu xüsusilə cütlüklərə aiddir: Azərbaycanda sekslə məşğul olmamağa çalışın!!

Ümidvarıq ki, bu barədə daha ətraflı məlumat almaq üçün Azərbaycanda fəaliyyət göstərən müstəqil hüquq müdafiə təşkilatlarına, gənclər hərəkatlarına, media və Qərb ölkələrinin səfirliklərinə müraciət edəcəksiniz. 

Azad Gənclik Təşkilatı

Yuxarı