post-title

Seymur

Təxminən üç ilin söhbəti olar. Mütaliəsinə heyran olduğum, yüksək erudisiya sahibi, bir-birlərini tanımayan iki gənc, rusdilli xanım mənə Seymur Baycanın əsərlərini oxuduqlarını demişdilər. Doğrusu təəccüblənmişdim. Etiraf edim ki, o ana qədər, Seymurun oxucuları arasında rusdillilərin ola biləcəyini ehtimal etməmişdim.



Rusdillilər çox nadir hallarda Azərbaycan dilində kitab oxuyurlar. Əksəriyyəti yaxın durmur. Buna ehtiyacları da yoxdur – bizim yazarlar onlara maraqlı deyil, xarici müəllifləri isə rusca oxuyurlar. Dil baryeri kimi ciddi maneə də öz yerində. Ümumiyyətlə rusdilliləri iki şeyə görə çox qiymətləndirirəm – həm mütaliələri, dünyagörüşləri azərbaycandillilərdən zəngindir, həm də rusdilli qızlar azərbaycandilli qızlardan qat-qat yaxşı sevişirlər. Bizimkilər hələ də “Ay ana, ürəyim yatdı” estetikasından qurtula bilməyiblər.

Seymur - növbəti əsərini səbirsizliklə gözlədiyim yeganə azərbaycanlı nasirdir. Bunun sadə səbəbi var – Seymur, oxuduğum yeganə müasir, azərbaycanlı nasirdir.

Bəli, Seymur Baycanın qələmindən çıxanlardan savayı, Azərbaycanda yaradılan heç bir nəsr nümunəsi mənə maraqlı deyil. Həyəcanlandırmır. Seymur qədər mütaliəli, çağdaş ədəbiyyatın nəbzini tuta bilən (baxmayaraq ki, klassikanı üstün sayır) ikinci yazar tanımıram. İlk dəfədir Seymur haqqında, mətbuat üzərindən fikir bildirirəm. Onsuz da belə bir stereotip var ki, “bunlar bir-birlərini tərifləməklə məşğuldur”. Madam ki, əğyar belə hesab edir, heç olmasa tərifləyim, deyilənlər böhtan olmasın.

Seymur hər zaman, mütləq nəsə oxuyur. Oxumaqdan yazmağa vaxtı qalmır. Bəlkə də, yazıçıdan çox oxucudur. Onunla “qoz-qoz” oynamaq istəyənlərin çırpıldıqları qalın, hündür, keçilməz divar da, həmin bu mütaliə divarıdır. Adamlar başa düşmür ki, oxuyanla oxumayan əsla bir ola bilməz.

Ən sevdiyim əsəri “18,6 sm.” romanıdır. Burada fikirlərimiz üst-üstə düşür. O, özü də “18,6 sm.”in çağdaş Azərbaycan ədəbiyyatındakı yerini, dəyərini anlayır. “18,6 sm.” ürək sızıldadan kədərlə, öldürücü sarkazmın; zərif ironiya ilə, sərt realizmin bir yerdə yoğurulduğu qiymətli və olduqca təsirli romandır. Bu kitab haqda uzun-uzadı nəsə yazmağın yeri yoxdur. Onu sadəcə oxumaq lazımdır.

“Körpüsalanlar”la, “Ət və ət məhsulları”nı 10 ballıq şkala üzrə 7 balla qiymətləndirərdim. Hər birinin çağdaş ədəbiyyat tariximizdə özünəməxsus yeri olsa da, bu romanlar mənə bütöv olaraq yox fraqmentlərlə, şiddətli qrotesk səhnələrilə təsir göstərib. “18,6 sm.” ilə “Quqark” romanları isə, əvvəldən sona qədər oxucunu həyəcan içində saxlayır, gah göyə qaldırır, gah yerə çırpır, güldürür, ağladır...

“Quqark” Seymurun yaradıcılığında xüsusi yeri olan, haqqında ən çox danışılan, tənqid edilən, söyülən, sevilən, təriflənən, lənətlənən romandır. Lüləsindən paltar asılmış tank şəkli olan üz qabığı, artıq ilk saniyələrdən oxucunu romanın məzmununa hazırlayır. Tanınmış dizayner Orxan Hüseynovun fırçasından çıxan bu rəsm qədər müharibənin mənasızlığını, gərəksizliyini, gülünclüyünü ifadə edən başqa bir əsər tapmaq çətindir. Təsadüfi deyil ki, bu rəsm əsərinin ideya müəllifi də, elə Seymurun özüdür.

“Quqark”ın ilk səhifələrindən, Seymuru söyməyə başlamışdım. Söyüşlərimi ona sms-lə də yazırdım. “Sinizmin məni məhv edir. Çox əclaf adamsan”.

Üzərimə çökən səmimiyyət bolluğundan sərsəmləmişdim. Oxuduqca, belə bir çılpaqlığa hazır olmadığımın fərqinə varırdım. “Bu səmimiyyəti Seymura bağışlamayacaqlar” deyirdim. “Aldadanın da, aldananın bu total yalan atmosferində eyni dərəcədə xoşbəxt olduğu bir ölkədə yaşayırıq. Azərbaycanlılar belə şeyləri qiymətləndirmirlər. Bir əsərdə ki, riyakarlıq olmadı, narahat olurlar, diskomfort keçirirlər.”
Zatən gözlədiyim də oldu. Müəllifin səmimiliyi ona baha başa gəldi. Məsəlçün, romanda anası haqqında yazdıqları əleyhinə çevrildi. İrandan, Dubaydan mal gətirib satan, ailəsini dolandıran anasının Seymura hədiyyə edilən oyuncağı da satması, müəllifin yaxınları haqda və azərbaycanlılara yaraşan tərzdə müzakirələrin açılmasına rəvac verdi.

Xoşbəxtlikdən söyüşü, təhqiri görmür, eşitmir Seymur. Dünya dizindən aşağıdır. Bu, onun üstün cəhətlərindəndir. Reallığı dərk edən, bilən nadir adamlardandır. Reallıq isə göz qabağındadır - bu ölkədə yazıçısından şairinə, professorundan evdar qadınına, müəllimindən polisinə qədər – hamı özünü lotu kimi aparır. Azərbaycanlılar, istənilən polemikada son çarə kimi həmişə təhqirə, ana-bacı söhbətinə, “yortaram”, “cıraram”, “ayağımı soxaram” məzmununda ənənəvi “paradiqmalarına” sığınırlar. Özü də həyasızlıqda, şivənlikdə kişi olsun, qadın olsun fərqi yoxdur – eyni dərəcədə ləçərdirlər.

Arada-bir Seymurun ruhdan düşdüyü də olur.

“Bu xalq fədakarlığa qiymət vermir. Bunlar üçün kitab yazmağa dəyməz.”

“Niyə? Öyündükləri qədim tarixləri, analoqsuz mədəniyyətləri, namusları, qeyrətləri, toyları, el adətləri sənin bircə kitabınla sarsılırsa, deməli sən düz yoldasan. Dəyərləri laxdır, müqavimətsizdir deyə sənə hücum edirlər. Gücünün, imkanlarının fərqinə varmalısan. Yazmalısan.”

Bu tərz mübahisələrimiz tez-tez düşür. Onu yazıya kökləyənə qədər adamınkı adama dəyir. Seymuru anlamaq çox çətindir. Mürəkkəb adamdır. Apatiyaları bezdirici, yorucudur. Mız-mızalığı da var. Tənbəldir. Vasvasıdır. Günaşırı arvadlara sataşır. İfrat mədənidir. İctimai yerdə, yanında yüksək səslə danışanlardan qaçaraq uzaqlaşır. Daima, kimlərisə narahat etməkdən qorxur. Yaşa dolduqca, paranoyyaları çoxalır. Səxavətli adamdır, həm də israfçıdır, bədxərcdir.

Sonda qeyd edim ki, Seymur “Düşünəndə ki, bunlardan törəyənlər də elə özləri kimi eşşək olacaq...” deyən Axundov sindromu yaşayan milli sərvətimizdir. Qorunmalıdır.

Bu bir ovqat yazısı idi.

Əli Əkbər

Gündəlik Teleqraf

Yuxarı