SSRİ-Əfqan müharibəsi və qara lalələrdə daşınan 200 nömrəli yüklər
9 il, 1 ay, 12 gün davam edən müharibənin gerçək üzüSSRİ dövrünün repressiyalar…
2005-2007-ci illərdə Bakı Musiqi Akademiyasının magistr pilləsində təhsil aldığım zaman mühazirələrin birində belə bir fraza qulağımı növbəti dəfə deşdi: “...müasir bəstəkarlardan Sergey Prokofyev...”
Stop!
Təsəvvür edin, bir tələbə 5-7 il musiqi məktəbi, sonra 4 il musiqi kolleci oxuyandan sonra Bakı Musiqi Akademiyasında bəstəkarlıq təhsili ala bilər; orada isə ona əsasən XIX əsr Avropa musiqisindəki texnikalar öyrədiləcək! Sadəcə qeyri-populyar mövzudur deyə bu məsələlərin üstünə gedilməyib.
İfaçılarımızın repertuarı da əsasən XX əsrə qədər yazılmış musiqi ilə məhdudlaşır. XX əsrdən isə yalnız Sovet bəstəkarlarını çalırlar. Başqalarını isə bilmirlər; çünki dərsdə keçməyiblər, anlayışları yoxdur.
Üzeyir Hacıbəyovun Sovet dövründə qurduğu musiqi təhsili sistemimiz artıq bərbad vəziyyətə düşüb. Təsəvvür edin, notu üzündən oxuya bilən musiqiçi tapmaq (xüsusilə də milli musiqi alətləri ifaçıları arasından) müşkülə çevrilib. Təəssüf ki, Azərbaycan musiqisi Hacıbəyovdan əvvəlki halına – notsuzluğa, folklora qayıdır.
Bunun əsas səbəbi musiqi savadının cəmiyyətdəki qeyri-funksionallığıdır. Azərbaycanın yeganə ciddi musiqi industriyası – toydur. Orada isə nota ehtiyac yoxdur. Dünya standartlarına cavab verməyən iqtisadi sistemimiz isə normal şou-biznes industriyası yaranmasına imkan vermir, beləliklə pop musiqisi də inkişaf etmir, bu zaman canlı musiqiçilərə də ehtiyac qalmır və s.
Ü.Hacıbəyov özü də qeyd etdiyi kimi 28 Aprel 1920 ona imkan və şərait yaratmışdı. Sovet hökumətinin gücündən istifadə edən bu böyük xadim Azərbaycanda musiqi tədrisi sistemi yaradılması prosesinə başçılıq etdi. Üzeyir Hacıbəyovun qurduğu sistem bir neçə onillik uğurla irəlilədi. 1918-ci ilə qədər Qafqaz tatarları adlandırılan savadsız xalqın içindən Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər nəhənglər çıxdı. Elə Hacıbəyovun XX əsrin əvvələrində yazdığı bir felyetonda deyildiyi kimi, istedadlar üçün meydan açıldı və onlar öz istedadlarını nümayiş etdirə bildilər.
Ölkədə qurulan musiqi sisteminin uğurla işləməsinin bir səbəbi də Azərbaycanın Sovet musiqi industriyasına daxil olması idi. Azərbaycan bəstəkarlarının musiqisi, həmçinin ifaçıların çalğısı tək Azərbaycanda deyil, ən azı Kalininqraddan (Königsberg) Vladivostoka qədər uzanan ölkənin bütün şəhərlərinin səhnələrinə gedib çıxırdı. Hələ mən Sovet sərhədlərini aşanları demirəm.
Amma 70-lərdən başlayan durğunluq dövrü, həmçinin 80-lərin sonundan başlayaraq SSRİ-nin çöküşü, sonra müharibə və digər hadisələr Azərbaycanda musiqi təhsili sistemini məhv etdi!
Azərbaycan musiqi tədrisi sistemi demək olar ki, son 20-25 ildə özünə qapanıq formadadır. Doğrudur, aradabir master klasslar keçirilir, festivallar təşkil olunur; amma bunların çoxu gəldi-gedər xarakter daşıyır; bəzən isə sadəcə “quş qoymaq” üçün keçirilir.
Halbuki Azərbaycanda musiqi təhsili sıfırdan yenidən qurulmalıdır, özü də təhsil proqramları 1960-ların Sovet proqramları ilə deyil, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərdə tutulmaqla və xarici mütəxəssislərin iştirakı ilə yenidən yazılmalı, yerli musiqi tədris ocaqlarında tələbələrə dərs keçmək üçün uzun müddətə xaricdən pedaqoqlar dəvət olunmalı, musiqi təhsili alan tələbələr isə mütəmadi xaricdə ixtisasartırma kurslarına göndərilməlidir.
Bunlar ölkəmizin maddi resursları kontekstində o qədər də çətin deyil. Əgər Azərbaycan musiqi industriyasını Avropa musiqi industriyasının tərkib hissəsinə çevirə bilsək uzun müddət bu sahə barədə rahat ola bilərik.
Firudin Allahverdi
Gündəlik Teleqraf