post-title

Həqiqətdən absurda

Düşüncələrinə vərdiş etmiş, əsaslı və həqiqətə uyğun olduğunu düşünən bir kimsə, düşüncəsinin yanlış ola biləcəyi ehtimalını könülsüz qəbul etsə də, öz həqiqətlərini müzakirəyə çıxarma cəsarətinə sahib olmalıdır. Düşüncələrini müzakirəyə çıxarmayan insan bilməlidir ki, həqiqət hesab etdiyi düşüncələrə yalnızca ölü bir doqma olaraq inanacaq.

 

 
 
Həqiqət isə axıcıdır, dəyişkəndir o hərəkətsiz ölü deyil. Bizlər öz düşüncələrimizin yanlış ola biləcəyi ehtimalını qəbul etmək istəmədikcə, həyatımızın mənası saydığımız, lakin sıradan bir doqma olan düşüncələrimiz həqiqətlə ziddiyyət təşkil edəcək. 
 
Kamyuya görə həyat o vaxt absurd olur ki, mənalı hesab etdiklərimizlə həqiqət arasında ziddiyyət yaranır. Doqmalarla yaşayan bir insanın həyatı absurddur.
 
Öz həqiqətini itirmək çox ağırdır. Bu halı yaşayan biri kimi, həqiqətini itirməkdə olan bir insanın necə əzab çəkdiyini yaxşı bilirəm. Biz anlamalıyıq ki, həyat prinsiplərimizə çevirdiyimiz bəzi düşüncələrimiz əslində düşündüyümüz qədər dəyərli deyil, çünki biz onları təsadüfən qazanırıq. Təsadüfən qarşımıza çıxan bir adam, kitab, hər hansı bir hadisə, təsadüfən Azərbaycanda doğulmağımız və.s. İnsan düşüncəsini formalaşdıran hər şey əslində təsadüfdür. Səkkizinci sinifdə oxuyanda rəsmxət müəllimim bizə ancaq fəlsəfədən danışmasaydı, mən yəqin ki, fəlsəfə oxumazdım.
 
Biz sadəcə anlamalıyıq ki, həyat yenilikdən uzaq düşdüyü dərəcədə absurddur. Öz həqiqətlərini daim müzakirəyə çıxaran və onun doğruluğuna şübhə etməyi bacaran adam bunu anlayır. Əgər doğurdan da həyatımızı mənalandıran düşüncələrimiz təsadüfün nəticəsidirsə, onda onu itirməkdən qorxmamalıyıq. Özünü inkar etməyi bacarmaq lazımdı. Bu ancaq insanın xeyrinə olardı, çünki hər inkar özü ilə yenilik gətirir. Yenilik isə inkişaf deməkdir. Yeniliyə qarşı cəsarətli olan adam ölənə qədər gənc olur.
 
İnkar məsələsini də bir az aydınlaşdırmaq istəyirəm. Mən inkar deyəndə tezis-antitezis-sintez üçlüyündən danışmıram. Mən sintezsiz inkardan danışıram. Köhnəlmiş, həqiqətə uyğun olmayan düşüncələrlə, həqiqət necə sintez oluna bilər?
 
Köhnə, yalan hər bir şey atılmalıdır, əvəzinə yenisi gətirilməlidir. İdraki məsələlərdə dialektikanın funksionallığı mənə şübhəli gəlir. Mənim fikrimcə inkişafın hərəkətverici qüvvəsi ziddiyyət yox inkardır.
 
Elə bir düşüncə yoxdur ki, bir insan həyatı boyu həqiqi olaraq qalsın. Onun həqiqiliyindən mütləq nə isə əskiləcək.
 
Son
 
Yazıda göstərilən bir fikrin müəllif tərəfindən öz dövrü ilə, cəmiyyəti ilə müqayisə olunması, sonda da “bizim əsas problemimiz budur” kimi mesajların verilməsi, mənim heç vaxt xoşuma gəlməyib. 
 
Mən düşüncənin yalnızca bir cəmiyyətə, ya da bir qrupa aid ola biləcəyinə inanmıram.  Düşüncələr yalnız fərdə aiddir.
 
Onun vicdanına, nəfsinə, xoşbəxtliyinə, bədbəxtliyinə ehtirasına və təmin olunmasına.
 
Elə düşüncənin bu təbiətinə görə də mən onun universal olduğuna inanıram. Bəli universal, çünki düşüncə fərdə xitab etdiyi qədər universaldır. Fərdlər ailəni, cəmiyyəti, bəşəriyyəti təşkil edir. Onlara aid olunan mənaları yaradır. 
 
Zatən kütlələri fəlsəfi olaraq aydınlatmaq mümkün deyil. Yalnız fərdlər aydınlana bilər hansı ki, onlar cəmiyyəti yaradan elementlərdir. Kütlə isə cəmiyyətin imtina edə bilmədiyi və əslində onsuz da keçinə bilmədiyi bir hissəsidir. Kütlə cəmiyyəti ətalətdə saxlayır amma kütlənin olmadığı cəmiyyət də yoxdur. Cəmiyyəti yalnız fərdlər dəyişə bilər. Bir cəmiyyətdə hələ də fərdlər varsa, o cəmiyyətdən əlini üzmək hələ tezdir.
 
P.S. Şablon da olsa, bunu yazacağam: Həqiqətin də dəyişməyən bir tərəfi var. Oda hər şeyin dəyişdiyi həqiqətidir.
 
Saleh Mehdizadə
 
Kultura.Az
Yuxarı