BİZ nə istəyirik:
1. Fikir azadlığı;
2. İnsan hüquqlarının qorunmasını;
3. İnsanın insan hesab edilməsini;
4. Mülkiyyət hüquqlarının qorunmasını;
5. Azərbaycan gəncinin yüksək təhsili, savadı olmasını;
6. Vətənimizin sərvətlərini, büdcəsini bir neçə qrup tərəfindən sümürülməməsini.
Hələ normal ölkə olmağımız üçün tələblər çoxdu, siyahını uzatmaq olar. Bir az çox oldu istəklərimiz eləmi? Əslində tam demokratik dövlətə çevrilsək bunların hamısı olacaq.
İndi saydığım bəzi istəklərimizi çox bəsitcə izah edim.
1. Sən! Azərbaycan vətəndaşı, facebook-da yazılan hər hansı bir statusu “like” etməyə çəkinirsən.
2. İnsan hüquqları, geniş məna ifadə edir. Sadə misal çəkim. Gedirsən məhkəməyə kimdənsə şikayət edirsən, qarşı tərəf çox BÖYÜK adamın adamı olduğundan ərizənə tüpürmürlər və ya qarşı tərəf əvvəlcədən nə sehr edirsə, sən haqlı ola-ola, haqsız hesab edilirsən.
3. Burada söhbət ondan gedir ki, Sən əgər kasıb, vəzifəsiz birisənsə, məcbur olub tikintidə əmək müqaviləsi olmadan, təhlükəsizlik tədbirləri görülmədən işləyəcəksən və bir gün on yeddinci mərtəbədən yıxılıb öləcəksən.
4. Günlərin bir günü eşidəcəksən ki, yaşadığın evin ortasından yol çəkilməlidir, al bu qədər pulu çıx bayıra. Bir növ xiyardı budu məsəli.
5. Sən yəqin ki, Beynəlxalq Münasibətlər fakültəsində təhsil alan, qandığı bir qrafa olmayan, heç bir xarici dili heç “beginner” dərəcəsində bilməyən tələbələr tiplərindən çox görüb, ürəyində onun üçün demisən “səndən heç eşşəkotaran da olmayacaq”.
6. Sən güman ki, çox eşitmisən hansısa idarəyə hansısa yeni rəis gəlir və yanbaşına qohum-əqrəbasını, dost-tanışını yığıb öz qrupunu yaradır, təmir və ya digər adlarla büdcədən pullar çıxarıb özlərinə xərcləyirlər.
Mənim kimi düşünənlər kifayət qədər olmasa da, az-çox var. BİZlərdən bəzilərimiz gənclər təşkilatlarında birləşmişik. Mən “Azad Gənclik Təşkilat”ına qoşulmuşam. BİZ müxalifət deyilik. Ola bilər ki, kimə müxalifət partiyalarından hansınasa rəğbət bəsləyə bilər, hətta, üzv ola bilər. Amma əksəriyyətimiz heç bir partiya ilə işi olmayan insanlarıq. Mən özüm 2-3 il əvvəl YAP-a üzv olmaq istədim, lakin o vaxtı universitetdə bu işə baxanlar o qədər sərfəsizlik etdilər ki, məndə də həvəsi öldürdülər. Ancaq yaxşı ki, üzv olmadım. Sonradan başa düşdüm ki, Azərbaycanda siyasi partiya üzvü olmaq çətin məsələdir. Bu yana getsəm “yaltaq”, o yana getsəm “erməni” olur adam.
Məcid Həsənli
Kultura.Az