post-title

Seymur Baycan Tarkovskinin xanımını tanıyırmı?

Seymur Baycanın “Yaradıcı şəxsin qadını necə olmalıdır” resept - yazısını və məqaləyə qəzəbli qadınların yazdığı şərhləri oxudum. Seymur qadınlarla müharibədədir. Onun mövqeyini bölüşməsəm də, təhqiramiz, emosiya dolu şərhlərlə də razılaşmıram. Həmişə tolerantlığın və normal polemikanın tərəfdarı olmuşam. Beləliklə, mətləbə keçək.

 

Başqa millətin qadınlarına, xüsusən də rus qadınlarına hədsiz rəğbət bəsləyən Seymur məlum məqaləsində Azərbaycan qadını ilə bağlı yazır: “Bunlara gül-çiçək yox, qan lazımdır. Damardan fincana süzüb içsinlər.”

Balansı qorumaq üçün qərara aldım ki, rus yaradıcı kişilərinin qanını içən rus qadınlarından yazım. Seymur adətən rus yazıçılarının əsərlərində yaratdığı obrazlara da pərəstiş edir. Ona görə də ədəbi obrazdan başlayaq.

Rus ədəbiyyatının klassiki Puşkin “Balıqçı və balıq” nağılında tamahkar rus qarısının obrazını yaradır. Nəfsinə hakim olmayan şöhrətpərəst qadın zavallı ərini hər gün qızıl balığın yanına göndərib var dövlət, imarət və s. tələb edir. Sonda qızıl balığın səbri tükənir və qarını cəzalandırmaq üçün hər şeyi onun əlindən alır. Qeyd edim ki, bu nağıl Qrimm qardaşlarının “Balıqçı və onun arvadı” və “Acgöz qarı” rus xalq nağılına əsaslanır. Yəni bunun Seymurun nifrət etdiyi Şərqlə heç bir əlaqəsi yoxdur.

Puşkindən söz düşmüşkən, onun ölümündə günahkar kimi həyat yoldaşı Natalya Qonçarovanın adı həmişə hallanır. Hətta Anna Axmatova Qonçarovanı şairin qətlində “vasitəçi”, “agent” adlandırıb. 

Amma rus ədəbiyyatşünasları cidd-cəhdlə əsaslandırmağa çalışırlar ki, Qonçarova aydan arı, sudan duru olub. Və onlar rus ədəbiyyatının digər klassiki Tolstoyun arvadı Sofya Andreyevnanı da təmizə çıxarmağa çalışırlar. 

1880-1890-cı illərdə Tolstoyun mülkiyyətindən imtina etməsi arvadı ilə arasında ixtilafa səbəb olur. Qadın öz zəhməti hesabına yaşamaq istəmir və alışdığı zəngin həyat tərzindən imtina etmir. Və yazıçının Yasnaya Polyanadan gedib kiçik bir qatar stansiyasında ölməsinə bu fikir ayrılığı səbəb olur. 
Sofya “Mənim həyatım ” adlı gündəliyində özünə haqq qazandırmaq üçün maddi çətinliklərin mövcudluğunu, uşaqların qayğısına qalmağın çətinliyini əsas gətirir. Əri öləndən sonra guya buna görə vicdan əzabı keçirdiyini deyir. 

Dünən “Dahi abidin gedişi” adlı film izlədim. Tolstoyun son günlərinə həsr olunmuş səssiz film 1912-ci ildə rejissor Yakov Protazanov tərəfindən çəkilib. 

O zaman Tolstoyun yaxınları filmin Rusiyada pokata buraxılmasına etiraz ediblər. Səhnələrdə Sofya satirik, kəndlilərin qanını içən, amansız, daşürəkli, həris qadın , Tolstoy isə arvadından qorxan ər kimi təsvir olunur. 

Tolstoy nəzakətli, mədəni insan idi və arvadına yazdığı son məktubda ədəb ərkanla, dolayısı ilə daha onu görmək istəmədiyinə eyham vurumuşdu. 

Seymur yazır: “Üstəlik, Azərbaycan qadını ərinin istedadını qısqanır. Sən şair, yazıçı adı arxasında gizlənə bilməzsən. O, səninlə bərabərhüquqlu şəxs kimi danışmaq üçün mütləq tələm-tələsik şeir, hekayə yazacaq”.

Sofya ərindən geri qalmamaq üçün hekayələr, povestlər yazırdı. Amma ərindən fərqli olaraq, ona dünya ədəbiyyatının klassiki adını qazanmaq nəsib olmadı.

Andrey Tarkovskinin da qadın sarıdan bəxti gətirməyib. Onun birinci arvadı, tələbə yoldaşı olmuş İrma Rauş uzun çək- çevirdən, naz-qəmzədən sonra rejissora “hə” demişdi. Amma nigahları bir müddət sonra çat verib. Arvadının qayğısına həsrət qalan Tarkovski yeməyi də özü hazırlayırmış. 

Tarkovski dahi olsa da, xaraktercə zəif adam idi. Ona görə də onun qadından çox qayğısnı uşaq kimi çəkən, onu yedirib-içirən həyat yoldaşı-anaya ehtiyacı vardı. Həmin qadın “Andrey Rublyov”da onun köməkçisi olmuş Larisa Kizilova idi. 

Əyalətdən gələn Larisa Tarkovskini çimizdirir, yedirir-içiririr, onun üçün maksimum rahatlıq yaradırdı. Və yaxınlarının, dostlarının dediyinə görə Tarkovski ilə həyatını özünün şəxsi mənfəətləri naminə birləşdirən Larisanın əsas məqsədi tarixdə onun arvadı və muzası kimi qalmaq idi. Bunun üçün Larisa hər şeyə hazır idi. O, üzərinə lazım olduğundan çox şey göturur, özünü gözə soxmağa çalışır, onun muzası olmaqdan ötrü dəridən qabıqdan çıxırdı. Tarkovski intellektual, aristokrat təmkinli idisə, Larisa bir o qədər iddialı, şöhrətpərəst, meşşan idi. 

O Tarkovskinin filmlərində baş rolda oynamağı çox istəyirdi və hətta “Güzgü” filmində baş rolu oynayan Marqarita Terexovaya qısqanclıqla yanaşırdı. 

Tarkovski məişətdə zəif olsa da, filmlərində prinsipial idi və arvadının aktrisa kimi onun filmlərində oynamağa potensialı olmadığını bilirdi.
“Tarkovski və mən” kitabında O. Surkova yazır: “Larisa Pavlovnanın ən böyük arzusu kinoulduz olmaq və ərinin filmlərində rol almaq idi.” 

Rejissorun dostlarından biri A.Qordonun dediyinə görə, onların tez-tez mübahisəsi olurdu və Tarkovski küsüb evdən gedirdi. Bacısının sözlərinə görə Tarkovski xaricdə arvadının təzqiyi ilə qalmışdı. Çünki Tarkovskinin hesabına xaricdə yaşamaq onun əsas məqsədlərindən biri idi. 

Seymur yazır: “Professor gedir bir dostunun evinə. Fəsil yay. Dostunun həyat yoldaşı ermənidir. Görür ki, qadın yun corab geyinib. Professor soruşur ki, səhhətində problem var? 
Qadın cavab verir ki, səhhətində problem yoxdur. Sadəcə, "tapıçka" geyinib evdə gəzəndə, səs çıxır. İşləyən əri narahat olmasın deyə yun corab geyinib”. 

Larisanın mövqeyindən çıxış etsək, bu əhvalatı istənilən cür traktovka edə bilərik. Məsələn, erməni qadın Larisa kimi mənfəətpərəst idi, ərinin yaradıcılığına qazanc mənbəyi kimi baxırdı və ona görə rahatlıq yaradırdı. 

Ya da əri ona nə vaxtsa çəkələklərinin səs çıxardığını irad tutduğundan, o yun corabda gəzməyə məcbur idi. 

Miloş Formanın “Amadey” filminə nəzər salaq. Onun arvadı Konstansa Motsartın yaradıcılığına maddiyyat kimi baxırdı, tənbəl, pinti olmasına rəğmən ərinin pul qazanması üçün şərait yaratmağa çalışırdı. Motsartın içkiyə qurşanması mənfəətpərəst Kontansanı belə təngə gətirdi və onu tərk etdi.

Seymur yazır: ”Azərbaycanın ən istedadlı şairini arvadı adamların arasında dəfələrlə təhqir edib. Kafedə dostlarla araq içdiyi yerdə girib içəri, söyüb, təhqir edib, başına çanta çırpıb, adamların arasında əlini cibinə salıb pulunu sayıb”...

Yeniyetmə və ya daha gənc yaşında evlənib, uşaq sahibi olan, sonra bütün qayğıları, ailə məsuliyyətini arvadının üzərinə atıb, gününü araq içməklə keçirən yaradıçı kişiyə qadın niyə dözməlidir?

Üstəlik, həmin yaradıcı adamda nəinki Motsartın, heç Dovlatovun da istedadı yoxdursa...

Sevda Sultanova

Kulis.Az

Yuxarı