post-title

Azərbaycan mediasi: yayım, ya yaymayım

Siz McDonald‘s-da yeməyi sevirsiniz. Siz Coca-Cola içməyi sevirsiniz. Siz Kent çəkməyi sevirsiniz. Siz son markalı mobil telefonu istifadə etməyi sevirsiniz. Siz son markalı import maşını sürməyi sevirsiniz. Siz bu il geniş ətəkli şalvar geyinməyi sevirsiniz. Siz “Bvlgari” malları gəzdirməyi sevirsiniz. Siz ağbədən, sarısaç, uzunayaq, iridöşlü, şişman dodaqlı pop ulduzunun səsini çox sevirsiniz. Biz bunların hamısını bilirik, çünki biz qərar veririk siz nə etməyi sevməlisiniz.

 

 
Azərbaycan dövlət mediasının yaydığı bir məlumatda, səhv etmirəmsə, Almaniya - seksual xəstələrin və rüşvətxorların ölkəsi kimi təqdim olunub. Bu məlumatdan əvvəl isə “Elm və Siyasət Fondu”nun (Beynəlxalq Siyasət və Təhlükəsizlik üçün Alman İnstitutu) direktoru Professor Doktor Volker Perthes Münxen Təhlükəsizlik Konfransında Michael Diekmann`a ünvanladığı sual AzTV-də yayımlanmışdı, ondan daha əvvəl Markus Löning və bir neçə başqa Alman dövlət xadimləri Azərbaycan dövlətini mediada sərt tənqid etmişdilər.
 
Bu sualın və tənqidlərin müxtəlif xarakterli olduğunu müxtəlif perspektivlərdən baxdıqda anlamaq olar, (misalçün, Bəxtiyar Hacıyevin məsələsində, onun valideynləri və dostları mövqeyindən baxsaq bir cür, misalçün onu tutan polisin valideynləri tərəfindən baxsaq tamam başqa cür, Harvard Universitetinin Rektoru tərəfindən baxsaq üçüncü xarakterlə tanış olmuş oluruq, belə də davam edir) amma Azərbaycan dövlət mediyası bunları məhz Azərbaycanın maraqlarına qarşı (təzəcə oxumuşam deyə qəfildən yadıma düşdü: “mütləq monarxiyada əhalinin istəkləri və fikirləri nəzərə alınmır”) atılan addımlar kimi qiymətləndirərək, öz alətlərindən istifadə edib əhalidə Almaniyaya qarşı mənfi təəssürat və münasibət yaratmaq cəhdi ilə cavablandırıb. 
 
Bu qədər sadə: 82 milyon alman əhalisinin içindən bir nəfər (Professor Doktor) öz fikrini olduğu kimi insanlara bildirib və bununla da Alman xalqına Azərbaycanda seksual xəstə və rüşvətxor “titulu” qazandırıb, halbu ki, Almaniyada digər tiplər də yaşayır: misalçün, BMW istehsal edən zavodun direktoru, Eurovision Mahnı Müsabiqəsi 2012-də Crystal Hall tikən mühəndis, Sumqayıt şəhərinə zibil daşıyan maşınları hədiyyə edən şirkətin maliyyə başçısı, Neft-Qazmada istifadə olunan dəmir cihazları istehsal edən şirkətin araşdırma mühəndisi, Avropa Birliyini iqtisadi krizisdən xilas etməyə çalışan kansler və xilas etməyə cəhd göstərmək üçün Almaniyanın iqtisadi gücünü idarə edən invalid nazir, nobel mükafatı alan qadın yazıçı, və s. 
 
XX əsrin ikinci yarısından başlayaraq kütləni idarə etmək üçün mediadan daha güclü bir alət yoxdur. Propaqanda kitabda yazılarsa, onun oxucu sayı məhdud olur, amma mediada bu daha kompleks formata malikdi, çünki, o, ən böyük auditoriyaya və müxtəlif zehinlərə, kütlə psixologiyasını öyrənərək, daha geniş maraqlara uyğun proqramlarla propaqanda aparma qabiliyyətinə malikdi. Media və propaqanda mövzusunda bir film tövsiyyə edə bilərəm (hələ baxmayanlar üçün): 
 
Ingiliscə: “Wag the Dog“
Rusca: “Плутовство” və ya “Хвост виляет собакой” yaxud “Виляя собакой”
Türkcə: “Başkanın adamları”
 
Filmin süjetini bu mətndən təsvir etmək olar: 
 
“İt niyə quryuğunu yelləyir?
Çünki, o, quyruqdan ağıllıdı.
Quyruq itdən ağıllı olsaydı, o, iti yelləyərdi.”
 
Dövlət mediası əhaliyə "sağlam məlumat" vermədiyindən, ondan bəlkə belə də yararlanmaq olar: tənqid edilən mövzuları - öyrənilməyə layiq mövzular kimi qəbul etmək və onları araşdırmaq.
 
Vazeh Mustafa
 
Kultura.Az
Yuxarı