post-title

Yeni Yasamal – lənət məkan?

Yeni Yasamalda bir il öncə ipoteka ilə mənzil aldım. Ürəyim istəyən kimi təmir etdirdim. Köçdüm. Dediyim kimi, bir ildir orda yaşayıram. Buna yaşamaq demək olarsa, başınıza gəlsin. Kaş ki, bir il əvvəl, Yeni Yasamalın o məlum yoxuşundan endiyim yerdə, üstümə KAMAZ, ya da betonqarışdıran maşın aşaydı. Yaxud da torpaq sürüşməsi baş verəydi, zığın altında qalaydım. Ya da “Dağlı” məhəlləsinin əli təsbehli, ürəyi kədərli, nazik bığlı lotusu, alatoranlıqda qəfil tindən çıxıb məni bıçaqlayaydı.

 

 

Axır nəsə baş verəydi, ordan ev almayaydım, Yeni Yasamalı tanımayaydım.

Bilirsiniz, insan bəzən sadəcə üsyan etmək istəyir. Etik çərçivə, tərbiyə, nə bilim qonum-qonşu zad hərləmir. Sonuncular haqqında da çox şey danışmaq olar.

Yeni Yasamalda, doqquzmərtəbəli binanın birinci mərtəbəsində qalıram. Bu günə kimi də mənə məlum deyil ki, yuxarı mərtəbələrdən pampersi, siqareti, mandarin qabığını, kartof qabığını, menstruasiya bezini, şəxsiyyətini aşağı, düz pəncərəmin altına, ya da maşınların üstünə kim və nə üçün tullayır? O adam(lar)ı ifşa etmək cəhdlərim nəticə verməyib. Xeyli sayda ziyalı ailənin yaşadığı həyətimizdə, bu tərbiyəsizlikləri kimlərin etdiyini anlamaq olmur.

Keçən il, bir yay səhəri oyandım ki, həyətdə mərəkə qopub. Tez çıxdım bayıra. Nə görsəm yaxşıdı? Yalan olmasın, azı 20 maşının qapıları təpiklənib, əzilib, təkərləri deşilib. İndiyə qədər bunu kimin, ya da kimlərin etdiyi bilinmir. Nəzərinizə çatdırım ki, həyətimizdə polis bölməsi var. Hə, noolsun? Zərərçəkmiş qonşulardan biri dedi ki, bunu edənlər bizim məhlənin adamları deyil, kənardan gələnlərdir. Ola bilər.

7 və 10 yaşlı oğlanlarım həyətdə mənim belə eşitmədiyim, bilmədiyim söyüşləri əxz ediblər. Təsəvvür edirsiniz? Mənim eşitmədiyim, bilmədiyim! Sonda çarəni, uşaqları evə həbs etməkdə tapdım. İndi həyət-baca üzünə həsrət qalıblar.

Yay olan kimi hardan gəldikləri bəlli olmayan gənc, ziyalı ceyillər pəncərəmizin altına toplaşıb, ağızlarının ekskrementini tökürlər çölə. Məcbur olursan bunların “bazlıq”, “07”, “prokrutka”, “təkər qaldırma” əhvalatlarını, kiminsə “yaxşı oğlan”, “pis oğlan” ya da “quş” olması haqda əttökən söhbətlərini eşidəsən.

“Günəş petrol”dan üzüaşağı aparan asfalt(!) yolla nə piyada, nə də maşınla düşmək mümkün deyil. Adam bu yolda cəhənnəmin bütün qatlarından keçir. Bu qədər çuxur, quyu, çökəklik heç kraterlərlə zəngin Ayda da yoxdur. Bu yol asfaltlansa da, uzağı bir ay sonra gəlib təzədən qazırlar, yolun altını üstünə çevirirlər. Bilinmir nə işdi? Dədələrinin başını axtarırlar, xəzinə tapmaq istəyirlər, yoxsa bizi dolayıblar? Elə bil kimsə tez-tez Yeni Yasamalı qumarda uduzur. Ya da kimlərsə buranın əhalisi ilə möhkəm məzələnir. Bəlkə də Yeni Yasamalla prinsipləri, ədavətləri var? Axır, hər kimdirsə güclü adamdır. Ölkədə söz yiyəsidir.

77 saylı avtobus Yeni Yasamalı sivilizasiya ilə birləşdirən yeganə vasitədir - düz Axundov bağına gedir. Bu qorxunc avtobusun içinə bu qədər adam necə sığır anlamıram. Yaş fərqi qoymadan arvadları əlləyənlər, araq, sarımsaq iyi verənlər, gəyirənlər, qaz buraxanlar, ağlayan körpə uşaqlar – bunların hamısı, ənənəvi 77 mənzərələridir. Uşaqları iki gün bu avtobusla məktəbə apardım, az qaldılar ayaq altda qalıb əzilsinlər.

Əlbəttə, uşaqlar Yasamalda da oxuya bilərdilər. Bu ərazidə məktəblər var. Mən o məktəblərə ötən il gedib baxmışam. Onca dəqiqə bəs elədi ki, bunların təhsil ocağından çox, uşaq koloniyasına oxşadığını görüm. Dərs vaxtı dəhlizlərdə qışqıra-qışqıra qaçan yekə, bığlı oğlanlar, söyüşün biri bir qəpik, qəribə, mənşəyi bilinməyən səslər, tüpürcəklər, tualet üfunəti. Dəhlizlərdə yekə, qızıldiş arvadlar da gözə dəyirdi. Sonuncuların müəllimələr olduğunu dedilər.

“Bəs rus sektoru?”

“Bunlar elə rus sektorudur...”

Qayıtdım gəldim evə.

“Sizi hər gün şəhərə apararam, amma burda oxutmaram”. Bu, son qərarım idi.

Bilmirəm Yeni Yasamala kim, necə, nə vaxt əl gəzdirəcək. Ümumiyyətlə Yeni Yasamalın abadlaşdırılması, infrastrukturunun heç olmasa 19-cu əsrə uyğunlaşdırılması, elementar həyat standartlarının tətbiqi planda varmı? Nəzərdə tutulubmu? Yeni Yasamal artıq mənim gözümdə Şeytan kanyonu kimi lənətlənmiş bir yerdir.

Ya buranı düzəldin, ya da kömək edin burdan köçüm.

Yeri gəlmişkən, mənə Yeni Yasamaldan köçməyə kömək edən adamın, 40 il köləsi olaram.

Əli Əkbər

Kultura.Az

Yuxarı