post-title

Seymur Baycanın “Körpüsalanlar” romanı haqqında

Ondan başlayaq ki, başa düşdüyüm qədər müəllif bu kitabda paralel aparmaq istəyib. Bizim cəmiyyət və sivil cəmiyyətə aid çəkilmiş filmlə. Həm də əsas paraleli bu iki cəmiyyətin fonunda görünən hər cəhətcə bir-birinə bənzəyən insan, biri bizdə yaşayan Ruslan, digəri isə xaricdə yaşayan, çəkildiyi filmin qəhrəmanı Rikardo ilə aparıb.

 

Onları bir birindən fərqləndirən yaşadıqları cəmiyyətdi. Müəllifin məqsədi Ruslanla Rikardonun oxşarlıqlarına baxmayaraq fərqli cəmiyyətdə yaşamaqları nəticəsində meydana çıxan ziddiyyəti, bu ziddiyyətin görüntüsündə qabarıq şəkildə nəzərə çarpan cəmiyyətimizdəki eybəcərlıkləri və bundan yaranan insan faciəsini göstərmək olub.

Rikardo rolunun ifaçısı istedadınin imkan verdiyi sahə üzrə, aktyorluqla məşğul olur. Ruslanın da həvəsi aktyorluğadır. Lakin aktyorluqdan beş dəfə imtahan versə də kəsirlər. Çarəsiz qalan Ruslan fəhləlik edir. Körpüsalan olur. Əks tərəfdə Ruslanın hər cəhətcə oxşarı seriala çəkilir. Filmin adı da  maraqlıdı. “Rikardonun iztirabları”. Biz əsər boyunca serialdan franqmentləri oxuyuruq və Rikardonun hansı “iztirablar” çəkdiyinin şahidi oluruq. Bəs onda bizim tərəfdəki Ruslanın çəkdikləri nədir. Yəqin ki, cəhənnəm əzabı. Halbuki sağlam cəmiyyətdə yaşasaydı instituta girər, təhsil alar, o da filmlərə, ceriallara çəkilərdi. Amma bu baş vermir. Nəticədə “Rikardonun iztirabları” kimi seriallar xaricdən pulla alınaraq tamaşaçılara göstərilir. Niyə? Axı özümüz çəkə bilmərikmi? Yox. Çünki sərbəst seçim yoxdu. Aktyorluq üçün yaranmışı institutdan kəsirlər. Yerinə isə pul verib gələn yararsızı seçirlər. O isə tamaşaçıya təsir edə bilmir. Bu səbəbdən kimsə tamaşaya baxmaq istəmir, tamaşalar zamanı oturacaqların boş qalır, çəkilən kinolar zəif alınır və s.
 
Amma xaricdə yaşayan Ruslan kimi istedadlı aktyorlar isə təbii seçim nəticəsində irəli gedir, seriallara çəkilir, uğurlu oyunlarının maddi qarşılığın alaraq varlanırlar, həm özləri həm də ölkələrini tanıda bilirlər. Kitabda yazıldığı kimi “Lider” kanalı belə serialları pulla alıb bizə göstərir. Halbuki Ruslan kimiləri imtahandan kəsməsəydilər belə filmlər, tamaşalar bizdə də uğurlu alınardı. Teatrlar tamaşaçı ilə dolu olardı. Müəllifin demək istədiklərindən biri məhz budur. O Rikardonun Ruslana oxşamasını təsadüfi qeyd etməyib.
 
Əsərdəki hadisə istedadlı insanın məhv olmasına aid bir nümunədi. Söhbət təkcə aktyorluqdan getmir. Xəstə cəmiyyətlərdə bütün sahələr belə olur. Eynən bizdəki kimi. Bunun bir düşməni var. Korrupsiya. Bu bəlanın vurdugu zədələr nəticəsində bütün sahələrdə olan seçilmişlər hərəsi bir formada məhv olur. Bəziləri Ruslan kimi intihar edir, bəziləri içkiyə qurşanır, bəziləri də tərkdünya olub ibadətlə məşğul olurlar. Nisbətən dirbaşlar isə xaricə əkilirlər. Türkiyəyə gedən elm adamlarımızı buna misal göstərmək olar.
 
Korrupsiya bu gün də bütün sahələrə təcavüz edərək dağıtmaqda davam edir. Bu dağıdılma həmin sahələrə gərəkli insanları da məhv edir. Ruslan kimi... O iştirakçısı olmalı olduğu yerə, teatr səhnəsinə kənardan baxır. Teatra güclə gətirilən polislər və tələbələr isə dram əsərində (komediyada yox) deyilən hər adi sözə uğunub gedirlər. Bunun bir səbəbi həmin insanların səviyyələrinin aşağı olmasıdırsa dıgər səbəb zəif aktyor oyunudu. Tamaşaya, teatra çox şey verə biləcək adam (Ruslan) bütün bunlara kənardan baxmaq məcburiyyətindədi.
 
 *            *            *
 
“Körpüsalanlar” romanı barədə Qan Turalı, Günel Mövlud, Şahvələd Çobanoğlunun fikirlərin oxumuşam. Ancaq yuxarıda qeyd etdiyim, bizim cəmiyyətlə sivil cəmiyyət, yaxud Ruslanla Rikardo paraleli barədə onların qeydlərinə rast gəlməmişəm. Bilmirəm görməyiblər, yaxud ciddi bir şey kimi əhəmiyyət verməyiblər. Halbuki bu paralel kitabın ana xəttini təşkil edir. Ümumiyyətlə müəllif demək istədiklərini bir qədər qapalı verib. Yaxşı olardı ki, bir qədər də açaydı. Çünki bütün oxucular onun səviyyəsində deyil. Yəni öz arşını ilə ölçməməli idi. Nəzərdən qaçırmaq olmaz ki, bu ölkədə kitab az oxunduğundan anlayış səviyyəsi aşağı ola bilər. Sadə oxucu kütləsini nəzərə alaraq bir qədər aydın yazmaq olardı. Kitabı tələsik və ötəri oxuduqda  mənasız görünə bilər. Necə ki, Günel Mövlud belə sözlər işlədib.
 
Əsərdə ümumən müəllifin nə demək istədiyi aydın olsa da “xətlər arası” əlaqələr zəifdi. Məsələn: Ruslan necə oldu Bakıda qaldı, körpüsalanlara qoşuldu? Ruslanın istedadlı aktyor olmağı real həyatda görünmür. Zənnimcə görünməli idi. Dieqonun da Monika ılə macərası əsərdə qəfildən peyda olur. Bu hissəni müəllif əsərə salmaqla əvvəlki fəslin (bizdə dəlilərə münasibətin) bu fəsillə (xaricdə dəlilərə münasibətlə) müqayisəsində görünən təzaqı vermək istəyib. Təzad uğurlu alınsa da Dieqo, Sandra və Monikanın əsərə “soxulmasın” uğurlu saymaq olmaz. Eləcə də Babəkin əsərdə görünməsi və itməsi romanın canına hopmur. Yeri gəlmişkən, Babəkin müharibə vaxtı evinə qayıtması təsvir olunarkən burda bir neçə yerdə biz Babək əvəzinə Ruslan adını oxuyuruq. Bunu belə başa düşmək olar ki, ya müəllif qaralamada hadisələri Ruslanın başına gələn kimi göstərib, lakin sonradan  hansı səbəbdənsə fikrini dəyişərək Ruslan adını Babəklə əvəzləyib, bu zaman bir neçə yerdə addəyişməni unudub. Ya da bunu bilərəkdən edib. Yəni ola bilər ədəbiyyatdakı yeni üslublardandı ki, bizim xəbərimiz yoxdu. Çox güman birinci versiya doğrudu. İkinci versiyanı isə hər ehtimala qarşı, sığortalanmaq üçün yazdım.
 
Ümumiyyətlə yuxarıda sadalanan çatışmamazlıqlar yəqin ki, təcrübəsizlikdəndi. Zaman keçdikcə qaydasına düşəcək. Sadəcə gördüyün işə inanmaq və işləmək, yəni yazmaq lazımdı. Rəssam bir şəklin alınması üçün eskizlər çəkir, yüzlərlə qaralamalar cızır, məşq edir. Yazıçı da belədi. Çoxlu yazmalıdı. Yazmalıdı deyəndə elə başa düşülməsin ki, hər yerindən duran yazmalıdı. Belədə ədəbiyyat zibillənər. Yalnız istedadı olanlar yazmalıdı. İstedad isə Seymurda Baycanda var. Çoxlu yazmaqla yanaşı təcrübəli yazıçılarla söhbətləşmək, onlardan məsləhət almaq da lazımdı. Səhv etmirəmsə Yazıçılar Birliyi də elə bunun üçündü.
 
Kitabda bədii təsvir səhnələri çox azdı. Ümumiyyətlə lazımdırmı? Zənnimcə əgər bu yazıçıda alınmırsa heç lazım da deyil. Ən güclü realist yazıçılardan olan Gi de Mopassan yazırdı ki, hekayələrini Floberə aparır, o isə oxuduqdan sonra cırıb atırdı. Səhv etmirəmsə Floberin iradlarından biri Mopassanda bədii təsvirin çatışmaması ilə bağlı idi. Nəhayət Mopassanın, ilk “Toppuş”(“Gonbul”) əsəri nəşr olunur və ona böyük uğur gətirir. Bu kitabı oxuyanlar bilir ki, əsərin əvvəli uzun-uzadı zəhlətökən təsvirlərdən ibarətdi. Çox güman bunlar Floberin təkidindən və ya təklifindən sonra əlavə edilib. Mopassanın sonrakı əsərlərində bədii təsvirə demək olar ki, rast gəlinmir. Lakin onlar heç də “Toppuş”dan zəif alınmayıb. Əksinə, qısa və aydındı. Seymur Baycanı da Mopassanla müqayisə etmək olar. Mopassan yazdıqlarında sonradan demək olar dəyişiklik aparmazdı. Seymurda da deyəsən belədi. Kitabı oxuyarkən bu hiss olunur. Başqa oxşarlıglar da var.
Bu kitabda seks səhnələri kifayət qədərdi. Seks də real həyatın bir parçası olduğuna görə realist əsərdə rast gəlinməsi tamamilə normaldı. Üstəlik bura reallıgın acı təsvirləri əlavə olunursa effekt də artır. Bu baxımdan Ruslanla Səriyyənin “yaxınlığı” zamanı təsvir olunanları uğurlu saymaq olar. Eyni zamanda Ruslanın xaricdəki oxşarı Rikardonun Lusiya ilə “yaxınlığını” Ruslan və Səriyyə ilə müqayisə edərkən meydana çıxan fərqlilik müəllifin apardığı Ruslan Rikardo paralelinin uğurlu hissələrindən biridi.
 
Kitabda realist yazıçılara məxsus, bəzək-düzəksiz, soyuqqanlılıqla yazılmış kimi görünən, lakin soyuqqanlılıqla yazılmayan (mən buna əminəm) amansız realizm səhnələri var. Məsələn: “İnstitut binasının qarşısında yerləşən ”Cırtdan” uşaq kinoteatrını söküb, yerinə otel tikirdilər”, “Giriş qapısının ağzında arvadlar iknci dünya müharibəsinin iştirakçısı Saşa dayını döyürdülər. Saşa dayı vağzal tualetində pulyığan işləyirdi. Müharibədə qazandığı medalların hamısını satmışdı”, “Fəhlələr yol kənarında əkilmiş ağacları kəsdilər. Bağban daşın üstündə oturub sakitcə ağlayırdı. Sağ əlində filtrsiz siqaret tutmuşdu. Sol əlilə gözlərindən axan yaşı silirdi”, “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təbiət sərgisini sökürdülər. Nazirliyin əməkdaşları sərginin müdiriyyətinə köçmək üçün bir ay vaxt vermişdi. Verilən vaxt bu gün başa çatmışdı. On gün əvvəl işıqları kəsilən təbiət sərgisindəki heyvanların çoxu artıq ölmüşdü. Sərgini mühasirəyə almışdılar. Nazirliyin işçiləri heyvanlara yem gətirməyə imkan vermirdilər. Silahlı adamlar sərgiyə gəlib, meymunları, quşları bayaq Ruslanın yanından keçən yük maşınına yüklədilər. Piton ilanı güllələdilər. Sərginin müdiri ayaq üstə dayanıb ağlayırdı. Heyvanları köçürmək üçün ona yer verməmişdilər. Buldozer təbiət sərgisinə tərəf irəlilədi. Nazirliyin əməkdaşları buldozerin ətrafında atılıb-düşür, qışqırır, fit çalır, buldozerçini daha qətiyyətli hərəkət etməyə çağırırdılar. On dəqiqədən sonra təbiət sərgisi yerlə yeksan edildi. Tısbağalar, ilanlar bəzəkli ağaclar daşların, şüşələrin altında qalıb, məhv oldu. “Behbud” inşaat şirkəti təbiət sərgisinin yerində on səkkiz mərtəbəli ev tikəcək”.Qısa, sadə və aydın yazılmış bu cümlələri oxuyarkən adamı nə qədər ağrıtdığını deməyə ehtiyac yoxdu. Elə görünməsin ki, yazıçı oxucuya əzab vermək üçün bunları yazıb. Xeyr. O bu hadisələri görüb, ağrılarını içində yaşayıb və oxucuları ilə bölüşmək istəyib. Yalnız bu ağrıları hiss edərək, duyaraq yazdıqda oxucuya belə dərin təsir etmək olar. Bir çox bu kimi cümlələrlə yanaşı yazıçının qoca rus qadınları haqqında yazdığı səhifələr də insanın için göynədəcək dərəcədə təsirlidi. “Kilsəyə yığılmış rus qadınları bir vaxtlar mövcud olmuş sovet Bakısının sonuncu nümayəndələri idi. Sıraları getdikcə seyrəlirdi. Bu qadınların hamısı bir-birini tanıyırdılar. Əgər onlardan hansısa iki həftə kilsəyə gəlməsəydi, bu o demək idi ki, həmin qadın ölüb. Onun evini artıq zəbt ediblər, meyidini isə tibb universitetinin tələbələrinə bağışlayıblar”. Kitabdan sitat gətirdiyimiz bu cümlələrə diqqət yetirəndə görürük ki, daha çox mənəvi məsələlərlə bağli olan  şeylər məhv olur və ya məhv edilir. Bu həm də mənəvi dəyərləri qoruyan sosializmin daha çox maddiyyata üstünlük verən azğın kapitalizm tərəfindən məhv edilməsi deməkdir. Bütün bu məhvedillmələrdən sonra mənəviyyatla bağlı olan insanın məhvi gəlir. Bu həm də insanlığın məhvidi. Çünki yuxarıda sadaladığımız və sadalamadığımız məhvolmalara yalnız ınsanlığı olan acıya bilər. Ruslanı yaşata biləcək nə varsa hamısı məhv olub. Bütün bunlar məhv olandan sonra artıq yaşamağın da mənası qalmır. Ruslan tapdığı pul kisəsin dənizə atır: “Bu pul kisəsi nəyi dəyişə bilər ki? Artiq hər şey bitib”. Və... Ruslan intihar edir.
 
*            *            *
 
Ruslan intihar edərkən uzaqdan azan səsləri ucalır. “Allahu Əkbər, Allahu Əkbər” Bu müəllifin Allaha etirazıdı. Yəni necə böyüksən ki, bu boyda insan faciəsi baş verir, sənin hər hansı müdaxilən görünmür. Əlbəttə bu müəllifin fikri, fantaziyasıdı. Şəxsən mən düşünürəm ki, real həyatda insan səbr və dözüm nümayiş etdirərsə bir gün çətinlikləri arxada qoya bilər (Allahın köməyi ilə). Doğrudur, Ruslanın ölməsi tamamilə bilinmir. Amma istənilən halda sonluq uğurludu. Əgər Ruslan sağ qalırsa lap yaxşı, deməli həyat davam edir. Haçansa hər şey yaxşı ola bilər. Bu da bir reallıqdı.  Lakin burda daha bir məgam var. Əgər Ruslan ölürsə...
 
Din adamlarının fikrinə görə bu dünyada əzab çəkən o biri dünyada qarşılığın alacaq, yəni cənnətə gedəcək. İntihar edənsə cəhənnəmə... Başqa sözlə Ruslan əzab-əziyyət çəksə də intihar etdiyindən cəhənnəmə getməlidi. Bu hadisəyə dini tərəfdən baxdıqda da müəllifin fikirlərinin effektinin azalmadığını, əksinə daha da artdığını görürük. Bu qədər əzab-əziyyətdən sonra ölüm, sonra da cəhənnəm? Bu dünyada da əzab, o dünyada da? Bəs harda qaldı sənin böyüklüyün? Yəni kitabı din adamı oxuduqda da eyni nəticəyə gəlir. Seymurun göstərmək istədiyi Ruslanın faciəsi bu nöqteyi nəzərdən də effektini itirmir. Bu müəllifin yazıçı kimi nə qədər güclü olduğunu göstərir.
 
Bunu yəqin ki, Seymur özü də sezməyib. Sanki özü də bilmədən kimsə onun fikirlərini qüvvətləndirib. Bəs kimdi bu? Yəqin ki, Allahın özü. Hətta sevdiyi və seçdiyi insanın istedadının, bacarığının tam görünməsi xatirinə öz nüfuzunu aşağı enmə həddinə gətirir. Çünki O böyükdür. Yəni Allahu Əkbər.
 
Vüqar Məmmədov
 
Kultura.Az
Yuxarı