post-title

Gəncliyin kaftarlıq intizarı

Bunun çoxəsrlik səbəbləri, dərin kökləri var - Azərbaycan ağsaqqalarının, ağbirçəklərinin gəncliyə, onun fundamental haqlarına, o cümlədən seksual həyatına düşməncə münasibəti. Bu münasibətin səbəbi də "milli-mənəvi" dəyərlər, "namus-qiryət" filan deyil. Azərbaycan ağsaqqal və ağbirçəkləri seksual aclıqdan əziyyət çəkiblər və çəkirlər.

 

“Mən inanmıram ki, müasir gənclik ölkəmizdə cəmiyyətə zorla qəbul etdirilmiş biabırçı şərtlərlə yaşamağa, feodal ehkamları şərtsiz qəbula, öz gələcəyini bu əsaslarla qurmağa müqavimətsiz razılaşsın. Cəmiyyətin murdarlığının onların hələ çirkaba bulaşmamış təmiz vicdanlarında iz qoymayacağına inanmaq çətindir, amma bunun qarşılığında mübarizəsiz təslim olmayacaqları da artıq görünməkdədir...”

Bu sözlər bəstəkar-kulturoloq Elmir Mirzəyevə məxsusdur. Biz Elmirlə Azərbaycan gəncliyi, onun problemləri haqqında tez-tez söhbət edirik. Bəzən bədbin notlarda, bəzən isə ümidlə, inamla danışırıq. İnsan belədir – bütün obyektiv faktlar əleyhinə olsa da, inanmaq istəyir. Biz də inanmaq istəyirik amma sadəlövh, gülünc görünmək kimi bir riskin olduğunu da unutmuruq.

Məlum “Camal Əli vaqeəsindən” sonra Elmir Mirzəyevin gəncliyimizin problemlərinə dair fikir bildirməsi yerinə düşdü. Xüsusən də bu cümləsini çox sevdim:  

“Gənclik öz mübarizəsində yalnız korrupsioner hakimiyyətə, feodal rejimə yox, həmçinin psevdomental dəyərlərə, arxaik cəmiyyətin sosial hiperarxiyasına, ağsaqqal-ağbirçək diktaturasına, aqrar təfəkkürə söykənən böyük-kiçik arxetipinə qarşı çıxmalıdır...”

Həqiqətən də, siyasi rejimdən qat-qat daha təhlükəlisi, həmin siyasi rejimi qidalandıran, yaşadan ağsaqqal-ağbirçək rejimidir. Əslində bu sosial institut, ölkənin ÜST rejimidir. Bu haqda facebook səhifəmdə də yazmışdım. Burada da təkrar etmək istəyirəm: Azərbaycanlıların bir nömrəli düşməni erməni, rus, fars, hakimiyyət, müxalifət, masonlar, yəhudilər deyil. Azərbaycanlıların bir nömrəli və dəyişməz düşməni gənclikdir.

Azərbaycanlılar gəncliyə və gənclərə səmimi qəlbdən nifrət edirlər. Təəssüflər olsun ki, nifrət edənlər, yalnız gənclik dövrünü geridə qoyanlar deyil. Bioloji gənc olanlar da öz yaşıdlarına, nəsillərinə nifrət edir, bir-birlərinin uğurlarına qısqanclıqla yanaşırlar, paxıllıq edirlər. Azərbaycanlı gənclər öz gəncliklərinin "prestijli" olmadığını bildiklərindən tez qocalmağa can atırlar, "ağsaqqallaşmaq", "müdrikləşmək", "dahiləşmək", yəni çaqqallaşmaq, dəyyuslaşmaq, şərəfsizləşmək üçün tələsirlər. Azərbaycanlıları körpəlikdən buna hazırlayırlar. Bir baxın ətrafınıza, görün nə qədər qara kostyumlu, dikburun ayaqqabılı, qara qalstuklu bəbələr var küçələrdə. Dörd bir yanımız bapbalaca, şip-şirin, totuq-motuq rüşvətxorlarla, biqeyrətlərlə, oğrularla doludur. Gələcək böyük ehtimalla onlarındır - bu gerçəkliyi həzm etməliyik.

Deməli, Azərbaycanda böyük mənada gənc yoxdur. Azərbaycanda kaftarlaşmağı gözləyən biloji gənclər var.

Bunun çoxəsrlik səbəbləri, dərin kökləri var - Azərbaycan ağsaqqalarının, ağbirçəklərinin gəncliyə, onun fundamental haqlarına, o cümlədən seksual həyatına düşməncə münasibəti. Bu münasibətin səbəbi də "milli-mənəvi" dəyərlər, "namus-qiryət" filan deyil. Azərbaycan ağsaqqal və ağbirçəkləri seksual aclıqdan əziyyət çəkiblər və çəkirlər. Onlar sadəcə olaraq gənclərə paxıllıq edirlər. Onlara nifrət edirlər. İmkan vermirlər ki, gənc qız və oğlanlar istədikləri kimi həyatlarını yaşasınlar.

Azərbaycanın ağbirçək və ağsaqqaları seksual manyakdır. Vuayeristdir. Xəstədir. Onlar gəncləri güdmək istəyirlər. Onlara mane olmaq istəyirlər. Ona görə yengəlik onlar üçün belə vacibdir. Ona görə onlar hətta yataqda belə gənclərə nəzarət etmək istəyirlər.

Vladimir Sorokin Rusiyanın 60-cılar nəsli haqqında demişdi: “Onların fiziki yoxolmalarını gözləməkdən başqa əlac yoxdur. Ancaq 60-cılar gəbərəndən sonra nəsə düzələ bilər”. Bu sözləri bizimkilərə də proyeksiya etmək olar. Bəli, Azərbaycan gəncliyinin bir nömrəli düşməni olan seksual manyak ağbirçəklər və ağsaqqalar gəbərmədikcə, gənclik xoşbəxt olmayacaq.

Di gəl ki, sabah gəbərəcək olanlar, bu gündən öz yerlərinə namizədlər hazırlayırlar - həmin o bapbalaca, şip-şirin, totuq-motuq rüşvətxorları, biqeyrətləri, oğruları.

Əli Əkbər

Kultura.Az

Yuxarı